12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Bizim qonaq

SÖZLÜ VƏ YUMRUQLU DEBAT

2010-07-11

Ölkənin tanınmış gənc liderlərinin “Yeni Müsavat”da gerçək savaşı

Dünən “Yeni Müsavat”ın təşəbbüsü, gənclər təşkilatlarının iştirakı ilə redaksiyamızda debat təşkil edildi. Debata Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, ABŞ dövlət katibi Hillari Klintonla görüşdə iştirak edən “Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı, “Gənclər klubu” İctimai Birliyinin sədri Zaur Əkbər, “İrəli” İctimai Birliyinin rəhbəri Ceyhun Osmanlı, müstəqil blogger Əli Novruzov dəvətli idilər. Ə.Novruzov və Ə.Qurbanlı üzrlü səbəbdən debata qatılmayacaqlarını bildirdilər. C.Osmanlı isə debata qatılmaq istəyində olduğunu desə də buna imkanı olmadığını söylədi.

Müzakirələrə H.Klintonun gənclərlə görüşündə müzakirə olunan məsələlərdən başladıq.
- Hillari Klinton Azərbaycana səfəri zamanı demokratik düşərgə adına gənclərlə görüşdü. Görüş təəssüratlarınız necə oldu?

Ramin Hacılı:
- Hillari Klintonun Azərbaycanda gənclərlə görüşü ABŞ-ın Azərbaycanla bağlı planlarının gələcəyə hesablandığına mesaj idi. ABŞ Azərbaycanla əlaqələri neftin bitməsi ilə kəsməyəcək. Amerikanın Azərbaycanla bağlı daha uzun planları var. Məncə, dövlət katibi müxalifətlə də görüşməli, siyasi partiya liderləri və onların mövqeləri ilə tanış olmalı idi. Amma olmadı. Təəssüfləndirici haldır. Bu, ictimai rəydə də Amerikaya münasibətin formalaşmasına mənfi təsir göstərən haldır.

Zaur Əkbər:
- Mən xanım Klintonun Azərbaycana səfərini yüksək qiymətləndirirəm. Onun Azərbaycana səfəri cəmiyyətdə yenilik axtarışında olan, ölkədə alternativ ideyaların yayılmasında maraqlı olan qüvvələrə mesaj idi. Kimlərinsə ora dəvət olunmaması ABŞ-ın ölkəmizdəki səfirliyinin daxili işidir. Müxalifət liderləri ilə görüşüb ölkədəki situasiyanı dəyərləndirmək yaxşı olardı. Təəssüf ki, bu, baş vermədi.

Sual:
- Klintonla görüşdə iştirak edən gənclər təşkilatları rəhbərlərinin YAP-ın siyahısı əsasında dəvət olunduğu barədə fikirlər yayıldı.

Zaur Əkbər:
- Ona qalsa, bundan öncə də Azərbaycana səfərlər, bu zaman müxalifət liderləri ilə görüşlər olub. O siyahını da YAP vermişdi? Ona görə də hər sözə reaksiya vermək düzgün deyil. Siyahını YAP veribsə, sağ olsun. Amma düşünmürəm ki, protokol birtərəfli şəkildə formalaşdırılıb. Məncə, protokol hər iki tərəfin razılığı ilə hazırlanıb. Ona qalsa, Heydər Əliyevin məzarının ziyarəti də salınmışdı. Bunu AzTV günlərlə yayımlayardı. Amma bu olmadı.

Sual:
- Klinton müxalif gənclər təşkilatı ilə görüşmədi. Bu təşkilatların yetərincə çəkisi yoxdur?

