 |
İqtisadiyyat
ÜNVANLI SOSİAL YARDIM SAHƏSİNDƏ MİLYONLARLA MANAT YEYİNTİ OLUB 2010-09-01 Qalib Toğrul: “Proqramın səmərəli həyata keçirilməsinə mane olan ən əsas amil qeyri-rəsmi ödənişlərdir”
|
“Sumqayıtda ünvanlı sosial yardım verilmir. Ünvanlı sosial yardımı hər ayın sonuncu beş günlüyündə alırdıq. Artıq avqust ayının 31-dir, amma hələ verilməyib. Maraqlanırıq, deyirlər sentyabrın axırında veriləcək. Belə çıxır ki, bir ayımızı yenə yeyəcəklər”. Bunu Sumqayıt şəhəri 13-cü mikrorayonun sakinləri redaksiyamıza göndərdikləri məktubda yazıblar. Qeyd edək ki, son aylarda redaksiyamıza bu tip saysız-hesabsız şikayətlər daxil olur. Ümumiyyətlə, ekspertlər o qənaətdədirlər ki, ünvanlı sosial yardım bir proqram kimi Azərbaycanda özünü doğrultmayıb. İqtisadi Tədqiqatlar Mərkəzi ünvanlı sosial yardımla bağlı mövcud vəziyyətin dəyərləndirilməsi məqsədilə tədqiqat aparıb. Mərkəzin eksperti Qalib Toğrulun sözlərinə görə, hesablamalar göstərir ki, ehtiyac meyarının həddi artım dinamikasına malikdir. Ancaq bu hədd ÜSY-nin verilməyə başlandığı 2006-cı ildəki 30 manatdan 2010-cu ildə 65 manata çatdırılsa da, yenə də yaşayış minimumundan 22 manat azdır: “Ehtiyac meyarı eyni zamanda minimum əmək haqqından və pensiyaların baza hissəsindən də geri qalır. 2009-cu ildə ehtiyac meyarı yaşayış minimumunun 71,4 faizini, minimum əmək haqqının və pensiyaların baza hissəsinin 80 faizini təşkil edib”. Qeyd edək ki, problem tək ünvanlı sosial yardımın verilməsi prosesində deyil, eyni zamanda yardımın təyinatı zamanı da ciddi pozuntuların olması faktdır. Bu sahədə daha çox aktual olan problem ehtiyacı olmayanlara ünvanlı sosial yardımın təyin edilməsidir. Özü də bu, bir çox hallarda rüşvət müqabilində həyata keçirilir. Hətta bu cür iddialar var ki, verilən ünvanlı sosial yardımın əksəriyyətini rüşvət müqabilində ehtiyacı olmayanlar alır. Bu isə milyonlarla manat vəsaitin mənimsənməsi, göyə sovrulması deməkdir. Bu məsələ həm sadə vətəndaşlar tərəfindən, həm də millət vəkilləri, ekspertlər tərəfindən dəfələrlə qaldırılıb. Q.Toğrulun sözlərinə görə, tədqiqatlar da göstərir ki, ünvanlı sosial yardım prosesinin səmərəli həyata keçirilməsinə mane olan ən əsas amillərdən biri qeyri-rəsmi ödənişlərdir: “Bu sahədə olan ən böyük problem şəffaflıqla bağlıdır. Ünvanlı sosial yardımın ayrılması müqabilində tələb olunan qeyri-rəsmi ödənişlər respublikanın müxtəlif regionlarında fərqli həcmlərdədir. Bu, ehtiyacı olmayanların ünvanlı sosial yardımdan bəhrələnməsinə şərait yaradır, aztəminatlı ailələrin yoxsulluq riskindən qurtulmasına mane olmaqla sistemin səmərəliliyinin kəskin azalmasını şərtləndirir”. Onu da qeyd edək ki, rəsmi açıqlamalara əsasən, ötən il ünvanlı sosial yardımın təyini prosesində yol verdiyi nöqsanlara görə 40-a yaxın məmur cəzalandırılıb. Ünvanlı sosial yardımın səmərəli həyata keçirilməsinə digər bir sıra amillər də mane olur. Məsələn, qanunvericilik bazasının təkmil olmaması. Q.Toğrul bildirir ki, ünvanlı sosial yardım mexanizmini tənzimləyən