13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

GİROVDA OLAN ƏMLAKLAR CİDDİ TƏHLÜKƏ ALTINDA

2010-07-28

Dəyəri milyardlarla ölçülən mülklərin satışa çıxarılması son anda niyə dayandırılıb?
Ölkənin maliyyə sektoru çökür; banklar pullarını idarə edə bilmirlər

Dünya maliyyə böhranı artıq bitmiş hesab olunsa da, Azərbaycanın bank və maliyyə sektorunda böhran hələ indi başlayır demək mümkündür. Artıq bir sıra banklar əmanətlər üzrə faizləri, dividentləri qaytarmaqda çətinliklə üzləşiblər. Hətta ölkənin ən iri və ən imkanlı bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarları son toplantılarında dividentlərin rübdə deyil, ildə bir dəfə verilməsi ilə bağlı qərar verdilər.

Bu, bankın 3 rüblük dividenti verə bilməməsindən sonra vəziyyətdən çıxış yolu kimi məqbul sayılan variantdır. Qeyd edək ki, ABB həm də Azərbaycanın bank bazarında əvəzsiz liderdir. Bu il aprelin 1-nə olan məlumata görə, ümumi bank aktivlərinin 43,7 faizi (5 milyard 257 milyon manat), kreditlərin 49,23 faizi (3 milyard 941 milyon manat), depozitlərin 24,8 faizi (1 milyard 985 milyon manat), bütün bank sisteminin ümumi kapitalının 26,88 faizi (472,5 milyon manat) həmin banka məxsus olub. Ümumilikdə isə ölkədə fəaliyyət göstərən hər üç bankdan biri zərərlə işləyir.
Bir çox ekspertlər vəziyyəti bankların maliyyə mənbələri sarıdan qıtlıq çəkməsi ilə bağlayırlar. Bildirilir ki, dünya maliyyə böhranı həm xarici, həm daxili mənbələrin məhdudlaşmasına səbəb olub. İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin (İTM) sədri Qubad İbadoğlu isə bankların üzləşdiyi problemi fərqli tərəfdən izah edir. Onun sözlərinə görə, banklar əllərində olan vəsaiti idarə etməkdə ciddi problemlərlə üzləşiblər. Belə ki, ekspertin fikrincə, Azərbaycan iqtisadiyyatındakı və biznesdəki mövcud mühit banklara öz vəsaitlərini səmərəli istifadə edib, götürdükləri öhdəliklərə vaxtında əməl etmək üçün qazanc əldə etməyə imkan vermir: “Bilirsiniz ki, banklar öz risklərini sığortalamaq üçün həmişə girov əmlakından istifadə edirdilər. Eyni zamanda əvvəllər bankların yığdığı bahalı pulların yerləşdirilməsi həm girov əmlakı ilə riskli sığortalamağa imkan verirdi, həm də ki, o bahalı pullar daha çox passiv biznes əməliyyatlarına yönəldilirdi, banklar özü də müəyyən əməliyyatların, tikintilərin aparılmasında, torpaq ərazilərinin özəlləşdirilməsində kifayət qədər aktiv idilər. İllər ərzində əmlak və torpaq bazarında baş verən qiymət artımları banklara imkan verirdi ki, o pullarla işləsinlər və bahalı pullar hesabına götürdükləri öhdəlikləri vaxtında yerinə yetirsinlər. Bir problem də ondan yaranıb ki, əvvəl bahalı pulların sahibləri kifayət qədər arxayın idilər və qoyuluşlarını uzunmüddətli dövr üçün edirdilər. Amma indiki halda həm də depozit siyasətində müəyyən dəyişikliklər olub, ona görə də əmanət sahibləri öz vəsaitlərinin risklərini sığortalamaq üçün həm əvvəlki kimi iri məbləğlərdə əmanət qoymurlar, həm də daha çox qısamüddətli əmanətlərə üstünlük verirlər”.
Q.İbadoğlunun sözlərinə görə, dünyanın heç bir Azərbaycan kimi il ərzində 1,5 faiz inflyasiya səviyyəsi olan ölkəsində depozit dərəcələri 10 faizdən yuxarı deyil. Həm 2008, həm də 2009-cu ilin depozit dərəcələri və kredit faizləri kifayət qədər yüksək olub: “Ona görə Azərbaycanda banklar həmişə bahalı pullarla işləyib, yəni bahalı pul yığıb onu bahalı əməliyyatlarda yerləşdirib daha çox qazanc qazanmaq imkanına malik olublar”. Daha bir problem ondan ibarətdir ki, bu gün Azərbaycan vətəndaşları öz vəsaitlərini necə yerləşdirməklə bağlı çətinliklə