30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

HÖKUMƏT EKOLOJİ FƏLAKƏT TƏHLÜKƏSİNƏ QARŞI HƏRƏKƏTƏ KEÇİR

Uzun illərdən sonra ilk dəfə ekoloji vəziyyətin yaxşılaşdırılmasına irihəcmli investisiyalar yatırılır; əsas diqqət Bakıya və Xəzərə yönəlib

Azərbaycan hakimiyyəti uzun illərdən sonra ilk dəfə ölkədə, əsasən də paytaxt Bakıda ağırlaşan ekoloji mühiti yaxşılaşdırmaq üçün irimiqyaslı investisiya yatırımlarına başlayıb. Təkcə bu il dövlət büdcəsindən Bakı və ətraf qəsəbələrin, habelə Xəzər dənizinin sahil zolağının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün 1 milyard dollardan artıq vəsait xərcləmək nəzərdə tutulur.

Məlum olduğu kimi, ekoloji vəziyyətin yaxşılaşdırılması bir qayda olaraq uzunmüddətli prosesdir və irihəcmli investisiyalar tələb edir. Hazırda dünyanın diqqətinin ekoloji balansın pozulması nəticəsində başlayan qlobal istiləşməyə yönəldiyi bir vaxtda Azərbaycan hakimiyyətinin ətraf mühit problemlərinə diqqəti artırması düzgün strategiya sayıla bilər. Xüsusən ona görə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, demək olar ki, bu sahəyə diqqət ayrılmayıb, ekoloji mühitin davamlı olaraq korlanmasına cavab olaraq vəziyyəti yaxşılaşdırmaq üçün dövlət büdcəsindən irihəcmli vəsaitlərin xərclənməsi baş verməyib.
Rəsmi rəqəmlərə görə, ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-i Abşeron yarımadasında cəmləşdiyindən Azərbaycanda ekoloji vəziyyətin pisləşməsi də özünü əsasən bu ərazidə göstərir. Belə ki, ciddi fəsadlarla müşayiət olunan ekoloji problemlərin əksər hissəsi Bakı və Abşeron yarımadasında, o cümlədən Xəzər dənizinin sahil zolağında mövcuddur. Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin məlumatına görə, ümumi ərazisi 222 min hektar olan Abşeron yarımadasında torpaqların 33 min hektarı çirklidir və yararsızdır, o cümlədən neftlə çirklənmiş ərazilər 10.6 min hektar təşkil edir. Bəlli olduğu kimi, bu ərazidə ekoloji problemlərin əsas səbəbləri neft-qaz hasilatı, qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasından irəli gəlir.
Yəni Abşeron yarımadasında uzun illər boyu amansızcasına neft-qaz hasil edilib, ancaq ətraf mühitin bərpası üçün iş görülməyib. Lakin Azərbaycanın neftdən əldə etdiyi gəlirlərinin atması və ölkənin digər ağır sosial-iqtisadi problemlərinin həllinə yol açan iqtisadi inkişaf nəticəsində dövlət uzun müddətdən sonra ilk dəfə ekologiyaya pul xərcləməyə başlayıb. Prezident İlham Əliyev isə 2010-cu ili ekologiya ili elan edib.

Bakının çirkab sularının yarıdan çoxu təmizlənmədən Xəzərə axır

Bakı və Abşeron yarımadasının, ona bitişik Xəzər sularının ekoloji problemləri təkcə neft-qaz hasilatından irəli gəlmir. Son illər Bakının sürətlə böyüməsi və orada yaşayan əhalinin sayının kəskin artması nəticəsində dünyanın əksər meqapolislərinin yaşadığı ekoloji problemlər paytaxtdan da yan keçməyib. Rəsmi statistikaya görə, Bakı şəhəri ərazisində il ərzində təqribən 560 milyon kubmetr həcmində tullantı suları formalaşır. Bu suların 373 milyon kubmetri, yəni yarıdan çoxu heç bir təmizləmə aparılmadan dənizə və daxili su hövzələrinə axıdılır. Səhiyyə naziri Oqtay Şirəliyevin vaxtilə prezidentin yanında ekologiya məsələlərinə həsr edilmiş müşavirədə açıqladığı rəqəmə görə, Xəzərə Bakıdan axıdılan çirkab sularının gündəlik həcmi 70 min kubmetrdir. Bir tərəfdən neft-qaz hasilatı ilə bağlı yaranan tullantılar, o biri tərəfdən isə təmizlənmədən axıdılan çirkab suları Xəzər dənizinin sahil zolağında ekoloji vəziyyəti həddən artıq pisləşdirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin Ekoloji Monitorinq İdarəsinin rəisi Mirsalam Qəmbərov da təsdiq edir ki, küləkli günlərdə tullantılar 22 kilometrlik Bakı buxtasının burun hissələrinə yığılır və nəticədə xoşagəlməz qoxu yaranır. Nazirlik rəsmisi onu da xatırladıb ki, prezident İ.Əliyevin 2006-cı ildə təsdiq etdiyi “Ekoloji durumun sağlamlığı üzrə kompleks tədbirlər proqramı” çərçivəsində bir sıra tədbirlər həyata keçirilib, yəni dövlət yaranmış vəziyyətin fərqindədir və onu yaxşılaşdırmaq üçün davamlı strategiya həyata keçirməkdədir.

