13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

HÖKUMƏTİMİZ 4 MİLYARDIN İZİNİ İTİRİB!

2010-03-13

Büdcədən ayrılan “gözəgörünməz” milyardlar
Nazirlər Kabinetinin hesabatında bununla bağlı heç bir məlumat yoxdur; sənədin təfərrüatları yalnız “Yeni Müsavat”da

Martın 9-da hökumətin 2009-cu il üzrə hesabatı deputatlara təqdim olunub. Kitab şəklində olan sənəd 460 səhifədən ibarətdir. Olduqca nəfis tərtibatda dərc edilib. Həm üz qabığı, həm istifadə olunan kağız çox keyfiyyətlidir. Əvvəlki illərlə müqayisədə builki hesabat daha qalındır. Baxmayaraq ki, səhifə sayı baxımından böyüyür, məlumatlılıq baxımından hesabat ildən-ilə kiçilir. Kitabın arasında düzəliş də var. Bu, 2009-cu ildə kənd təsərrüfatı məhsullarının istehsalını əks etdirən cədvəldir.

Hesabat kitabının nə redaksiya heyəti, nə dərc olunduğu mətbəənin adı, nə də ön söz müəllifinin kimliyi qeyd olunmayıb. 3-5-ci səhifələrdə mündəricat verilib. Mövzuların fəsillər üzrə sıralaması belədir:

I fəsil. 2009-cu ildə ölkə üzrə əsas makroiqtisadi göstəricilər

II fəsil. Maliyyə sektoru

III fəsil. Pul sektoru və bank fəaliyyəti

IV fəsil. İstehsal sahələri

V fəsil. Xidmət sahələri

VI fəsil. Sosial sahələr

VII fəsil. Digər sahələr

VIII fəsil. İnstitusional sahələr

IX fəsil. Xarici əlaqələr sahəsi

X fəsil. Müdafiə, dövlət təhlükəsizliyi və ictimai asayiş sahəsi

XI fəsil. 2009-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş normativ hüquqi sənədlər barədə

XII fəsil. Dövlət proqramlarının icrasının vəziyyəti barədə

XIII fəsil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələrin icrası barədə məlumat.