üzləşiblər. Necə ki, banklar öz vəsaitlərini passiv biznesə yerləşdirir, torpaq və əmlak almağa yönəldirdilərsə, sərbəst vəsaitə malik olan Azərbaycan vətəndaşları, yaxud biznes icmaları öz vəsaitlərini həmin istiqamətlərə yatırdırdılar. Lakin ekspertin sözlərinə görə, son iki il ərzində əmlak və torpaq bazarındakı durğunluq, qiymətlərin ucuzlaşması müntəzəm olaraq bu bazarlarda yatırılmaq üçün nəzərdə tutulan vəsaitlərin banklara ünvanlanmasına gətirib çıxarıb: “Azərbaycan digər ölkələrlə müqayisədə həm iqtisadiyyat üçün, həm də ev təsərrüfatları üçün öz vəsaitlərini yerləşdirmək sahəsində böyük seçimlər təklif edə bilmir. Başqa ölkələrin iqtisadiyyatında vətəndaşlar öz vəsaitlərini səhmlərə yönəldirlər. Eyni zamanda banklarda da yerləşdirirlər. Azərbaycanda indi səhm bazarı bilirsiniz ki, gəlirli deyil. Hətta bankların özündə vəziyyət yaxşı deyil. Bank bazarında Beynəlxalq Bank kimi dominant mövqeyə malik olan, eyni zamanda ”Kapitalbank" kimi geniş imkanlar və perspektivlər vəd edən banklar öz səhmdarlarına divident verə bilmirlər. Bir sözlə, bizim vətəndaşlarımızın, iqtisadi agentlərin, təsərrüfat subyektlərinin səhm bazarına vəsait yerləşdirmək, eyni zamanda əmlak bazarından qazanmaq imkanı yoxdur. Həmin adamlar pullarını götürür üz tuturlar banklara. Banklar o vəsaitlərdən imtina edə bilməzlər. Sadəcə olaraq, onlar vəziyyətdən çıxış yolu üçün iki istiqamətdə siyasətlərinə dəyişiklik ediblər: əvvəla, depozit dərəcələrini aşağı endiriblər. Müqayisə aparsaq görərik ki, 2008-ci illə müqayisədə iki dəfəyə qədər faizlər azalıb. Onun davamı olaraq Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin faiz dərəcəsini 15 faizdən 12 faizə endirdi. İkincisi də banklar çalışırlar ki, öz ehtiyaclarını ödəməkdən ötrü bahalı pullarla yox, ucuz pullarla işləmək üçün beynəlxalq bazarlara çıxsınlar və oradan vəsait cəlb etsinlər. Təbii ki, böhrandan sonrakı dövrdə bu, o qədər də asan deyil".
Bir çətinlik isə ondan ibarətdir ki, ümidsiz kredit borclarının payı ümumi kredit portfelində artıb. Mövcud qaydalara görə, banklar bir müddətdən sonra girov əmlakını satışa çıxarmalıdırlar. Q.İbadoğlunun sözlərinə görə, bu istiqamətdə müzakirələr getsə də, sonda bankların xeyrinə qərar verilməyib: “Məndə olan məlumata görə, ən yüksək səviyyədə, qapalı bir müzakirə təşkil olunub və orada əsas müzakirə mövzusu banklara girov əmlaklarını satışa çıxarmaqla bağlı icazə verilməməsi olub. Bilirsiniz ki, banklar kütləvi şəkildə girov əmlaklarını satışa təqdim etsələr, əmlak bazarında vəziyyət daha da pisləşə bilər. Çünki əmlak bazarında satışa yönələn təkliflərin artması son nəticədə bazarda qiymətlərin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxara bilər. Bu isə nəticədə bank bazarına daha mənfi təsir göstərə bilər. Bu baxımdan girov əmlakı ilə bağlı kütləvi hərracların keçirilməsinə qeyri-rəsmi olaraq icazə verilməyib, bunun üçün siyasi razılıq alınmayıb. Hesab edirəm ki, bankların problemlərini həll etmək onlar üçün kifayət qədər çətin olacaq. Bu halda təbii ki, bankların konsolidasiyası getməlidir. Birləşmə ilə bağlı Mərkəzi Bankın rəhbərliyinin sonradan təkzib edilən bəyanatı haqlı və yerində idi. Çünki belə getsə, zərərlə işləyən bankların sayı artacaq və əmanətlərin qaytarılmasında da müəyyən risklər yaranacaq. Bu baxımdan böhrandan sonrakı dövrdə ən ciddi problemlər yaşayan institutlardan biri bank və maliyyə sektorudur. Bir az başqa tərəfdən problemləri biz sığorta bazarında da müşahidə edə bilərik”.

Həbibə ABDULLA

2660 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008