İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid zabitimizin əkiz övladları üçün möhtəşəm toy məclisi - VİDEO, FOTOLAR

1701 29.04.2024 12:56 Sosial A A

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid baş leytenant Şahlar Yaşar oğlu Nəzərovun doğum günü ötən həftə doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində keçirilib.

Musavat.com xəbər verir ki, şəhidin məzarının ziyarəti ilə başlayan tədbirdə şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, rəsmi qurumların təmsilçiləri, ölkənin müxtəlif şəhər və rayonlarından gəlmiş şəxslər iştirak ediblər.

Qeyd edək ki, Şahlar Nəzərov 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Füzuli - Xocavənd bölgəsinin Nərgiztəpə istiqamətində erməni işğalçılarının təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan 5 qəhrəman hərbçimizdən biridir. Həmin gecə şəhid olan digər 4 hərbi qulluqçularımız - Aqşin Abdullayev, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovdur. Şəhid hərbçilərimiz Prezident Sərəncamı ilə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif ediliblər.

Şahlar Nəzərovun doğum gününə həsr olunan tədbir Peştəsər kənd ümumi orta məktəbində keçirilib.

Peştəsər kəndində təşkil olunan mərasimdə Şahlar Nəzərovun ömür və döyüş yolu barədə çıxışlar olub, şəhidlərimizə ithaf olunan mahnılar səsləndirilib. Daha sonra qəhrəman zabitimizin əkiz övladlarının kiçik toy məclisi keçirilib. Qeyd edək ki, artıq 7 yaşlarına adlayan Şahlar və Yaşar şəhid qəhrəmanımız Şahlar Nəzərovun şəhidlik zirvəzinə ucalmasından bir neçə ay sonra, iyunun 29-da dünyaya gəliblər. Yardımlı şəhərindəki şadlıq saraylarından birində keçirilən toy mərasimində çoxsaylı qonaqlar iştirak edib. Şəhidimizin atası Yaşar Nəzərov qonaqları salamlayıb, zəfər qazanmış Azərbaycanımıza, Ali Baş Komandanımıza, Ordumuza ünvanlı xoş sözlərini söyləyib. Daha sonra məclisdə iştirak edən şəhid ataları, digər qonaqlar Şahlar Nəzərov başda olmaqla, bütün şəhidlərimizi rəhmətlə anaraq, təbriklərini çatdırıblar, balaca Şahlar və Yaşarı təbrik edərək, bu mübarək gündə qol qaldırıb oynayıblar. Bədii qiraət ustaları Abdul Əsgərli, Əlisəfa Əhmədoğlu və Eynulla İsmayılov mükəmməl çıxışları ilə məclisə əlavə rəng qatıblar. Sabiq millət vəkili Mirmahmud Mirəlioğlu möhtəşəm çıxış və şəhidimizin mövlud günündə təşkil olunan toy mərasimində qol qaldırıb, şəhidimizin atası, el ağsaqqalı Yaşar Nəzərovla birgə milli mahnılarımızın sədaları altında rəqs edib.

Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri Mərdan Seyidbəyli, jurnalist Elşad Paşasoy və digər iştirakçılar da ürək sözlərini söyləyiblər, qəhrəmanımızın ata-anasına, bütün doğmalarına gözaydınlığı veriblər. Tanınmış şairlər Sakit İlkin, Mərdan Dadaşlı, İqbal Nəhmət və digərləri şəhidlərimizə ünvanlı şeirlər səsləndiriblər. Sakit İlkinin Peştəsər dağlarının qoynunda uyuyan Şahlar Nəzərova yazdığı “Dağlar sənə lay-lay deyir, şəhidim”, şeiri hər kəsi duyğulandırıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şahlar Nəzərovun övladları Yaşar və Şahların simasında bütün balalar qalib, bütöv Azərbaycanda xoşbəxt yaşasınlar!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR