 |
Ölkə
NOVRUZ ADƏTLƏRİMİZ TƏHRİF EDİLİR? 2010-03-16 Kosa ilə Keçəl dilənir, papaqlar isə qapılara atılır...
|
Baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayan bizlərin keçirdiyi mərasimlər zamanı diqqət çəkən məqamlardan biri Novruz personajlarının - Kosa ilə Keçəlin qapı-qapı düşərək pay yığması, uşaqların qapılara papaq ataraq pay gözləməsidir. Maraqlıdır, bu adətlər qədimdən beləmi olub, yoxsa hansısa zaman ərzində təhrif edilib, dəyişikliyə məruz qalıb? Novruz personajlarını qapılara düşməyə məcbur edən səbəb nədir, haradan qaynaqlanır? Bu səbəbləri öyrənmək məqsədilə alim və folklorşünaslara müraciət etdik. Görəsən, Novruz personajları niyə dilənir? Məsələyə münasibətini bildirən folklorşünas alim Ağaverdi Xəlil Kosa ilə Keçəlin pay istəməsi adətinin qədim kökləri olduğunu deyir. O, bu personajların dilənməsi fikri ilə razılaşmır: “Kosa ilə Keçəlin qapıları gəzib pay istəməsi birbaşa bayramın əsas vəzifəsinə aid olan məsələdir. Əvvəllər bayram payını imkanlı adamlardan alıb imkansızlara paylamaq funksiyasını müəyyən bir qrup yerinə yetirib. Bu, sosial harmoniyanı bərpa etmək, müəyyən maddi bərabərliyi saxlamaq kimi başa düşülməlidir. Kosa ilə Keçəlin gördüyü iş də buna xidmət edir”. Folklorşünas Azad Nəbiyev isə Kosa ilə Keçəlin qapı-qapı düşüb pay yığmasını yaza həsr olunan şən tamaşalardan biri kimi təqdim edir. Yəni bu, sadəcə insanları əyləndirmək məqsədilə edilib: “Bu, xalq tamaşasıdır. Adamları əyləndirmək, yazı sevdirmək, qışı pisləmək məqsədilə hazırlanıb. Bu tamaşalar qışın çətinliklərindən bezən insanın çəkdiyi əzab-əziyyəti göstərməklə yanaşı, həm də yazın gəlişini vurğulayır. Yəni yaz gəlir və insanların həyatının yeni bir mərhələsi başlayır”. Folklorşünas Ağaverdi Xəlilin sözlərinə görə isə bu adət uzun zaman ərzində unudulub və o üzdən müasir səviyyədə deqradasiyaya uğramış şəkildə görünür: “Bir çox adətlərimiz Rusiya Azərbaycanı işğal etdikdən sonra unudulub. Həmin dövrdə çoxlu milli adətlərimiz, mərasimlərimiz sönük və soyuq şəkildə keçirilməyə başladı, ya da ümumiyyətlə keçirilmədi. Əlbəttə, ölkəmiz yad bir rejimin idarəsi altında özünün mənəvi dəyərlərini qoruya, mərasimləri tamamən istədiyi səviyyədə qeyd edə bilməyib. Sovet dövrünün üzərinə də burada müəyyən bir məsuliyyət düşür. Novruz sovet dönəmində rəsmən bayram deyildi. Rəsmi şəkildə qeyd olunmaması səbəbindən ictimai nəzarətdən çıxdı və həmin dövrdə bir çox adətlərin deqradasiya prosesi davam etdi”. Ağaverdi Xəlil qeyd edir ki, qədim Novruz adətlərində papaq atma ənənəsi yox idi: “Qədim ənənədə nəmər yığılması, bayram xonçasının bəzənməsi üçün pay yığılması zamanı papaqdan istifadə olunmayıb. Əvvəl bu məqsədlə qurşaq, şal və torbadan istifadə edərdilər. Amma əlimizdə elə fakt yoxdur ki, hansısa qaynaqda, mənbədə də göztərilməyib ki, torbanın papaqla əvəz edilməsi düşünülmüş siyasət olaraq tətbiq olunub. Bunun xalqın mənəvi dəyərlərinə zərbə vurmaq, yaxud da başqa məqsədlə edildiyi haqqında heç bir sənəd yoxdur. Deyə bilmərik ki, bizi istəməyən kimsə bunu tətbiq edib. Amma düşünmək gərəkdir ki, nədən birdən-birə papağa keçildi?” Folklorşünasın fikrincə, bu səhvi başa düşürüksə, özümüz də düzəltməliyik. Folklorşünas Elçin Abbasov torbanın papaqla əvəzlənməsini ənənələrimizdə müqəddəs məzmunun itməsi ilə əlaqələndirir: “Əvvəllər olan rituallar, mərasimlər sonralar oyunlar halına çevrilib. Bəlkə də səbəb budur. Amma uşaqlara təlqin etməliyik ki, papağın başqa simvolik dəyərləri, tutumu var. Papaq kişilik, qeyrət rəmzidir, mənəviyyatla bağlı mahiyyət daşıyır. Papağın qapıya atılması bəyənilən hal deyil”. O, tarixi sənədlərdə, yazılı qaynaqlarda da papaq atdı ənənəsinin olmadığını dedi. Folklorşünas Azad Nəbiyev də qədimdə Novruz bayramında bacadan torba sallamaq ənənəsinin olduğunu vurğulayır: “Bu, bayram axşamı evlərdən pay yığmaq ənənəsi idi. Adətən pay vermək, pay göndərmək inancının arxasında ili yaxşı qarşılama ənənələri də vardı. İnsanlarda belə təsəvvür var idi ki, bacadan torba sallayanların torbasına pay qoyularsa, o ev xətadan-bəladan, qəm-kədərdən azad olar. Bununla bağlı nəğmələr də yaranmışdı”. A.Nəbiyev də bildirir ki, bu ənənənin nə zaman dəyişdirilib papaqla əvəz edilməsi ilə bağlı mənbələrdə heç bir məlumat yoxdur. Bununla belə, folklorşünas düşünür ki, papaq atma ənənəsini namusla bağlamaq düzgün deyil: “Kişinin, döyüşə gedən döyüşçünün başındakı papaq qeyrət rəmzidir, tonqaldan atılan körpə uşağın qapıya atdığı papaq yox. Bu, yəqin ki, uşaqların bayram şənliyinə qatılmasının bir formasıdır, uşaqların bayram şənliklərinə müdaxiləsidir. Əvvəllər payı Novruz personajları, tamaşa iştirakçıları yığardı, sonradan uşaqlar da qoşuldular”. Folklorşünas Elçin Abbasov deyir ki, insanlar qədimdə Allaha, göyə papaq atarmışlar: “Bizdə ”Papağını göyə at" ifadəsi də var. Bu, sevinc, Allaha minnətdarlıq ifadəsi olub. Qədim türklərin dövründə belə olub. Bir də ehtiram olaraq kiminsə qarsışında papağın çıxarılması həmin adama ehtiramın, onun yüksəkdə tutulmasının ifadəsi olub". Azad Nəbiyev isə deyir ki, keçmişdə Novruzda bayram keçirməyə imkanı olmayanlara, evində xəstəsi, qocası olana bayram payı aparardılar: “Bayram şənliyi keçirməyə imkanı olmayanlara pay göndərərdilər. Bayram xonçaları göndərərdilər evlərə”. Bəlkə qapı-qapı düşüb pay yığmaqdansa, bayram xonçası göndərək? R.RƏFİYEVA 849 dəfə baxılıb
|
[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK [11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ ARXIV
|