Tural Abbaslı:

- Əksinə, çəkimiz olmasaydı, dəvət alardıq. Ramin bəydən fərqli olaraq düşünmürəm ki, Klintonun gənclərlə görüşü gələcəyə hesablanan addımdır. Yüz ildən bəri fəaliyyət göstərən və Azərbaycan siyasətinə yön verən partiyalarla görüşlə gələcəyə dair addımlar planlaşdırılır. Görüşdə iştirak edən təşkilatların nə parlamentdə namizədləri var, nə də siyasi proseslərdə iştirak edirlər. Amerika qeyri-siyasi təşkilatlarla necə gələcək siyasi planlar qurur? Görüş 35 dəqiqə çəkib. Klintonun çıxışını nəzərə alsaq, hər sədrə fikirlərini ifadə etməyinə dəqiqə yarım vaxt lazımdı. Bu da protokol qaydası ilə “gənclərlə görüşdüm” demək idi. Azərbaycanda seçki ilində siyasi məhdudiyyətlər var, toplaşma azadlığına imkan verilmir, seçki komissiyalarının tərkibinin təşkili məsələsi var. Orada müzakirə olunan ciddi məsələ Adnan Hacızadə ilə Emin Millinin həbsi olub. Müxalifət gənclər təşkilatları görüşə çağırılsaydı, başqa ciddi məsələlər də müzakirə olunardı. Müxalifətlə görüşməmək çox güman ki, Azərbaycan iqtidarı tərəfdən irəli sürülən şərt olub. Amerikanın da bu səfərin qarşılığında nə alacağı başqa diskussiyanın mövzusudur.

Zaur Əkbər:
- Görüşdə iştirak etməyənlərdə qısqanclığın olması normaldır. Görüşdə iştirak elə həmin gənclərin uğurudur. İnanmıram ki, o siyahını YAP versin. Klinton beş ölkədə oldu və yalnız Azərbaycanda gənclərlə görüşdü. Azərbaycandakı ictimai-siyasi situasiya həm Ermənistan, həm də Gürcüstandan fərqlənir. Buna görə də burda cəmiyyətə yeni mesajlar vermək labüd idi. Tural bəy deyir ki, orda ciddi məsələlər qaldırılmayıb. Şəxsən mən ABŞ-dan gələn istənilən yüksək çinli diplomatlarla bir neçə dəfə görüşdə iştirak etmişəm, dəfələrlə demokratiya sahəsində problemləri qaldırmışam. Müstəqil gənclər təşkilatının sədri kimi Adnanla Eminin həbsi ən prioritet məsələ olub. Digər məsələlərə toxunmaq üçün vaxtımız yox idi.

Ramın Hacılı (istehza ilə Tural Abbaslıya):
- Həmin görüşdə Tural bəy hansısa formada iştirak edirdi. Ola bilər ki, ora kimsə gizli kamera və ya diktofon yerləşdirib. Çünki hər bir şeyi bizdən daha yaxşı görüb. Görüş 50 dəqiqə çəkdi. Hər kəsə danışmağa kifayət qədər vaxt verildi. Orda demokratiya məsələsi qaldırıldı. Azərbaycanlı gənclərin xaricdə təhsili məsələsi qaldırıldı. Bizim xüsusən də müxalif düşüncəli insanlar dövlətin göndərdiyi siyahılara düşmür. Yaxşı olardı ki, onlar Amerikanın təşkil etdiyi proqrama düşsünlər. Mənim yerimdə Tural bəy olsaydı, durub vurmaqdan başqa yol yox idi. Üstünə silah çəkəcəkdik? Çünki adam verilən suala kifayət qədər geniş cavab verirdi. Klintonun vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməməsini düzgün hesab etmədim və onların müraciətini dövlət katibinə çatdırdım. Həmin məktubda bütün məsələlər əksini tapmışdı.

Tural Abbaslı:
- Nə Müsavat Gənclər Təşkilatının, nə də AXCP Gənclər Komitəsinin Klintonla görüşmək kimi dərdi və məhəbbəti yoxdur. Biz heç fəaliyyətimizi də Klintonun ideyaları ilə uyğunlaşdırmırıq. Biz Azərbaycanı Əliyevlər rejimindən xilas etməyə çalışan ciddi real təşkilatıq. Bizimlə görüş bizdən çox xanım Klintona lazım idi ki, Azərbaycandakı real vəziyyətə qiymət verə bilsin. Müsavat Gənclər Təşkilatının parlamentə dörd namizədi var. Ehtimal edək ki, onların dördü də parlamentə düşdü. Belə olan halda “Dalğa” Gənclər Hərəkatının Amerika-Azərbaycan münasibətlərinə verəcəyi töhfələr geniş olacaq, yoxsa Müsavat Gənclər Təşkilatının?

