13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

VALİDEYN VƏ TƏLƏBƏLƏR ABU-ya BASQIN ETDİLƏR

2010-09-03

Qəzəbli insanlar rektorluq binasının qapısını sındırdılar; bir neçə dekan və müəllim arxa qapıdan qaçdı

Təhsil Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetində (ABU) gərgin vəziyyət yaranıb. Dünən yüzlərlə valideyn və tələbə universitetin binasının qarşısına gələrək hiddətlərini bildiriblər. Dünən biz də ABU-da olduq. Universitetə çatanda valideynlər qapıda dayanan mühafizəçi ilə mübahisə edirdilər. Daha sonra mühafizəçidən ayrılıb universitetin binasına yollandılar. Biz də valideynlərlə birlikdə binaya üz tutduq. Universitetin həyətində 100-ə yaxın valideyn və tələbə var idi.

“Elşadı verin bizə!”

Elşad AbdullayevValideynlər “Yeni Müsavat” qəzetindən gəldiyimizi biləndə qəzəbləri birə-beş artdı: “Niyə burda dayanmısınız? Nəyi gözləyirsiniz? Gedin də. Gedin Elşadı tapın, verin bizə. Onu öz əlimlə didəcəm. Bu günə qədər ona bütün varımı-yoxumu, torpağımı satıb vermişəm. Niyə çıxıb bizə cavab vermir? Mənim uşağım iki ildir buranı qurtarıb. Hər gün gəlib diplomla maraqlanıb. Hər dəfə deyiblər ki, get, özümüz sənə xəbər verəcəyik. Aldıq biz xəbərimizi. O şərəfsiz niyə çıxmır qarşımıza? Uşaq 50 manat verirdi, deyirdilər ki, bu nədir, toya pul yazdırırsan? Görün bu adamlar nə qədər harınlayıb”.

“Günahın hamısı Misir Mərdanovdadır”

Misir MərdanovQəzəbli valideynlər indiyə qədər universitetə ödədikləri pulun çeklərini çıxarıb göstərdilər: “Hələ bu harasıdır, universitetə qəbul olmadan öncə 10 min manata qədər pul ödəmişik. Hər imtahanda bizi soyublar. Bütün gün dilənçi kimi pul diləniblər bizdən. Bəs indi niyə çıxıb bir açıqlama verən yoxdur? Bu qədər uşağın taleyi necə olacaq? Hamısı qaldı düzdə. 5-6 ildir buradan diplom almayanlar var”.
Bu zaman bir qrup tələbə qışqırmağa başladı: “Elşada ölüm. Haqqımızı versinlər. Biz oxumaq istəyirik”. Daha sonra valideyn və tələbələr əsas korpusa daxil oldular və burada qışqırmağa başladılar. Mühafizəçinin üstünə getsələr də o, heç bir səlahiyyətə malik olmadığını dedi. Ancaq valideynlər onun sözünə məhəl qoymayaraq təhqir edirdilər: “Vaxt var idi burada at oynadırdınız. Səsimizi bir az yüksəldən kimi bizi təhqir edirdiniz. Nə oldu? İndi niyə çıxmır səsiniz? Get o başında duranları çağır, yoxsa sənin halın pis olacaq”.
Çətinliklə olsa da mühafizəçi canını qəzəbli insanların əlindən qurtara bildi. Gedib kənardan baxmağa başladı.

“Qoymayın, müəllimə qaçır”

Beş-altı tələbənin bir qadının arxasınca qaçdığını gördük. Valideynlərdən biri “qızım, bax o müəllimədir, qaçır” dedi. Müəllimənin arxasınca gedib ona çata bildik. Ancaq o, burada işlədiyini israrla inkar etdi: “Məndən nə istəyirsiniz? Mənlik bu məsələdə heç nə yoxdur. Mən də bura uşağımı düzəltmişəm. İndi ona görə bura gəlmişəm. Mən müəllimə deyiləm, evdar qadınam”. Şəkil çəkdiyimizi görəndə qaçıb ağacların arxasında gizlənən, çantasını üzünə tutan bu xanım həqiqətən də müəllimə idi. Həm də ekologiya fakültəsinin dekanı Z.Ağayeva idi. Bunu universitetin qarşısından asılan şərəf lövhəsinə baxandan sonra bildik.

