12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Analitika

“CƏNUB AXINI”nı AVROPA DA İSTƏYİR

2009-08-16

Son bir ayda Ankarada dünyanın ən önəmli və bəlkə də ən çox dəyər verdiyi enerji müqavilələri imzalandı. Öncə iyulun 13-də Avropa İttifaqının dəstəklədiyi 11,6 milyard dollarlıq “Nabucco” qaz kəməri layihəsi, ardından isə avqustun 6-da ekspertlər tərəfindən “Nabucco”ya “rəqib” kimi qiymətləndirilən “Cənub axını” qaz kəməri layihəsi imzalandı. Ağla gələn ilk sual Türkiyənin “Cənub axını”na hansı məqsəd və qazancla qoşulmasıdır.
Ankarada düzənlənən “Nabucco” imzalanması mərasimindən sonra Avropa və ABŞ rəsmiləri Türkiyəni tutduğu mövqeyə görə alqışlayaraq Avropa Birliyi dövlətlərinin Rusiya qaz ehtiyatlarından asılılığının azalma sevincini yaşayırdı. Lakin bu sevinc 24 gün çəkdi. Avqustun 6-da Ankaraya gedən Rusiya baş naziri Vladimir Putinlə birlikdə “Cənub axını”na qoşulduğunu bəyan edən rəsmi Ankara Rusiyaya Türkiyəyə aid Qara dəniz sularından istifadə etmək imkanı verdi. Məsələyə fərqli prizmadan baxan rəsmi Ankara bu iki qaz layihəsini bir-birinə rəqib yox, bir-birinin tamamlayıcısı adlandırdı.
Qərb mediası “Nabucco” öldü" deyə səs-küy salsa da Avropa hələ də səssizliyini qoruyur. “Cənub axını” əslində “Nabucco”nun alternativi deyil, sadəcə, Avropa bu kəmərlə nəql olunacaq qazı Qara dənizlə yox, Ukraynanın vasitəçiliyi ilə əldə etmək istəyir.
Avropa heç vaxt yalnız “Nabucco” qazı ilə kifayətlənməyəcək. Planlaşdırıldığı kimi, bu layihə ancaq 2014-cü ildə işə düşə biləcək. Əgər “Cənub axını” Avropanı qane etməsəydi, o, buna biganə qalar və ortada da bir məsələ qalmazdı. Deməli, məsələ “Cənub axını”ndan gələn qazı almamaq deyil, Ukrayna üzərindən keçməsinə izn verməməkdir. Ya da qarşı olmaqdır. 4 il əvvəl Ukrayna ilə Rusiya arasındakı məlum problemə görə qaz böhranı yarandı və Ukrayna Rusiya üçün etibarlı enerji tranzit ölkəsi olmaqdan çıxdı. Bunu nəzərə alan Rusiya ondan uzaqlaşaraq Avropaya yaxınlaşan Ukraynanı “Nabucco”dan kənar qoyaraq daha etibarlı saydığı Türkiyə üzərindən qaz nəqlini düşünür. “Cənub axını” “Nabucco”nu “öldürmür”, sadəcə Avropanın istədiyi yerdən keçmir. Avropanın səssizliyi isə bu səbəbdəndir.
Türkiyə enerjinin 67 %-ni Rusiyadan idxal edir. O, enerji ehtiyacının 60 %-ni qazla təmin edir. Rusiya Türkiyəyə ixrac etdiyi qazı kəssə, Türkiyənin yarıdan çoxunda həyat durar. Rusiyaya bu qədər bağlı olan bir ölkə təbii ki, Rusiyanın təklif etdiyi hər şərt və təklifi qəbul etməyə məcburdur. Rusiya Türkiyə üçün ittifaq halında daha qazanclı, ixtilaf halında isə Avropa İttifaqı və ABŞ-dan daha təhlükəlidir. Həm də “Nabucco” və “Cənub axını” bir-birinə rəqib olmadığından Türkiyənin də qorxacağı bir şey yoxdur. Əksinə, bir kəmər əvəzinə iki kəmərdən tranzit vergisi alacaq.
Putin Ankarada qaz kəmərinin İsrail, Liviya və digər ölkələrdən keçəcəyi barədə danışarkən Kiprdən də keçəcəyindən bəhs etdi və hər iki dövləti dəstəkləyəcəyindən danışdı. Yunanlara tarixən güclü dəstək verən ruslar Kipr məsələsində həmişə yunanların tərəfində olub. Lakin ruslar Putinin Ankaradakı bəyanatı ilə Türk Kipr Cümhuriyyəti ilə əlaqədar ilk dəfə müsbət fikir söylədi. Rusiya ilə əlaqələri yaxşılaşdırmaq üçün bu il Rusiyadan 100 milyon avroluq silah sifarişi verən yunan Kiprinin bu xərci Türkiyə ilə Rusiya arasındakı 40 milyard dollarlıq ticarət həcminin yanında çox cüzidir. Rusiya türk Kiprini beynəlxalq təcriddən qurtulmağına yardım etməyə söz verərək Türkiyədən “Cənub axını”nı dəstəkləməyi istəmişdi. Yunan siyasətçiləri isə hələ də səssizdir.
Türkiyə-Rusiya əlaqələrinin inkişafında Azərbaycanın qazancına gəlincə isə Azərbaycana obyekt kimi yox, subyekt kimi baxmaq lazımdır. Çünki Şərq-Qərb enerji əlaqələrində Azərbaycanı kənarda düşünmək olmaz. “Nabucco” borusunu tıxaya bilməyəcəyini anlayan Rusiya onu qazla təmin etməsi nəzərdə tutulan potensial ölkələri ələ keçirmək niyyətindədir. Ötən ay rus qaz nəhəngi “Qazprom” Azərbaycanın “Şahdəniz” yatağından 500 milyon kubmetr qaz almaqla bağlı Azərbaycan Dövlət Neft Şirkəti ilə müqavilə imzalayıb. “Qazprom” Avstriyada “Nabucco” üçün nəzərdə tutulan bir qaz distribütora şərikdir. Türkmənistanı istədiyi kimi istifadə edən Rusiya bu ölkəyə qarşı da istədiyi oyunu hər an oynaya bilər.
Bununla yanaşı, “Nabucco”nun qaz ehtiyatları ilə təchizi üçün İrandan qaz alınmasına müsbət baxmayan ABŞ-ın təzyiqlərinə baxmayaraq İran qazını Rusiya üzərindən Qərbə sata bilər. Göründüyü kimi, ruslar bütün enerji yollarını öz coğrafi ərazilərinə bağlamaq üçün əllərindən gələni edir. Bu proseslərdə Azərbaycanın üzərinə düşən vəzifə isə Rusiya və Türkiyə ilə müzakirələrə açıq olub konyukturanı yaxşı oxumaqdır.