Sual:
- Yəni görüşdə iştirak edən təşkilatlar qeyri-ciddidir?

Tural Abbaslı:
- Azərbaycan reallığında iqtidar və müxalifət anlayışı var. Üçüncü sektor anlayışı yoxdur. Hakimiyyətə və müxalifətə bağlı QHT-lər var. Hüquq müdafiəçiləri də harasa bağlı olmadıqlarını deyə bilməz. Görüşdə iştirak edən gənclər müxtəlif partiyaların üzvləridir.

Sual:
- Konkret hansının?

Tural Abbaslı:
- Ramin Hacılı Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının rəhbəridir. Zaur Əkbər Müsavat Partiyasının üzvü, Adnanın atası Müsavat funksionerlərindəndir. Özü dəfələrlə Müsavat ideologiyasının daşıyıcısı olduğunu elan edib.

Ramin Hacılı:
- Bəs Emin Milli?

Tural Abbaslı:
- O da Azərbaycandakı liberal düşüncəyə bağlı insandır. Siyasi bağlantılarını azadlığa çıxandan sonra özü izah edər. Klintonla görüş gələcəyə hesablansaydı, bu görüş iki saat çəkərdi, hətta müxalifət gənclər təşkilatları da qatılardı. Bu görüşün Azərbaycana və Amerikaya nə qazandırdığını nəticələrlə hesablayacağıq.

Ramin Hacılı:
- Mən istərdim Zaur Əkbər Müsavat Partiyasına nə qədər bağlı olduğunu desin. O, İsa bəyin tapşırıqları ilə işləyir, yoxsa yox?

Zaur Əkbər:
- Müsavatın üzvü olduğumu heç yerdə gizlətmirəm. Amma rəhbəri olduğum təşkilatın Müsavat Partiyasına bağlılığı yoxdur. Bütün qərarları təşkilatın idarə heyəti verir. Müsavatın üzvü olmağım təşkilatın qərarlarına təsir edə bilməz. Bundan başqa, Amerika səfirliyi də, görüşdə iştirak edən gənclər də ciddi fiqurlardır. Görüşə çağırılanlar ciddi fiqurlar olmalı idi ki, bu görüş alınsın. Mövqeyini ortaya qoyan, kifayət qədər iş görə bilən və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən təşkilat rəhbərləri orada idi. 2005-ci ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında boşluq yarandı. Bu süstlüyü müstəqil Qərb dəyərlərini mənimsəyən yeni intellektual səviyyəli gənclər alovlandırmağa başladı. Son iki ildə ölkədə keçirilən aksiyalara baxın. İndiyə qədər şablon aksiyalardan seçilən, diqqəti cəlb edən aksiyaları müstəqil gənclər təşkilatları həyata keçirir. Adnanla Emin bu aksiyaların ideoloqlarından idi.

Sual:
- Qarşı tərəf bir iddia səsləndirdi ki, ölkədə üçüncü sektor yoxdur.

Zaur Əkbər:
- Müxalifətçiliklə müxalifyönlü olmağı fərqləndirmək lazımdır. Ölkədə ədalətsizliyə qarşı müxalif mövqedəyəm. Amma bu, o demək deyil ki, biz hər hansı müxalifət təşkilatının qanadıyıq. Azərbaycandakı indiki hakimiyyətin yürütdüyü siyasət cəmiyyətin zərərinədir. İnkişaf etmək istəyən cəmiyyətlərdə üçüncü tərəf QHT sektoru olmalıdır. Az da olsa müstəqil insanlar var.

“Sayımızın azalmasında maraqlı olan Tural bəylər bizi düşmən elan etməkdə davam edir”

Ramin Hacılı:
- Mən bir şeyi başa düşmədim. Ciddi təşkilat nə deməkdir? Tural bəy buna bir tərif versin. İkincisi, Azərbaycanda bir proses başladı və üçüncü qol ortaya çıxdı. Tural bəy ittiham edir ki, kimsə kiməsə bağlıdır. Bu, ciddi ittihamdır və Emin Milliyə qarşı da səsləndirildi. Məndən olmayan mənim düşmənimdirmi? Həyatı iki rəngdə görən, insanlara şübhə ilə baxan, özünə inamsızlığın təcəssümü, filan. Nə qədər qardaş hesab etsəm də o insanla necə bir cəbhədə ola bilərəm? Mənim istənilən addımımı satqınlıq kimi qiymətləndirməyəcəyinə əminliyim yoxdu. Həbsdə olan insanlara şər-böhtan... Zaur Əkbər Müsavatdandır. İnsanlar üçün şarm verən maraqlı xətt tutmaq lazımdır. Azərbaycanda yaranan üçüncü xətt güclü olmasaydı, Adnanla Emin həbsdə olmazdı. Hakimiyyət müxalifətlə müharibə yolunu tapmışdı. Vəziyyət ağırlaşanda Ruşayloya pul verib Londondan texnoloqlar gətirdirdi. 2003-cü ildə mən, Zaur, Tural, Əhəd meydanda idik. Qarşımızı ala bildilər. Bu gün sayımız kifayət qədər azalıb. Bunda maraqlı olan Tural bəylər bizi düşmən elan etməkdə davam edirlər. Azsaylı insanları məhv etmək hakimiyyət üçün asandır. Hakimiyyət üçüncü qolu əzməyin yolunu bilmirdi. Adnanla Eminin həbsindən sonra Tural və hörmətlə yanaşdığım Əbülfəz Qurbanlını müstəqil gənclərlə yaxınlaşdırmağa çalışırdım. Müxalifətçi gənclərlə bir yerdə olmağa mən lobbiçilik edirdim. Orta mübarizə metodu seçən orta sinfi məhv etdilər. Bu gün Azərbaycanda iki cəbhə yaranıb. Hakimiyyətin ssenarisi qalıb gəldi.

Tural Abbaslı:
- Birincisi, mən görüşdə iştirak edənləri düşmən adlandırmadım. Rəqibimiz hakimiyyətdir. Ramin bəy də, Zaur bəy də özlərini üçüncü sektorun nümayəndələri kimi təqdim edir. Sual çıxır: Hillari Klinton siyasi problemləri aradan qaldırmağa gəlirsə, niyə siyasəti quran və yaşadan təşkilatlarla yox, üçüncü sektorla görüşür? Dedim Adnan yox, atası müsavatçıdır. Ramin siyasi partiyanın gənclər təşkilatının sədri, Zaur partiyanın Yasamal təşkilatı sədrinin gənclərlə iş üzrə müavinidir. Görüşdə iştirak edən digər gənclərin də harasa bağlı olduğu siyasi dairələr var. Bunlar faktdır. Faktlar isə müzakirə olunmur. Kimin ciddi, ya da qeyri-ciddi olmasına gəlincə isə mən üçüncü sektorun qrant alması, yaxud da onların problemləri haqda danışsam, bu, qeyri-ciddi addım olacaq. Mən siyasi partiyanın mövqeyini daha gözəl işıqlandıra bilərəm. Klintonun siyasi problemlərlə bağlı üçüncü sektorun nümayəndələri ilə görüşməsi qeyri-ciddidir. Bizim düşmənçilik problemimiz yoxdur.

Əhəd Məmmədli:
Klinton müxalifət gənclər təşkilatı ilə görməyəcəkdisə, YAP Gənclər Təşkilatının nümayəndəsi ilə də görüşməməli idi. Demokratiyanın Azərbaycana tez və ya gec gəlməsi Azərbaycan xalqından asılıdır. Əgər çalışsaq, demokratiya tez, yerimizdə saysaq, gec gələcək. Qadağalara baxmayaraq müxalifət istədiyi yerdə mitinq edir. Mitinqin aparıcı qüvvəsini müxalifətçi və müstəqil gənclər təşkil edir.

