 |
Analitika
“BU DÜNYADA QATARLAR GEDƏR” 2009-08-19 İqtidarın rels düşmənçiliyi və asfalt sevdası haqqında yazı
|
Azərbaycan adlı ölkənin paytaxtı Bakı şəhəri Xəzərin qərb sahilində, Abşeron yarımadasının cənub-qərbində yerləşir. Yarımadada Bakı və Sumqayıt şəhərlərilə yanaşı Bakı kəndləri deyilən 40-dək qəsəbə və kənd var (son illərdə məlum səbəblərdən bunlara bir çox yeniləri də əlavə olunub). Bütün bu yaşayış məntəqələri, habelə qədim ənənəyə görə bakılıların (həm Bakı, həm də Bakı kəndləri sakinlərinin) Abşeronun səfalı yerlərində saxladıqları bağlar arasındakı gediş-gəlişdə ötən əsrin 40-50-cı illərindən etibarən elektrik qatarlar mühüm yet tuturdu. Elektrik dəmir yolu nəqliyyatı sahəsində Bakının bütün keçmiş SSRİ-də öncül mövqeyə malik olduğu hamıya məlumdur. Hələ 1926-cı ildə 13 kilometrlik Bakı-Sabunçu elektrik dəmir yolu xətti fəaliyyətə başlayanda, Bakının Sabunçu vağzalı işə salınanda nə Moskva, nə də Leninqrad bu nəqliyyat vasitəsinə hələ qovuşmamışdı. Sonrakı illər həm qabaqcıl, həm rahat, həm də ətraf mühiti kirlətməyən bu nəqliyyat növünün inkişafı ilə əlamətdar oldu. Belə ki, 1936-39-cu illərdə Sabunçu-Maştağa-Buzovna xəttinin tikilib işə salınması paytaxt sakinlərinə səfalı Buzovna bağlarına və çimərliklərinə daha tez və rahat gedib-gəlmək imkanını verdi. 1950-ci ildə isə Suraxanı-Qala-Buzovna dəmir yolu xəttinin təhvil verilməsi və beləcə Abşeronda dairəvi elektrik dəmir yolunun tamamlanması həm bir çox yaşayış yerlərinin əhalisi, həm də yarımadadakı sənaye mərkəzlərində çalışanlar üçün müjdə oldu. 1952-ci ildə Bağlar platformasından dəniz kənarında mühüm istirahət guşələrindən olan Bilgəh istiqamətindəki yolun, 1959-cu ildə isə həm keçmiş Artiomdakı neftcilərin, həm də Zirə, Dübəndi vs. yerlərin sakinlərinin, bağ sahiblərinin karına gələn 30 kilometrlik Qala-Pirallahı mənzilinin fəaliyyətə başlamasının əhəmiyyətindən danışmaq yəqin ki, artıq olardı. 1968-70-ci illərdə təqribən 35 kilometrlik Bilgəh-Pirşağı-Sumqayıt yolu, 1972-ci ildə isə Zabrat II-Pirşağı mənzili tikilməklə də Abşeronun şimal-qərb sahilləri boyu yerləşən bir çox kənd və bağ sakinləri, habelə dənizə çimməyə gedənlər üçün böyük rahatlıq gətirdi. Uzun illər ərzində elektrik qatarı təkcə bağa, dənizə, kəndə yox, neftçilər və bir çox digər peşə sahibləri üçün işə də (indiki Respublika stadionu tikilənədək həm də futbola ”“ o vaxtkı Razindəki stadiona) getməyin əsas vasitəsi olub. Bağa getmək vasitəsi olaraq ilk ağla gələn avtobus yox, məhz qatar olub. O vaxtlar qatarlar Sabunçu vağzalından orta hesabla hər yarım saatdan bir müxtəlif istiqamətlərə yola düşər, üstəlik nisbətən dəqiq və sürətlə işləyərdi. Biletlər qayda-qanunla, stansiya və platformalardakı kassalarda satılar, sərnişinlərdə