Mahir ZEYNALOV

1002 dəfə baxılıb

Xəbəri paylaş

[19.04.2010] - BAKİYEVI KIM YIXDI: "QIRĞIZ PROLETARİATI", YOXSA "ŞİMAL KÜLƏYİ"?

[01.12.2009] - CƏNUBİ QAFQAZ AÇILIMI

[06.10.2009] - İNTİHAR YAŞI NİYƏ GƏNCLƏŞİR?

[19.08.2009] - “BU DÜNYADA QATARLAR GEDƏR”

[16.08.2009] - “CƏNUB AXINI”nı AVROPA DA İSTƏYİR

[23.05.2009] - AZƏRBAYCAN TERROR DALĞASI ILƏ ÜZ-ÜZƏ'DIR

[04.03.2009] - MASONLUQ - DÜNYANIN QARANLIQ DÜYÜNÜ (II YAZI)

[03.03.2009] - MASONLUQ - DÜNYANIN QARANLIQ DÜYÜNÜ (I YAZI)

[14.02.2009] - GENERAL ÜÇÜN SNAYPER

[22.12.2008] - SOSİALİZMDƏN FEODALİZMƏ

[14.12.2008] - AFİNADAKI İĞTİŞAŞLAR BAKIDA TƏKRARLANA BİLƏRMİ?

[25.11.2008] - MƏHKUMLAR DOĞMALARININ YASINDA NECƏ İŞTİRAK EDƏ BİLƏR?

ARXIV

Yeni MÜSAVAT © 2008