 |
Ölkə
İŞSİZLİK GƏNCLƏR ARASINDA CİNAYƏTKARLIĞI ARTIRIB 2010-09-03 İqtisadi Tədqiqatlar Mərkəzi böhranın əmək bazarına təsirlərini araşdırıb
|
İqtisadi Tədqiqatlar Mərkəzi “Qlobal maliyyə böhranının Azərbaycanda əmək bazarına təsirinin qiymətləndirilməsi” mövzusunda araşdırma apararaq tədqiqat hesabatı hazırlayıb. Araşdırma ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə “Counterpart İnterantional” tərəfindən həyata keçirilən “Vətəndaş cəmiyyətinin gücləndirilməsi layihəsi”nin və Milli Büdcə Qrupunun təşkilati dəstəyi ilə “Dövlət büdcə xərcləmələrinin makroiqtisadi tarazlıq perspektivindən sosial sahəyə təsirinin qiymətləndirilməsi” layihəsi çərçivəsində aparılıb. Hesabatda Azərbaycanda qlobal maliyyə böhranı dövründə hökumətin məşğulluq siyasəti təhlil olunub, mümkün ssenarilər və perspektivlər göstərilib, habelə yeni modellər və ekonometrik üsullarla bu siyasətin gücləndirilməsi istiqamətində təkliflər hazırlanıb. Hesabatın yekun variantı dünən “Caspian Plaza”nın konfrans zalında təqdim olundu. Tədbirdə dövlət orqanlarının, Milli Məclisin, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin nümayəndələri, QHT və KİV təmsilçiləri, yerli mütəxəssislər iştirak edirdi. Tədqiqatı iştirakçılara İTM-in eksperti Səbinə Abdullayeva təqdim edib. İlk öncə o, böhranın Azərbaycan iqtisadiyyatına təsirlərindən danışaraq, xüsusilə ÜDM-in, əhalinin gəlirlərinin, ölkə üzrə orta aylıq əməkhaqqının artım tempində, həmçinin ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmində azalma olduğunu qeyd edib. Bildirib ki, böhran milli iqtisadiyyatın neft gəlirlərindən asılılıq səviyyəsini artırıb. Bununla yanaşı, ÜDM artımının davam etməsi, işsizliklə bağlı göstəricilərdə mənfi dəyişikliklərin digər ölkələrə nisbətən az olması böhranın Azərbaycan iqtisadiyyatına daha zəif təsir etdiyinin göstəricisi sayıla bilər. Tədqiqat zamanı işsizliklə bağlı rəsmi göstəricilər analiz edilib. İTM ekspertlərinin hesablamalarına görə, böhran dövründə iqtisadiyyat daha çox iş yerləri itirib. Belə ki, əgər rəsmi statistik məlumatlarda 2008-ci ildə bağlanan iş yerlərinin sayı 3037 idisə, 2009-cu ildə bu rəqəm 3 dəfəyədək artaraq 8747-yə çatıb, eləcə də 2008-ci ildə açılan daimi iş yerlərinin sayı 89 557 idisə, 2009-cu ildə müvafiq göstərici 35 min nəfərdən çox azalaraq 54515 nəfər təşkil edib. Bununla yanaşı, böhran dövründə məşğulluq xidmətlərinə müraciət edərək işlə təmin olunanların sayında da azalma qeydə alınıb. Bu xidmətdən yararlananların sayı 31144-dən 28 342-yə qədər azalıb. Tədqiqat çərçivəsində rəsmi göstəricilər əsasında işsizliyin struktur təhlili də aparılıb və müəyyən olunub ki, böhran dövründə əksər ölkələrdə iş yerini itirənlər əsasən gənclərdən ibarətdir, Azərbaycanda isə bu, daha çox orta yaşlı insanlarda qeydə alınıb. Bundan əlavə, işsizliklə üzləşənlər (məşğulluq mərkəzlərində işsiz kimi qeydə alınanlar) arasında ali təhsillilər üstünlük təşkil edir ki, İTM ekspertləri bunun iki mühüm səbəbini qeyd edirlər. Bunlardan birincisi, təhsil sisteminin əmək bazarının tələblərini ödəyə bilməməsi, ikincisi isə ali təhsilli şəxslərin qanunvericiliklə bağlı daha çox məlumatlı olaraq, işsiz kimi qeydiyyata düşmələridir. Sektorlar üzrə ən çox iş yerlərini itirən sektor sənaye və tikintidir. İTM ekspertləri tədqiqatın yekunu olaraq əmək bazarında müsbət dəyişikliklərə nail olunması üçün bir sıra təkliflər hazırlayıblar. Təqdimatdan sonra ekspert iştirakçıların suallarını