13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

PENSİYA VƏ MİNİMUM ƏMƏKHAQLARININ ARTIMI QANEEDİCİ DEYİL

2010-09-02

Ekspertlər bildirirlər ki, qərar birbaşa seçkiyə hesablanıb

Xəbər verildiyi kimi, minimum əməkhaqqı və yaşa görə əmək pensiyasının baza hissəsi artırılıb. Ölkə başçısının sərəncamlarına əsasən sentyabrın 1-dən minimum əməkhaqqı və yaşa görə əmək pensiyasının baza hissəsi 85 manata qaldırılıb. Xatırladaq ki, minimum aylıq əməkhaqqının məbləği və əmək pensiyalarının baza hissəsi sonuncu dəfə 2008-ci il sentyabrın 1-də 25 faiz artırılaraq 75 manat müəyyən edilmişdi.

Müqayisə üçün bildirək ki, sonuncu artımdan əvvəl Azərbaycan minimum əməkhaqqının məbləğinə görə keçmiş sovet respublikaları arasında 7-ci, MDB-yə daxil olan ölkələr arasında isə Rusiya, Ukrayna və Qazaxıstandan sonra 4-cü sırada yer alırdı.
Keçmiş sovet respublikaları arasında minimum əməkhaqqının ən yüksək olduğu ölkə isə Estoniyadır. Bu ölkədə 356 dollardan aşağı əməkhaqqı alan yoxdur. MDB ölkələri içərisində ilk sırada Rusiya gəlir. Rusiyada minimum əməkhaqqı 131 dollara bərabərdir. Siyahının sonuncu pilləsində Gürcüstan yer alır. Bu ölkədə əməkhaqqının ən aşağı həddi 10,5 dollardır.
Azərbaycanda ilin əvvəlinə olan dəqiqləşdirilmiş statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 milyon 308 min 432 nəfərdir. Ekspertlərin hesablamalarına görə isə ölkədə minimum əməkhaqqı və əmək pensiyası alanların sayı ümumilikdə 1 milyon 500 min nəfər təşkil edir. Yeri gəlmişkən, minimum əməkhaqqının artımı yaşayış minimumuna və minimum istehlak səbətinin dəyərinə də təsir göstərir. Milli Məclisin qərarı ilə Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat məbləğində müəyyən edilib.
Artım məbləğləri nə qədər qənaətbəxşdir? Bu sualla müraciət etdiyimiz ekspertlərin fikrincə, büdcəmiz həm pensiyanın baza hissəsini, həm də minimum əməkhaqqını daha çox artırmağa imkan verir. Üstəlik, artım qərarının özü qeyri-qanuni hesab edilir. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyevin sözlərinə görə, həm pensiyanın baza hissəsinin, həm də minimum əməkhaqqının məbləği gülünc səviyyədədir: “Bu səviyyənin hər hansı bir insanın bir aylıq normal yaşayışını təmin edə bildiyini söyləmək mümkün deyil. Ona görə ki, son artım qərarına qədər minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasında təxminən 4 dəfədən çox, minimum istehlak büdcəsi ilə minimum əməkhaqqı arasında isə 3 dəfədən çox fərq var. Əslinə qalsa, ölkədə əməkhaqqı alan insanların xeyli hissəsi minimum əməkhaqqından cüzi miqdarda çox əməkhaqqı alır. Ümumiyyətlə, minimum əməkhaqqı məbləğinin artırılması təxminən 600 mindən çox adamın əməkhaqqına təsir edir. Təbii ki, onun artırılmasına ehtiyac var. Artırılmış məbləğ qaneedicidirmi sualına gəldikdə, bu, ciddi bir mübahisə obyekti ola bilər. Məbləğ kifayət deyil. Bu gün büdcənin vəziyyəti imkan verir ki, daha çox artım olsun. Sadəcə olaraq, hökumətin əlində olan böyük maliyyə resurslarından qeyri-səmərəli istifadə nəticəsində qeyri-neft sektoru inkişaf etmir və neft bitəndə hökumət üzərinə götürdüyü sosial öhdəliklərin yerinə yetirilməsində ciddi problemlərlə üzləşə bilər. Ona görə də hesab edirəm ki, artımlar mövzusunda ehtiyatlı mövqe tutulur”. Azər bəy qeyd etdi ki, artımın müddəti qərarın birbaşa siyasi məqsədlərə hesablandığını təsdiq edir. Çünki adətən büdcədən həyata keçirilən addımlar ya yanvarın 1-dən, ya da iyulun 1-dən qüvvəyə minməlidir: “Arzu olunan rəqəm ilin əvvəlidir, amma ikinci məqam kimi ilin ortası götürülə bilər. Beynəlxalq statistikalarda da maliyyə ilinin ya əvvəli, ya tən ortası götürülür. Bizdə isə son illər bir qayda olaraq bu cür artım qərarları seçkiqabağı dövrdə verilir. Təbii ki, burada məqsəd bu məsələlərdən hakim partiyanın seçkilərdə təbliğat vasitəsi kimi istifadə etməsidir. Hansı ki, bu, ölkə qanunvericiliyinə birbaşa ziddir. Çünki qanunvericilik büdcə vəsaitlərindən siyasi məqsədlərlə istifadəni qadağan edir”.