“Xalq kimin əsl mübarizə apardığını, kimin də imitasiya ilə məşğul olduğunu bilir”

Tural Abbaslı:
- Azərbaycanda bəzi konturların cızılması zamanıdır. Siyasətçi və üçüncü sektor anlayışı bir-birinə qarışıb. Bir gənc siyasi bəyanat verir, sonra gedir özünü üçüncü sektorun nümayəndəsi elan edir. Gedib qrant alır. Ramin bəy, Azərbaycan xalqı kimin ciddi olduğunu, kimin əsl mübarizə apardığını, kimin imitasiya ilə məşğul olduğunu bilir. Bulanıq suların durulması vaxtıdır. Demokratiyanın gəlişini Klinton, ya da Putin tənzimləsəydi, Gürcüstanda prezident Saakaşvili, Qırğızıstanda Otunbayeva olmazdı. Xalqlar ayağa qalxanda çox şey əldə etmək olar. Amerika hər şeyi həll edən dövlət olsaydı, burnunun ucundakı Kubanın, Venesuelanın məsələsinə baxardı.

Ramin Hacılı:
- Azərbaycanda kimisə ittiham etmək ən axırıncı işdir. Bu, insanlar arasında qarşıdurmaya gətirib çıxarır.

Sual:
- Kütləvi aksiyalara qoşulmursunuz. Demokratiyanı necə bərqərar etdirmək fikrindəsiniz. Təklifləriniz nədir?

Ramin Hacılı:
- Müstəqil gənclərin öz cəbhəsi var. Bu cəbhədə Adnan və Eminlə yanaşı mən də varam. Bu cəmiyyət mübarizə üçün insanlar hazırlayan maşındır. Hansı formada fəaliyyət göstərməyindən asılı olmayaraq hər kəsin bu cəbhədə hakimiyyətə qarşı bir münasibəti var.

Sual:
- Məsələn, sizin münasibət necədir?

Ramin Hacılı:  “Heç kim ortaya fakt qoya bilməz ki, mən hakimiyyətin xeyrinə bir söz demişəm, tədbir keçirmişəm”

Ramin Hacılı:
- Bu günə kimi heç kim bir fakt ortaya qoya bilməz ki, Ramin Hacılı bu hakimiyyətin xeyrinə bir söz deyib, ya bir tədbir keçirib.

Sual:
- Tural bəy, belə bir hal müşahidə etmisinizmi?

Tural Abbaslı:
- Bu, birbaşa olmur. Dolayısı ilə olur.

Ramin Hacılı:
- Məsələn, İsa Qəmbərlə, Əli Kərimli ilə “Dalğa”nın ofisində görüş? Hansı?

Tural Abbaslı:
- Söhbət konkret “Dalğa”dan getmir.

Sual:
- Konkretləşdiririk, bəy. Suları durulduruq. İttihamlar konkret faktlarla səsləndirilsin.

Tural Abbaslı: “Ramin bəy, hakimiyyətin əleyhinə çıxmamağınızın adı nədir?”

Tural Abbaslı:
- Deyim. ADNA-dakı 30 aprel terrorundan sonra mitinq öncəsi ADP-nin qərargahında yığışdıq ki, görək hakimiyyəti terror qurbanlarına hörmət etməyə hansı formada məcbur edək. Gül bayramı təxirə salınsın. Ramin bəy açıq formada dedi ki, nə o, nə də təşkilatı mitinqdə iştirak etməyəcəklər. O dedi ki, “Dalğa”nı ona görə yaratmamışıq ki, hakimiyyət vurub onu dağıtsın. Bu çıxış oradakı gəncləri qorxutmağa hesablanmışdı. Səhəri gün də internetdə bəyanat verdilər ki, həmin gün küçələrə çıxanlar təxribatçıdırlar. Hakimiyyətin əleyhinə çıxmır, insanları təxribata uymamağa çağırırdılar. Ramin bəy, bunun adı nədir?

Ramin Hacılı:
- Bir var şoumenlik, bir də var real fəaliyyət. Gül bayramında saxlanılanlar mən və dostlarım olub. Biz üzvlərimizi zərbə altına qoymaq istəmirik.

Sual:
- Demokratiya qurban istəmir bəyəm?