Balaxanı zibilliyi - nəhayət bu ekoloji bəlaya çarə tapılacaq

Lakin gözlənildiyi kimi, həmin proqramın icrası bu sahədə on illər boyu davamlı olaraq pisləşən vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə nəticələnməyib. Prezident Əliyev ötən il ilin yekunlarına dair keçirdiyi müşavirədə ekoloji vəziyyətə geniş yer ayıraraq bu sahədə ciddi problemlərin olduğunu təsdiq edib, eyni zamanda 2010-cu ilin ekologiya ili elan edilməsinə çağırıb. Qeyd edək ki, Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də bərk tullantıların toplandığı yerlər, yəni zibilliklərdir. Bu zibilliklər sayəsində son illər bir neçə dəfə Bakı bəzi beynəlxalq araşdırma mərkəzləri tərəfindən dünyanın ən çirkli şəhərlərindən biri elan edilmişdi. Rəsmi rəqəmlərə görə, yarımadada olan 5 məişət tullantıları poliqonunun ümumi sahəsi - 232,5 hektardır, qeyri-qanuni zibilliklərin sahəsi isə 448,6 hektardır ki, bunların da sayı 128-ə çatır. Üstəlik, rəsmi fəaliyyət göstərən poliqonlar ekoloji norma və standartlara cavab vermir. Belə ki, poliqonların əraziləri hasara alınmayıb və onlara nəzarət edilmir, tullantılar boşaldılandan sonra torpaq qatı ilə örtülərək basdırılmır. Çeşidlənmə aparılmadığından, təhlükəli və bir sıra sənaye tullantıları məişət tullantıları ilə birlikdə poliqonda yerləşdirilir.
Bakı ətrafındakı Balaxanı zibilliyinin ətraf mühit üçün nə dərəcədə təhlükə törətməsi haqda isə dəfələrlə danışılıb. Nəhayət, paytaxt üçün ciddi ekoloji təhlükəyə çevrilmiş bu zibilliyin əvəzində Balaxanıda bərk tullantıların emalı üçün dünya standartlarına cavab verən zavodun tikintisi haqda qərar verildi və bu layihəyə 346 milyon avro xərcləmək nəzərdə tutulur. Göründüyü kimi, məbləğ kifayət qədər böyükdür və Bakının çoxsaylı ekoloji problemlərindən təkcə birini aradan qaldırmaq üçün bu qədər vəsait tələb olunur. Bu da ətraf mühitin bərpasının nə dərəcədə bahalı iş olduğunu nümayiş etdirir və onu göstərir ki, ekoloji problemlərin qarşısını ağırlaşmadan almaq üçün tədbirlər görmək ən düzgün strategiyadır. Başqa sözlə, ilbəil artan neft gəlirlərinin bir hissəsini məhz bu sahəyə yönəltmək olduqca vacibdir, əks halda gec-tez bitəcək neft özündən sonra sağalmaz fəsadlar qoyardı və onları aradan qaldırmaq gələcək nəsillər üçün mümkünsüz işə çevrilərdi.

