12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

“VOSMOY BAZARI”nda ŞIDIRĞI ATHAATDIR

2010-07-29

Burada malı düz çəkən bircə tərəzi də tapa bilməzsən; satıcılar isə çəkidən narazı qalanlara ya “xox” gəlir, ya da onları “balam ölsün”lə yola verir

“Əcəb eləyirəm, haqqımı vermişəm, necə istəyirəm elə də satıram. Kimə ”atıram", kimə satıram, özüm bilərəm. Get, kimə istəyirsən de". Bu sözləri əməkdaşımıza Bakının “8-ci kilometr” bazarındakı satıcılardan biri deyib. “Vosmoy bazarı” kimi tanınan bu ticarət mərkəzindəki athaat söhbəti təzə söhbət deyil. Bu məsələni yerindəcə araşdırmaq üçün reportyor qrupumuz dünən “8-ci kilometr” bazarında olub. Orada görüb-eşitdiklərimiz bu söz-söhbətin əsassız olmadığımı deməyə əsas verdi. Bazarın girəcəyində xırdavat mallar satan köşkə yaxınlaşıb tərəzi almaq istədiyimizi bildiririk. Satıcı gülərək növbənöv tərəziləri nişan verib “deyəsən, ”atıb"lar sizə, hə" deyə sual edir. Sonra da əlavə edir ki, onun satdığı tərəzilər “kitayski” olsa da qramına kimi dəqiq çəkir: “Atam-atam, qramına söhbət var. Tərəzi belə məsələdir ki, o dünyada haqq-hesabını mütləq soruşacaqlar”.

Bir manata aldığımız tərəzini yoxlamaq üçün bazarın çölündə şaftalı satan 30-35 yaşlı satıcıya yaxınlaşırıq:

- Neçəyədir şaftalı?

- 80 qəpik.

- Tərəzin düzdür?

- Bəs necə? Görmürsən “elektronnı” tərəzidir?

- 2 kilo çək.

Satıcı malı çəkir.

- Qaqa, çəkisi elə bil azdır axı...

- Sən nə danışırsan, balalarımın ölmüşü düzdür.

- Nə düzdür?

- Ver-ver, sən heç mal alana oxşamırsan, qaytar görüm malı.

Əməkdaşımız bir qədər əvvəl aldığımız tərəzini cibindən çıxarıb 2 kiloqram adı ilə bizə satılan şaftalını çəkir. Və məlum olur ki, satıcı 2 kiloqram şaftalı adı ilə bizə 1 kiloqram 400 qram mal verib. Əlimizdəki tərəzini görən satıcı torbanı bizdən alaraq onun içinə daha bir neçə meyvə atır ki, məsələnin zibili çıxmasın. Özü də bunu tələsə-tələsə edir. Deyəsən, bir az da utanır bizi aldatmağından.
Bayaqdan olub-bitənləri müşahidə eləyən alma satan isə torbanı həmkarının əlindən alaraq tərəzinin üstünə qoyub “bir səhvdir eləmişik, səhvimizi düzəldərik” deyir. Bizim “səhv eləyib elə 3 kilo verəydi də...” atmacamız isə cavabsız qalır.
Bir qədər irəli gedib bazarın çölündəki köşkə yaxınlaşırıq. 50-55 yaşlarında olan satıcı kartof-soğanla maraqlandığımızı görüb “gəl sənə 3 kilosu 1 manata ”Gədəbək qartofu" verim" deyir. “Gədəbəy” sözünü necə tələffüz edirsə, elə də kağızın üzərinə yazıb kartof qalağının üstünə qoymuş satıcıdan tərəzisinin düz olub-olmaması ilə maraqlanırıq:

- Tərəzin düzdür, dayı?

- And olsun Allaha ki, düzdür.

- Onda çək.

- 2 manatlıq?

- Tərəzin düz olsa, 2 manatlıq alaram.

- Balalarımı qəbirdə görüm ki, düzdür. Gələ, hələ sənə 200 qram da artıq verirəm.

- Mənə 3 kilo kartof ver, 200 artığı lazım deyil.

- Yox, yox, halal xoşun olsun, götür, götür.
Satıcı kartof dolu torbanı təkidlə uzadıb 200 qram söhbətini eləməməyimizi istəyir. Çıxardığımız tərəzini görəndə isə “mənə çörək qalmır, ona ver, buna ver, bəs mən nə yeyim” deyə məlul-məlul günahını dolayısı ilə etiraf edir. Həmkarım tərəzidən asılmış torbada 2 kilo 300 qram kartof olduğunu deyəndə satıcı cəld hərəkətlə torbanı tərəzinin gözündən götürmək istəyir. Lakin əməkdaşımızın çevik hərəkəti nəticəsində istəyinə nail olmur. Bayaqdan Allaha and içib balalarını “öldürən” satıcının dili açıldı nə açıldı:
- Belə əcəb eləyirəm, haqqımı vermişəm, necə istəyirəm, elə də satıram. Kimə “atıram”, kimə satıram, özüm bilərəm. Get, kimə istəyirsən de.
Ondan aralanıb bazarın içindəki vəziyyətlə də tanış oluruq. Bazarın çölündən fərqli olaraq içində qiymətlər od tutub yanıb. Çöldə 80 qəpiyə satılan şaftalı içəridə 1 manat 50 qəpiyə, kartofun kilosu isə 40-50 qəpiyə satılır. Bazarın içində bir neçə yerdə tərəzilərin düzlüyünü yoxlamaq üçün kartof, soğan, alma, qarpız aldıq. Amma “atanşik” tərəziyə rast gəlmədik.
“Qardaş, real qiymət qoyub malımızı satırıq. Niyə kimisə aldadıb çörəyimizə haram qatmalıyıq? Bəziləri var, elə bilirlər ki, tərəzidə ”vurmaqla" xeyir görəcəklər. Daha bilmirlər ki, o yolla qazanılan pul dava-dərmana xərclənər. “Vosmoy”a kim gəlir e?! Yetim-yesir. Onun cibinə girənin “dux”u var getsin varlının cibinə girsin də. Elə deyil? O gün bir yaşlı kişi ət almışdı, 3 kilo adı ilə satılan əti gətirib tərəzimdə çəkdi. 2 kilo 200 qram idi. Ağsaqqal tərəziyə baxıb gözlərinə inanmadı. Dedi ki, satıcı ona dindən bir xeyli danışıb. Allah belələrinin cəzasını versin".
Bunu Məhəbbət adlı alma satıcısı söyləyir. Bir qədər aralıda diqqətimizi həddən artıq iri qarpızlar çəkir. Satıcıya yaxınlaşıb qarpızın qiyməti ilə maraqlanırıq:

