30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ŞƏHİD STATUSU HANSI HALLARDA VERİLİR?

Daşkəsəndəki hərbi hissədə yaşanan faciə məsələni yenidən gündəmə gətirib

Yanvarın 28-də Daşkəsəndə yerləşən N saylı hərbi hissədə qətlə yetirilmiş baş leytenant Anar Quliyevin valideynləri övladlarına şəhid statusu verilməsini istəyir. Onlar bu istəklərini “Yeni Müsavat”ın əməkdaşına bildiriblər. Mərhumun anası Bahirə Quliyeva faciəyə hüquqi qiymət verilməsini istəyir: “Heç nə istəmirik. Sadəcə, qəzetiniz vasitəsilə bütün ölkə ictimaiyyətinə, əsasən başda prezident olmaqla, müraciət edirəm ki, bu məsələ ciddi şəkildə araşdırılsın. Tək istəyimiz oğlumuza şəhidlik statusu verilsin. Anar Vətənə layiqincə xidmət edib. Heç olmasa bununla bir az təskinlik tapa bilərik. Anar ölməyib, Vətən yolunda şəhid olub”.

Quliyevlər ailəsinin qaldırdığı “şəhidlik statusu” məsələsi gündəmə bir neçə sualı çıxarır: Anar Quliyevə və onunla bərabər qətlə yetirilmiş digər hərbçilərə şəhidlik statusu verilə bilərmi? Qanunda şəhidlik statusunun kimlərə verilməsi nəzərdə tutulub? Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirdi ki, hadisə ilə bağlı istintaq yekunlaşdıqdan və müəyyən dəqiqləşmələrdən sonra qətlə yetirilən hərbçilərə şəhidlik statusu verilib-verilməməsi məsələsinə baxıla bilər.
Araşdırma zamanı öyrəndik ki, Nazirlər Kabinetinin 15 iyul 2009-cu il tarixli sərəncamı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edilib. Dəyişikliyə əsasən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə şəhidlik statusu verilir.
Xatırladaq ki, Müdafiə Nazirliyinin rəsmiləri həlak olmuş hərbçilərə şəhidlik statusunun verilməsi üçün onların yaxınları və qohumlarının bu nazirlikdə yaradılan müvafiq komissiyaya müraciət etmələrini vacib sayırdılar. Nazirlər Kabinetinin yuxarıda adını çəkdiyimiz qaydalara dəyişiklik etməsindən sonra Müdafiə Nazirliyinin müvafiq komissiyasına atəşkəs dövründə həlak olan hərbçilərin yaxınları və qohumları tərəfindən çoxlu müraciət daxil olub.
Qanunda qeyd olunur ki, həlak olmuş şəxslərə şəhidlik statusunu birbaşa Müdafiə Nazirliyi vermir. Statusun verilib-verilməməsi məsələsini yerli icra orqanları, sosial müdafiə mərkəzləri birgə həll edir. Döyüş tapşırığını yerinə yetirən zaman həlak olmuş şəxslərə şəhidlik statusunun verilib-verilməməsini vətəndaşlarla birgə yerli icra orqanları və sosial müdafiə mərkəzləri araşdırır. Müdafiə Nazirliyinə isə həmin qurumlardan həlak olmuş şəxslərlə bağlı sorğu göndərilir. Nazirlik digər sorğular kimi bu sorğuları da araşdıraraq cavablandırır.
Şəhid statusu verilən şəxslərin ailələrinə müavinətləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edir. Nazirlikdən bildirildi ki, həlak olmuş gizir və zabit heyətinə şəhidlik statusunun verilməsini Müdafiə Nazirliyi müəyyənləşdirir. Şəhid statusunun verilməsi isə yerli icra orqanları və hərbi komissarlıqlar tərəfindən həyata keçirilir. Həmin qurumlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhidlik statusu almış şəxslərlə arayış təqdim olunur. Nazirlik isə status verilmiş şəxslərin ailələrinə müavinət verilməsini təmin edir. Nazirlikdən onu da bildirdilər ki, Nazirlər Kabinetinin məlum sərəncamından sonra müvafiq qurumlar həlak olmuş xeyli hərbçiyə şəhidlik statusu verib.
Onu da qeyd edək ki, ölkə başçısının 2006-cı il dekabrın 19-da imzaladığı fərmanla şəhid statusu almış şəxslərin ailələri üçün 100 manat məbləğində prezident təqaüdü təsis edilib (20 Yanvar şəhidlərinin ailəsi üçün məbləğ 300 manatdır). Təqaüd şəhidin həyat yoldaşına, valideynlərinə, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə verilir. Şəhidin 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş uşaqları və ya uşaq evlərində tərbiyə olunan ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir. Şəhidin qəyyumluğa verilmiş uşaqlarına prezident təqaüdü təyin edilərkən himayəçi ailə tərkibində nəzərə alınmır. Təqaüd hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
Rəsmi məlumata görə, indiyədək 14 mindən çox şəhid ailəsinə prezident təqaüdü təyin olunub.

Etibar SEYİDAĞA

535 dəfə baxılıb

[30.07.2010] - ƏDLİYYƏ NAZİRLİYİ ELÇİN BEHBUDOVA PROBLEMLƏR YARADIR

[30.07.2010] - “AZƏRSUN” PREZİDENTİ A.M.A.Y RƏHBƏRİNİ AŞAĞILADI

[29.07.2010] - AZƏRBAYCAN SƏMASINİ RUS SİLAHI QORUYACAQ

[29.07.2010] - 700 BAL TOPLAYAN ABİTURİYENT YATAQXANADA YAŞAYIR

[29.07.2010] - XALQIN NAZİR QIZININ HƏRƏKƏTİNƏ MÜNASİBƏTİ SƏRTDİR

[29.07.2010] - ARDNŞ-nin “ZAMBAQ” ƏMƏLİYYATI

[29.07.2010] - ŞƏRUR POLİSİNDƏ VƏTƏNDAŞA İŞGƏNCƏ VERİLİB

[29.07.2010] - PƏNAH HÜSEYNİN NAZİRLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

[29.07.2010] - İSA QƏMBƏRİN OXŞARI, ZAMİN HACININ KÖŞƏSİ...

[29.07.2010] - TİKİNTİ MALLARI BAZARINDA SÜNİ BAHALAŞMA

[29.07.2010] - SEL KÖÇKÜNLƏRİ “FÖVQƏLNAZİR”in YOLUNU GÖZLƏYİR

[29.07.2010] - RUSTAVİDƏ GÜRCÜ-AZƏRBAYCAN UNİVERSİTETİ AÇILACAQ

[29.07.2010] - PAYTAXTIN MƏRKƏZİNDƏ ƏXLAQSIZLIQ YUVALARI

[29.07.2010] - “VOSMOY BAZARI”nda ŞIDIRĞI ATHAATDIR

[29.07.2010] - NAZİR QIZI HAKİMİYYƏTİ PARÇALAYIB

[29.07.2010] - BEYNƏLXALQ QURUM AZƏRBAYCAN MƏHKƏMƏSİNİN QƏRARINI PİSLƏDİ

[29.07.2010] - YENİ YAŞAYIŞ BİNALARI İLƏ BAĞLI YENİ QƏRAR

[29.07.2010] - QHT FƏALİYYƏTİNİ ƏN YAXŞI İŞIQLANDIRAN KİV MÜSABİQƏSİ ELAN EDİLDİ

[29.07.2010] - RAMAZAN AYI AVQUSTUN 11-də BAŞLAYACAQ

[29.07.2010] - BU GÜN 41-42 DƏRƏCƏ İSTİ GÖZLƏNİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008