İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya və amerikalılar kimdən yanadır: Tramp, yoxsa Bayden?  

672 29.04.2024 14:19 Siyasət A A

 

Bu ilin noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri bütün dünyanın diqqətindədir. Seçkidə əsas mübarizə ABŞ-ın hazırkı prezidenti Co Baydenlə sabiq preziden Donald Tramp arasında gedir.

Musavat.com xəbər verir ki, SSRS xidməti tərəfindən aparılan sosioloji sorğunun nəticələri açıqlanıb. Qeyd olunur ki, ABŞ vətəndaşlarının əksəriyyəti noyabr seçkiləri öncəsi Donald Trampı dəstəkləyir.

Onlar hesab edirlər ki, onun dövlət başçısı kimi fəaliyyəti Baydendən daha uğurlu olub. Baydeni dəstəkləyən amerikalıların sayı 45%-dən 43%-ə düşüb. Tramp respondentlərin 49%-nin dəstəyini qazanıb. Respondentlərin 55%-i Trampın 2017-ci ildən 2021-ci ilə qədər prezident kimi fəaliyyətini uğurlu, 44%-i isə uğursuzluq kimi qiymətləndirir. Respondentlərin 61%-i Baydenin prezidentliyini uğursuz hesab edib.

Qeyd edək ki, aprelin əvvəlində də seçkilərlə bağlı məşhur "Gallup" Araşdırma Mərkəzi sorğu keçirmişdi. Sorğuya görə, amerikalıların 29 faizi nə Baydenə, nə də Trampa inandığını bildirib. Respondentlərin 30 faizi Baydenə, 35 faizi isə Trampa səs verəcəklərini deyib. 46 faiz isə üçüncü namizədə səs verməyi düşündüklərini gizlətməyib. 17 faiz isə seçkilərdə heç bir namizədə səs verməyəcəyini bildirib.

Bəs görəsən, Co Bayden, yoxsa Donald Trampın prezidentliyi uğurlu sayılır? Amerikanın gələcəyi baxımından qarşıdakı 4 il üçün hansı fiqur daha uyğundur?

Musavat.com mövzu ilə bağlı siyasi şərhçilərin mövqeyini öyrənib.

162764006595484376_1200x630.jpg (67 KB)

Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Amerikadakı seçkilərin nəticələrini indidən demək çox tezdir: “Hələ noyabr ayına qədər vaxt var. ABŞ-da ən böyük sürprizlər seçkilərə bir neçə həftə qalmış baş verir. ABŞ seçkilərinin özəlliyi də bundan  ibarətdir. İki şəxs bir-biri ilə vuruşur. Bayden öz ömrünün əksər hissəsini siyasətdə keçirib və təkcə bununla kifayətlənməyib. Bayden, ümumiyyətlə, 1980-ci illərdən bu yana ya siyasi hakimiyyətdə olub, ya müxalifətdə olub, yəni bu və ya digər şəkildə qərarların qəbul edilməsi prosesində iştirak edib. O ki qaldı Trampa, onunla bağlı da eyni sözləri demək olar. Demək olar ki, Baydenlə yaşıddırlar. Qərar vermə prinsiplərinə görə onlar hər kəs üçün gözlənilən siyasətçidirlər. Ona görə seçicilər üçün çətin olmayacaq. Amerikada bəzi seçicilər sonadək kimə səs verəcəklərini bilmirlər. Burada əlbəttə, respublikaçıların və demokratların da məsələləri həll etmə prinsipi və yanaşması var. Liderlər heç də hər zaman göründüyü kimi hakimiyyətə gəlmirlər. Makronun hakimiyyətdə saxlanılması Ukraynadakı müharibə ilə bağlı idi. Bu kontekstdə Ukraynadakı müharibənin davamlılığı lazım olacaqsa Bayden,  Ukraynadakı müharibənin başa çatacağı lazım olacaqsa ABŞ daxilindəki gizli hökumət məhz Trampın seçilməsinə şərait yaradacaq. Hər halda vəziyyət avqust ayından sonra məlum olacaq. Çünki yaxın 4 ayda Ukrayna və Rusiya arasında məsələlərin yeni müstəviyə çıxması gözlənilir”.

 ilyas_huseynov.jpg (110 KB)