- Neçəyədir?

- 30 qəpik.

- Nə oldu, bazarda da 30 qəpik, yol qırağında da?

- Vallah, qaçqın adamlarıq, bu istidə 5-10 qəpik çörəyə görə burada qan-tər tökürük.

- Bir az ucuz ver, alaq.

- Qardaş, neçəyə istəyirsən?

- 20 qəpikdən.

- Bıy, daha sən bizə çörək vermirsən ki...

- Qardaş, dedin axı qaçqınsan. Qaçqın hara, “bıy” hara?

- Sabirabaddanıq də. Sel qaçqınlarıyıq, qardaş, sel.

- Hə, belə de.

Üzərində “mənasız həyat” sözləri yazılmış böyük bir qarpızı götürüb satıcıdan həmin sözləri bura kimin cızdığı ilə maraqlanırıq:

- Bu sözləri kim yazıb? Elə bax, bu yazıya görə alıram bu qarpızı.

- Neyləyək, səhərdən axşama kimi mənasız yerə gəlib otururuq burda. Mənasızdır da həyatımız.

- Sabirabadda bu boyda qarpızı özünüz yetişdirmisiniz?

- Hə, Qazaxıstan sortudur. Oradan toxumu gəlir, özümüz də əkirik. Əla sortdur.
Qarpız satandan ayrılanda yaxınlıqdakı piştaxtadan “lüt şaftalıdan qalmadı, gəl bəri, ay müştəri” deyə haray salan “reklam çarxı” diqqətimizi cəlb edir. Elə həmin piştaxtanın qonşuluğunda da başqa satıcının şitliyi tutub: “Bərbərdən təzə gələn şaftalıdan qalmadıııı...” Elə oradaca üzərində “Tərəzi və qapanların satışı” sözü yazılmış elan adamın gözünə girir. Yaxınlaşıb satıcıdan bazarda istifadə olunan tərəzilərin ondan alınıb-alınmadığı ilə maraqlanırıq. Deyir ki, satıcıların əksəriyyəti tərəzini ondan alır:

- Amma elələri də var ki, özü haradan istəyir, gedir oradan da alır. Bu zəmanədə kimə nə deyə bilərsən?

- Satışda “atanşik” tərəziniz var?

- Yox, qardaş, belə işlər bizlik deyil.

- Bəs bazardakı “atanşik” tərəzilər haradan gəlir?

- Elektron tərəziləri düzəldən xüsusi adamlar var, satıcıların haramzadələri aparıb onlara elə düzəltdirirlər ki, 1 kilonun əvəzinə 800 qram çəkir. Sənə “atıb”lar?

- Həri.

- Get polisə de də. Amma xeyri yoxdu. Haram çörək yeyənlə şərik olanlar çoxdur.

Beləcə, “Vosmoy bazarı"ndakı reydimizi başa vurub geri dönürük. Yolda birinin minik maşınının yük yerini piştaxtaya çevirib kilosu 4 manata qoyun əti satdığını gördük. Yaxınlaşıb qoyun ətinin hər yanda 7 manata olduğunu satıcıya xatırladırıq və malı ucuz satmasının səbəbi ilə maraqlanırıq. Cavabı bu olur ki, bazardakı satıcılar çox yerə ”haqq" verdiyindən qiymətlər də bahalaşır. O isə heç kimə “haqq” vermədiyi, piştaxta icarələmədiyi üçün malı belə ucuz sata bilir. Üstəlik də ət özünün saxladığı qoyunun əti imiş.
Bizi fikir götürdü: əziyyətlə bəslədiyi heyvanın ətini belə ucuz satan adam camaatın belə nağıllara inanmadığını, görəsən, bilmirmi?

“Yeni Müsavat”ın reportyor qrupu

2516 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

[11.02.2012] - RAİL RZAYEVİN QƏTLİNDƏN 3 İL KEÇDİ

[11.02.2012] - BAKI ZOOPARKINDA HEYVANLAR İSTİ YERLƏRƏ KÖÇÜRÜLÜB

[11.02.2012] - QARLI HAVADA İQTİSADİYYATIMIZ GÜNDƏ 24 MİLYON MANAT İTİRİR

ARXIV

Yeni MÜSAVAT © 2008