13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILIR

2010-03-07

Samir Əliyev: “Əmək haqqı ayırmalarına 50 faizlik limitin tətbiqi ciddi problemlər yarada bilər”
Tahir Rzayev: “Yalnız bələdiyyə sədrləri və müavinləri əməkhaqqı ala bilər”

Xəbər verildiyi kimi, parlamentin yaz sessiyasında bir sıra qanunlarla yanaşı, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna da əlavələr və dəyişikliklər edilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə qanun layihəsi müzakirəyə təqdim edilib. Adıçəkilən qanuna 3 düzəliş ediləcək. Birinci düzəlişə görə, bələdiyyələr yerli büdcənin icrası haqqında illik hesabatı təsdiq etdikdən sonra yerli əhalini tanış etmək məqsədi ilə həmin hesabatı müxtəlif vasitələrlə onlara çatdırmalıdır.

İkinci düzəlişə görə, bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Və nəhayət sonuncu əlavəyə görə, yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əmək haqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) eksperti Samir Əliyevin fikrincə, bələdiyyə büdcəsindən ayrılan pul vəsaitinin təyinatı, məqsədi və dəqiq miqdarının göstərilməsi ilə bağlı düzəliş müsbət hesab olunmalıdır. Ekspert hesab edir ki, bu hal büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsi üçün vacib şərtdir.
Qeyd edək ki, İTYİB uzun müddətdir hesabatlılığın və şəffaflığın artırılması, ictimai iştirakçılığın təmin olunması istiqamətində bələdiyyələrlə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın əsasını bələdiyyə qurumlarının əhali qarşısında hesabat vermələrini təmin etmək təşkil edir. S.Əliyevin sözlərinə görə isə bələdiyyələrin hesabatlılığının qanuna salınmaqda bir qədər də konkretləşdirilməsi əhalinin yerli özünüidarə qurumlarına etibarının artırılmasına xidmət edə bilər.
İTYİB eksperti əlavə edir ki, əmək haqqı ayırmalarına 50 faizlik limitin tətbiqi indiki situasiyada ciddi problemlər yarada bilər: “Azərbaycanda bələdiyyələrin 90 faizini kənd bələdiyyələri təşkil edir. Apardığımız tədqiqatlar göstərir ki, onların illik büdcəsi orta hesabla 4-5 min manatdan çox deyil. Hazırkı şəraitdə ən kiçik ölçülü bələdiyyədə belə azı 4 ştat üzrə məvacibin ödənilməsi qaçılmazdır: bələdiyyə sədri, sədrin müavini, mühasib və vergi işçisi. Həmin ştatlar üçün ayda hətta ən aşağı maaş (75 manat) müəyyən olunacağı halda bir bələdiyyənin aylıq əmək haqqı fondu 370 manat təşkil edəcək. Bu isə ildə təxminən 4500 manat edir. Halbuki yeni düzəlişə görə, məsələn, illik büdcəsi 5000 manat olan bələdiyyə əmək haqqına 2500 manatdan çox vəsait ayıra bilməz”.
Bu limit əhalidən yığılan vəsaitlərin ancaq bələdiyyə işçilərinin maaşlarının ödənilməsinə yönəldilməsinin qarşısının alınması, vəsaitlərin daha çox ərazinin inkişafına yönəldilməsi baxımından əhəmiyyətlidir. Lakin bu düzəliş bələdiyyələr, xüsusən də kənd bələdiyyələri üçün bir sıra problemlər yarada bilər: “Məsələn, kənd bələdiyyələrinin institusional inkişafını ləngidə bilər. Həmçinin bələdiyyələr qeyri-rəsmi əmək haqqı ödənişlərinə meyllənə, kadrların bələdiyyə qurumlarından uzaqlaşması meylləri arta bilər, bələdiyyə orqanlarının fəaliyyəti üçün zəruri strukturların və komissiyaların, habelə daimi əsaslarla işləyən peşəkar qulluqçu heyətinin formalaşmasını əngəlləyər”.
S.Əliyevin sözlərinə görə, bütün bunları nəzərə alaraq təşkilat ekspertləri bələdiyyə qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı layihə qəbulundan öncə bələdiyyələrin maliyyə və kadr təminatı ilə bağlı bir sıra mexanizmlərin yaradılmasına ehtiyac olduğunu düşünürlər: “Məsələn, bələdiyyə strukturlarının formalaşmasına dair minimum tələblər müəyyən edilməlidir. Bu, bələdiyyə qurumlarının tərkibində yaradılması icbari olan komissiyaların və digər idarəetmə bölmələrinin sayının dəqiqləşdirilməsini nəzərdə tutur. Həmçinin bələdiyyə qurumlarının kadr resurslarına dair minimum tələblər müəyyən edilməlidir. Bu, bələdiyyə komissiyaları və digər idarəetmə bölmələri üzrə normativ əsasında müəyyənləşdirilən ştatların sayının dəqiqləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, bələdiyyə qurumlarının normal fəaliyyəti üçün minimum büdcə təminatı işlək mexanizmə çevrilməlidir. Bu isə minimum zəruri ehtiyacların ödənilməsi üçün yerli büdcə xərclərinin yol verilən ən aşağı həddidir. Həmin səviyyə bələdiyyənin öz gəlirləri hesabına təmin olunmadıqda dövlət onu kompensasiya etmək öhdəliyi daşıyır”.
Mili Məclisin regional siyasət komitəsinin üzvü Tahir Rzayev isə hesab edir ki, dəyişiklik normaldır: “Əvvəlcədən də qanunda bu var idi ki, dövlətdən alınan dotasiyalar əməkhaqqına getməməlidir, bir çox bələdiyyə üzvləri bələdiyyədən əməkhaqqı almamalıdırlar. Bələdiyyə qazandığının hamısını əməkhaqqına verərsə, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərə, yerli ehtiyaclara vəsait qalmaz. Artıq bir çox bələdiyyələrin təcrübəsində bu, özünü göstərib. Yerli özünüidarə qurumlarının birləşdirilməsi səbəblərindən biri də məhz bu məsələ idi. O baxımdan mən həmin düzəlişi doğru hesab edirəm. Keçən bələdiyyə seçkiləri də sübut etdi ki, bir çoxları bələdiyyələrə nəsə bir iş görmək yox, ancaq əməkhaqqı almaq xatirinə gəlir”. T.Rzayev qeyd etdi ki, bələdiyyə sədrləri və bələdiyyə müavinləri əməkhaqqı ala bilərlər. Qalan bələdiyyə üzvləri isə deputatın fikrincə, ictimai əsaslarla fəaliyyət göstərməlidir. Bunun üçün digər sahələrdə çalışan adamlar bələdiyyələrə seçilməlidirlər.
T.Rzayev bildirdi ki, son seçkilər zamanı bələdiyyələrin kadr problemi həllini tapıb, bu qurumlara daha çox ali təhsilli, fəal insanlar seçilib. Onun sözlərinə görə, ümumiyyətlə bələdiyyələrin kadr və maliyyə məsələlərinin həlli ilə bağlı təşəbbüslər var.

Xəbər xidməti

633 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008