13 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

TƏHSİL VƏ SƏHİYYƏ MAFİYASININ DÖVRİYYƏSİ DAHA BÖYÜKDÜR

Rövşən Ağayev: “Bir şagird üçün təkcə repetitorlara il ərzində orta hesabla 400-500 manat pul verilir”

Ötən həftə İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “Ev təsərrüfatlarının büdcə müayinəsi metodologiyasının qiymətləndirilməsi” layihəsinin yekunları ilə bağlı nəticəni açıqladı. Qeyd edək ki, layihənin məqsədi 2008-2015-ci illəri əhatə edən “Yoxsulluğun Azaldılması və Dayanıqlı İnkişaf üzrə Dövlət Proqramı” üzrə ev təsərrüfatlarının sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanlarının qiymətləndirilməsi olub.

Tədqiqat zamanı aydın olub ki, son təhsil ilində valideynlər orta hesabla 1 şagirdə görə təhsil müəssisələrinə rəsmi olaraq  13,17 manat,  qeyri-rəsmi olaraq 14,03 manat, ümumilikdə isə 27,22 manat vəsait ödəyiblər. Bundan əlavə, eyni dövrdə uniformalara, idman geyimlərinə, dərs və tədris vəsaitlərinə görə ödəniş 29,02  manat təşkil edib ki, bu da bütövlükdə 1 uşağın yalnız məktəblə bağlı xərclərinin il ərzində 56,24 manata bərabər olduğunu deməyə əsas verir. Tədqiqat müəlliflərinin hesablamalarına görə, rəsmi və qeyri-rəsmi olaraq valideynlərin şagirdlərin təhsili üçün  ödənişlərinin ümumi məbləği 85 milyon manata çatır.
Azərbaycanda səhiyyə xərcləri də tədqiqat obyekti olub. Məlum olub ki, adambaşına səhiyyə xərcləri 65 dollar təşkil edir ki, bu da beynəlxalq standartlar üzrə minimal səviyyədən 35 faiz aşağıdır. Sorğu aşkarlayıb ki, ev təsərrüfatlarının büdcəsindən tibbi xidmətlərin və dərmanların alınmasına yönələn vəsait il ərzində 677,5 milyon manat təşkil edir ki, bu da 2008-ci il üzrə səhiyyə büdcəsindən 1,75 dəfə çoxdur.
Təhsil və səhiyyədəki qeyri-rəsmi ödənişlər hansı fəsadları yaradır? İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayevin fikrincə, açıqlanan rəqəmlər təhsil və səhiyyədəki qeyri-rəsmi ödənişlərin real məbləği deyil: “Məncə, il ərzində təhsillə bağlı qeyri-rəsmi ödəniş daha çoxdur. Mən adına el arasında rüşvət deyilən ödənişlə repetitorlara verilən ödənişə fərq qoymaq istəmirəm, məntiqlə bunların ikisi də qeyri-rəsmi ödənişdir. Çünki konstitusiya ilə hökumətin öhdəliyi var ki, insanlara normal şəkildə orta təhsil versin. Söhbət məktəblərdə müxtəlif adlarla yığılan pullardan gedirsə, tədqiqatda göstərilən məbləğ çox böyükdür və vəziyyətin kifayət qədər ciddiliyindən xəbər verir. Biz ora qeyri-rəsmi şəkildə, heç bir qanunvericilikdə nəzərdə tutulmadığı formada, məktəblərin öz missiyasını yerinə yetirə bilmədiyinə görə repetitorlara verilən pulları da daxil etsək, açıqlanan rəqəm çox az idi. Mənim hesablamalarıma və müşahidələrə görə, əlavə hazırlığa gedən bir uşaq üçün valideyn müəllimlərə ayda 150-200 manat ödəyir. Azərbaycanda aparılan sorğular göstərir ki, ən azı 3 uşaqdan 1-i repetitor xidmətindən yararlanır. Belə olanda orta hesabla götürsək, aylıq hər şagirdə 50 manat düşür. İlə vuranda bu, çox böyük vəsait edir. Tədris ilini götürsək, faktiki olaraq bir şagirdin orta hesabla qeyri-rəsmi şəkildə hazırlığa ödədiyi vəsait 400-500 manata gəlib çıxır”.
Səhiyyə ilə bağlı məqama gəlincə, ekspertin sözlərinə görə, səhiyyədə də qeyri-rəsmi ödənişlərin məbləği daha böyükdür: “Bu sahədə də aparılan müşahidələr, qarşılaşdığımız faktlar onu göstərir. Məsələn, mənim özüm bu yaxınlarda uşaq üçün həkimə müraciət etdim, ən elementar dərman preparatlarını özümüzə aldırdılar. Azərbaycanda ən kiçik əməliyyatdan tutmuş ən böyüyünə qədər pulludur. Söhbət dövlət xəstəxanalarından gedir. Tutaq ki, ”Neftçilər" xəstəxanasında müayinədən tutmuş müalicəyə qədər istisnasız olaraq bütün əməliyyatlar pulludur. Ona görə də mən düşünürəm ki, o məbləğ də böyükdür. Mən tədqiqatın obyektivliyinə şübhə etmirəm, ən azından hər iki sferada qeyri-rəsmi ödənişlər olduğu bir daha təsdiqlənib. Amma belə hesab edirəm ki, o ödənişlərin məbləği sorğunun üzə çıxardığı nəticələrdən daha böyükdür".
R.Ağayev qeyd etdi ki, təhsil və səhiyyədə qeyri-rəsmi ödənişlərin olması çox böyük fəsadlara səbəb olur: “Məktəblər işləmir, artıq repetitorlar məktəbi əvəzləyən bir instituta çevrilib. Məktəbin öhdəliyi var ki, keyfiyyətli şagird buraxsın, əks halda, məktəbin rəhbərliyi, müəllimlər öhdəlik daşıyırlar. İndiki situasiyada repetitora heç kim o öhdəliyi qoya bilmir, uşaq qəbul olmadısa valideynin pulu batır. Son 5 ildə təhsilin səviyyəsi fantastik həddə aşağı düşüb. Ötən il Təhsil Nazirliyinin keçirdiyi test imtahanlarında ölkə üzrə 24 faiz uşaq kəsilib, Bərdə, Ağsu, Gədəbəy kimi rayonlarda bu göstərici 50-55 faizi keçib. Elə rayon var ki, ali məktəbə imtahan vermiş uşaqların 75 faizi 200-dən aşağı bal toplayıb.
Xəstəxana onun kimi, normal öhdəliyi olmalıdır, müalicə olunan xəstə sağalmalıdır. Bu öhdəlik olmayanda insanlar qeyri-rəsmi ödənişləri sübut edə bilmirlər. Yəni proseslər qanun çərçivəsində olanda, rəsmiləşəndə öhdəliklər də olur və hər kəs öz peşəkarlığının qayğısına qalır". Ekspertin sözlərinə görə, baxmayaraq ki, tibbi xidmət pulsuzdur, bəzən pulu olmayan insanlar ən adi xəstəlikdən dünyasını dəyişir: “Bizim tədqiqatımız var idi, son on ildə 55-59 yaşında ölən insanların sayı 11 faiz artıb. Bu, həmin qeyri-rəsmi ödənişlərin olmasının səbəbidir. İnkişaf etmiş ölkələrdə ölən insanların 2/3-si 70-75 faizi keçib, amma bizdə bu göstərici 30 faiz civarındadır”.