Ramin Hacılı:
- Bir var qoyun kimi qurban getmək, bir də var öz işini adam kimi görmək. Biz əvvəldən bəyan etmədiyimiz...

Tural Abbaslı:
- Bəyan etməsəniz, insanlar etirazın olduğunu haradan biləcək?

Ramin Hacılı:
- 10 may günü həbs olunanların çoxu “Dalğa”çılar olub. Ortaya siyahı qoyaram.

Tural Abbaslı:
- Siyahı qoyulub. Adlar çəkilib və yazılıb. Burada nağıl danışmaqla deyil.

Ramin Hacılı:
- Nigar, Sevda, Emin Milli, Rövşən Nəcəfov, Emin Rəsulzadə, Emin Əliyev... Kifayət deyilmi?..

***

...Müzakirələr qızışdıqca gənclərin emosiyaları da coşdu. Onlar hətta dalaşdı da. Amma durub-dururkən yox. Ciddi ittihamlardan, kəskin debatlardan sonra. Gəncləri söz savaşından əlbəyaxa davaya aparan müdhiş dialoqun stenoqramı sabahkı sayımızda...

Leyla İLQAR, layihənin aparıcısı və qələmə alanı

5393 dəfə baxılıb

Xəbəri paylaş

[09.12.2011] - “YENİ MÜSAVAT”da DEBAT - II HİSSƏ

[08.12.2011] - MÜHAFİZƏKAR SİYASƏTÇİ POSTMODERNİST YAZARLA “YENİ MÜSAVAT”DA DEBATA ÇIXDI

[26.11.2011] - “BİZ HAKİMİYYƏTƏ HƏR GÜN TƏKLİF VERƏSİ DEYİLİK”

[25.11.2011] - “İLHAM ƏLİYEV DÜŞÜNÜB-DAŞINIB QƏRARINI VERMƏLİDİR”

[24.11.2011] - “HAKİMİYYƏTİN DƏYİŞMƏSİ QARŞISIALINMAZ BİR MƏSƏLƏDİR”

[23.11.2011] - “HAKİMİYYƏT BİTDİYİNİ DƏRK EDİR”

[21.07.2011] - SƏRDAR CƏLALOĞLU İLƏ PƏNAH HÜSEYNİN NƏFƏS KƏSƏN DEBATI

[20.07.2011] - İKİ SİYASƏTÇİNİN QALMAQALLI CƏBHƏ DEBATI

[18.06.2011] - “HAKİMİYYƏT QORXUR VƏ QORXUTMAĞA ÇALIŞIR”

[01.06.2011] - “QƏZETLƏRİN FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ QƏRAR VERDİK”

[31.05.2011] - “TƏXRİBATIN QARŞISINI ALMAQ ÜÇÜN ÖZÜMƏ XƏSARƏT YETİRDİM”

[08.05.2011] - “AMERİKANIN AZƏRBAYCANDA MARAĞI İNDİKİ HAKİMİYYƏTİN DƏYİŞMƏSİ DEYİL”

[07.05.2011] - “KONSTRUKTİV” VƏ “RADİKAL MÜXALİFƏT” ÇƏKİŞMƏSİ

[06.05.2011] - PƏNAH HÜSEYNLƏ QÜDRƏT HƏSƏNQULİYEVİN PLAGİATLIQ MÜZAKİRƏSİ

[25.04.2011] - “BÜTÜN MƏSULİYYƏT PREZİDENTİN ÜZƏRİNDƏDİR”

[24.04.2011] - İQTİDAR DEPUTATINDAN ŞOK İTTİHAM

[23.04.2011] - “DİALOQ ÇAĞIRIŞINI ÖLKƏNİN PREZİDENTİ ETMƏLİDİR”

[22.04.2011] - “İQTİDAR DANIŞIQLARA HAZIRDIR”

[21.04.2011] - PƏNAH HÜSEYNLƏ FƏZAİL AĞAMALININ İNQİLAB MÜZAKİRƏSİ

[14.02.2011] - “KÜTLƏVİ AKSİYALARA EHTİYAC VAR VƏ O, KEÇİRİLMƏLİDİR”

ARXIV

Yeni MÜSAVAT © 2008