 |
İqtisadiyyat
“ON FAİZLİK ARTIM MÜƏLLİMLƏRİ TƏHQİR ETMƏKDİR” 2010-09-08 Müəllimlər və ekspertlər sonuncu əməkhaqqı artımından narazıdırlar
|
“İki ildi maaşlarımız artırılmırdı, bunun əvəzində qiymətlərdə artım kifayət qədər olub. İki ildən sonra əməkhaqqımızı 10 faiz artırmaq bizi təhqir etmək idi”. Bakıdakı orta məktəblərdən birində müəllim işləyən İlham Paşayev müəllimlərin əməkhaqlarının 10 faiz artırılmasına etiraz əlaməti olaraq müəllimlikdən çıxacağını deyir. Redaksiyamıza telefon açan İlham müəllimin sözlərinə görə, bazarlarda qiymətlərin durmadan artdığı bir şəraitdə müəllimin maaşını 10 faiz artırmaq ona hörmət yox, hörmətsizlik əlamətidir. Xatırladaq ki, prezident İlham Əliyev sərəncam imzalayaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə (tarif) maaşlarında dəyişiklik edib. 2010-cu il sentyabrın 1-dən onların əməkhaqqı orta hesabla 10 faiz artırılıb. Başqa bir sərəncamla dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği də artırılıb. Tələbə və şagirdlərin təqaüdlərində 5-10 manat məbləğində artım olub. Bundan əvvəl prezident sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsi və minimum əməkhaqları artırılmışdı. Ekspertlər bundan əvvəlki artımı şərh edərkən onun qaneedici səviyyədə olmadığını, üstəlik, seçkiyə hesablanmış qərar olduğunu bildirirdilər. Qeyd etmək yerinə düşər ki, son 10 ildə 5 dəfə pensiya və əməkhaqları artırılıb. 2000, 2003, 2005, 2008 və 2010-cu illərdə verilən artım qərarlarının hamısı parlament və prezident seçkiləri ilinə təsadüf edib ki, müşahidəçilər bunun təsadüf olmadığı qənaətindədirlər. Elə dərdini bizə söyləyən İlham müəllim də eyni qənaətdədir: “Ölkədə inflyasiya olanda, dolanmaq çətinləşəndə yox, seçkiqabağı artırırlar əməkhaqqını”. Maraqlıdır ki, sonuncu artım müəllimlərin əməkhaqqına edilən ən az artımdır. Əgər büdcə pensiya və əməkhaqlarının artımına imkan vermirdisə bu qərar niyə verilirdi? Yox, əgər büdcənin imkanı vardısa, artım niyə belə cüzi məbləğlə ifadə olundu? İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayevin sözlərinə görə, hökumət ehtiyatlı mövqe tutub: “Gələn il neftin qiymətinin necə olacağı məlum deyil. Bildiyiniz kimi, əsas ölkələrin iqtisadiyyatında bir həyəcan var, dünya iqtisadi böhranının yenilənməsi təhlükəsi hiss olunur. Demək istəyirəm ki, qeyri-müəyyənliklər var və hökumət ehtiyatlı mövqe tutur. Digər tərəfdən də, artıq uzun illərdir ki, Azərbaycanda büdcə siyasi alətə, təbliğat vasitəsinə çevrilib. Seçki ilində az da olsa artım edib insanların psixologiyasına təsir edirlər”. Bununla belə, ekspert qeyd etdi ki, sonuncu qərar prosedur qaydadır. Belə ki, mövcud qanunvericiliyə əsasən, vahid tarif cədvəli ilə müəyyənləşən əməkhaqqının birinci dərəcəsi minimum əməkhaqqına bağlı olduğuna görə, adətən minimum əməkhaqqı artırılanda birinci dərəcə də dəyişir. Ona uyğun olaraq o biri dərəcələrdə də artım baş verir. R.Ağayevin sözlərinə görə, normal halda bunu vahid bir sənədlə