bilet olub-olmaması vaqonlarda nəzarətçilər tərəfindən ciddi yoxlanılar, biletsizlər cərimələnərdi. Bunları orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar. 1984-85-ci illərdə Bakı-Abşeron dəmir yollarında geniş yenidənqurma işləri aparılmaqla köhnəlmiş rels və şpallar yenilərlə əvəzləndi. Həmçinin 50-ci illər istesalı olan elektrik seksiyalar əvəzinə yeni müasir qatarlar gətirilib xəttə buraxıldı. Bununla yanaşı Bakıdan şimal istiqamətdəki magistral yolunun qismən dəyişdirilməsilə əlaqədar Sabunçu stansiyası əsaslı şəkildə yenidən quruldu, Sumqayıtda yeni sərnişin vağzalının uzun illərdən bəri yarımçıq qalmış tikintisi başa çatdırıldı. Sabunçudan Sumqayıt yük stansiyasınadək yol ikitərəfli quruldu. Bütün bunlar hərəkətin sürətini artırmağa, intervalı azaltmağa, sərnişinlərə xidmət səviyyəsini yüksəltməyə şərait yaradırdı. Sovet dövlətinin süqutu və müstəqilliyimizin əldə edilməsilə əlamətdar olan 90-cı illərin əvvəlindəki dərin sosial və iqtisadi böhran dəmir yolu nəqliyyatına da ağır zərbələr vurdu. İqtisadi əlaqələr qırıldığından təmir imkanlarının da məhdudlaşması üzündən qatarlar sınıq-salxaq vəziyyətdə xəttə buraxıldı, istər-istəməz interval artdı, hərəkətin sürəti isə azaldı. Elektrik qatarlar kasıb-küsubun, qaçqın-köçkünlərin, xlor alverçilərinin nəqliyyat vasitəsinə çevrildi, sərnişinlərin böyük əksəriyyəti yol haqqını ödəmirdılər... Aləmin qarışıb məzhəbin itdiyi, səfalətin tüğyan etdiyi bir şəraitdə bilet kassaları da sakitcə ləğv edildi, vaqonlarda 500 manata (indi 10 qəpiyə) satılan biletləri isə sərnişinlərin uzaqbaşı 10 faizi alır ya almırdı. Uzun illər minlərlə bağ sahibinə mövsümi xidmət göstərmiş Bağlar-Pirşağı mənzilində elektrik naqillərin oğurlanması camaatı yayın istisində əlində üzüm-əncir yollara saldı. Yeri gəlmişkən, bir neçə il sonra həmin yol təmir edilmək əvəzinə yerli-dibli söküldü. Buna heyifslənən biçarələr isə yaxın illərdəcə başa nələrin gələcəyindən xəbərsizdilər. 90-cı illərin ortasından etibarən neft müqavilələrinin, xüsusilə Bakı-Ceyhan layihəsinin işə düşməsi dövlətin iqtisadi imkanlarını xeyli artırsa da, dəmir yolu sahəsində bu hal yetərincə özünü göstərmədi. Ələtdə şpal zavodunun tikilib işə düşməsinin də elə bir təsirindən danışmaq çətindir. Dövlət idarə və qurumlarında neft pullarının talanması miqyası kəlləçarxa çıxınca, iqtidar təmsilçiləri korrupsiyaya daha çox qurşanınca Abşeron elektrik dəmir yolları getdikcə unudulur, gözümçıxdıya salınırdı. Bakı və Sumqayıtda əvvəlcə tramvay, az sonra isə trolleybus nəqliyyatının axırına çıxan YAP iqtidarı indi də elektrik qatarlarını açıq-aşkar hədəfə götürmüşdü. Tezliklə - 2007-ci ildə Babək və Xətai prospektlərinin kəsişməsində yeni yol ötürücülərinin tikilməsi