Ekoloji layihələr böyük vəsaitlər tələb edir

Digər mühüm istiqamət isə Bakının çirkab sularının Xəzərə və digər su hövzələrinə axıdılmasının qarşısını almaqdır. Bu sahədə son illərdə həyata keçirilən ən iri layihə olaraq Hövsan aerasiya stansiyasının yenidən qurulması göstərilə bilər. Belə ki, Bakı şəhərinin çirkab sularının 60 faizi məhz bu stansiyada təmizlənərək dənizə axıdılır. Lakin uzun illər boyu istismar edilən stansiya öz funksiyasını yerinə yetirə bilmirdi və 2007-ci ildə prezident İ.Əliyev onun yenidən qurulması üçün sərəncam verib. Ötən ilin dekabrında 50 milyon avroya yaxın vəsait hesabına yeniləşdirilən bu nəhəng infrastruktur layihəsi istifadəyə verilib.
Göründüyü kimi, Xəzərə çirkab sularının axıdılmasının qarşısının alınması həyata keçirilməsi illərlə vaxt aparan və böyük vəsaitlər tələb edən infrastruktur layihələri tələb edir. Ancaq Azərbaycan hökuməti bu cür layihələrin başa çatmasını gözləmədən son illər Xəzər sahilindəki yaşayış məntəqələrində daha tez quraşdırılan modul tipli sutəmizləmə stansiyaları da inşa edir. İndiyədək Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı və digər qəsəbələrində 17 belə stansiya quraşdırılıb, nəticədə Xəzərə çirkab sularının axıdılmasında müəyyən azalma baş verib.
Xəzər sularının və Abşeron yarımadasının neftlə çirklənməsinə görə de-fakto məsuliyyət daşıyan qurumlardan olan ARDNŞ də uzun illərdən sonra ilk dəfə ekologiya problemlərinə diqqət ayırmağa başlayıb. Ötən il şirkət ekologiya layihələrinə 50 milyon manat xərcləyib, şirkətin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev bu günlərdə mətbuata açıqlamasında deyib ki, 2010-cu ildə bu sahəyə daha çox vəsaitin xərclənməsi planlaşdırılır. Vəsaitlər əsasən ekoloji avadanlıqların alınmasına, ARDNŞ müəssisələrinin texnoloji iş rejiminin dəyişdirilməsinə, torpaqların və su hövzələrinin təmizlənməsinə xərclənir.

Bəs qalan sahilyanı ölkələr?

Lakin araşdırmalar göstərir ki, Azərbaycan Xəzərin ekoloji mühafizəsi üçün irimiqyaslı layihələr həyata keçirən və böyük vəsaitlər ayıran yeganə sahilyanı dövlətdir. Baxmayaraq ki, digər sahilyanı ölkələrin Xəzərin çirklənməsində payı kifayət qədər böyükdür. Mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizinin uzun illər boyu zərərli kimyəvi maddələrlə çirklənməsi nəticəsində onun unikal bioloji müxtəlifliyi ciddi deqradasiyaya məruz qalıb. Yuxarıda Xəzər dənizinə təkcə Bakı və Abşeron yarımadasından axıdılan çirkab sularının həcminin nə dərəcədə böyük olduğunu göstərdik. Hesablamalara görə, Xəzərə ildə azı 12 milyard kubmetr çirkab suları daxil olur. Ekoloji Standartların Monitorinq Fondunun rəhbəri Rauf Sultanov təsdiq edir ki, bu göstərici həddindən artıq çoxdur. Bunun da nəticəsində son 20 ildə Xəzərdə flora və faunanın miqdarı 10-15 dəfə azalıb. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə mətbuata açıqlamasında bildirmişdi ki, digər sahilyanı ölkələr Xəzərin ekoloji vəziyyətinə diqqət ayırmır. Onun dediyinə görə, bu gün Xəzərin Qazaxıstan akvatoriyasında elə neft sahələri var ki, çirkab konservasiya olunmayan quyulardan birbaşa dənizə axır. İranda isə dənizin sahillərində 14 milyon insan yaşayır. Heç bir ölkədə dəniz sahilində bu qədər əhalinin yaşadığı qeydə alınmayıb. Amma bu ərazilərdə heç bir təmizləyici qurğu mövcud deyil. Bu da təsdiq edir ki, Azərbaycan hökumətinin Xəzərin ekoloji problemlərinin həllinə yönələn və dövlət büdcəsindən böyük vəsaitlərin xərclənməsini tələb edən siyasəti digər sahilyanı ölkələrin də eyni siyasəti aparmaması halında o qədər də effektli olmaya bilər.