Son artımları şərh edən iqtisadçı-ekspert Vüqar Bayramovun qənaətincə, artımın məbləğindən asılı olmayaraq bu artım vətəndaşın əvvəlki ayla müqayisədə daha çox pensiya, daha çox əməkhaqqı almasına səbəb olur. Bununla belə, ekspert bildirir ki, istər minimum əməkhaqqının, istərsə də pensiyaların daha çox artırılması imkanları var idi: “Pensiyaların baza hissəsinin 13,3 faiz deyil, daha çox artırılması mümkündür. Hesablamalarımız göstərir ki, dövlət büdcəsinin imkanları pensiyaların baza hissəsinin 25 faiz artırılmasına imkan verir. Əlavə və dəyişikliklərdən sonra buna xüsusilə zəmin yaranmışdı”. V.Bayramov bildirir ki, pensiyaların böyük faizlərlə artımı müəyyən çətinliklərə yol aça bilər. Belə ki, əmək pensiyası alan şəxslərin sayı çoxdur. Kəskin artımlar digər makroiqtisadi göstəricilərə təsir edir: “Bu baxımdan Beynəlxalq Valyuta Fondu da pensiya və əməkhaqlarının kəskin artırılmasına qarşıdır. Kəskin artım həmin pulların inflyasiya yemi olmasına gətirib çıxarır. Lakin son illərin təcrübəsi göstərir ki, 25 faizlik artımın inflyasiya və digər makroiqtisadi göstəricilərə mənfi təsiri olmur”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi sədrinin müavini Rövşən Ağayev isə “Media forum” saytına açıqlamasında bildirib ki, ölkədəki bahalaşmanı və inflyasiyanın bu il 6-7 faiz olacağı haqda hökumətin proqnozunu nəzərə alsaq, 10 manatlıq artım ən yaxşı halda inflyasiyanı güclə kompensasiya edə biləcək. Onun sözlərinə görə, minimum aylıq əməkhaqqı ilə bağlı sərəncam daha çox təhsil sahəsində çalışan insanların məvacibinə təsir göstərir: “Azərbaycanda son dəfə minimum əməkhaqqı 2008-ci il avqustun 25-də artıb. Faktiki olaraq iki ildə pensiyaların və məvaciblərin minimum hissəsi artmayıb. 2008-ci ildə minimum aylıq əməkhaqqı 25 faiz artırılmışdı. Bu il isə 13 faiz artırıldı. Bu da ən yaxşı halda inflyasiyanı birtəhər kompensasiya edə biləcək”.
İqtisadçı ekspert hesab edir ki, öncə yaşayış minimumu real hesablanmalı, sonra isə hökumət minimum əməkhaqqı və pensiyaları müntəzəm olaraq yaşayış minimumunun dəyərinə uyğunlaşdırmalıdır. “Yaşayış minimumu haqqında” qanuna görə, ildə bir dəfə büdcə layihəsi ilə birgə yaşayış minimumunun dəyərinə də baxılır və inflyasiya nəzərə alınmaqla bu dəyər dəyişdirilir. Rövşən Ağayev də hesab edir ki, hökumət pensiya və əməkhaqqı dəyərini yaşayış minimumunun indiki rəsmi yox, obyektiv dəyərinə uyğunlaşdırmalıdır: “Ancaq Azərbaycan hökuməti yaşayış minimumunun dəyərini cüzi həddə saxlayır və minimum pensiyanı, minimum əməkhaqqını da həmin cüzi məbləğə uyğunlaşdırır. Hökumət həmişə bu kimi tədbirlərə siyasi tədbir kimi yanaşır, ona görə də onu seçki illərində reallaşdırır. Bu cür artımlar büdcə qanunlarında hökumətin tədbiri kimi ilin müəyyən gününə nəzərdə tutulmalıdır. Lakin əməkhaqqı artımının 2000-ci ildən tarixçəsinə baxsaq görərik ki, bu artımlar 2000, 2003, 2005, 2008 və 2010-cu illərdə, yəni seçki illərində, özü də parlament və prezident seçkilərinin keçirildiyi illərdə, həm də seçkiyə az qalmış reallaşdırılıb. Əslində büdcə vəsaitlərindən, inzibati resurslardan bu şəkildə istifadə birmənalı olaraq hakimiyyətin xeyrinə istifadə kimi qiymətləndirilməlidir. İnzibati resurslardan bu cür istifadə edirlər, heç olmasa insanlara normal pensiya versinlər”.
Minimum aylıq əməkhaqqının artımının büdcə sferasında çalışan müəyyən qrup insanın əmək haqlarına təsir edəcəyini söyləyən Rövşən Ağayev bu sırada təhsil işçilərindən savayı səhiyyə, mədəniyyət işçilərini də xatırladıb: “Ümumilikdə təxminən 500 mindən çox insanın məvacibi vahid tarif cədvəli ilə müəyyənləşir. Tarif cədvəlinin birinci dərəcəsi minimum əməkhaqqı ilə götürülür. Minimum əməkhaqqı dərəcəsi dəyişdikdə 19 dərəcəlik tarif cədvəlinə təsir edir. Lakin hər dərəcə üçün nə qədər artımın nəzərdə tutulması Nazirlər Kabinetinin qərarında əksini tapır. İndidən bəlli olan odur ki, ilk dərəcə, yəni təhsil işçilərinin məvacibi 10 manat artacaq”.

HƏBİBƏ

2083 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008