bəhanəsilə elektrik qatarların Böyükşordan Sabunçu vağzalınadək hərəkətinin dayandırılması bu planın ilk mərhələsi oldu. Bu il martın 1-də tətbiq edilən yeni hərəkət cədvəlinə əsasən isə Böyükşor platformasından gün ərzində bütün istiqamətlərə cəmi-cümlətanı 9 qatar yola salınırdı. Yəni əslində elektrik qatarları artıq dövriyyədən çıxarılaraq əhaliyə bu nəqliyyat növünü yaddan çıxarmaq, məmurların istədiyi kimi bütövlüklə “dinamik inkişaf” edərək onların cibini dolduran avtobus nəqliyyatına üz tutmaq “məsləhət görüldü”. İyulun 27-də növbəti dəfə “Bakıda aparılan abadlıq işləri və yeni yolların tikintisi” ilə tanış olan ölkə başçısı İlham Əliyevə “Bakıxanov qəsəbəsi, Zabrat, Buzovna, Mərdəkan və Qala istiqamətində (? ”“ müəl.) elektrik qatarlarının yollarında aparılacaq yenidənqurma (? ”“ müəl.) işləri haqqında da məlumat verilib. Bildirilib ki, yaxın gələcəkdə bu dəmiryolu xəttinin sökülməsi, onun yerində yeni magistral yolun çəkilməsi planlaşdırılır. Bu da paytaxtın kənd və qəsəbələrinə gediş-gəlişi asanlaşdıracaq (?! ”“ müəl.). Bu yolda iritutumlu avtobuslardan istifadə olunacaq” (AzərTAc). Nəhayət, bu günlərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi son nöqtəni qoydu. Daha doğrusu, Abşerondakı dəmir yollarının kitabını bağlayan və əslində çoxdandır gözlənilən addımı atdı. İdarənin yaydığı məlumata əsasən, “son illərdə Bakı-Abşeron sahəsinin dairəvi elektrik xətti üzrə elektrik qatarlarında sərnişin daşımanın həcmi tam aşağı düşüb və sərnişin daşınmasından, demək olar ki, gəlir əldə edilməyib. Bu isə nəticə etibarilə dəmir yolunun iqtisadi vəziyyətinə ziyan vurur. Bu məqsədlə iqtisadi səmərəsizliyi nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri haqqında” 20.04.2005-ci il tarixli 73 saylı Qərarına müvafiq olaraq, yolun və digər texniki qurğuların sökülərək yararlı materiallardan yolun digər sahələrində istifadəsinin təmin edilməsi məqsədilə 10.08.2009-cu il tarixdən Zabrat II-Qala sahəsində yol təsərrüfatının tikili və qurğularının sökülməsi təmin ediləcəkdir. Proses hüquqi normativ sənədlər əsasında həyata keçiriləcəkdir. Sökülmədən əldə olunan yolun üst quruluşu materiallarından ilk növbədə Zazalı-Gəncə mənzilinin cüt, Heybət-Biləcəri mənzilinin tək, Güzdək-baş Xırdalan mənzilinin cüt yolunun əsaslı təmirində istifadə olunacaqdır”. Bəli, hörmətli oxucu, burada səhv-filan yoxdur. Dəmiryolu xəttini söküb əvəzinə yeni magistral yol çəkəcəklər. Özü də elə-belə yox, “hüquqi normativ sənədlər əsasında”. Bəs necə, bizdə qanunun aliliyi təmin olunub və bunu unutmağa heç kimin haqqı yoxdur. Nə var ki, müasir Azərbaycanda qanun mənsəb sahiblərinin əlində bir çomaqdır. Həmin çomağın altında əzilən biz isə bundan belə təbiətin qoynunda sakitlik, təmiz hava, su və torpaq kimi dədə-babadan bu yana bəhrələndiyimiz əzəli nemətlərdən məhrum olacağıq. Abşeronun Mərdəkan, Şüvəlan, Buzovna, Zuğulba, Albalı, Maştağa, Nardaran, Bilgəh, çox güman ki Ləhş, Pirşağı, Goradil, Novxanı, Saray bağları, sağlamlıq və uzun ömür mənbəyi olan o bənzərsiz cənnət guşələrinin üzərinə gündə minlərlə maşının zəhərli qazı, kiri-pası ələnəcək, motor gurultusu qulağımızı cırmalayacaq, ətrafı tozanaq bürüyəcək. Abşeronun məşhur üzümü və ənciri, başqa meyvələri də sağalmaz yaralar alacaq, Sahil bağı kimi üstünə gündə tonlarla his və duda çökəcək. Bir sözlə, daha yay vaxtı bağda əməllicə istirahət edə, sağlamlığımızı bərpa edə bilməyəcəyik. Dəniz çimərliklərini əlimizdən alıb dədə mülkü kimi hasarladılar, indi bağlarımızı da bizə çox görürlər. Necədir sizin üçün Ziya Məmmədovsayağı yenidənqurma və abadlıq? Görəsən, bunlar xalqın həm istirahət hüququnu tapdaladıqlarının, həm də həyat şəraitini korladıqlarının fərqindədirlərmi? Çətin, çünki çox güman belə xırda şeylərlə başlarını ağrıtmamağa üstünlük verirlər. Hesabına nəhəng sərvətlər topladıqları xalqın hüquqlarını tapdalamağı özlərinin ən təbii haqqları sayırlar. Xalqımız da məlum ki, dözümlü xalqdır. Uzaqbaşı dost-tanışla dərdləşib gileylənərlər, sonra unudarlar gedər. Elektrik qatarlarında sərnişin daşımalarının həcmi “tam aşağı düşüb”. Bu, doğrudur. Dünyanın düz vaxtında (bu ifadəyə görə üzr istəməliyəm ”“ bizim günümüzə baxın ki, Sovet əyyamını çoxlarımız məhz belə xatırlayırlar!) gündə azı on beş-iyirmi qatarın çıxdığı xəttdə son vaxtlar iki-üç qatar işləyirsə, sərnişinlərin sayı necə arta bilər?! Yuxarıda göstərilən rəsmi məlumatın müəllifləri bunu görəsən, necə təsəvvür edirlər? İkincisi, yetərincə magistral avtomobil yolları ola-ola dəmir yolunu söküb daha birini tikmək kimi cəfəng plan hansı məntiqə sığır? Bəlkə bunların məqsədi şəhərətrafı əraziləri də mərkəzdəki kimi magistrallarla xanələrə bölüb sonra arasında “göydələn” tikməyə girişməkdir? Adını da qoyarlar analoqu olmayan inkişaf. Niyə də olmasın, öz əllərində deyil bəyəm? Əslində analoqunun olmaması doğrudur, çünki belə “şəhərsalma” üslubunun hələ heç bir ölkədə tətbiq edilmədiyi şəksizdir. Bu “abadlıq işi”nin kənd və qəsəbələrə gediş-gəlişi asanlaşdıracağı müddəasının isə necə deyərlər, şərhə ehtiyacı yoxdur. Belə çıxır ki, həmin yollarda şütüyəcək zəhərli tullantılarla havanı kirləyən “iritutumlu avtobuslar” gediş-gəlişi asanlaşdıracaqmış, amma tərtəmiz elektriklə işləyən qatarlar əksinə, həmin gediş-gəlişi sən demə, “çətinləşdirirdi”. Beləcə, yeni-yeni magistral yolların tikilməsi naminə Abşeronda daha nə qədər münbit torpaqlar asfalta, betona gömüləcək, nə qədər bağ və yaşıllıq məhv ediləcək? Əlbəttə, yolların və