 |
Ölkə
“50 MANAT “ŞİRİNLİK” VER, BİRİNCİ REYSLƏ UÇ!..”
Qalın qar hava limanında rüşvətin rolunu artırıb; sərnişinlər günlərdir aeroportda gecələyir, biletlər isə geri qaytarılmır Əməkdaşımız qarlı günlərdə Binə aeroportunda yaşanan qanunsuzluqlardan yazır
|
Paytaxtı qara günə qoyan qalın qar örtüyü və çovğun şəhərin natəmizliyinin üstünə müvəqqəti də olsa pərdə çəksə də bir çox problemlərin üstündəki pərdəni qaldırdı. Məlum oldu ki, biz nəinki qışa, hətta adicə bir yağıntıya da hazır deyilik. Ən pisi odur ki, təbii fəlakət ictimai fəlakət “ocaqlarını” da aktivləşdirib. Qeyri-sabit hava şəraitinin davam etməsi isə əlavə problemlər deməkdir. Şaxtalı və küləkli hava şəraiti yol nəqliyyatından əlavə hava nəqliyyatını da iflic edib. Artıq bir neçə gündür ki, Bakıdan xarici ölkələrə uçan bir neçə sərnişin aviareysləri təxirə salınıb. Belə ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı hava limanından Bakı-Rostov, Bakı-Tehran, Bakı-Aktau, Bakı-Tiflis və Bakı-Həştərxan istiqamətlərində aviareyslər qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Onu da qeyd edək ki, aeroportdan kiçik bir təyyarənin belə uçuşuna icazə verilməyib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “Yeni Müsavat”a açıqlamasında deyib ki, Bakıda eniş etməli olan İstanbul-Bakı reysini səhər saatlarında qəbul etmək mümkün olmayıb və nəticədə təyyarə Tiflis aeroportunda enib. Qeyri-sabit hava şəraiti hava limanında inanılmaz ajiotaj yaradıb. Sərnişinlər artıq bir neçə gündür ki, aeroportda gecələmək məcburiyyətində qalıb. Burada səhərdən axşama qədər uçuş təşkil olunacağını gözləyənlərə da rast gəlinir. Sərnişinlərə əsasən, Bakı-İstanbul aviareysinin yerinə yetiriləcəyi haqda dəqiq məlumat verilməyib. Odur ki, aeroportun Şimal terminalında izdiham yaşanıb. Dünən aeroportda olub bu dəhşətli mənzərəni canlı görmək istədik. Günorta olsa da sərnişinlərin üzündən yuxu, əzginlik, yorğunluq, narazılıq tökülürdü. Hamı səhər saatlarından təyyarənin uçuş edəcəyi ümidində idi. Onların arasında ailəli-uşaqlı olanlara, yaşlılara, o cümlədən xarici vətəndaşlara da rast gəlinirdi. Bir neçə qaradərili sərnişin də burdakı çıxılmaz durumdan təngə gəldiyini deyirdi.
“Kimlər əlavə pul verdisə, onlar da uçub getdi”
İstanbula yola düşəcək sərnişinləri əvvəl Cənub, sonra Şimal terminalında yerləşdiriblər. Təqribən 40-a yaxın sərnişin srağagün səhər saatlarından təyyarə gözləyirdi. Onlara axşam 20:00, yaxud da 23:00 radələrində aviareys təşkil olunacağı haqda vəd verilibmiş. Ancaq belə görünürdü ki, sərnişinlər bu gecəni də aeroportda keçirməli olacaq. Çünki bu barədə konkret vaxt müəyyənləşməyib. Onu da əlavə edək ki, aeroportda bilet qıtlığı müşahidə olunmadı. Kassaların qarşında növbələr yaranmamışdı. Kassirdən öyrəndik ki, İstanbula bilet 200 manatdır. Əslində “Türk Hava Yolları” aviaşirkətinə məxsus İstanbul-Bakı və Bakı-İstanbul aviareysinin uçuşunun həyata keçiriləcəyi gözlənilirdi. Elə iki həftə öncə bilet almış Türkiyə vətəndaşı Rüfət bəy də bunu biabırçılıq sayır: “Bu gün (dünən-red.) sübh tezdən saat 5-dən burdayıq. Yorğun olsaq da yata bilmirik. Qar yağıb deyə 3 gündür Bakıda qalmışıq. Deyirlər ki, axşam saat 8-də, yaxud da 11-də yola düşmək istisna olunmur. Ayıbdır bu, qardaşım. Bir Tiflisə baxsınlar. Onlarda bu problem qısa bir zamanda həllini tapır. Bircə Bakıda uçuşlar təxirə salınıb. Aydındır, qar yağıb, təbii olaydır. Fəqət 2-3 təyyarə artırmaq olardı. Adamlar sabahdan burada oturmaqdan beziblər”. Paytaxtda fövqəladə vəziyyətdə və bayramlarda qiymətlərin süni şəkildə qaldırılması adət halını alıb. Ancaq hava limanında olarkən burada tam ayrı metoda əl atılması haqda xəbərlər eşitdik. Belə ki, söylənənlərə görə, aviareyslərin azalması bəzi tələskən sərnişinləri rüşvət verməyə vadar edib. Rüfət bəyin sözlərindən məlum olur ki, bəzi sərnişinlər əlavə 50 manat ödəməklə Bakı-İstanbul reysi ilə yola düşüblər: “Çox pis bir durum var burada. Kimlər pul verdisə, onlar da uçub getdilər. Bilmirəm bu pulu kimə verirlər, necə olur. Öyrənə bilmirik ki, bu işləri kim həyata keçirir. İndi gördüyünüz sərnişinlər həmin 50 manatı vermədiklərinə görə burada qalıblar”. Onu da nəzərinizə çatdıraq ki, sərnişinlər biletləri geri qaytardıqda onlar qəbul olunmur.