460 səhifəlik hesabatı tam oxumaq imkanımız xaricində olsa da, onu yüngülvari vərəqləməklə hökumətimizin ötən ildə gördüyü işlərlə tanış olmaq istədik. Lakin arzumuz reallaşmadı, çünki adına hesabat deyilən 460 səhifəlik mətn o qədər qarışıq, anlaşılmaz bir haldadır ki, oradan hətta deputatlarımızın belə baş açmayacağı qənaətindəyik. Hesabatdan bizə dəqiqliyi ilə məlum olan bir məsələ oldu: Nazirlər Kabinetinin ötən il üzrə təsdiqlədiyi 4 milyardlıq investisiya layihələri barədə burada heç nə yoxdur! Dövlət büdcəsindən ayrılan investisiya xərcləri barədə heç bir dəqiq informasiya gözə dəymir. Milyardlarla manat vəsaitin hara xərclənməsi qaranlıq olaraq qalır. Məsələ Müsavat deputat qrupunun da nəzarətindədir. Qrupun üzvü Pənah Hüseynin sözlərinə görə, hər il investisiya layihələri proqramı tələb olunsa da, büdcə müzakirələri zamanı bu sənəd deputatlara verilmir. Halbuki prezidentin göndərdiyi məktublar paketində həmin sənədin də olduğu yazılıb: “Büdcə müzakirələrinin yekun iclasında spiker Oqtay Əsədov bildirdi ki, investisiya layihələri yanvarda NK-da təsdiq olunacaq, sonra açıqlanacaq. Bizdə olan məlumata görə, bu barədə sərəncam yanvar ayının son günlərində verilib. Lakin o sənədi əldə etmək səylərimiz hələ ki, uğursuzluqla nəticələnib. Çünki əvvəlki illərdən fərqli olaraq bu sənədin məxfiləşdirildiyi bildirilir. Odur ki, biz 2009-cu ildə dövlət büdcəsindən investisiya layihələri proqramlarına ayrılmış 4 milyard manatdan çox vəsaitin hara xərclənməsinin hesabatını tələb edəcəyik. Bizə təqdim olunan hesabatda bu istiqamətdə yalnız ora-bura səpələnmiş məlumatlar var, sistemli, dəqiq bir məlumat yoxdur. Hesab edirik ki, ən azı Azərbaycan ictimaiyyəti milyardlarla vəsaitin hara xərclənməsindən xəbərdar olmalıdır. NK-nın ötən ilki investisiya layihələri ilə bağlı sənəd bizdə var və ilk baxışda bir çox layihələrlə bağlı heç bir iş görülmədiyi barədə məlumatlar gəlməkdədir. Hesabat zamanı bu məsələlərə də aydınlıq gətirilməsini tələb edəcəyik”.
P.Hüseynin sözlərinə görə, beynəlxalq təşkilatların tövsiyə və təzyiqləri nəticəsində NK-nın hər il Milli Məclisdə hesabat verməsi ilə bağlı Konstitusiya qanunu qəbul edilib. Bu da prinsip etibarilə parlamentin icra hakimiyyəti orqanları ilə əlaqəsini və Nazirlər Kabineti üzərində nəzarət məsələsini həll etməli idi. Amma bir çox başqa sahələrdə olduğu kimi, bu da formal bir ayinə çevrilib. Belə ki, NK-nın hesabatı artıq hər il yalnız bir iş günü ərzində dinlənilir. Halbuki bu müddət haqqında hər hansı bir göstəriş yoxdur: “Hətta saat 6 olan kimi parlamentin iş vaxtı qurtarır deyə müzakirələr kəsilir”. Hesabatın özünə gəldikdə isə bu, ayrı-ayrı sahələr üzrə arayışların hər il iri bir statistik toplu şəklində dərcindən başqa bir şey deyil. Fərq ondadır ki, həmin toplunun səhifələri ildən-ilə artır: “Mən qəti şəkildə əminəm ki, o hesabatı hətta baş nazir Artur Rəsizadənin özü də oxumayıb. Hesabat martın 9-da paylanıb, bir həftə ərzində deputatların onunla ətraflı tanış olması mümkün deyil”.
P.Hüseyn qeyd etdi ki, bir sıra konseptual məsələlərin əhatə olunduğu, qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesabatın təqdim olunması tələb edilsə də, hər il eyni hal təkrarlanır. Bir qayda olaraq YAP-dan olan deputatlar və hökumət bunu prezidentin hesabatı kimi təqdim etməyə çalışırlar: “Bu da artıq siyasi xarakter daşıyır. Xüsusən hakimiyyət deputatları hətta onları da narahat edən məsələləri qaldırıb tənqidlər, iradlar bildirməyə cəsarət etmirlər. Çünki bu, dərhal prezidentin fəaliyyətinə verilən qiymət kimi qəbul edilir. Müxalifət deputatlarının da öz mövqelərini ifadə etmələrinin qarşısı maksimum alınır”.
Xüsusilə ölkənin birinci şəxsinin və onun ailə üzvlərinin mülkləri barədə məlumatlar yayılandan sonra bu məsələlərin də hesabat zamanı səslənməsinin qarşısını almaq üçün müxalifətdən olan deputatlara söz verilməməsi tapşırığının verildiyi bildirilir. Pənah bəyin sözlərinə görə, heç bir ölkənin parlamentində bu kimi hallara yol verilmir: “Bir çox dünya ölkələrində parlamentin iclaslarının gedişatı ilə tanışıq. Onlarda müzakirələr sona çatana qədər iclaslar davam edir. Saat 6 oldu deyə müzakirələri dayandırmaq yalnız Azərbaycan parlamentində müşahidə edilən bir haldır”. Həmsöhbətimiz onu da diqqətə çatdırdı ki, hesabatla bağlı fikirlərini bildirməyə şərait yaradılmasa, müxalifətçi həmkarları ilə birgə brifinq keçirərək öz rəylərini açıqlayacaqlar: “Hesab edirəm ki, 3-cü çağırış Milli Məclisin başa çatdığı bir vaxtda keyfiyyətli müzakirələrin təşkil etmək parlament rəhbərliyinin borcudur”.
Müsavat deputat qrupu hazırda hesabat üzərində işləyir. P.Hüseynin sözlərinə görə, gələn həftənin 1-ci günü son müzakirələr aparılacaq. İlkin rəy isə ondan ibarətdir ki, NK-nın fəaliyyəti əvvəlki illərdə olduğu kimi, ötən il də qeyri-qənaətbəxş olub. Pənah bəy qeyd etdi ki, müzakirələrin yekununda hesabatın əleyhinə səs verməklə bərabər, NK tərkibinin istefası tələb olunacaq.

Həbibə ABDULLA

4175 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008