Həbibə ABDULLA

426 dəfə baxılıb

[13.03.2010] - HÖKUMƏTİMİZ 4 MİLYARDIN İZİNİ İTİRİB!

[13.03.2010] - İŞ ADAMLARI İQTİSADİ REPRESSİYAYA MƏRUZ QOYULUR

[13.03.2010] - ZİYA MƏMMƏDOV ONLARLA ADAMI ÇÖRƏKSİZ QOYUR

[13.03.2010] - DEPUTATIN ZAVODUNU BAĞLADILAR

[12.03.2010] - “FORBES” MİLYARDERLƏRİN ADINI AÇIQLADI

[12.03.2010] - İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİ HESABAT VERDİ

[12.03.2010] - ELMAN RÜSTƏMOV MÜAVİNİNİN “SƏHVİ”ni DÜZƏLTDİ

[12.03.2010] - İKİLİ MÜHASİBATLIĞI YARADANLAR ELƏ DÖVLƏT ORQANLARIDIR

[11.03.2010] - NEFTDƏN ASILILIĞIN PİK HƏDDİ

[11.03.2010] - DAHA BİR BANK MÜFLİS OLMAQ ƏRƏFƏSİNDƏ

[11.03.2010] - QHT-lərin CƏMİ 10 GÜN VAXTI QALIB

[11.03.2010] - DÜNYADA YENİ İQTİSADİ BÖHRAN BAŞLAYIR

[11.03.2010] - YER QURULUŞU İDARƏSİNDƏ 4 AYDIR MAAŞ YOXDUR

[10.03.2010] - MƏMURLARIMIZIN KEÇMİŞİ, KEÇMİŞİN MƏMURLARI...

[10.03.2010] - YAP-çı DEPUTATDAN İLGİNC BƏYANAT

[10.03.2010] - MİLYONLARLA ƏMANƏTÇİNİN VƏSAİTİ TƏHLÜKƏDƏDİR

[10.03.2010] - İRİ NEFT TİCARƏTÇİLƏRİ İRANA BENZİN SATIŞINI DAYANDIRDI

[10.03.2010] - “QIRMIZI KÖRPÜ”də RÜŞVƏT VERMƏYƏNLƏRİN ƏŞYALARINI KÜRƏ TÖKÜRLƏR

[08.03.2010] - TANINAN ŞƏXSLƏRDƏN RÜŞVƏT İSTƏMƏYƏ ÇƏKİNİRLƏR

[08.03.2010] - AZƏRBAYCANLILAR EV ALMAQ ÜÇÜN MAYAMİYƏ AXIŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008