13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Ölkə

ŞEYXİN QUDASI NƏHAYƏT Kİ, TƏSLİM EDİLDİ

2010-09-09

Hacı Qalibə mənimsədiyi mülkü boşaltmaq üçün 4 gün vaxt verildi; Sabunçu polisi və məhkəmə icraçıları ayağa qalxdı

Dünən Sabunçu Rayon Məhkəmə İcraçıları Şöbəsi və Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları eks-spiker Rəsul Quliyevin və onun ailə üzvlərinin zəbt olunmuş bağını Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadədən alıb sahibinə təhvil verməyə növbəti dəfə cəhd etdilər.

Qeyd edək ki, Hacı Qalib 1995-ci ildən R.Quliyevə və onun ailə üzvlərinə məxsus olan bağı 2008-ci ildə zəbt edib. Quliyevlər onun bu qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət edib. Bütün məhkəmə instansiyaları onların xeyrinə qərar çıxarsa da Hacı Qalib “öləcəm, amma bu mülkü boşaltmayacam” deyir.
Məhkəmə icraçıları isə onun bu sözlərini yalnız arzu sayır. Onlar ilk dəfə avqustun 31-də bağı boşaltmaq üçün həmlə etmişdi. Lakin Hacı Qalib həmin gün başının dəstəsi ilə məhkəmə icraçılarına, polis işçilərinə müqavimət göstərdi. Bu səbəbdən icra prosesi təxirə salındı. Daha sonra bəlli oldu ki, Hacı Qalibin zorakılıqları və məhkəmə qərarına məhəl qoymaması aktlaşdırılıb və bağın məcburi qaydada boşaldılmasına razılıq alınması üçün məhkəməyə müraciət edilib.
Quliyevlərin səlahiyyətli nümayəndəsi Nazim Hüseynov dünən mətbuat işçilərinə bağın boşaldılacağı barədə xəbər verdi. Bu, sıradan bir hadisə olmadığı üçün digər mətbuat nümayəndələri ilə birlikdə hadisə yerində olduq. Biz əraziyə çatandan az sonra Sabunçu RPİ-nin 50-dən çox əməkdaşı maşınlarla bağın qarşısına gəldi. Bir neçə dəqiqə sonra Sabunçu Rayon Məhkəmə İcraçıları Şöbəsinin rəisi İdris Həsənquliyev də 10-dan çox icraçı ilə birlikdə ora gəldi. Hacı Qalibin mühafizəçisi patronunun göstərişi ilə bağa yalnız bir neçə məhkəmə icraçısını və Quliyevlərin səlahiyyətli nümayəndələri N.Hüseynovla Rəhim Hacıyevi buraxdı. Polislərlə jurnalistlərin bağa girməsinə imkan verilmədi.
Təxminən bir saat sonra içəridə olan N.Hüseynov bayıra çıxaraq Hacı Qalibin bağda 15-20 nəfər qoçu topladığını və bağı boşaltmaq istəmədiyini dedi. Bundan sonra polis əməkdaşlarının rəisi (onun ad-soyadını öyrənə bilmədik-müəl.) polislərə qapını qırıb bağa girmək əmrini verdi. Polislər Hacı Qalibin mühafizəçilərinin müqavimətini qıraraq bağa daxil oldu. Fürsətdən istifadə edib biz də onlarla bərabər içəri girdik. Yaranmış səhnədən duruxub qalan Hacı Qalib (o, yəqin yatanda yuxusuna da girməzdi ki, bu şəkildə “vurula” bilər, çünki  illərdir Bilgəh kəndinə qan uddurur, gözün üstə qaşın var deyilmirdi-red.) bir qədər səkinin üstündə oturandan sonra onun “qələminin qırılmasının” jurnalistlər tərəfindən müşahidə olunmasını istəmədi. O, məhkəmə icraçılarını, polisləri bir kənara buraxıb yalnız jurnalistlərdən bağı tərk etməyi tələb etdi. Məhkəmə icraçıları onun bu bəhanə ilə şuluq salacağını bildirərək media təmsilçilərindən çölə çıxmağı rica etdilər.
Ötən dəfə jurnalistlərə “dastan” danışan, onlara nəyisə anlatmaq istəyən Hacı Qalib bu dəfə enişinin jurnalistlərin gözü qarşısında baş verməsinə dözmədi. Bundan sonra media təmsilçiləri içəridə nə baş verdiyini müşahidə edə bilmədi. Hərdən yalnız darvazadan içəridə hay-küy düşdüyünü, polislərin aranı sakitləşdirmək üçün komanda verdiklərini eşidirdik. Bir qədər sonra əraziyə Çevik Polis Alayının əməkdaşları və əlavə məhkəmə icraçıları cəlb olunanda məsələnin ciddiləşdiyini düşündük. Onlar içəri keçəndən sonra N.Hüseynov telefonla jurnalistlərə icra işinə başlanıldığını və Hacı Qalibin əşyalarını bağdan çıxarmaq üçün fəhlələr çağırıldığını dedi. Bir azdan bir avtobus fəhlə gəlib bağa keçdi. Təxminən bir saat sonra öncə fəhlələr, ardınca polislər və məhkəmə icraçıları bağdan çölə çıxmağa başladı.
N.Hüseynov dedi ki, əlavə qüvvələr gələndən sonra məhkəmə icraçıları işə başlamaq istəyiblər: “Bu zaman Hacı Qalibə xəbərdarlıq etdilər ki, hansısa müqavimət göstərsə, dərhal həbs olunacaq. Bundan sonra Hacı Qalib 10 dəqiqə vaxt istədi. Bu müddətdə o, kiminləsə danışdı və məhkəmə icraçılarından bağdakı şəxsi əşyalarını özü daşıyıb çıxarmaq üçün növbəti həftənin birinci gününə qədər vaxt istədi. Biz əmin deyilik ki, o, bağı könüllü boşaldacaq, amma məhkəmə icraçıları ona növbəti dəfə şans verdi. Mən buna etiraz etsəm də icraçılar bildirdi ki, Hacı Qalib birinci günə dediyini etməsə, qapını qaynaq aparatı ilə kəsib bağdakı əşyaları çölə atacaqlar, mülkü bizə təhvil verəcəklər”.
N.Hüseynovun ardından jurnalistlər qarşısına çıxan Hacı Qalibin vəkili Cavanşir Məmmədov isə ayrı söz dedi: “Bu mülkün sahibi heç Hacı Qalib də deyil, bağlar başqa adamın adınadır. Onlar razılıq verməlidir mülkü boşaltmağa”.
N.Hüseynov isə bunu nağıl adlandırdı: “Mülk Rəsul Quliyevin qohumlarının adınadır və burada söhbət onların əmlakının qəsb olunmasından gedir. İndi məhkəmə zəbt olunmuş mülkün boşaldılıb sahibinə verilməsi üçün qərar çıxarıb. Bunlar saxta sənədlər düzəldərək ağlasığmaz bəhanələr gətirir. Gah deyirlər, bağ Abşeronundur, gah da deyirlər, ”Zəfəran" sovxozunun. Hardan əllərinə saxta sənəd keçirirlərsə, onu da sırımaq istəyirlər. Lakin bütün dövlət qurumlarından alınan arayışla məhkəmə sübut etdi ki, bura 1926, 1927, 1928, 1929, 1931 və 1932 saylı bağlardır və Quliyevlərin özəl mülküdür. Biz birinci günü də gözləyəcəyik, əgər qərar icra olunmasa, daha sonra artıq məhkəmə qərarının bir nəfərin qoçuluğu nəticəsində icra oluna bilməməsi və bu adamın barəsində tədbir görülməsi üçün ölkə rəhbərliyinə müraciət edəcəyik".

Elşad MƏMMƏDLİ

3552 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSİON” TƏMSILÇİMİZ BƏLLİ OLDU

[12.02.2012] - MAŞIN USTALARI SEVİNİR, SIĞORTA ŞİRKƏTLƏRİ AĞLAYIR

[12.02.2012] - ORDUDA DAHA BİR MÜƏMMALI ƏSGƏR ÖLÜMÜ

[12.02.2012] - BİLƏCƏRİDƏN BU YANA...

[12.02.2012] - ƏHALİNİN QAZINI, İŞIĞINI KƏSƏN HÖKUMƏT BOMJLARA SIĞINACAQ DÜZƏLDİR

[12.02.2012] - BAKI MERİNİN DUZ MAXİNASİYASI

[12.02.2012] - DƏMİRYOL VAĞZALINDA BİLET QITLIĞI YARANIB

[12.02.2012] - MÜXALİFƏTÇİ GƏNCLƏR QAR TƏMİZLƏMƏ AKSİYASI KEÇİRƏCƏKMİ?

[12.02.2012] - MƏMURLAR EVLƏRİNİ MÜHAFİZƏ ÜÇÜN PİTBULL SAXLAYIR

[12.02.2012] - SƏHİYYƏ NAZİRİ RÖVNƏQ ABDULLAYEVİN ADAMLARINI İŞDƏN QOVDU

[12.02.2012] - ÖVLADINIZI DÖYMƏYİN, SİZİ TUTA BİLƏRLƏR

[12.02.2012] - NAZİRDƏN AĞIR TONNAJLI QADAĞA

[12.02.2012] - METRONUN ÜSTÜNDƏKİ QAZINTI DAYANDIRILDI

[11.02.2012] - 8 XULQANIN POLİSLƏRƏ HÜCUMU İLƏ BAĞLI DİN-dən BƏYANAT

[11.02.2012] - “BAKIDA İNSANLAR YERƏ TÜPÜRMƏYİ ADƏT EDİB”

[11.02.2012] - “QANUNİ OĞRU”lar VƏ “LOTU”lar HAQDA MARAQLI MƏLUMATLAR

[11.02.2012] - “ƏGƏR MƏNƏ İNANMIRSINIZSA, GEDİN ASFALTI YALAYIN”

[11.02.2012] - QAR PAYTAXTDA YENƏ PROBLEM GƏTİRDİ

[11.02.2012] - NEFT DAŞIYAN YÜK QATARININ QƏZAYA UĞRAMASI SƏBƏBİ ARAŞDIRILIR

[11.02.2012] - BAKI AVTOVAĞZALINDA HƏRC-MƏCLİK

ARXIV

Yeni MÜSAVAT © 2008