 |
Ölkə
ARDNŞ-nin “ZAMBAQ” ƏMƏLİYYATI 2010-07-29 Kasıbların uşaqlarının bağçasını təmir bəhanəsi ilə bağlayırlar; valideynlər ortada qaranlıq mətləblərin olduğunu deyirlər
|
Dünən bir qrup valideyn redaksiyamıza müraciət edərək uşaqlarının təlim-tərbiyə aldığı “Zambaq” uşaq bağçasından şikayətçi olduqlarını bildirdilər. Onlar dediyinə görə, bağçanın ərazisi hansısa qurum tərəfindən satın alınıb. Problemlə yerində tanış olmaq üçün “Zambaq” uçaq bağçasına yollandıq. “Bağçanı əsaslı təmirə dayandırmağın özü əsassızdır”
Bağçaya gedən yolda bir neçə valideynin söhbət etdiyini görüb yaxınlaşdıq. Bir-birilərinə şikayət edən valideynlərin söhbətinə biz də müdaxilə etdik. Bir neçə sualımızdan sonra bildirdilər ki, burada kiminsə gözü var deyə bağlatdırırlar: “Bu ərazidəki bütün bağça yaşlı uşaqların hamısı bura gəlir. İndi deyirlər ki, bağça əsaslı təmirə dayandırılır. Bu bağçanın təmir edilməsi tamamilə əsassızdır. Çünki bağçanın təmirə heç bir ehtiyacı yoxdur”. Digər valideynlər də söhbətə qoşuldu. Onlar da bağçanın bağlanmasından narazı olduqlarını dedilər: “Gündə bir qərar çıxarırlar. Başımıza oyun açırlar. Bu bağçanı bağlayacaqlar, yerində nə tikəcəklər, Allah bilir. Biz bu binanın bağlanmasından qəti şəkildə narazıyıq”.
“Bağçanın yerində göydələn tikəcəklər”
Sakinlər söylədilər ki, “Zambaq” uşaq bağçası Dövlət Neft Şirkətinin tərkibindədir. Onların sözlərinə görə, müəssisənin bağlanmasında xüsusi maraq var: “Bu bağçanın gəliri digər bağçalar kimi deyil. Yəni çox zəifdir. Çünki bura əsasən aşağı təbəqənin uşaqları gəlir. Neft Şirkətinin tərkibində başqa uşaq bağçaları da var. Ancaq orada qiymətlər baha olduğundan çox az adam uşaqlarını həmin bağçalara qoyur. Lüks bağçalara uşaq az gəldiyi üçün buranı bağlatdırırlar. Ancaq əsas məqsəd budur ki, digər pullu bağçaları sentyabra qədər uşaqla doldursunlar. Bağçaya çəkilən xərci uşaqlardan çıxartmalıdırlar, ya yox”?
“Gərək yeməyək, Rövnəqin bağçasına ödəyək”
Valideynlərin söhbətindən məlum oldu ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin lüks bağçaları boş qalıb: “Bizdən icazəsiz götürüb uşaqlarımızın adını yaxınlıqdakı bağçalara yazıblar. Həmin bağçalardan biri ”Bənövşə", digəri isə “Günəş”dir. O bağçalar birbaşa Rövnəq Abdullayevin tabeliyindədir. Yəni orada uşaq saxlamaq üçün bir aya 800 manat lazımdır. Bizim o qədər imkanımız var ki, bağçaya 800 manat ödəyək? Heç o qədər pul bizim iki aylıq maaşımız etmir. Belə çıxır ki, biz yeməyək, içməyək həmin bağçaya pul ödəyək. Elədirsə evimdə şəxsi dayə tutub uşağımı saxladaram də". Narazı valideynlərin dediyinə görə, neftçi ailəsinə güzəşt ediləcəyi deyilir. Ancaq onlar verilən bu sözlərə inanmadıqlarını bildirirlər: “2-3 uşağı olan valideynlər 700-800 manatı Rövnəq Abdullayevin kassasına necə ödəsin? Əgər onun özəl bağçası uşaqsız qalıbsa camaatın günahı nədir? Budurmu uşaqlara verilən dəyər? Neft ”naçalnikləri" bizim körpələrin taleyi ilə oynayarkən, görəsən, öz uşaqları gözləri önünə gəlirmi"?
