 |
İqtisadiyyat
“BEYNƏLXALQ BANKDA QƏRARLARIN VERİLMƏSİNƏ MALİYYƏ NAZİRİ TƏSİR EDİR” 2010-07-28 Vüqar Bayramov: “Qurumda baş verənlərin ümumi bank sektoruna mənfi təsirləri olacaq”
|
Xəbər verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankı (ABB) hazırda çətin durumdadır. Qurumun səhmdarlarının iyulun 20-də keçirilən son toplantısında dividentlərin rübdə deyil, ildə bir dəfə verilməsi ilə bağlı qərar verilib. Bundan əvvəl isə bank 3 rüb səhmdarlara divident verə bilməyib. Belə halın bankın tarixində ilk dəfədir baş verdiyi bildirilir. Xatırladaq ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi hələ ötən ilin sonlarında Beynəlxalq Bankın bütün kreditlərinin təqribən üçdə birinin - 27, 8 faizinin problemli sayıldığı barədə məlumat açıqlamışdı. Beynəlxalq normalara əsasən isə bu göstəricinin beş faizi keçməsi həyəcan təbili üçün kifayətdir. Məlumat üçün bildirək ki, Beynəlxalq Bank ölkənin ən kapitallaşmış bankıdır. Bank bazar payına və əmanətlərin həcminə görə Azərbaycanda ən böyük bank sayılır. ABB-nin nizamnamə kapitalı 240 milyon manat təşkil edir. Ekspertlər hesab edirlər ki, kapitalının həcminə görə ölkədə aparıcı bank olduğu üçün Beynəlxalq Bankda baş verən proseslər bank sektoruna münasibətin formalaşması baxımından əhəmiyyətlidir. İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bank sektoru hazırda çox həssas durumdadır və bu baxımdan Beynəlxalq Bankda müşahidə edilən problemlər adi vətəndaşlar, müəssisələr arasında narahatçılıqlar yaratmaya bilməz: “Odur ki, Beynəlxalq Bankın problemləri yalnız həmin bankın deyil, bütövlükdə bank sisteminin problemidir”. Ekspert bildirir ki, beynəlxalq maliyyə qurumları bank sistemini qiymətləndirən zaman xüsusilə qlobal maliyyə böhranından sonra Azərbaycanda problemli banklar sırasında Beynəlxalq Bankın adını da qeyd edirdilər. Bunun nəticəsidir ki, Beynəlxalq Bankın reytinqi böhran başladıqdan sonra AAA+ reytinqindən BB reytinqinə qədər düşdü. V.Bayramovun fikrincə, Beynəlxalq Bankda müşahidə edilən problemlər qurumun tətbiq etdiyi kooperativ idarəetmənin iflasa uğramasından xəbər verir: “Beynəlxalq Bankın idarəetmə sistemi uzun müddət digər banklar üçün nümunəvi xarakter daşısa da, son illər sistemdə islahatların aparılmaması, təmərküzləşmə meyllərinin, qərarların qəbulunun mərkəzləşdirilməsi sözügedən problemlərin yaranmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarından başlayaraq bank öz səhmdarlarına divident ödəyə bilmir. Bankda problemlərin yaranmasının digər səbəbi problemli kreditlərin həcminin artmasıdır. Uzun müddət AAA+ reytinqli olması banka Amerika Birləşmiş Ştatlarında, Avropada ucuz maliyyə mənbələrinə birbaşa çıxış imkanları yaradıb. Deməli, Beynəlxalq Bankın cəlb etdiyi vəsaitlərin faiz dərəcələri digər bankların cəlb etdikləri vəsaitlər üzrə faiz dərəcəsindən aşağı təşkil edib. Bu, Beynəlxalq Banka kifayət qədər manevr imkanları versə də, kredit bazarında rəqabət aparmaq üçün üstünlük qazandırsa da, ötən müddətdə bankın kredit bazarında mövqeləri ciddi şəkildə möhkəmlənməyib, əksinə, problemli kreditlərin artımına gətirib çıxarıb”. V.Bayramovun qənaətinə görə, səhmdarlara dividentlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsi ilə bağlı verilən qərar da bankda vəziyyətin yaxşı olmadığından xəbər verir: “Belə bir qərarın qəbulu rüblük dividentlərin ödənilməsi ilə bağlı problemin qalmaqda olduğunu göstərir. Eyni zamanda Beynəlxalq Bank növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılması barədə qərar qəbul edib. Bu, o deməkdir ki, 2010-cu il ərzində bank öz səhmdarlarına divident ödəmək imkanına malik olmayacaq”. Mütəxəssis bildirir ki, qərarın qəbulunda maliyyə nazirinin təsir imkanları böyükdür. Onun fikrincə, Beynəlxalq Bank bu qərarla səhmdarlara ödəniləcək dividenti problemlərinin həllinə yönəltmək istəyir. Yeri gəlmişkən, Beynəlxalq Bank ölkənin bir nömrəli bankı olmaqla yanaşı Azərbaycan bankları arasında ən çox dövlət payına malikdir. “Kapitalbank”ın səhmlərinin satışından sonra Beynəlxalq Bank dövlət nəzarətində qalan yeganə bankdır: “Bunu nəzərə alsaq Beynəlxalq Bankda verilən qərarlar heç də bankın rəhbərliyinin qəbul etdiyi qərarlar kimi qəbul olunmamalıdır”. Ekspert hesab edir ki, bankın idarə edilməsi təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır: “Bankın əldə etdiyi mənfəətin necə yerləşdirilməsi, dividentlər ödənildikdən sonra mənfəətin hansı ölkədə və hansı istiqamətdə yönəldilməsi barədə qərarların verilməsi nəzəri olaraq səhmdarların ixtiyarında olsa da, bütün bu məsələlər təkcə Beynəlxalq Bank səviyyəsində həll edilmir. Hətta bankda son problemlərin yaşanması vəsaitlərin bir hissəsinin yerləşdirilməsi ilə bağlı verilən qərarın razılaşdırılmamasından irəli gəlib. Hesab edirəm ki, dövlət Beynəlxalq Bankda yaşanan problemlərin böyüməsinə imkan verməməlidir. Çünki bankda müşahidə edilən problemlər qısa zamanda həllini tapmazsa, o zaman digər banklara da inamın azalması qaçılmaz olacaq. Dövlət Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində addımlar atmalıdır. ABŞ-da olduğu kimi, Beynəlxalq Bankın səhmlərinin bir hissəsinin müəyyən müddətə dövlət tərəfindən alınması həyata keçirilə bilər. Belə ki, Mərkəzi Bank və ya Maliyyə Nazirliyi Beynəlxalq Bankın xarici və özəl şirkətlərdə olan səhmlərinin bir hissəsinin alışını həyata keçirə bilər ki, bunun da nəticəsində banka yeni investisiyalar cəlb olunar. Başqa bir variant Beynəlxalq Bankda dövlətin səhmlərinin bir hissəsinin satılmasıdır. Hansı ki, bununla da bankın özəlləşdirilməsi yolu ilə cəlb edilən vəsaitlərin həcmini artırmaq mümkündür. Hesab edirəm bu, böhranın aradan qaldırılması, likvidliyin təminatı baxımından əlavə maliyyə resurslarının formalaşmasına imkan verər. Amma son proseslər dövlətin, eləcə də Maliyyə Nazirliyinin Beynəlxalq Bankın səhmlərinin özəlləşdirilməsi və ya satılması ideyası üzərində işləmədiyin göstərir”. HƏBİBƏ 869 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR [13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR? [13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI [12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB ARXIV
|