yol təsərrüfatının mühüm mədəniyyət əlaməti olduğunu biz əsla unutmuruq. Sovet dönəmində avtomobil yollarının necə bərbad kökdə olduğunun da (maşınlar indikindən on dəfələrlə az olduğu halda) orta və yaşlı nəsillə birgə canlı şahidiyik. Qoy bu sətirləri oxuyan müəllifi avtomobil yollarına qarşı çıxmaqda qınamasın. Bizim qarşı çıxdığımız bu günkü Azərbaycan gerçəkliyində bütün “infrastruktur layihələri” kimi avtomobil yolu tikintisinin inhisara alınaraq xalqın mənafeyini heçə saymaqla, iri məmurların asan gəlir mənbəyinə çevrilməsi və bunun nəticəsi olaraq plansız, əsaslandırmasız, əndazəsiz, özbaşına, israfçılıqla aparılmasıdır. Nəticədə həm ətraf mühitə, həm də vətəndaşların qanuni mənafelərinə ciddi ziyan vurulur. Bəs ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair dövlət proqramı nə üçün qəbul edilib? Bəlkə elə-belə, gözdən pərdə asmaq üçün? Hər halda hökumətin fəaliyyəti məhz belə bir qənaət üçün tutarlı əsaslar yaradır. Və bu fəaliyyətin mədəniyyətlə heç bir əlaqəsi yoxdur. Nə təsərrüfatçılıq mədəniyyətilə, nə dövlətçilik mədəniyyətilə, nə də ümumbəşəri mədəniyyətlə. Dövlət Dəmir Yolunda elektrik qatarların ləğvini müasir tələblərə uyğun gəlməməsilə “əsaslandırırlar”. Soruşmaq ayıb olmasın, avtobus nəqliyyatının bu “müasir tələblərə” uyğun gəldiyini, dəmir yolunun isə gəlmədiyini kim və nə vaxt sübuta yetirib? Həmin sübutlardan ictimaiyyətin niyə xəbəri yoxdur? Axı bu məsələ bir ovuc vəzifəlinin yox, məhz geniş ictimaiyyətin, əksəriyyəti orta və az gəlirli on minlərlə vətəndaşın məsələsidir. Dünyanın bütün sivil ölkələrində çoxdandır ən qabaqcıl kimi tanınan elektrik nəqliyyata “sürətlə inkişaf edən” Azərbaycanın indiki analoqu olmayan hökuməti tərəfindən belə yumşaq desək, ögey münasibətin səbəbləri aydındır. Elektrik nəqliyyatı yeyinti və tez qazanc götürmək üçün əlverişli olmadığı üçün harın məmurlar guruhuna sərf etmir. Məlum olduğu kimi, dəmiryolunda sərnişin daşımaları ümumiyyətlə gəlirsiz, iqtisadi cəhətdən zərərli sahədir, yəni buraya qoyulan vəsaitlər özünü sırf maliyyə-mühasibat nöqteyi-nəzərindən doğrultmur. Azərbaycan məmurları da ölkə iqtisadiyyatına yalnız şəxsi biznes maraqları güzgüsündə baxmağa adətkərdə olduqlarından belə “xeyirsiz” sahələrdən zəhlələri gedir. Məhz buna görə də qatarların “iqtisadi cəhətdən səmərəsiz” olduğu barədə qondarma dəlil ortaya atılır. Heyif deyil o yana-bu yana “ən müasir tələblərə uyğun” çoxzolaqlı magistral yollar çəkib hər kilometrində on milyonu qatlayıb qoyasan cibə. Hələ addımbaşı körpüdən, piyada keçidindən, tunnel-filandan tikməklə nə qədər neft pulu sovurub ələ keçirmək olar (burada Bakıdan Sumqayıta metro çəkiləcəyi (?!!) haqda Tağı Əhmədovun dəyərli fikirləri də yada düşür). Sonra da hər kabinet