 |
Ölkə
LƏNKƏRAN DAVASI İLƏ BAĞLI ZİDDİYYƏTLİ MƏLUMATLAR YAYILIB 2010-09-09 İranın Azərbaycanın cənub bölgəsində vəziyyəti gərginləşdirməyə çalışdığı bildirilir
|
Sentyabrın 7-də Lənkəranda baş vermiş insidentdən sonra rayon ciddi polis nəzarətinə götürülüb. Polislə qarşıdurmada həbs olunan 40 nəfər isə azadlığa buraxılıb.
Lənkəranda yaşayan ilahiyyatçı Seyid Elman Ağayev hadisə ilə bağlı deyerler.org saytına deyib ki, bir həftə qabaq məscidə özünü axund müavini kimi təqdim edən adam gəlib: “O, əlindəki vintaçanla məsciddəki inanclı insanlara hücum edib. Təhqiramiz sözlərlə oradakıları aşağılayıb. Bunun videogörüntüləri də var və onlar bütün ölkədə yayılıb. İnanclı insanlar o şəxsi sakitləşdirmək istəyərkən məscidə polis çağırılıb, 2 ruhani, 3 dindar həbs edilib. Bir dindara 5 sutkalıq həbs cəzası verilib. Biz bunları soyuqqanlılıqla qarşıladıq, istəmədik hər hansı hadisə baş versin. Sentyabrın 7-də axşam dindarlar bilib ki, dindara verilən 5 sutka artıq başa çatıb. Onu qarşılamağa gediblər. Bu vaxt polis dindarlardan xahiş edib ki, polis bölməsinin qarşısında yığışmasınlar. Dindarlar kənardakı bağa yığışıb. Ancaq onları oradan da uzaqlaşdırıblar. Sonra polislər dindarlara təhqirlər, dinə qarşı nalayiq sözlər səsləndirib”. Seyid Elman deyib ki, polis bağdakı dindarların bir neçəsini bölməyə aparmaq istəyib: “Dindarlar buna etiraz etdi, istəmədi ki, onları içəri aparsınlar. Çünki polisin xahişi yerinə yetirilmiş, dindarlar bölmənin qabağından çəkilib bağa yığışmışdı. Onlarsa dindarları söyüb. Buna ehtiyac olmasa da hadisə yerinə xüsusi təyinatlılar çağırıldı. Onlar da dindarlara təzyiq göstərdi, kimisini vurdu, kimisini təhqir etdi. Dindarlarsa təxribata getmədi, o yerdən aralandı. 30 nəfər saxlanmışdı, onları da sonra buraxdılar. Sonra bu işdə İslam Partiyasının əlinin olması, hadisə yerinə astaralı dindarların gəlməsi barədə xəbərlər yayıldı. Bunlar uydurmadır. Saxlanılan dindarların da heç bir günahı yox idi. Onlar sadəcə öz dindar qardaşlarını qarşılamağa getmişdi. Burada heç bir qarşıdurmadan söhbət gedə bilməz. Sadəcə bəziləri müsəlmanları gözdən salmaq üçün bu yola əl atır. Hazırda sakitlikdir. Həbs edilən inanclılar da buraxılıb”. Lənkəranda kütləvi toqquşma xəbəri şəhər polisindən APA-ya təsdiqlənib. Polis şöbəsinin (ŞPŞ) qarşısında, sonra dəmiryol vağzalyanı meydanında 100-dək sakin yığışaraq icazəsiz aksiya keçirib. Aksiyaçılar sentyabrın 2-də polis tərəfindən saxlanılmış Lənkəran sakini Qismət İsayevin azadlığa buraxılmasını tələb edib. Lakin polis Q.İsayevin şəhərin Ə.Vahid küçəsində yerləşən “Cümə” məscidinin axundu Ramin Fətullayevlə onun köməkçisi Bağır Kazımovun ərizəsi əsasında saxlanıldığını və barəsində CM-in 221.2.2-ci maddəsi ilə cinayət işinin açıldığını bəyan edib. Bu isə sakinləri hövsələdən çıxarıb və aksiyaçılarla polis arasında qarşıdurma yaranıb. Polisin tələblərinə riayət etməyən aksiyaçılardan 15 nəfəri saxlanılaraq ŞPŞ-yə gətirilib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Sadiq Gözəlov bu hadisə haqda mətbuatda yayılan məlumatlara münasibət bildirib. O, APA-ya deyib ki, sentyabrın 3-də saat 00:15-də Lənkəranın Qumbaşı kəndində “VAZ-2107" markalı maşında olan naməlum şəxslər odlu silahdan atəş açaraq kənd sakini Elşən Hüseynovu qətlə yetirib. Ağır xəsarət almış Ramin Ağamoğlanov isə xəstəxanaya yerləşdirilib: ”Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində ağır cinayəti törədib qaçmış Emil Bağırov, Ramil Hümmətov, Arif Feyzullayev, Zamin Sadıqov, cinayətdə iştirak etmiş Məmmədağa Dəyyanov, Xəqani Əhədov, Məlikağa Məlikli, Orxan Dəyyanov və Zaur Həsənov saxlanılıb". S.Gözəlov deyib ki, bəzi mətbuat orqanları ictimai rəyi çaşdırmaq, hüquq-mühafizə orqanları tərəfindən görülən tədbirləri təhrif etmək yolunu seçib: “Onlar ”şəhərə xüsusi təyinatlılar yeridildi", “polislə yerli sakinlər arasında toqquşma baş verdi”, “gözyaşardıcı qazdan istifadə olundu, bölgədə qeyri-rəsmi fövqəladə vəziyyətdir” kimi ifadələrdən istifadə edərək guya sentyabrın 7-də Lənkəranda 200-dək dindarla polis arasında qarşıdurma baş verdiyini iddia edir. Nə sentyabrın 7-də, nə də ondan əvvəl Lənkəranda hər hansı qarşıdurma olmayıb. Məsələ belə olub. Sentyabrın 2-də “Cümə” məscidinin axundu və onun müavini polisə müraciət edərək Qismət İsayevin onların şərəf və ləyaqətini alçaldaraq xuliqanlıq etdiyini bildirib. Araşdırmadan sonra İsayev şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, həmin gün o, digər həmyerlisinə qarşı da xuliqanlıq edib. Sentyabrın 2-də məhkəmə İsayevin 5 sutka həbs olunması barədə qərar çıxarıb. Buna etiraz edən 20-25 nəfər sentyabrın 7-də dəmiryol vağzalının qarşısına yığışsa da hər hansı qarşıdurma baş verməyib. İctimai qaydanı pozan 14 nəfər şöbəyə gətirilib, 4 nəfər cərimə olunub, 10 nəfər barədə isə müvafiq protokollar tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilib". Bu hadisə ilə bağlı müxtəlif versiyalar da irəli sürülür. Rayon sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, hadisə dini zəmində baş verib. Mənbə bölgədəki vəziyyətlə bağlı bunları deyib: “Cənub bölgəsində İranın təsiri getdikcə güclənir. Məscidlərdə təbliğat aparılır, İranmeyilli dindarlar möminlərə yerli mollalar barədə xoşagəlməz sözlər deyir. Onlar dindarları aşağılayır ki, yerli mollalar savadsız, xurafat adamlarıdır. Bu da toqquşmaya gətirib çıxarır. Az öncə Bakıdan cənub bölgələrindəki rayon rəhbərlərinə ciddi tapşırıqlar verilmişdi. İcra başçılarına xəbərdarlıq edilmişdi ki, İranpərəst dindarlar yaşadıqları kəndlərdə və məscidlərdə müxtəlif təbliğatlar aparır”. Lənkəran olayları ilə bağlı DEVAMM rəhbəri Hacı İlqar İbrahimoğlunun yaydığı açıqlamada bildirilir ki, onlara son günlərdə Lənkəranda inanclı kəsimə qarşı təzyiqlər olması barədə xeyli məlumat daxil olub: “Məlumatlarla bağlı DEVAMM monitorinqə başlayıb və araşdırmalar davam edir. İstər Lənkəran məscidində inanclılara qarşı baş verən təxribat nəticəsində ruhanilərin həbsini, istərsə də həbs edilmiş ruhanini həbsdən çıxarkən qarşılamağa gələn inanclılara qarşı zorakılığı insan haqlarının pozulması kimi dəyərləndiririk. Müvafiq dövlət qurumlarına da müraciət edərək baş verənlərin dəqiq araşdırılmasına, təzyiq, təqib və təxribatların dayandırılmasına, inanclılara qarşı baş vermiş qanun pozulmasında iştirak edənlərin cəzalandırılmasına çağırırıq”. Emil SALAMOĞLU 4674 dəfə baxılıb
|
[13.02.2012] - “GƏNCLƏR KLUBU”nun QURULTAYI KEÇİRİLDİ [13.02.2012] - BU GÜN HAVA 5 DƏRƏCƏYƏDƏK İSİNƏCƏK [13.02.2012] - MÜSAVATIN VƏ YA İCTİMAİ PALATANIN YUBİLEY TƏDBİRİ KEÇİRƏCƏYİ İSTİSNA DEYİL [13.02.2012] - 11 YAŞLI QIZININ ÜMİDİNƏ QALAN QARABAĞ ƏLİLİ [13.02.2012] - İCRA BAŞÇISI İLƏ SAHİBKARIN 3 MƏHKƏMƏ ÇƏKİŞMƏSİ OLACAQ [13.02.2012] - FORMADA OLMAYAN POLİS HAKİMİYYƏT NÜMAYƏNDƏSİ DEYİL [13.02.2012] - ZƏLİMXAN MƏMMƏDLİYƏ CİNAYƏT İŞİ AÇILMASI TƏLƏBİ [13.02.2012] - NAZİR-OLİQARXIN “AT GEDİŞİ” [13.02.2012] - NATO-dan TÜRKİYƏYƏ QARŞI ETİNASIZLIQ? [13.02.2012] - “SEVGİLİLƏR GÜNÜ” LƏĞV EDİLSİNMİ? [13.02.2012] - “QIZINMADIQ İSTİSİNƏ, KOR OLDUQ TÜSTÜSÜNƏ...” [13.02.2012] - TÜRKANIN ŞƏHƏRLƏ ƏLAQƏSİ KƏSİLİB [13.02.2012] - SOYUQLAR “QUL BAZARLARI”nın ÇÖRƏYİNİ KƏSİB [13.02.2012] - BAKI FUNİKULYORU MAYDA İSTİFADƏYƏ VERİLƏCƏK [13.02.2012] - HACI İLQAR XOCALI SOYQIRIMINDAN DANIŞDI [13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU [12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR [12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ [12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA... [12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR ARXIV
|