də etmək olardı: “İndiki situasiyada bundan siyasi təbliğat vasitəsi kimi istifadə edirlər. Bilirsiniz ki, 2009-cu il böhrandan sonra ən ağır il oldu, amma əmək haqları həmin ildə qaldırılmadı, indi seçkiqabağı bu istiqamətdə qərarlar verilir. Bu iki qərarı bir sərəncamda etməyin effekti olmayacaqdı deyə ayrı-ayrı sərəncamlar verirlər. Bir neçə gündən sonra səhiyyə işçilərinin də əməkhaqqını artıracaqlar”. Həmsöhbətimiz onu da qeyd etdi ki, Azərbaycanda dövlət hesabına təhsil alan tələbələr ümumi göstəricinin bakalavr üzrə 35-40 faizini, magistr sistemində isə 15-20 faizini təşkil edir. Odur ki, tələbələrin təqaüdünə edilən artım cüzi bir məbləğ təşkil edir. Ekspertin fikrincə, bu cür pərakəndə artımlardansa, o sahələrdə əməkhaqları islahatlarının aparılması daha məqsədəuyğundur: “Əməyin mürəkkəbliyi yenidən qiymətləndirilməlidir. Hökumət vahid tarif cədvəlindən imtina edib sahəvi tarif sisteminə keçməli, səhiyyə sistemi üçün ayrı, təhsil sistemi üçün ayrı tarif sistemi işlənib hazırlanmalıdır. Ola bilməz ki, 8-ci dərəcəli həkimin əməyi ilə 8-ci dərəcəli müəllimin əməyinin mürəkkəbliyi eyni olsun. Eyni zamanda mən hesab edirəm ki, Azərbaycanda iqtisadiyyat üzrə minimum əməkhaqqından başqa sahəvi minimum əməkhaqları tətbiq olunmalıdır. Təhsil, səhiyyə sistemində minimum əmək haqlarının səviyyəsi indiki kimi 85 manat təşkil etməməlidir. Bugünkü yaşayışın real dəyəri nöqteyi-nəzərindən təhsil-səhiyyə sistemində əmək haqlarının minimum məbləği 200-300 manatdan az olmamalıdır. Ortaaylıq əməkhaqqı isə heç olmasa 500-600 manat olmalıdır. Bunlardan əlavə, hər sistemdə əməyin keyfiyyətinə görə fərqlər olmalıdır. Tutaq ki, bir müəllimin hər il 5-10 şagirdi ali məktəbə girir, olimpiyadalarda yer tutur, o biri müəllim heç 10 ildə bir normal şagird yetişdirə bilmir, bunların əməyi fərqli qiymətləndirilməlidir”. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, büdcənin vəziyyəti ciddi artım qərarları verməyə imkan verir: “Bilirsiniz ki, büdcə neftdən asılıdı, neftin qiyməti də qənaətbəxşdir. Ona görə də sosial ödənişlərin artımı gözlənilirdi. Amma nəzərə almaq lazımdır ki, ölkədə inflyasiyanın da yüksəlməsi ehtimalı var. Artıq inflyasiyanın ikirəqəmli həddə qədər artması təhlükəsi mövcuddur. Pensiya və əmək haqlarının artması labüd idi. Artımlar müəyyən qədər güzərana təsir edəcək. İmkan daxilində bu artımları hər il etmək lazımdır”. Millət vəkilinin qənaətincə, ölkədə baş verən sel və daşqınlar büdcənin xərclərini bir qədər artırıb. Lakin V.Əhmədov büdcənin imkanlarının daha geniş olduğunu bildirdi: “Dünyada ciddi ərzaq böhranı gözlənilir, problemlər var. Ona görə də pensiya və əmək haqlarının mütəmadi olaraq artırılması vacibdir”. HƏBİBƏ 1464 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR [13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR? [13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI [12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB ARXIV
|