13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

ƏRZAQ TƏHLÜKƏSİZLİYİMİZƏ TƏHLÜKƏ VAR

2010-09-05

Dünyada ərzağın bahalaşması Azərbaycandakı vəziyyəti daha da həssaslaşdırır

Son iki ildə dünyada ərzağın qiyməti ilk ən yüksək həddə çatıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı bəyanatda belə deyilir. Təşkilatın ekspertləri bu qənaətdədirlər ki, bahalaşmaya səbəb Rusiyadan taxıl ixracına qadağa qoyulmasıdır. Hesablamalara görə, bu ilin iyul-avqust aylarında ərzaq məhsullarının qiyməti 5 faiz bahalaşıb. Amma bu rəqəm 2008-ci ilin yazında qeydə alınan bahalaşmadan 38 faiz azdır. İki il əvvəlki bahalaşmanın səbəbi neftin qiymətinin rekord həddə çatması olub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xatırladır ki, son 23 ildə ilk dəfə olaraq, dünyanın kənd təsərrüfatı ehtiyatlarında azalma qeydə alınıb. Belə ki, sonuncu dəfə belə azalma 1982-ci ildə baş vermişdi.

Ekspertlər hesab edirlər ki, Azərbaycan kimi ölkələr bahalıq və qıtlıq problemlərinə daha həssasdırlar. Artıq əsas ərzaq növü olan çörəyin qiyməti ilə bağlı ölkədə ajiotaj yaranıb. Hökumət çörəyin qiymətinin artmadığını desə də reallıq göstərir ki, bu sahədə iki formada artım var - ya birbaşa bahalaşma, ya da çörəyin çəkisinin azalması müşahidə edilir. Digər məhsulların, xüsusilə kənd təsərrüfatı məhsullarının da qiymətində bahalaşma mövcuddur. Azərbaycan rəsmilərinin toxtaq bəyanatlarına baxmayaraq, dünyadakı ərzaq böhranı ölkəni ciddi formada sınağa çəkə bilər. Azərbaycan yoxsul ölkədir, əhalisinin ən azı yarısından çoxunun aylıq gəlirlərinin üçdə ikisi ərzağa yönəldilir. Hətta hər hansı konkret kənd təsərrüfatı məhsullarının qıtlığının olmayacağı təqdirdə belə, qiymətlərin sürətlə artımı ölkədə yoxsulluğun miqyasını ağlasığmaz həddədək artıra bilər.
Ərzaq təhlükəsizliyi baxımından istənilən ölkənin vəziyyətinin qiymətləndirilməsi üçün iki vacib sualın cavabı əsas götürülür: birincisi, həmin ölkədə mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilmə səviyyəsi nə qədərdir? İkincisi, əsas ərzaq məhsullarının qiyməti onları bütün əhali üçün əlçatan edirmi? Beynəlxalq səviyyədə tətbiq olunan metodologiyaya görə, hər hansı məhsul üzrə daxili tələbatın idxaldan asılılığı 50 faizi ötürsə, bu, artıq təhlükəli həddir. Son illər Azərbaycanın ərzaq buğdasına tələbatının 65-70 faizi məhz idxal hesabına ödənilib. Bundan başqa, düyü istehlakının 97, şəkərə tələbatın azı 90 faizi idxaldan asılıdır. Rəsmi məlumata görə, Azərbaycan kartof və ət istehlakını tamamilə daxili istehsal hesabına təmin edir. Göründüyü kimi. Azərbaycan 5 aparıcı ərzaq məhsulundan üçü üzrə idxaldan kəskin şəkildə asılıdır.
Ərzağın qiymətlərinin həmin məhsulları əhali üçün əlçatan etməsinə gəldikdə, bu məsələdə də Azərbaycan əhalisi kifayət qədər ciddi problemlər içərisindədir. Ekspert hesablamalarına görə, ərzaq məhsullarının hazırkı qiymətləri ölkə əhalisinin ən azı hər üç nəfərindən birinin ərzaqla minimum tələbatını ödəməyə imkan vermir. Mütəxəssislər bildirirlər ki, ərzağın indən sonrakı bahalaşması daha çox sayda insanın ərzaq böhranı ilə üzləşmə riskini bir az da artıracaq.
Təhlillər göstərir ki, Azərbaycanda kənd təsərrüfatının hazırkı problemləri, aqrar sektorun infrastrukturunun son dərəcə zəif inkişafı da ölkəmizin ərzaq böhranına müqavimətinin zəif olduğunu söyləməyə imkan verir. Vacib məqamlardan biri ölkəmizin kənd təsərrüfatına yararlı torpaq sahələrinin həcminə görə keçmiş SSRİ ölkələri içərisində aşağı yerdə qərarlaşmasıdır. Əhalinin hər nəfərə düşən əkin sahələrinin həcmi Azərbaycanda cəmi 0,2 hektar təşkil edir. Halbuki həmin göstərici Moldovada 0,5, Belorusda 0,6, Ukraynada 0,7, Rusiyada 0,8, Qazaxıstanda 1,5, Qırğızıstanda 0,3 hektardır. Bu şəraitdə isə, məlumatlara görə, Azərbaycanda 4,5 milyon hektar kənd təsərrüfatına yararlı torpağın 1,2 milyon hektarı ağır formada erroziyaya, təxminən o qədər sahə isə şoranlaşmaya məruz qalıb. Üstəlik, bu il baş verən sel daşqınları nəticəsində xeyli torpaq sahəsi lillənməyə məruz qalaraq məhsuldarlıq qabiliyyətini itirdi.
Ekspertlərin qənaətincə, son 5 ildə ərzaq təhlükəsizliyi, aqrar sahənin inkişafı, regionların sosial-iqtisadi inkişafı və milli ekologiya ilə bağlı proqramların icra olunduğu ölkədə kənd təsərrüfatı bu qədər ağır problemlərin məngənəsində çapalamamalı idi.

HƏBİBƏ

1492 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008