Status məsələsi düyünə düşüb, nərə ehtiyatları isə tükənir

Lakin Xəzərin hüquqi statusunun hələ də müəyyən edilməməsi dünyanın ən nadir bioloji müxtəlifliyə malik olan, əsrlər boyu qiymətli qara kürü verən nərə balıqlarının əsas məskəni olan bu qapalı dənizdə ekoloji fəlakətin qarşısını almağa mane olur. Mütəxəssislər isə xəbərdarlıq edir ki, artıq Xəzərdə bir çox nərə növlərinin nəsli kəsilmək üzrədir. Bu sahədə tədqiqat aparan mərkəzlərin hesablamalarına görə, Xəzərin nərə ehtiyatlarının həcmi 1970-ci ildən bu yana 90 dəfə azalıb. Doğrudur, nəsli kəsilməkdə olan canlıların mühafizəsi üzrə beynəlxalq təşkilat olan CİTES Xəzərdə aparılan monitorinqlərin nəticəsində vəziyyətin bir qədər yaxşılaşdığını qeydə alıb və nərə ovuna 2007-ci ildə qoyulan qadağanı bu yaxınlarda qismən aradan qaldırıb. Ancaq ekoloqlar bu qərarı tənqid edib. Lakin yenə də Xəzərin hüquqi statusunun qeyri-müəyyən olması nadir nərə balığı növlərinin mühafizəsi istqamətində yetərl tədbirlər görməyə imkan vermir. Bununla belə qeyd olunmalıdır ki, Azərbaycan rəsmi olaraq nərə balığının 4 əsas növündən ikisinin ovlanması üzrə onun payına düşən kvotadan könüllü imtina edib. Yerli ekoloqlar isə hesab edir ki, nərə balığının qorunması getdikcə çətinləşir, çünki daha dörd ölkə - İran, Qazaxıstan, Rusiya və Türkmənistanın Xəzər dənizinə çıxışı var.
İkinci səbəb isə brokonyerliyin gəlirli olmasıdır. Bir kiloqramının qiyməti Azərbaycanda hazırda 1000 dolları keçən qara kürü bütün sahilyanı ölkələrdə brokonyerliyin geniş vüsət almasına səbəb olur. Ona görə də Xəzərdə ekoloji balansı bərpa etmək üçün təkcə infrastruktur layihələri kifayət etmir və paralel olaraq bu problemə qarşı da bütün sahilyanı ölkələrin səylərinin birləşdirilməsi qaçılmazdır.
P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Fərhad MƏMMƏDOV

815 dəfə baxılıb

[30.07.2010] - “AZƏRSUN” PREZİDENTİ A.M.A.Y RƏHBƏRİNİ AŞAĞILADI

[29.07.2010] - AZƏRBAYCAN SƏMASINİ RUS SİLAHI QORUYACAQ

[29.07.2010] - 700 BAL TOPLAYAN ABİTURİYENT YATAQXANADA YAŞAYIR

[29.07.2010] - XALQIN NAZİR QIZININ HƏRƏKƏTİNƏ MÜNASİBƏTİ SƏRTDİR

[29.07.2010] - ARDNŞ-nin “ZAMBAQ” ƏMƏLİYYATI

[29.07.2010] - ŞƏRUR POLİSİNDƏ VƏTƏNDAŞA İŞGƏNCƏ VERİLİB

[29.07.2010] - PƏNAH HÜSEYNİN NAZİRLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

[29.07.2010] - İSA QƏMBƏRİN OXŞARI, ZAMİN HACININ KÖŞƏSİ...

[29.07.2010] - TİKİNTİ MALLARI BAZARINDA SÜNİ BAHALAŞMA

[29.07.2010] - SEL KÖÇKÜNLƏRİ “FÖVQƏLNAZİR”in YOLUNU GÖZLƏYİR

[29.07.2010] - RUSTAVİDƏ GÜRCÜ-AZƏRBAYCAN UNİVERSİTETİ AÇILACAQ

[29.07.2010] - PAYTAXTIN MƏRKƏZİNDƏ ƏXLAQSIZLIQ YUVALARI

[29.07.2010] - “VOSMOY BAZARI”nda ŞIDIRĞI ATHAATDIR

[29.07.2010] - NAZİR QIZI HAKİMİYYƏTİ PARÇALAYIB

[29.07.2010] - BEYNƏLXALQ QURUM AZƏRBAYCAN MƏHKƏMƏSİNİN QƏRARINI PİSLƏDİ

[29.07.2010] - YENİ YAŞAYIŞ BİNALARI İLƏ BAĞLI YENİ QƏRAR

[29.07.2010] - QHT FƏALİYYƏTİNİ ƏN YAXŞI İŞIQLANDIRAN KİV MÜSABİQƏSİ ELAN EDİLDİ

[29.07.2010] - RAMAZAN AYI AVQUSTUN 11-də BAŞLAYACAQ

[29.07.2010] - BU GÜN 41-42 DƏRƏCƏ İSTİ GÖZLƏNİLİR

[28.07.2010] - ZİYA MƏMMƏDOVUN QOÇULARI REPORTYORUMUZU QANINA QƏLTAN ELƏDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008