Sərnişinlərə dəyən zərəri kim ödəsin?
Sərnişinlər arasında müxtəlif yaş təbəqələrindən olanları görmək olar. Onlar artıq axşam 11-ə qədər burada qalmaq məcburiyyəti ilə barışıblar. Sərnişinlər boş vaxtlarını keçirmək üçün özlərinə cürbəcür məşğuliyyətlər tapıblar. Orta yaşlı bir kişi və qadının kart oynadığını görüb yaxınlaşırıq. Tofiq adlı Bakı sakini həyat yoldaşı ilə kart oynamağa üstünlük verir: “Türkiyəyə bir həftəlik istirahətə gedirik. Deyəsən, başqa yolumuz yoxdur. Səhər gərək 100 manat əlavə pul verib gedəydik. Bunu etmədik. İndi ən optimal seçim ”duraki" oynamaqdır". Onlara “oyunçu aparsın” deyib Türkiyə vətəndaşı Cihan bəylə söhbətləşirik. Cihan bəy bu cür aqibətlə bir dəfə də qarşılaşdığını deyir: “Biz belə vəziyyətlərə alışmışıq. Bir neçə il öncə İstanbuldan Moskvaya gedəndə də belə oldu. O zaman 3 gün hava alanında qaldıq”. İki qaradərili əcnəbi özlərini skamyaya yayıb “qış yuxusuna” getmişdi. Onları oyatmağa qıymayıb burada olub-bitənləri başqa sərnişinlərdən öyrənməyə çalışırıq. Özünü Səidə xanım kimi təqdim edən sərnişin az qala od püskürdü: “Buna nə ad vermək olar? Səhər saat 6-dan gəlib qalmışıq burada. Hamı yorğunluq içindədir. Üstəlik burada qalmağın hər saatı əlavə xərcdir. Yemək-içmək öz cibimizdən gedir. Heç onun da kompensasiyasını bizə vermirlər”. Türkiyə vətəndaşı olan tələbə Vedat bəy stulların üstündə uzanıb musiqi dinləyirdi. Ona da mane olmayıb biletini qaytara bilmədiyi üçün narazı olan Naibə xalanı söhbətə tuturam. O deyir: “Bilet qaytarıb pulumu tələb edirəm. Ancaq mümkün olmadığını deyirlər. Bəs mən nə etməliyəm? Səhər saat 5-dən hamıdan əvvəl gəlib burda gözləyirəm. İndi gecə 11-də uçub-uçmayacağı da bəlli deyil”. İstanbuldan gəlmiş qonaqlarını qarşılayan Ruslan və Natiq aeroportdakı mühafizənin aşağı səviyyədə təşkil olunduğunu deyirlər: “Hər yerdə kameralar quraşdırılıb. Ancaq mühafizəçi sayı azdır. İstənilən vətəndaş buradan narkotik maddə, silah keçirə bilər”. “Təki bu, heç kimin ağlına gəlməsin” deyib şəhərə qayıdıram. Aeroportda qalan yolçulara səbir diləyə-diləyə... Emil SALAMOĞLU 2430 dəfə baxılıb
|
[14.03.2010] - GÜLTƏKİN HACIBƏYLİNİN TƏNQİDLƏRİNƏ DƏSTƏK GƏLDİ [14.03.2010] - QAT ABŞ SƏFİRLİYİ QARŞISINDA AKSİYA KEÇİRDİ [14.03.2010] - BAKIDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [14.03.2010] - NOVELLA CƏFƏROĞLU DEPUTATLARA ETİRAZ EDİR [14.03.2010] - İCRA BAŞÇISI İKİ ŞƏHİD ATASININ ƏMLAKINI ZƏBT EDİB [14.03.2010] - YOL KƏNARINDA ATILMIŞ KÖRPƏ TAPILIB [14.03.2010] - HEYDƏR ƏLİYEV PROSPEKTİNDƏKİ BİNALARIN SAKİNLƏRİNƏ “ATIBLAR” [14.03.2010] - ÖLKƏDƏKİ TİBB MÜƏSSİSƏLƏRİNİN ƏKSƏRİYYƏTİ YARARSIZDIR [14.03.2010] - SALYANLI SAHİBKAR İCRA BAŞÇISINA CAVAB VERDİ [14.03.2010] - “FATİMEYİ-ZƏHRA” MƏSCİDİ QEYDİYYATA ALINACAQ [14.03.2010] - İLHAM ƏLİYEV VARLILARI KASIBLARA ƏL TUTMAĞA ÇAĞIRDI [14.03.2010] - BAKI TƏCİLİ YARDIM STANSİYASINA QARŞI BÖYÜK YEYİNTİ İDDİASI [14.03.2010] - BAYRAQ MEYDANI YÜZLƏRLƏ AİLƏNİ EVSİZ QOYACAQ [14.03.2010] - MƏRDANOVUN DİREKTOR AXTARDIĞI MƏKTƏBDƏN YENİ XƏBƏR [14.03.2010] - EVİ YIXILANLARA PREZİDENT ADMİNİSTRASİYASINDAN MÜJDƏ [14.03.2010] - AZƏRBAYCANDA 150-yə YAXIN GENERAL VAR [14.03.2010] - MÜFƏTTİŞLƏR DAHA BİR SÜRÜCÜNÜ DÖYDÜ [13.03.2010] - “SALYANI ÖZƏLLƏŞDİRİBLƏR” [13.03.2010] - JURNALİSTLƏR BU DƏFƏ DƏ ƏFV FƏRMANINA DÜŞMƏYƏCƏK? [13.03.2010] - YANAN MƏKTƏBİN SƏNƏDLƏRİ XİLAS OLUNUBMUŞ ARXIV
|