sahibi həmin yollarda özünə bir neçə avtobus marşrutu açıb xımır-xımır yesin özü üçün. Hələ beş-on aydan bir həmin yolu təmir etdirməyin nə qədər mənfəət verəcəyini düşünün! Üstəlik yol boyu ən azı otuz-qırx dənə yanacaqdoldurma stansiyası da tikmək olar. Nə olsun ki, ətrafdakı suyu və torpağı məhv edəcək? Təki yuxarıdakıların könlü şad, gəliri bol olsun. Kəsəsi, ay camaat, bu yol ki, var ha, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib. Çünki qızıl yumurtlayan toyuq kimi bir şeydir. Yoxsa ki, yarıpaslanmış relsdən ələ nə keçəcək? Beləliklə, müasir Azərbaycanın bənzərsiz inkişaf modelində elektrik qatarlara və ümumiyyətlə, arkadaşların təbirincə desək, çevrə dostu elektrik yerüstü nəqliyyata yer yoxdur. İqtisadi cəhətdən səmərəsiz hər şeyi ləğv etməyin dövlətçilik təfəkkürü, məntiqi ilə bir araya sığmadığı isə təbii ki, həmin təfəkkürdən məhrum olan bizim iqtidar mənsublarının ağlına gəlmir. Halbuki dövlət özəl şirkət deyil və onun vəzifəsi hər şeydən gəlir götürmək yox, xalqdan topladığı vergi-rüsumları xalqın rifahına yönəltməkdir. Hər halda dünyanın inkişaf etmiş ölkələrində məhz belədir. Yəni inkişafdan dəm vuran yox, həqiqətən inkişaf etmiş ölkələrdə. Nə isə, hörmətli oxucu, başını ağrıtdım belə gərəksiz mətləblərlə. Həm də bizim faydamızı özümüzdən qat-qat yaxşı bilən qayğıkeş hökumətimiz onsuz da “aşağılar”ın nə düşündüyünü vecinə almayıb bildiyini edərək elektrik qatarları da tramvay-trolleybusların arxasınca yola salır. Sökülən relslərin yerinə isə rahat, müasir, analoqu olmayan asfalt və beton yollar salınacaq. Çox ağıllı və vaxtında atılan addımdır, nədən ki, qatar kasıbların nəqliyyatıdır, hazırkı iqtidarın müdrik rəhbərliyi altında sürətlə inkişaf edən Azərbaycanda isə bildiyimiz kimi belələri yoxdur, tək-tük qalanlar da bu gün-sabah mütləq varlanacaq. Odur ki, hər vətəndaş özünə şəxsi avtomobil olmasa da, ən azı motosikl və ya kvadrasikl tədarük edə bilər. Ən başlıcası isə camaat qatarnan gedib-gəlsə, “Transgeyt” kimi şirkətlərə, məsul yoldaşların (pardon, cənabların) fırlatdıqları avtobus marşrutlarına ziyan dəyər, bu isə qətiyyən arzuolunan deyil. Həm də şəxsi avtomobillərin sayı azalar ki, yol polisləri gündəlik planı doldura bilməzlər və Ramil Usubov yoldaşın yanında üzləri qara olar. Bağlara gəlincə... Bakı boyda şəhərin bir addımlığında bu bağ-zad nəyə lazımdır? O da köhnə adət olub, indi başqa zəmanədir ”“ dinamik inkişaf zəmanəsi. Bağlar ləğv edilməklə yerində dövlətçiliyimiz qarşısında böyük xidmətləri olan dəyərli şəxsiyyətlər üçün təmtəraqlı imarət və malikanələr ucaldılacaq. Abşeronun dəyəri ölçülməz olduğu iddia edilən qum sərvətləri də ölkəmizin daha sürətlə inkişaf etməsi naminə möhtəşəm infrastruktur layihələrinin tikinti