Politoloq İlyas Hüseynov də mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb: “Hələ ki konkret fikir bildirmək çətindir. Demokratların hakimiyyətdə olan qüvvəsi Co Baydenin çox sayda səhvləri, nöqsanları olsa da, onu partiya olaraq dəstəkləyən qüvvə ABŞ-da kifayət qədərdir. Digər tərəfdən Donald Trampın da prezidentlik dövrünə şahidlik etmişik və respublikaçılar da hakimiyyətə gəlməkdə israrlıdırlar. Eyni zamanda Tramp üzərində seçim edilməsi sanki ABŞ-ın Tramp dövrünə qaytarılma ehtimallarının gücləndiyini də nümayiş etdirir. Bu, Tramp dövründə həm xarici siyasətdə , həm də iqtisadiyyatda ABŞ-ın daha dayanıqlı olmasına işarə edir. Lakin Trampın hakimiyyətdə olduğu dövr çətinliklərlə də yadda qaldı. Xüsusilə, COVİD-19 pandemiyası Tramp üçün böyük çətinliklər yaratdı. Ümumilikdə, qlobal təhlükəsizlik, səhiyyə, sağlamlıq sahəsi, iqtisadiyyat üçün. Demokratlardan fərqli olaraq Trampın  daxili siyasi və iqtisadi sistemin güclənməsinə diqqət yetirməsi diqqətçəkəndir. Digər tərəfdən Bayden müxtəlif coğrafiyalarda ABŞ-ın maraqlarını təmin etmək üçün böyük məbləğlərin ayrılmasını təşviq edib. Həm Ukraynanın müdafiəsi, ərazi bütövlüyü, Tayvan və İsrailin də milli müdafiəsi istiqamətində də böyük maliyyə vəsaiti ayrılıb. Bu da sülhün təhlükəsizliyinin və sabitliyin yox, daha çox münaqişələrin, onların saxlanılmasının bir göstəricidir. Bu baxımdan Trampın sülh və qarşılıqlı anlaşma tezisini irəli sürməsi onun elektoratına müsbət təsir edə bilər. Şübhəsiz ki, ABŞ-da xarici siyasət istiqamətində fikirlər nə qədər  təsirli olsa da, ABŞ vətəndaşları üçün hər zaman daxili iqtisadi sistem önəmli olub. Burada da Trampın bir qədər üstünlüyü var”.

 1679151828_854.jpg (87 KB)

Bizimlə söhbətdə siyasi şərhçi Asif Nərimanlı da mövzu ilə bağlı diqqətçəkən fikirlər irəli sürüb: “Amerikadakı seçkilərə həm daxili kontekstdən, həm beynəlxalq münasibətlər kontekstindən baxmaq olar. Amerika daxilinə baxsaq, ictimaiyyət daha çox Trampdan, yəni respublikaçılardan yanadır. Çünki daxili siyasət daha çox miqrantlara qarşıdır, həm də başqa ölkələrin müdaxiləsinə qarşıdır. Misal üçün, Ukrayna müharibəsinə bu qədər pul ayrılmasını istəməyənlər var. Amerika seçicisi daha çox öz şəxsi həyatını düşünür. Bu baxımdan Trampın əli bir qədər güclənib. Tramp ilk dəfə seçiləndə də bu məsələ böyük rol oynamışdı. Öncə Amerika ideologiyasını irəli sürərək seçkiləri qazanmışdı. İndiki situasiyada da, xüsusilə Ukrayna müharibəsi, Amerikanın miqrant problemi amerikalıların Baydenə səs verməmələri üçün zəmin yaradır.  Xarici siyasətdə də başqa ölkələrin siyasətinə müdaxilə prinsipi üzərində qurulub. Ona görə dünyada da bir çox ölkələr respublikaçıların hakimiyyətdə olmasında maraqlıdır. Azərbaycanın maraqları baxımından isə həm Trampla, həm də Baydenlə  işləmək təcrübəmiz var. Tarix kontekstindən yanaşdıqda həmişə respublikaçılar bizə uyğun olub. Azərbaycanın müstəqillik əldə etdiyi dövrünə, son 30 ilə baxdıqda biz respublikaçılarla daha yaxşı işləmişik. Son olaraq 2020-ci ildə qızğın müharibədə də ABŞ prezidenti Tramp idi, müdaxilə etmədi”.

 

Afaq MİRAYİQ,
Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR