05 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

BAZAR OLSUN...

2010-02-02

Tikinti materialları və geyim ucuzlaşıb
Ərzaq isə əksinə, bahalaşıb

Bazarlarda yenilik var. Tikinti materiallarının, geyimin, hətta qızılın ucuzlaşdığı deyilir. Buna paralel olaraq ərzaq məhsullarının qiyməti durmadan artır. Bazarlarda vəziyyəti öyrənmək üçün müxbirimiz bir sıra ticarət mərkəzlərində olub.

Tikinti bazarı

Bildirək ki, son bir ayda Azərbaycanda tikinti materialları 7,7 faiz ucuzlaşıb. Satıcıların sözlərinə görə, ən çox ucuzlaşan tikintinin əsasını təşkil edən materiallardır. Onlar bildirir ki, ucuzlaşmaya baxmayaraq, satış 50 faizə qədər azalıb. Bildirilir ki, tikinti materialları bazarının ən aktiv dövrü olan 2008-ci ildə qiymətlərdə 33 faiz artım müşahidə edilmişdisə, hazırda qiymətlər elə bu qədər aşağı düşüb.
Satıcılar ucuzlaşmanı əhalinin imkanının aşağı olması və dünyada baş verən maliyyə böhranı ilə əlaqələndirdilər: “Tikinti materiallarında ucuzlaşma durmadan artır. Ən çox ucuzlaşan mallar isə dəmir materiallardır. Demək olar ki, heç nə sata bilmirik”.
Satıcı Vurğun Mustafayev bildirdi ki, alıcı qabiliyyətinin azlığı ucuzlaşmaya səbəb olur: “Ucuzlaşmanın digər səbəblərindən biri də böhrandır. Əvvəllər evləri təmir etdirmək üçün alverə gələn olurdu, indi imkansızlıqdan ev də təmir etdirmirlər”.

Ərzaqlar ucuzlaşıb, yoxsa...

Ərzaq qiymətləri ilə maraqlanmaq üçün bir neçə mağazaya baş çəkdik. Satıcılarla söhbətdən məlum oldu ki, bəzi ərzaqların qiymətində ucuzlaşma var: “Bitki yağlarının qiyməti ucuzlaşıb. Az da olsa son günlər şirniyyatın qiymətlərində də ucuzlaşma var”.
Başqa bir mağazanın satıcısı da gözəçarpan ucuzlaşma olmadığını deyir: “Bəzi ərzaqlarda çox cüzi ucuzlaşma var. Elə ciddi ucuzlaşma olmayıb. Məsələn, bitki yağlarının qiyməti 30 qəpik düşüb. Qalan ərzaqları topdansatış məntəqələrindən elə eyni qiymətlərə alırıq. Onlar qurtarandan sonra ola bilər ki, ucuzlaşma nisbətən hiss edilsin. İndi bir-iki məhsulun qiyməti yalnız 30-40 qəpik arası ucuzlaşıb. Bu isə hələ ciddi ucuzlaşma demək deyil”.
Bu arada mağazadakı alıcılarla da həmsöhbət olduq. Onlar bildirdilər ki, bu ucuzlaşmanın onların ailə büdcələrinə təsirindən danışmaq hələ tezdir: “Hər gün marketdən alış-veriş etsək də ucuzlaşma hiss etməmişəm. Demək olar ki, heç bir ucuzlaşma yoxdur. Mən ərzaqları elə həmişəki qiymətə alıram”.

Bazarda alıcı yoxdur

Daha sonra “8-ci km bazarı”na yollandıq. Burada satıcılarla söhbətdən məlum oldu ki, bazarda heç bir ucuzlaşma qeydə alınmayıb: “Bazarda satılan malların 80 faizi xaricdən gətirilir. Ona görə də biz qiymətləri bahalaşdırmağı daha uyğun hesab edirik. Çünki gömrükdən keçəndə elə qiymət qoyurlar ki, vəziyyətdən çıxa bilmirik. Sadəcə mandarinlərin qiyməti dəyişmir. 1 ay əvvəldə 1 manat 50 qəpiyə satırdıq, indi də. Mandarinlər Gürcüstandan gətirilir. Bu gün bananı 2.50 manata satırıq. Ancaq 1 aydan sonra 3.50 manat olacaq”.
Satıcılar bildirdi ki, “Sədərək” ticarət mərkəzi onların bazarına zərbə oldu: “Böyük maşınları şəhərə buraxmırlar, birbaşa ”Sədərək"ə sürdürürlər. Bizim də oradan mal götürməyimiz çətin olur. Qiymətlər baha olduğundan satdığımız malların da qiyməti olduğu kimi qalır".
Satıcılar təşkil edilən yarmarkalardan da şikayətləndilər. Onların dediyinə görə, yarmarka kənd təsərrüfat naziri İsmət Abbasovun fırıldağıdır: “Yarmarkaya ”8-ci km bazarı"ndan mal aparıb satırlar. Sonra da adını qoyurlar yerli mal. Buradan meyvəni 2.50 manata alıb orada 2 manata satırlar. Bu bizə böyük haqsızlıqdır".
Firdovsi adlı sahibkar bildirdi ki, ölkədə monopoliyadır: “Bazarlarda yerli malın olmamasına səbəb yuxarıda duranlardır. Mən taxıl əkib yığıram anbara. Hökumət məndən deyil, gedib Qazaxıstandan alır. Mən ikinci dəfə o taxılı əksəm ağılsızlıq olar axı. Ona görə də bazarda yerli mala çətin rast gəlinir”.

Qızılın qiyməti də ucuzlaşdı

İki ay öncə bahalaşan qızıl bu ay kəskin ucuzlaşıb. Qızılın belə ucuzlaşmasına səbəb dolların bahalaşması olub. ABŞ valyutasının bahalaşması qızılın qiymətinə təsir göstərib, bu isə sərmayədarların dollara olan ümidini nisbətən artırıb. Qızılın ucuzlaşmasına baxmayaraq, böhranla əlaqədar olaraq sərmayədarların qızıla olan marağı yüksəkdir, çünki qeyri-sabit valyutalarla müqayisədə bu metal olduqca etibarlı mənbə hesab olunur. “Laçın” ticarət mərkəzində satıcılar bildirdi ki, qızılın ucuzlaşmasının onlara mənfi və müsbət təsirləri olub: “Baha aldığımız qızılları indi düşündüyümüzdən də ucuz satırıq. Alıcıların sayı isə öncəki günlərə nisbətən çoxalıb”.

Geyimlər su qiymətinə

“Miss Bahar”, “Romantik” mağazalar şəbəkəsində və “Laçın” ticarət mərkəzində geyim qiymətlərilə maraqlandıqda kəskin ucuzlaşmalar müşahidə etdik. “Romantik” mağazasında 100 manata olan paltolar indi 30 manata satılır. Koftalar, tuniklər, vadalaskalar 40-30 manatdan 10-13 manata qədər ucuzlaşıb. Ayaqqabılarda da kəskin ucuzlaşmalar qeydə alınıb. Belə ki, 120-130 manata olan ayaqqabılar indi 30-40 manata satılır. Mağazadan bizə bildirdilər ki, qiymətlərin bu cür ucuzlaşması mövsüm dəyişikliyi ilə bağlıdır.
“Laçın” ticarət mərkəzində isə Əli adlı satıcı ilə həmsöhbət olduq. Onun dediyinə görə, qarın yağması isti geyimlərin satılmasına böyük təsir göstərib: “Son iki ayda havalar mülayim keçdi. Ancaq qarın yağması ilə bazarımıza gün doğdu. Belə ki, çoxdan sata bilmədiyimiz malları satdıq. Həm də bizə sərf edən qiymətlərlə”. Azərbaycanın ən böyük problemi idxal üzərində çox ciddi nəzarətin olmasıdır. Bu sahəyə inhisarçıların, müəyyən oliqarx qrupların nəzarəti olduğuna görə onlar qiymətlərin azalmasına imkan vermək istəmirlər. Heç hökumət də qiymətlərin enməsində o qədər də maraqlı deyil. Çünki bu, vergilərin itirilməsi deməkdir.

Türkan TURAN

1033 dəfə baxılıb

Xəbəri paylaş

[04.02.2012] - “CAHANGİR HACIYEVİN ADAMLARI PREZİDENTİN FƏRMANINI SAYMIR”

[02.02.2012] - NEFTİN BAHALAŞMASI FƏLAKƏT GƏTİRİR

[01.02.2012] - ZİYA MƏMMƏDOVUN MƏMURU FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB

[01.02.2012] - ARDNŞ “TOTAL” la MÜQAVİLƏLƏRİ LƏĞV ETMƏLİDİR

[31.01.2012] - PARLAMENT ƏMANƏTLƏR MƏSƏLƏSİNƏ BU İL DƏ BAXMAYACAQ

[31.01.2012] - ZÜLFÜQARLILARIN ƏMLAKI KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN SÜRÜCÜSÜNÜN ADINA KEÇİRİLİB

[30.01.2012] - ANTİKORRUPSİYA İDARƏSİNİN RƏİSİNƏ SƏRT TƏNQİDLƏR

[30.01.2012] - HACIBALA ABUTALIBOV VƏ CAVİD QURBANOVA CİNAYƏT İŞİ AÇILMALIDIR

[29.01.2012] - İQTİSAD UNİVERSİTETİNDƏ REPRESSİYA KÜLƏKLƏRİ

[29.01.2012] - RUSİYADA SAXLANILAN QATAR VƏ ARİF ƏSGƏROVUN MİLYARDLIQ KORRUPSİYASI

[28.01.2012] - QAPALI TENDERLƏRİN BAHALI QALİBLƏRİ

[27.01.2012] - MƏRKƏZİ BANK “BANK MELLİ İRAN”LA BAĞLI AÇIQLAMA VERDİ

[27.01.2012] - CAVİD QURBANOVUN BANKINDA YOXLAMALAR BAŞLADI

[27.01.2012] - OLİQARXLARIN BANKLARI BAĞLANIR

[26.01.2012] - ABŞ-dan SEVİNDİRİCİ XƏBƏR

[26.01.2012] - CAHANGİR HACIYEVİN ADI 20 MİLYONLUQ FINDIQ MAXİNASİYASINDA

[25.01.2012] - “AZƏRENERJİ” XƏBƏRINI TƏKZIB ETDI?

[25.01.2012] - DÜNYADA ƏRZAĞA ƏN ÇOX AZƏRBAYCANLILAR PUL XƏRCLƏYİR

[24.01.2012] - KƏBİRƏ MƏMMƏDOVA VERGİ ORQANLARINI ALDADIB

[24.01.2012] - «BAKCELL» KLASS ABUNƏÇİLƏRİNƏ İKİ TARİF TƏQDİM EDİR

ARXIV

Yeni MÜSAVAT © 2008