və abadlıq işlərinə sərf ediləcək. Əvəzində adı çəkilən malikanələrə Rusiyadan qara torpaq, Venezuela və Zimbabvedən də qırmızı torpaq daşınacaq. Bakı neft şəhəridir, bağ isə rayonda, kənd yerində olmalıdır, vəssalam. Təmiz hava udmaq istəyənsə buyursun dənizkənarı bulvara, kanalizasiya çirkablarının ətirli qoxusundan feyziyab olsun. İndi isə bir anlıq fərz edək ki, bizdə 15 ildən artıqdır məşəqqət çəkdiyimiz YAP iqtidarı yox, nisbətən də olsa sivil hökumət iş başındadır. Onda necə olardı? Heç şübhəsiz ki, əvvəla, şəhərlərimizin küçələrindən nə tramvay, nə də trolleybuslar yoxa çıxardı. Əksinə, Sovetlərin süqutu ərəfəsində gördüyümüz kimi, trolleybus xəttləri daha da artırılardı. Bundan əlavə dövlətin neft gəlirləri və maliyyə imkanları artdıqca tramvay xəttləri sökülməz, əksinə yenidən qurular və modernləşdirilərdi, yeniləri çəkilərdi. Həm də məsələn, şəhərdən yaxında, xüsusilə mürəkkəb ərazidə yerləşən qəsəbələrə nəqliyyat kimi tramvay daha əlverişlidir. Və nəhayət, elektrik qatarları bir sinif kimi ləğv edib əvəzinə avtoban çəkmək kimi sərsəm fikir əlbəttə ki, heç kimin (söhbət vəzifəli şəxslərdən gedir) ağlına da gəlməzdi. Bu nəqliyyat sahəsini bərpa və inkişaf etdirmək, daha da modern və rahat hala gətirmək üçün lazımi tədbirlər görülər, hətta dəmir yolundan aralı düşən yaşayış yerlərinə yeni xəttlərin tikintisinə dair plan hazırlanıb tətbiq edilərdi. İki-üç ilə Bakının Sabunçu vağzalında qatara minib Mərdəkana uzaqbaşı 40 dəqiqəyə, Sumqayıta (Zabrat II-Pirşağı yolu ilə) 40-45 dəqiqəyə, Pirallahıya 1 saata gedəcəkdik. Əvəzində avtomobil nəqliyyatının “intellektual idarəetmə sistemi” qurmaqdansa indiki ifrat artmasına bir hədd qoymaq üçün əməli tədbirlər görülərdi. Abşeronumuzun havası da, torpağı da, suyu da əvvəlki təmizliyində qalardı. Yay vaxtı köhnə adətə görə bağa gedib doyunca istirahət edər, dənizdə çimib qüvvə toplayardıq... Heyif, səd heyif ki, mövcud acı gerçəklikdə bu dediklərimiz xam xəyaldan başqa bir şey deyil. P.S. Başlıq yazıçı Elçinin eyni adlı hekayəsindən götürülüb ”“ red.
Əli Əkbər 3519 dəfə baxılıb
|
[19.04.2010] - BAKİYEVI KIM YIXDI: "QIRĞIZ PROLETARİATI", YOXSA "ŞİMAL KÜLƏYİ"? [01.12.2009] - CƏNUBİ QAFQAZ AÇILIMI [06.10.2009] - İNTİHAR YAŞI NİYƏ GƏNCLƏŞİR? [19.08.2009] - “BU DÜNYADA QATARLAR GEDƏR” [16.08.2009] - “CƏNUB AXINI”nı AVROPA DA İSTƏYİR [23.05.2009] - AZƏRBAYCAN TERROR DALĞASI ILƏ ÜZ-ÜZƏ'DIR [04.03.2009] - MASONLUQ - DÜNYANIN QARANLIQ DÜYÜNÜ (II YAZI) [03.03.2009] - MASONLUQ - DÜNYANIN QARANLIQ DÜYÜNÜ (I YAZI) [14.02.2009] - GENERAL ÜÇÜN SNAYPER [22.12.2008] - SOSİALİZMDƏN FEODALİZMƏ [14.12.2008] - AFİNADAKI İĞTİŞAŞLAR BAKIDA TƏKRARLANA BİLƏRMİ? [25.11.2008] - MƏHKUMLAR DOĞMALARININ YASINDA NECƏ İŞTİRAK EDƏ BİLƏR? ARXIV
|