13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

AYAQLARINI İTİRƏN FƏHLƏNİN HEKAYƏTİ “YENİ MÜSAVAT”da

2010-03-15

Firuz İsmayılov iki ildir ki, iş yerindən kompensasiya ala bilmir

Hamı kimi o da Bakıya iş dalınca gəlmişdi. Ailəsinin dolanışığını təmin etmək üçün uzaq Naxçıvandan paytaxta pənah gətirmişdi. Arzuları sonsuz idi. Burada ev almalı, övladlarına rahat həyat şəraiti qurmalı idi. Amma hər şey bir gündəcə dəyişdi. Artıq geriyə qayıtmaq, arzularının arxasınca qaçmaq qismət olmayacaqdı ona...

Bugünkü qəhrəmanımız Firuz İsmayılovdur. O, Naxçıvanın Şərur rayonunun Tumas kənd sakinidir. Orta təhsilli olduğundan rayonda özünə yetəcək qədər maaşla iş tapa bilməyib və o üzdən 2 il öncə həyat onu uzaq Naxçıvan elindən Bakıya pənah aparmağa vadar edib. Biz də onun evinə gedib başına gələnləri öz dilindən eşitmək istədik.
Həmsöhbətimiz Bakıya gəldiyi ilk zamandan həyatının ağır keçdiyini deyir: “Naxçıvanda iş olmadı. Üstəlik Türkiyədə də vizanın günləri azaldıldıqdan sonra Bakıya gəldim. Oğlumla ”Filiz" şadlıq sarayında fəhləliyə başladıq. Orda işimiz ağır idi. Az sonra Keşləyə, tanışımın yanına getdim. Mənə dedi ki, 250 manata ət kombinatı nəzdində fəaliyyət göstərən beton zavodunda işə düzələ bilərəm. Zavod bu ərazini kirayə götürmüşdü. Müdir Malik Şabanovla razılaşdıq. 3-4 gün sonra işə başladım. Amma qayıdıb “Filiz” şadlıq sarayında gecələyirdik".
Beləcə qrafiksiz iş həyatı get-gedə çətinləşdirir və Firuz ailəsini də yanına gətirməli olur: “Dolanışıq çətin idi. Sonra kirayə ev tutdum və yoldaşımı Naxçıvandan yanıma gətirdim. Bir az vəziyyətimiz yaxşılaşırdı”.

2008-ci ilin qanlı 31 avqustu

Lakin tale ona başqa yazı yazmışdı. Özünün dilindən eşidək: “2008-ci il avqustun 31-də işdən evə gəldim. Saat 12-də müdirin qardaşından mənə zəng gəldi. İşə çağırdılar. İş səhər saat 5-ə qədər çəkdi. Evim yaxın olduğundan ayaqla gəldim. Yuxusuz idim. Gələndə qapıdan 50 metr o yanda relsin üstündəki yolu keçəndə hiss elədim ki, sağ tərəfimdən nəsə dəydi. Teplovoz bədənimi parçalamasın deyə, özümü yana verdim. Qatar ayağımın üstündən keçdi...”.

“Həkimlər məni ölmüş bilirdilər”

Hadisə nəticəsində Firuz çoxlu qan itirdiyindən, huşu özündə olmayıb: “Oğlum məni Respublika Travmatologiya İnstitutuna gətirib. Orda həkimlər məni qəbul etmək istəməyiblər. Elə biliblər ki, ölmüşəm. Bütün qohumlarım ora tökülüb. Oğlum məcbur qalıb qardaşıma zəng edib. Təcili qan axtarılıb və qan yeridildikdən sonra özümə gəlmişəm. Görünür, Allah mənə ”öl" deməmişmiş".

“Müdirim mənə cəmi 200 manat pul göndərib...”

F. İsmayılov xəstəxanada 31 gün qalır: “Özümə gələndən sonra zavoddan yanıma gəldilər ki, zavodun adını vermə, nə lazımdı, kömək edəcəyik. Yalnız xəstəxanadan çıxandan sonra müdirim mənə traktor sürücüsü ilə 200 manat göndərdi. Müdiriyyətdən həm təzyiqlər, həm də xahişlər gəldi. Mən də zavodun adını vermədim”.