qanunvericilik aktlarına müxtəlif vaxtlarda dəyişiklik və əlavələr edilsə də, bu sahədə problemlər qalmaqdadır: “İlk növbədə sosial yardım üçün tələb olunan sənədlərin çoxluğu diqqət çəkir. Bu, bir tərəfdən ünvanlı sosial yardım almaq üçün müraciət edənlərin məmur bürokratiyası ilə üzləşməsinə, digər tərəfdən isə əlavə vaxt itkisinə səbəb olur”. Prosesin səmərəliliyinə təsir edən məsələlərdən biri də ətraflı təhlilə əsaslanan düzgün proqnozlaşdırma olmaması səbəbindən vəsait çatışmazlığının yaranmasıdır. Ekspert bildirir ki, sosial yardımın verilməsindən ötən dörd ildə proqramla əhatə olunanların sayı və büdcədən bu istiqamətdə ayrılmış vəsaitlərin məbləği hər il artırılıb. Ötən ilin oktyabrında isə vəsaitlərin və sosial yardım alanların nisbətinin düzgün müəyyənləşdirilməməsi səbəbindən sosial yardımın verilməsi dayandırılıb, yalnız 2010-cu ilin martında prosesin bərpası mümkün olub: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri bunu texniki səbəblərlə əlaqələndiriblər. O vaxt nazirliyin Yoxsulluğun azaldılması və ünvanlı sosial yardım şöbəsinin müdiri Natiq Qasımov mətbuata açıqlamasında ünvanlı sosial yardımların verilməsinin vəsait çatışmazlığı ilə əlaqələndirilməsinin həqiqətə uyğun olmadığını bildirmişdi. O, ünvanlı sosial yardımın dayandırılmasını tam texniki məsələ adlandırmışdı. Bildiyiniz kimi, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə mətbuata açıqlamasında yardımların dayandırılması ilə bağlı tamam fərqli açıqlama verdi. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2009-cu ildə ünvanlı sosial yardım üçün nəzərdə tutulan vəsaitin artıq həmin ilin oktyabr ayında qurtardığını dedi. Hadı müəllim proqnozlara rəğmən ünvanlı sosial yardım alanların sayının 30 faiz çox olmasını vəsaitin tez qurtarmasının səbəbi kimi qeyd etmişdi”. Ekspertin sözlərinə görə, sosial yardım alanlar içərisində uşaqlı ailələrin sayı üstünlük təşkil edir ki, bu da çoxuşaqlı ailələrin daha çox yoxsulluq riskinə məruz qalması ilə bağlıdır: “İllər üzrə sosial yardımla əhatə olunan uşaqların sayının artım dinamikası passiv sosial müdafiə tədbirləri ilə əhatə olunan çoxuşaqlı ailələrin həyat şəraitində nəzərəçarpacaq dəyişikliyin olmaması, onların aktiv sosial müdafiəyə keçidlə bağlı problemlərinin olmasının nəticəsidir. 2007-ci ildə sosial yardım almış ailə üzvlərinin içərisində uşaqların xüsusi çəkisi 42.2 faiz (92291 nəfər), 2008-ci ildə 45.3 faiz (165064 nəfər), 2009-cu ildə isə 47.7 faiz (387609 nəfər) olub”. Qeyd edək ki, rəsmilər bu il yardım alanların azalacağını bəyan ediblər. Bunun hansı yolla həyata keçiriləcəyi məlum olmasa da, artıq rayon şöbələrinə ÜSY ilə bağlı müraciətlərin qeydə alınmaması, mümkün qədər azaldılması barədə göstəriş verildiyi bildirilir. HƏBİBƏ 866 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR [13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR? [13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI [12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB ARXIV
|