Hesablama Palatasının Azərbaycan Dillər Universitetində (ADU) korrupsiya faktları aşkarlaması bu təhsil ocağında gərginliyə səbəb olub. Universitetə ayrılan dövlət vəsaitinin mənimsənildiyini bildirən Hesablama Palatası apardığı auditin nəticələri üzrə materialları Baş Prokurorluğa göndərib. Dünən əməkdaşımız ADU-ya baş çəkib və mətbuatda gedən bu məlumatlara qarşı tərəfin rəyini öyrənməyə çalışıb.

Söhbətləşdiyimiz tələbələrin bir qismi təhsil aldığı universitetlə bağlı yayılan məlumatlardan xəbərsiz olduqlarını dedilər. Onlar bu cür faktların digər ali təhsil müəssisələrində olması da istisna deyil. “Ancaq nəyə görə məhz bu universitet barədə məlumatlar yayılıb, bax, o maraqlıdır”,- deyə Aydın adlı tələbə bildirir. Tələbələrin əksəriyyətinin isə ADU-nun ətrafında gedən söhbətlərdən xəbəri var. Dilarə adlı tələbə deyir ki, universitetdə rüşvət o həddədir ki, heç dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsinə ehtiyac yoxdur.

Rektor Səməd Seyidov universitetdə olmadığından onun müşaviri Anar müəllimə yaxınlaşıb mətbuatda yazılan xəbərlərə rəy öyrənmək istədik. O, açıqlama vermək istəmədiyini bildirdi və mətbuat xidmətinə müraciət etməyimizi məsləhət gördü. Mətbuat xidmətindən isə bildirildi ki, şöbənin rəhbəri işdə olmadığından, suallarımızı cavablandıra bilməyəcəklər. Şöbənin əməkdaşı stolun üstünə qoyulmuş və hadisə barədə yazılan məqalələrə işarə edərək bildirdi ki, yazılanların hamısından xəbərdardırlar. Sadəcə olaraq rektor ölkədə olmadığından, mətbuata heç bir açıqlama verə bilmirlər: “İndi də şöbənin rəhbəri yerində yoxdur. Açıqlamanın nə zaman olacağını da bilmirik”.
Universitetin təhlükəsizlik xidməti isə bizi universitetdən uzaqlaşdıraraq bildirdi ki, içəriyə jurnalistlərin girişi qadağandır.

Rektor S.Seyidov isə günorta saat 14.00 radələrində universitetə gəldi. O, əməkdaşımızla telefon söhbətində bildirdi ki, yayılan məlumatlarla bağlı prokurorluq orqanlarına müraciət edib: “Bununla bağlı artıq açıqlamamız var”.
Qeyd edək ki, ADU rektoru tərəfindən yayılan açıqlamada külli miqdarda mənimsəmələrlə bağlı günah rəhbərliyin üstündən atılıb. S.Seyidovun Hesablama Palatasının universitetdə keçirdiyi yoxlamaların nəticələri ilə bağlı Respublika Prokurorluğuna etdiyi müraciətdə rektor günahkar şəxslərin cəzalandırılmasını da istəyir. ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən verilən məlumata görə, bu ilin may ayında S.Seyidovun təşəbbüsü ilə Hesablama Palatasına universitetdə müvafiq yoxlamaların aparılması məqsədilə müraciət olunub və müvafiq rəsmi məktub göndərilib. Məktub əsasında Hesablama Palatası ADU-nun müvafiq qurumlarında yoxlamalar aparıb və bu zaman öz işini işgüzarcasına həyata keçirib.
Hesablama Palatasının göndərdiyi təftiş qrupu ADU-ya ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə mövcud vəziyyəti araşdırıb, universitetin maliyyə işlərində nöqsanlar, çatışmazlıqlar, mənimsəmə və pozuntu hallarının olduğunu müəyyən edib. Təftişin nəticələri haqqında hesabat ADU-nun rektoruna təqdim olunub.

Rektor hesabatla tanış olduqdan sonra öz izahatında göstərilən nöqsanların və pozuntuların üzə çıxarılmasını vacib hesab edərək, daha ciddi araşdırmaların aparılmasını məqsədəuyğun hesab edib. Bu məqsədlə müvafiq materiallar Respublika Prokurorluğuna göndərilib.
“Biz inanırıq ki, yol verilmiş nöqsan və pozuntulara görə cavabdeh şəxslər aşkar olunacaq, bununla bağlı lazımi tədbirlər görüləcək və məsələlərə aydınlıq gətiriləcəkdir”, - deyə məlumatda bildirilir.
Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirdi ki, nə Hesablama Palatasının, nə də ADU rektorunun müraciətinin ünvanına çatıb-çatmamasından xəbərsizdir.
Ekspertlər isə bildirirlər ki, baş verənlər birbaşa S.Seyidovun vurulması deməkdir. Əks halda, may ayında aparılan araşdırma barədə indiyədək səs-küy qalxar və mətbuata məlumat verilərdi. S.Seyidovun özünün də məhz Hesablama Palatasının açıqlamasından sonra açıqlama ilə çıxış etməsi və prokurorluğa müraciəti də buna sübutdur. Həm də o, müraciətində Hesablama Palatası tərəfindən aparılan araşdırma zamanı nöqsanların olduğunu təkzib etmir. Rektorun ölkədə olmadığı müddətdə məlumatın yayılması da onun vurulması üçün məqamın gözlənildiyini göstərir. Hər bir halda, ekspertlər yeyinti faktlarının arxasında məhz universitet rəhbəri olaraq S.Seyidovun durduğunu vurğulayır. Ancaq indi bu təkzibedilməz faktların qarşısında aciz qalan rektor günahı başqalarının üstünə atmaqla vəziyyətdən çıxmağa və bu işlərdən xəbərsiz olduğunu sübut etməyə çalışır.
ADU-nun rektoru S.Seyidov Milli Məclisin üzvü olmaqla paralel həm də Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

R.RƏFİYEVA

2 Şərh var GÖSTƏR

  1. oxucu 2012-09-22 21:19:07

    Seyidov aktiv YAP-chiligina o geder arxayindir ki, gozu ayaginin altini gormur! Amma bele gedishle mutleg kelle-mayaglag olacag bir gun.

  2. İlqar Abdullah 2012-09-22 12:42:08

    süpürkəçi ilə gözətçini tutmayıblar,hələ:)

Şərhiniz bizim üçün dəyərlidir