“Bu nömrəyə zəng çatmır”

Adil adlı dekanın qaçıb aradan çıxdığını isə son anda bildik. Biz dekana çatanda artıq o, avtomobilinə oturub uzaqlaşmışdı. Tələbələrinə isə nömrə vermişdi ki, onunla əlaqə saxlasınlar. Valideynlər və tələbələr 050 212-17-42 nömrəsinə zəng etsələr də bağlı oldu.

Rektorluğun qapısını yıxdılar

Əsas korpusda hay-küy salmaqdan nəticə çıxmadığını görən tələbələr və valideynlər rektorluğun binasına getməyi təklif etdilər. İçəridə adamlar olsa da qapını açmırdılar. Qəzəbli tələbələr qapını təpikləyib qırmağa çalışırdılar. Qapının qırılması ilə açılması bir oldu. Binaya hücum edən tələbələr mühafizəçini itələyib içəri daxil oldular. Mühafizəçi binada adam olmadığını dedi: “Məni niyə sorğu-suala tutursunuz? Burada rektor deyiləm, dekan deyiləm. Gedin sözünüz var, Elşad müəllimə deyin”.
Valideyn və tələbələr ikinci mərtəbəyə qalxıb dekanlardan birini burada gördüklərini dedilər. Sonradan məlum oldu ki, qapının qırıldığını görən dekan arxa qapıdan çıxıb qaçıb.

Təhsil Nazirliyinin önündə etiraz aksiyası

Bütün mərtəbələri axtarıb məsul şəxs tapa bilməyən tələbələr Təhsil Nazirliyinə getmək qərarını verdilər. 30-a yaxın valideyn və tələbə ilə birlikdə Təhsil Nazirliyinə yollandıq. Nazirliyin önündə bir neçə şüar səsləndirən etirazçıların içəri keçmələrinə qapıda dayanan polislər imkan vermədi.
Daha sonra etirazçıları sakitləşdirərək qəbul otağına getmələrini təklif etdilər. Adamların sakitləşmədiyini görüb Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratoru İlyar Vahabovu çağırdılar. İ.Vahabov gəlib nazirliyin önünə yığılan adamlardan onunla qəbul otağına getməyi tələb etdi. Qəbul otağına gedənlərə İ.Vahabov açıqlama verdi: “Universitet artıq bağlanıb. Oradakı vəziyyətlə bağlı nazirlik tərəfindən açıqlama verilib. Ancaq məlumat üçün bir daha bildirim ki, testdən kənar qəbul edilən tələbələrin işinə biz baxmayacağıq. Onlar gedib kimə pul veriblərsə, universitetə qəbul olmaq üçün kimdən xahiş ediblərsə, indi də getsinlər, məsələni həmin adamlarla həll etsinlər. Biz sərhəd xidmətinə müraciət etmişik. ABU-da oxuyan tələbələrin adları orada qeydə alınıb. Əgər həqiqətən də Moskva filialında oxuyan varsa biz, onları burada başqa universitetlərə yerləşdirəcəyik. Həmin tələbələr ancaq yenidən imtahan verməli olacaqlar. Əgər aranızda elə tələbə varsa, indidən repetitor yanına gedib hazırlaşsınlar. Qanuni yolla qəbul olanlar, ayın 10-dan sonra gələrsiniz ABU-ya, orada sizin məsələnizə baxılacaq”.
Etirazçılar bundan narazı olsa da polisin müdaxiləsi ilə qapıdan çölə çıxarıldılar.

Türkan TURAN

2958 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008