 |
Ölkə
GÜLTƏKİN HACIBƏYLİNİN TƏNQİDLƏRİNƏ DƏSTƏK GƏLDİ 2010-03-14
|
Deputat Gültəkin Hacıbəylinin Naftalanda təhsilin biabırçı durumundan söz açması bu sahədəki vəziyyətin ağırlığı məsələsini bir daha gündəmə gətirdi. O deyib ki, dərsliklərin keyfiyyəti daha ağrılı problemlərdəndir: “Bu, göz yaşları içində gülüşdür. Çünki biz bu dərsliklərlə gələcəyimizi baltalayırıq. Əgər bu dərsliklərdə Azərbaycanın dövlət atributlarından olan üçrəngli bayrağımızla, dövlət müstəqillik günümüzlə bağlı təhriflər varsa, onlar haqqında əlavə fikir söyləməyə də ehtiyac yoxdur”. Xanım deputatın bu fikrinə millət vəkillərinin və təhsil ekspertlərinin rəyini öyrəndik. Arzu Səmədbəyli: “Dərsliklərin bu vəziyyətdə olması o sahədəki vəziyyətin göstəricisidir”
Millət vəkili Arzu Səmədbəylinin sözlərinə görə, təhsil, səhiyyə və iqtisadiyyat çox bərbad vəziyyətdədir: “Təhsillə bağlı mütəxəssis rəyləri ilə tanışam. Konkret olaraq Gültəkin xanımın söylədiyi dövlət atributları ilə bağlı məsələ çox ciddidir. Əgər dövlət atributlarını şagirdlərimizə bu cür yanlış formada təqdim ediriksə, bu, artıq çox böyük nöqsandır. Dərsliklərimizin bu vəziyyətdə olması o sahədə olan vəziyyətin göstəricisidir. Dərsliklərdəki belə səhvlər dərhal aradan qaldırılmalıdır”.
Zahid Oruc: “Təhsil sistemində dəyişiklikləri prezident seçkilərindən sonra həyata keçirmək lazımdır”
Deputat Zahid Oruc bu problemi dəfələrlə gündəmə gətirdiyini dedi: “Xüsusilə də ”Təhsil haqqında" qanunun I oxunuşu zamanı bu məsələləri açıq şəkildə bildirmişəm. Bu məsələlər ətrafında düşüncələr heç bir halda Təhsil Nazirliyinə yönəlməməlidir. Təhsilin ümumi vəziyyəti dəyərləndirilməlidir. Təhsilin vəziyyəti, tələbə qəbulundakı durum, dərsliklərin səviyyəsi, xüsusilə də ali məktəbə müəyyən qiymətlərlə daxil olanların sonrakı vəziyyəti haqda fikirlərimizi ciddi arqumentlərlə əsaslandırmışıq. Test imtahanlarının ədalətli keçirilməsinə rəğmən biliklərin düzgün qiymətləndirilməməsi, suallardakı müəyyən çətinliklər və s. məsələlərlə bağlı təkliflərimizi də gündəmə gətirmişik. Bu yerdə xüsusi qeyd edim ki, akademik Ramiz Mehdiyevin test imtahanları və onun doğurduğu nəticələrlə bağlı mühüm açıqlamaları olmuşdu. Bu məsələ ətrafında düşünməliyik. Təhsil sistemində həqiqətən də döyük dəyişikliklərə ehtiyac var. Parlamentin iclasında açıq demişdim ki, qəbul imtahanlarının nəticələri, şagirdin aldığı qiymətlər əslində həm də müəllimlərin qiymətləridir". Z.Orucun fikrincə, təhsil sistemində dəyişiklikləri prezident seçkilərindən sonra həyata keçirmək lazımdır: “Bu illərdə qiymət göstəricisində 0-100 və 100-200 arası nəticə göstərənlər yüz minlərlədir. Bu, çox böyük siqnaldır ki, bundan nəticə çıxaraq. Amma bilirsinizmi, həssas zamanlar var. Müəyyən elektoral bazanın, narazı insanlardan istifadənin özünəməxsusluğunu nəzərə alaraq bu cür aktiv dövrlərdə belə sərt islahatlara gedilmir. Amma seçkidən sonrakı zaman əlverişli bir meydan verir ki, bu proseslərə başlanılsın”.
Əlövsət Osmanlı: “O, təhsilin acınacaqlı durumu ilə bağlı sözünü kişi kimi deməkdən çəkinməyən az sayda rəsmilərdən biridir”
Fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı deputat G.Hacıbəyliyə bir vətəndaş və təhsil mütəxəssisi olaraq minnətdarlığını bildirdi: “O, təhsilimizin acınacaqlı durumu ilə bağlı sözünü kişi kimi deməkdən çəkinməyən az sayda rəsmilərimizdən biridir. Gənclərə məhz belə ziyalılarımızın cəsarətindən nümunə götürməyi tövsiyə edirəm. Biabırçılığın dərəcəsinə baxın ki, Təhsil Nazirliyi dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı millət vəkilinə dediyi həqiqətlərə görə təşəkkür etmək əvəzinə bunu dezinformasiya adlandırır (”Azadlıq" qəzeti, 11 mart). Dərsliklərdə reklam brendlərindən tutmuş şagirdlərin yaş səviyyəsinə uyğun gəlməyən erotik şeirlərədək lazımsız materiallar olduğu halda bu adam, öz naziri demişkən, ayıbına kor olmaq əvəzinə başqalarını ittiham edir. I sinfə dərs deyən bir müəllim “Azadlıq” radiosuna şagirdlərlə birgə dərslikdə 1000-dən çox səhv aşkarladığını bildirdiyi halda Faiq Şahbazlı hücuma keçərək bunu boşboğazlıq adlandırır. Yəni “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məsəli". Ə.Osmanlı deyir ki, o, dərsliklərlə bağlı ən çox tənqidi söz deyən şəxslərdəndir: “Amma təəssüf ki, təhsil məmurları elmi-pedaqoji müzakirə mövzusu olan bu məsələni tamam başqa müstəvilərdə həll etməyə çalışır. Təsəvvür edirsinizmi, yüz minlərlə nüsxə tirajı olan dərsliklərdə Azərbaycanın dövlət bayrağı təhrif olunur, baş-ayaq çap edilir, amma heç kəsin tükü də tərpənmir. Qəzetlər yazır, televiziyalar göstərir, amma heç kəs cəzalandırılmır. Nəinki cəzalandırılmır, hətta günahkarlar yenidən tender qalibi olmaqla mükafatlandırılır. Necə olur, mənim ”Dərslikləri Qiymətləndirmə Şurası dərsliklərin seçimində saxtakarlığa yol verir" fikrim məmurların şəxsi ləyaqətinə və işgüzar nüfuzuna toxunur, amma dövlət bayrağımızın baş-ayaq çap olunması onların vətəndaş və məmur ləyaqətinə toxunmur? Bəs konstitusiyanın dövlət rəmzlərinə münasibətlə bağlı tələbini kim yerinə yetirməlidir? Hansı ölkənin rəsmi qurumu öz dövlətinin bayrağına belə münasibət bəsləyir? Bundan sonra dərsliklərdəki minlərlə elmi-pedaqoji səhvlərdən danışmağın mənası nədir?" Zülfiyyə SAKİTQIZI 1775 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR ARXIV
|