|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bakıda və ölkənin regionlarında yanvarın 27-də axşam saatlarından başlayan, güclü küləklə müşayiət olunan çovğun məmurların yarıtmaz fəaliyyəti üzündən nəqliyyat infrastrukturunu iflic edib. Hər il olduğu kimi bu dəfə də paytaxt qara təslim olub və şəhərin nəinki ətraf küçələri, hətta əsas prospektləri və mərkəzi küçələri də buz bağlayıb. Avtomobillərin buzlu yollarda hərəkəti qeyri-mümkün hala gəlib, səhər saatlarında işə gedən paytaxt sakinləri küçələrdə, tıxaclarda qalıblar.
Bakı Şəhər İcra Hakimiyyətinin və Nəqliyyat Nazirliyinin sərəncamında milyonlarla manat xərclənərək alınan xüsusi texnikanın olmasına baxmayaraq yolların təmizlənməsinə bilavasitə cavabdeh olan bu qurumlar yenə də yaranmış vəziyyətin öhdəsindən gələ bilməyiblər. Əvvəllər şəhərə qar yağanda prezidentin kortejinin mümkün hərəkət marşrutları boyu qartəmizləyən və qum səpən texnika çıxarılsa da bu dəfə həmin yollar da buz bağlayıb. Görünür prezident İlham Əliyevin xarici səfərdə, Davos İqtisadi Forumunda olmasından istifadə edən məmurlar, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov onun keçdiyi yolları da vaxtında təmizləməyə ehtiyac görməyib.
*** Əməkdaşlarımızın və oxucuların gün ərzində redaksiyaya çatdırdıqları məlumatlara əsasən Bakının əsas küçələrində qartəmizləyən, qum səpən texnika demək olar ki, gözə dəyməyib. Dövlət başçısının kortejinin keçdiyi yollardan olan “Koroğlu” metrostansiyası-Heydər Əliyev Hava Limanı yolu səhər saatlarında güclü buzlanma üzündən keçilməz olub. “Koroğlu” metrosu istiqamətində, keçmiş Sabunçu dairəsindən başlayaraq avtomobillərin buzlu yolda sürüşməsi üzündən böyük tıxac yaranıb.
Redaksiyamıza zəng edən sürücülər səhər saatlarında həmin yolda 2 saata yaxın tıxacda qaldıqlarını deyiblər. O cümlədən, Heydər Əliyev prospektində, qoşqulu traktorun “Azərsun”un binası qarşısında sürüşərək yolun bir hissəsini bağlaması nəticəsində uzun tıxac yaranıb. Bu prospekt boyu da günün birinci yarısına qədər yolları buzdan və qardan təmizləyən olmayıb. Gözlənilən qar və çovğun barədə meteoroloqlar hələ bir neçə gün əvvəl xəbərdarlıq etsələr də şəhər təsərrüfatına, ölkənin nəqliyyat infrastrukturuna nəzarət edən qurumlar heç bir qabaqlayıcı tədbirlər görməyiblər.
*** Yolların buz bağlaması üzündən şəhərdə sərnişin daşıyan avtobusların çoxu xətlərə çıxa bilməyib. Nəticədə sərnişinlər dayanacaqlarda uzun-uzadı gözləməli olublar. Maraqlıdır ki, onların dadına əksər halda Nəqliyyat Nazirliyinin şəhərdən qovmağa çalışdığı “standartlara uyğun olmayan” taksilər çatıb. Qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Bakıda 1000-dən çox avtobus marşrutu üzrə hərəkət edir. Bu barədə «Trend»ə «Bakı sərnişin nəqliyyat» SC-dən bildiriblər.
Adi günlərdə marşrutlarda 2500 avtobus işləyir. Beləliklə, məlum olub ki, dünən yolların buz bağlaması üzündən azı 1500 avtobus xəttə çıxa bilməyib. Xəttə çıxan sürücülərin isə bir çxu hərəkətin çətin olduğunu görərək işi dayandırmalı olub. SC-dən bildiriblər ki, yollarda vəziyyət yaxşılaşarsa, avtobusların sayı xeyli artırılacaq. Ümumilikdə Bakıda avtobuslar 127 marşrut üzrə işləyir.
*** Nəqliyyat Nazirliyi isə şəhərdə yaranmış bu acınacaqlı vəziyyətə baxmayaraq yollara kifayət qədər texnika çıxarıldığını deyirdi. “Dünən axşamdan başlayaraq Bakıda küçə və yolların qardan təmizlənməsinə 160 texnika cəlb olunub”. Bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolsevis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib (APA). Bakı və regionlarda yolların təmizlənməsinə yanvarın 27-si axşamdan müvafiq qurumların bütün heyətinin cəlb edildiyini bildirən P.Mürsəliyevin sözlərinə görə, hazırda Bakıda bağlı yol yoxdur: «Paytaxtda bağlı yol yoxdur, bütün yollar işləkdir, amma qar yağdıqca onlar yenidən təmizlənir».