Qalmaqallı bağça
Valideynləri dinlədikdən sonra bağçaya baş çəkmək istədik. Bizə maraqlı gəldi, gözəl görünüşü olan bu bağçanın həqiqətən də əsaslı təmirə ehtiyacı varmı? Bağçanın girişində bir neçə xanım dayanmışdı. “Yeni Müsavat”dan gəldiyimizi və bağça ilə bağlı bir neçə suala cavab almaq istədiyimizi bildirdik. Xanımlardan biri ad-soyadının Dilarə Əliyeva və bağçanın müdirəsi olduğunu dedi. Daha sonra birlikdə otağına keçdik. D. Əliyeva bağçanın bağlanacağı xəbərini təsdiqlədi: “Bağça birdəfəlik bağlanmır, əsaslı təmirə dayandırılır”. Biz ətrafa baxış keçirən zaman bağçanın əsaslı təmirə ehtiyacı olmadığını gördük. Bu haqda Dilarə xanıma da sual verdik. Ancaq o, israrla bildirdi ki, ehtiyacı var: “Əgər Neft Şirkətindən bağçanın təmir edilməsinə ehtiyac olduğunu deyirlərsə, demək ehtiyac var. Biz valideynlərin şikayətlərini, narazılıqlarını başa düşürük. Çünki bura həm onların evlərinə yaxındır, həm büdcələrinə uyğundur, həm də uşaqları psixoloji cəhətdən bura öyrəşiblər. Ancaq bu bizdən asılı deyil. Bizim özümüzü də artıq başqa bağçalara göndərirlər. Uşaqların da adını yaxşı bağçalara yazıblar. ”Günəş", “Bənövşə” ərazidə olan ən gözəl bağçalardandır. Bilirsiniz, bağça ilə bağlı bizim də qulağımıza çox xəbərlər çatır. Ancaq hansının doğru, hansının yanlış olmasını biz də bilmirik. Mənim özümü 24 il çalışdığım kollektivdən çıxarıb bura gətiriblər. Burada 4 aydır işləyirəm. İndi də buradan çıxıram. Görək hara göndərilirik". Daha sonra bağçaya baxış keçirmək üçün müdirədən icazə aldıq. Dilarə xanım razılaşdı. Ancaq şəkil çəkməyə icazə vermədi. Səbəb kimi Dövlət Neft Akademiyasında baş verən terror hadisəsini göstərdi: “Təhlükəsizlik üçün şəkil çəkməyə icazə vermirik. Bağça xüsusi idarə (? - T.T.) tərəfindən qorunur”. Bir şəkil çəkməyə cəhd etdik. Ancaq müdirə xanım bundan bərk qəzəblənərək baxış keçirməmizi dayandırdı: “Mən sizə demişdim ki, şəkil çəkmək olmaz. Bunu etdiyiniz üçün artıq başqa yerlərə baxa bilməzsiniz”. “Bəs təhlükəsizlik xidməti haradadır” sualına da maraqlı cavab aldıq. Dilarə xanım bildirdi ki, bağçanı özləri qoruyur. Ancaq bir neçə dəqiqə öncə danışdığı sözlə indi dediyi sözlərinin heç biri üst-üstə düşmədi. Heç biz də bağçanın qapısında mühafizəçi görmədik. Türkan TURAN 896 dəfə baxılıb
|
[09.02.2012] - “QADIN ARXADAN BOĞAZIMA KƏNDİR ATIR, KİŞİ İSƏ BIÇAQ DİRƏYİRDİ” [09.02.2012] - BU GÜN ŞAXTA AZALACAQ [09.02.2012] - MAGİSTRATURAYA ƏRİZƏ QƏBULU BAŞLAYIB [09.02.2012] - SƏFƏR ƏBİYEVİN BAŞINA İŞ GƏLİB [09.02.2012] - HƏBS EDİLƏN KRİMİNAL BİZNESMEN RÖVNƏQ ABDULLAYEVİN ŞƏRİKİ İMİŞ [09.02.2012] - ZAKİR QARALOVUN HESABATI TOPA TUTULDU [09.02.2012] - WİKİLEAKS-də ADI KEÇƏN DİNDAR “YENİ MÜSAVAT”a DANIŞDI [09.02.2012] - PAKİSTANDA ÖLDÜRÜLƏN AZƏRBAYCANLININ YAXINLARI XİN-ə MÜRACİƏT ETDİ [09.02.2012] - VƏTƏNDAŞ CİNAYƏTLƏ RASTLAŞANDA POLİSƏ MÜRACİƏT ETMƏLİDİR? [09.02.2012] - PAYTAXT BAZARLARINI DON VURDU [09.02.2012] - ALİ MƏKTƏBLƏRİN BEYNƏLXALQ REYTİNQİNDƏKİ ACINACAQLI YERİMİZ [09.02.2012] - ÖLKƏ ƏSRİN REKORD ŞAXTASININ ƏSİRİNƏ ÇEVRİLDİ [09.02.2012] - ƏHMƏDLİ QƏSƏBƏSİNDƏ HƏYAT DONUB [08.02.2012] - NAZİRLİKDƏN TÖVSİYYƏ [08.02.2012] - DİASPOR NAZİRİ “YENİ MÜSAVAT”a DANIŞDI [08.02.2012] - BAKI QAR FƏLAKƏTİNDƏN QURTULA BİLMİR [08.02.2012] - BAKI HAVA LİMANINDAN BƏZİ UÇUŞLAR “DONDU” [08.02.2012] - “İLİN ADAMI” MÜKAFATI SAHİBLƏRİNƏ TƏQDİM EDİLDİ [08.02.2012] - ŞAXTALAR BALIQ BAZARINI DA ÖLDÜRÜB [08.02.2012] - “BU İL BAKIDAKI MƏCBURİ KÖÇKÜNLƏRİN ƏKSƏR HİSSƏSİ KÖÇÜRÜLƏCƏK” ARXIV
|