cavablandırarkən, tədqiqatın rəsmi statistik göstəricilər əsasında aparılmasının səbəblərinə aydınlıq gətirib. Bildirib ki, ölkədə nə ayrı-ayrı iqtisadi sektorlar, nə də bütövlükdə real məşğulluq səviyyəsini müəyyənləşdirən tədqiqatlar - yəni alternativ mənbə olmadığı üçün İTM ekspertləri rəsmi statistik göstəricilərdən istifadə ediblər: “Azərbaycanda qeyri-leqal iqtisadiyyatın həcminin kifayət qədər yüksək olması məşğulluqla bağlı rəsmi göstəricilərin real vəziyyəti dəqiq ifadə etmədiyini deməyə əsas verir. Lakin əlimizdə başqa mənbə, hansısa hesablamanın nəticələri yoxdur”. AMEA İqtisadiyyat İnstitutunun nümayəndəsi Cəlil Quliyev bildirib ki, rəsmi statistika işsizlik faizlərini düzgün əks etdirmir: “Reallıqda işsizlik faizi çox yüksəkdir. Apardığımız tədqiqatlar bu amilin ölkədə cinayətkarlığın artmasına gətirib çıxardığını təsdiq edir. Xüsusilə də gənclər arasında bu faiz çox yüksəkdir. Məşğulluq səviyyəsinin aşağı düşməsi həm də gənclərin müvafiq peşələrlə əhatə olunmaması ilə əlaqədardır. Azərbaycanda məşğulluq bazarının 63 faizini fəhlələr təşkil edir. İldə yüz min nəfər təhsil müəssisələrini bitirir. Onların böyük əksəriyyəti işsizlərin sıralarına qoşulurlar. Gənclər peşə almaq imkanına da malik deyillər. Və yaxud da peşələrin böyük əksəriyyəti onların marağını əks etdirmir. Bizdə insanları daha çox işlətmək geniş yayılıb. Xüsusilə də ticarət sahəsində. Orada insanlar gündə 14 saata qədər işləyirlər. Mənə elə gəlir ki, təkcə növbəlilik tətbiq etməklə, ölkədə ən azı 300 min əlavə iş yeri açmaq mümkündür”. Baş Məşğulluq İdarəsinin nümayəndəsi Nizami Məmmədov “Məşğulluq haqqında” Qanunun qəbul olunduğunu və bu sahədə müəyyən irəliləyişlərin olduğunu söylədi. O, cinayət artımında işsizlik məsələsinin də müəyyən rol oynadığını etiraf etməklə yanaşı, bildirib ki, burada mənəvi-psixoloji amillər də az rol oynamır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev tədqiqat mövzusunun maraqlı bir sahəni əhatə etdiyini bildirib: “Əminəm ki, tədqiqat üçün lazımi statistik baza olsaydı, nəticə daha sanballı alınardı. Azərbaycanda əmək bazarının formalaşması prosesi hələ başa çatmayıb. Ölkədə məşğul insanların 1 milyon 200 min nəfəri büdcə təşkilatlarında, 1 milyondan çoxu isə kənd təsərrüfatında çalışır. Başqa ölkələrlə müqayisədə bu, çox böyük rəqəmlərdir. Bunun özü təsdiq edir ki, Azərbaycanda məşğulluq sahəsində necə böyük problemlər mövcuddur. Oturuşmuş əmək bazarının olmaması bir çox göstəricilərə öz mənfi təsirini göstərir”. Xəbər xidməti 838 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR [12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI [12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB [12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ? [12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR [12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU [12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR [12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA [12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI [11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT [11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB” [11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR [11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN” [11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ [11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR [11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK ARXIV
|