“Müstəntiqin gəlməyi qara xəyal kimi yadımdadır”

Firuza bir neçə gün ərzində dalbadal ağrıkəsici vurulur: “Xəstəxanada olanda müstəntiq gəldi. Teplovoz sürənlə yolu dəyişən də onun yanında idi. Teplovoz sürənə dedim ki, mən adam tutdurmuram. Sadəcə, dedim ki, kömək etsin, mən uşağımın yanına sağ-salamat gedib çıxım. Kimisə tutdurmaqla ayağımı geri qaytarası deyildim ki. O zaman yolu dəyişən dedi ki, içəri keçib çay içməsəymiş qəzanın qarşısını almaq mümkün olarmış. Mən özüm Naxçıvanda dəmiryolunda dükanda çalışmışam. Bilirəm ki, bu faciənin qarşısını almaq mümkün idi”.

“Yığdığım 3 min manatı xəstəxanaya tökdüm”

Firuz xəstəxanada qaldığı müddətdə xoşagəlməz hallarla rastlaşdığından da danışdı: “Xəstəxanada palatanı süpürmək belə pullu idi, buna görə 2 manat istəyirdilər. Süpürgəçinin yerinə palatanı yoldaşım süpürürdü. Ona da 2 manat verməli idik. Bir iynə 2 manata vurulurdu. 30 gün yatdıqdan sonra həkim gəldi ki, bir az həyətə çıx, havanı dəyiş. O zaman uşaq kimi sevinmişdim. Baş tibb bacısı əlil arabasını mənə vermədi ki, guya çöldə arabanın təkərinə mismar batar. Mən də onunla dalaşdım. Xəstəxanada yığdığım 3 min manatı sonunadək xərclədim”.

“Əlil arabam neçə-neçə adamları yola salıb”

Xəstəxanadan çıxdıqdan sonra əlil arabasına ehtiyac yaranır. Burada onun köməyinə bacanağı yetişir: “Bu arabanı Türkiyədən o göndərib. Araba neçə-neçə adamları yola salıb. İçərisi pis gündədir. Artıq sökülüb, üstünə taxta qoyub oturmalı oluram. Arabaya qorxa-qorxa minirəm. Biz şikəstlərə niyə heç kim kömək etmir? Bu qədər neft gəlirlərinin qarşılığında niyə mənə əlil arabası verilmir? O zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gəldilər və Ali Məhkəməyə müraciət etməyimi məsləhət gördülər. Üstəlik, 1 aya yeni əlil arabası gətirəcəklərini söz verdilər. Üstündən 1 il keçdi. Ardınca Heydər Əliyev Fonduna yazdığım məktubla bağlı evimə gəldilər. Yenə söz verdilər, lakin onlar da əlil arabası vermədilər. Dövlətdən 105 manat təqaüd alıram. 1-ci qrup əliləm. Amma təqaüd kitabçamı almaq üçün Naxçıvanda rüşvət istədilər. General Əhməd Əhmədov məni tapşırdıqdan sonra problem yoluna qoyuldu”.
Həmsöhbətimiz hazırda ayaqlarını itirdiyi relslərin yaxınlığında kirayə qalır. Deyir ki, aldığı əlillik pensiyası kirayəyə belə çatmır: “Qızım, yoldaşım işləmir. Kənardan heç kim mənə kömək etmədi. Yalnız müdirim 200 manat protezimə verdi”.
F. İsmayılovun sözlərinə görə, beton zavodunun rəhbərliyi onun zavodda işlədiyini boynuna almır: “O zaman işə düzələndə şəxsiyyət vəsiqəmi aldılar. 15 gün saxladılar. Amma heç bir müqavilə imzalanmadı. Hadisədən sonra baş prokuror Zakir Qaralova 3, Daxili İşlər Naziliyi (DİN) və Nəqliyyat Nazirliyinə 1 dəfə məktub yazdım. Amma cavab yalnız DİN və Dövlət Sosial Müdafiə Fondundan gəldi. Hər iki nazirliyin işçiləri direktor Malik Şabanova inandılar. Mənə hədələr gəlməyə başladılar. Malik Şabanov ev və əl telefonuma zəng edərək oğlumu öldürəcəyi ilə hədələyirdi”.
Əlilin sözlərinə görə, ƏƏSMN-dən ünvanlı sosial yardım alması üçün Bakıya qeydiyyata düşmək lazımdır. Təəssüf ki, gün ərzində dəfələrlə adı çəkilən nazirliklə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Amma Firuz İsmayılov qeydiyyata düşmədən də yardımın ona verilməsində güzəşt edilə biləcəyini düşünür: “Qeydiyyata düşmək üçün də pul lazımdır. İndi isə vəziyyətim ağırdır. Kirayə qaldığım evdən çıxmalıyam. Mən həmişə öz zəhmətimlə yaşamışam. Uşaqlarım imkansızlıqdan oxuya bilmədi”.