Eyni tədbirlər ölkənin regionlarında və respublika əhəmiyyətli yollarında da davam edir. P.Mürsəliyev bildirib ki, hazırda ölkədə yolların təmizlənməsi üçün istifadə oluna 700-ə yaxın texnika var. Bakıda belə texnikaların sayı 350-dir. Paytaxtda onlardan yalnız 160-ı istifadə olunur: "İndi bu qədər texnika işləri aparmaq üçün kifayət edir. Hava şəraiti və yollarda vəziyyət daha da pisləşərsə, ehtiyatlardan da istifadə olunacaq". Yolların təmizlənməsində duz və qumdan da istifadə olunur.
ASC-nin bununla bağlı ehtiyatları da kifayət qədərdir. Belə ki, hazırda "Azəryolservis" ASC-nin duz ehtiyatı respublika əhəmiyyətli yollar üzrə 1 800 tona yaxın, Bakı üzrə 100 tona yaxındır: "Qum ehtiyatı isə respublika üzrə 25 min kubmetr, Bakı üzrə 15 mindən artıqdır". ASC nümayəndəsi yollarda problemlərin yaranmamağı üçün avtomobili nasaz olanları və ya maşını yaxşı idarə edə bilməyənləri yola çıxmamağa çağırır. Onun sözlərinə görə, nasaz maşınlar bəzən hərəkət hissəsində dayanaraq digər maşınların da yolunu kəsir, bununla da yollarda tıxac və problemlər yaranır.
*** "Sərnişin Nəqliyyat" ASC-dən «APA»ya verilən məlumata görə, əgər hava şəraiti belə davam etsə və deyildiyi kimi daha da pisləşsə, yəqin ki iş rejimi də qısalacaq: «Çünki maşınların və sürücülərin də mənzil başına çatması təmin olunmalıdır. Üstəlik bu gün istirahət günüdür, hava da pisdir, sakinlər çox hərəkət etmirlər».
*** Ötən illərdə qar və buzlanma nəticəsində paytaxt küçələrində kritik vəziyyət yarananda FHN-in texnikaları və mülki müdafiə qüvvələrinin əsgərlərinin küçələrə çıxarıldığı müşahidə olunurdu. Ancaq dünən FHN-də gözə dəyməyib. Bu qurumun rəhbəri Kəmaləddin Heydərov yanvarın 27-də Tatarıstana səfərə yola düşüb, onun başçılıq etdiyi strukturun digər məsul şəxsləri isə görünür şəhər küçələrini qardan, buzdan təmizləməli olan digər qurumlara arxayın olublar. Xəbərlərə görə ölkənin əsas magistral yollarında da vəziyyət kritik olaraq qalırdı. Bakı-Şamaxı-Ağsu magistralı bağlanıb, Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti çətinləşib.
T.NƏCƏF 9414 dəfə baxılıb
|
[22.02.2012] - TRAMVAY PARKININ ƏRAZİSİ UĞRUNDA MƏMUR SAVAŞI [22.02.2012] - KÜRQIRAĞI KƏND SAKİNLƏRİ DAHA DA COŞDU [22.02.2012] - İNCƏSƏNƏT UNİVERSİTETİNİN MÜƏLLİMLƏRİNDƏN MÖHTƏŞƏM TAMAŞA [22.02.2012] - NİYAZİ MEHDİNİN OĞLU “VARİS”də [22.02.2012] - AVROPA MƏHKƏMƏSİ HÖKUMƏTİ YENƏ CƏRİMƏLƏDİ [22.02.2012] - ÖLKƏDƏ 11 MİN QARABAĞ ƏLİLİ VAR [22.02.2012] - HƏBS EDİLƏN NARDARANLILARA VƏKİL TAPILMIR [22.02.2012] - RÖVNƏQ ABDULLAYEVDƏN KÖMƏK İSTƏYƏN NEFTÇİ ÖLDÜ [22.02.2012] - “SİRKƏ BİLET” MƏSƏLƏSİNƏ REAKSİYALAR GƏLDİ [22.02.2012] - MƏKTƏBLİLƏRİN BAŞ BƏLASI - FACEBOOK [22.02.2012] - RÖVNƏQ ABDULLAYEVƏ RƏQİB “TAPILMIR” [21.02.2012] - NARDARANDA TUTULANLAR VƏTƏNƏ XƏYANƏTDƏ GÜNAHLANDIRILIR [21.02.2012] - “SƏHƏR” TV-nin JURNALİSTİ İLƏ BAĞLI REAKSİYALAR ARTIR [21.02.2012] - ÖLÜM AYAĞINDA OLAN NEFTÇİ RÖVNƏQ ABDULLAYEVƏ MÜRACİƏT ETDİ [21.02.2012] - ŞAXTADAN BƏRBAD ÇIXAN BAHALI BAKI YOLLARI... [21.02.2012] - ÖKÜZLƏ QATİLİN FƏRQİ [21.02.2012] - KEÇMİŞ İŞÇİSİ ETİBAR PİRVERDİYEVİN SİRLƏRİNİ AÇIB TÖKDÜ [21.02.2012] - CİNAYƏT MƏCƏLLƏSİNƏ ŞOK DƏYİŞİKLİKLƏR OLACAQ [21.02.2012] - İCRA BAŞÇISI 119 SAYLI MARŞRUTU LƏĞV ETDİ |
| Yeni MÜSAVAT © 2008 |
|