Zavod rəhbərinin qardaşı ikibaşlı danışır

Beton zavodun direktoru Malik Şabanovun qardaşı Rövşən Şabanov isə əlilin dedikləri ilə razılaşmır: “Burda bizim heç bir günahımız yoxdur. O, işdən sonra gedib hardasa içib özünü teplovozun altına atıb. İş yoldaşı kimi getmişdik xəstəxanaya, 200 manat balıncının altına qoyduq”.
R.Şabanov müdirin özü ilə danışa bilməyəcəyimizi desə də, bu dəfə 200 manat pulu dost kimi verdiklərini bildirdi: “Malik əsəbi adamdır. Onunla danışmaq lazım deyil. Firuz ştatda olmayıb, bu zavodda işləməyib. Bir dost kimi aparmışıq. Bir yerdə çörək kəsmişdik”.

Sahib Məmmədov: “O, məhkəmə yolu ilə zavoddan kompensasiya ala bilər”

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə F.İsmayılovun məhkəmə qaydasında əmək hüquqlarını müdafiə etmək üçün hüquqi əsasın olduğu qənaətindədir: “Bu cür mülki işlərdə iddia müddəti göstərilmir. Ona görə də bu şəxs məhkəmədə sübut etməlidir ki, hadisə işdən sonra olub, yəni başqa situasiyada baş verməyib. Üstəlik onun beton zavodda işləməsini də şahidlər sübut edə bilərlər. Bu halda ona maaşının yarısı qismində kompensasiya kəsilə bilər. Bu təqaüd yaşa görə pensiya yaşına qədər ödənilməlidir”.

“Peşəkar vəkil tutub, Malik Şabanovdan kompensasiya almaq istəyirəm”

F. İsmayılov prezidentə müraciət etdiyini də dedi: “Mənə zəng edib həqiqətən də prezidentə məktub yazdığımı dəqiqləşdirdilər. İndi isə prezidentə teleqram vurmağa hazırlaşıram. Qəzetiniz vasitəsilə peşəkar vəkillərə müraciət edirəm. Hüquqlarımın bərpasına kömək etsinlər. Hüquqi baxımdan yardıma ehtiyacım var. Malik Şabanovdan kompensasiya almaq istəyirəm. Bu pul mənim haqqımdır”.

***

F.İsmayılovun başına gələnlərlə bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə də müraciət etdik. Şöbədən məsələni bir neçə saat ərzində araşdırıb cavab verəcəklərini desələr də, iş gününün sonunadək münasibət öyrənə bilmədik.

Nailə RÖVŞƏNQIZI

873 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ

[13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK

[13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL

[13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ

[13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ

[13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL

[13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ

[13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ”

[13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ?

[13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ?

[13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...”

[13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB

[13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB

[13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK

[13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

ARXIV

Yeni MÜSAVAT © 2008