 |
Bizim qonaq
GƏNCLƏRİN SÖZLÜ-YUMRUQLU DEBATININ STENOQRAMI 2010-07-12 Zaur Əkbər: “Əsl sərkərdə odur ki, ətrafındakı 50 nəfəri 500 nəfərə qaldırsın, sonra meydana çıxsın” Ramin Hacılı: “Asacam-kəsəcəm deyən qaragüruhçular beş dəqiqə sonra həbs olunurlar” Tural Abbaslı: “Eşşəyə kış-kış deməklə bostandan çıxmır, heç olmasa çəpər olmayın”
|
Dünən “Yeni Müsavat”ın təşəbbüsü ilə gənclər təşkilatlarının rəhbərləri arasında redaksiyamızda debat təşkil edildi. Debata Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və onun müavini Əhəd Məmmədli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, ABŞ dövlət katibi Hillari Klintonla görüşdə iştirak edən “Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı, “Gənclər klubu” İctimai Birliyinin sədri Zaur Əkbər, “İrəli” İctimai Birliyinin rəhbəri Ceyhun Osmanlı, müstəqil blogger Əli Novruzov dəvətli idi. Ə.Novruzov üzrlü səbəbdən debata qatılmayacağını bildirdi. C.Osmanlı debata qatılmaq istəyində olduğunu desə də buna imkanı olmadığını söylədi. Ə.Qurbanlı isə dedi ki, təmsil olunduğu partiyanın da daxil olduğu “Azadlıq” bloku “Yeni Müsavat”ı boykot etdiyindən o da debata qatılmayacaq. (əvvəli ötən sayımızda)
Zaur Əkbər: - Çox üzr istəyirəm. Təəssüf ki, eyni hədəflər uğrunda mübarizə apardığımızı desək də yenə ortaya qısqanclıq hissləri çıxır. Müxalifət gənclər təşkilatının fərqli cəhətini deyim - bu, intellektual bazadır. Bizim təşkilatın tədbirlərində 150-200 gənc iştirak edir.
Əhəd Məmmədli: - Zaur bəy, sizin müsavatçı gənclərin intellektual bazasına şübhəniz var?
Zaur Əkbər: - Mən Müsavat Gənclər Təşkilatında təbliğat məsələləri üzrə katib olduğum dövrdə xeyli gənc toplamışdım. Mən yenilikçilik baxımından məsələlərə aydınlıq gətirmək istəyirəm. Biz yeni simalarla daha çox ünsiyyətdə oluruq. Halbuki bu gənclər heç vaxt ictimai fəaliyyətlə maraqlanmayan, aksiyalarda iştirak etməyən gənclərdi. Onlar müstəqil gənclər təşkilatlarına stavka edir. Mən şou tərəfdarı deyiləm. Əsl sərkərdə odur ki, ətrafındakı 50 nəfəri 500 nəfərə qaldırsın, sonra meydana çıxsın. O 50 nəfəri də itirəcəksənsə, sən dolğun və bitkin siyasətçi deyilsən. Rəhbəri olduğum təşkilat bacardığı qədər hakimiyyətin repressiya aparatından uzaq olmağa çalışır. Amma söz azadlığına qoyulan məhdudiyyətlər, günahsız həbs edilən insanlarla bağlı prinsipial mövqe ortaya qoymuşuq. Bəyanatlar vermişik. Keçirdiyimiz aksiyalardan siyasi şüar kampaniyası kimi istifadə etməmişik.
Əhəd Məmmədli: - Zaur şou tərəfdarı olmadığını deyir. Zauru da götürün, məni də. Görün kimin qəzetlərdə daha çox şəkli çıxır. Bir də gəlin Adnanla Emini bayraq edib, onların adı altında gizlənib müxalifət gənclər təşkilatlarını nədəsə ittiham etməyək. Bizim təşkilatın BDU-da, ADNA-da, Xəzər Universitetində və digər universitetlərdə özəkləri var. Bu, Müsavat Gənclər Təşkilatının fəaliyyətinin nəticəsidir.
Tural Abbaslı: - Siyasətin özü bir təbliğat və şoudur. Ramin Hacılı tribunadan gənclərə etiraz aksiyasına çıxmayacağını deyirsə, bu, cəmiyyətə mənfi təsir edir.
Ramin Hacılı:
- Üzr istəyirəm. Mən “sizlə birgə aksiyalara çıxmayacağam” deyirəm. Asacam-kəsəcəm deyənlər, qaragüruh beş dəqiqə sonra həbs olunur. Bundan sonra kim etiraza çıxar? Bu, sayımızı azaltmağa xidmət edir. Sən əvvəlcədən bəyan edirsən ki, gəl məni öldür, başqaları da qorxub qaçsın. Mən işıqlı gənclərdən danışıram. Bu gün Vəfa Cəfərova, Ülvi Həsənli kimi yüz gəncin adını çəkərəm.
Tural Abbaslı: - Ramin bəy, adını çəkdiyiniz yüz gənc bir Əhədə dəymir.
Ramin Hacılı: - Qulaq as. Müsavat Gənclər Təşkilatının ortaya çıxardığı gənclərə mənim şübhəm yoxdur.
Tural Abbaslı: - Ola da bilməz.
Ramin Hacılı: - Yox. Əxlaqım buna yol vermir. Fərqimiz də bundadır. Məsələ burasındadır ki, bizim də ortaya çıxardığımız gənclər var. Tural bəy Əhədlə, Turalla meydanda döyülənləri heçə sayır. O insanlara ona görə deyirəm başları xarabdı. Başa düşə bilmirəm hakimiyyətdən tapşırıq gəlib, ya yox, hər kəs mənim üstümə hücuma keçib?
Tural Abbaslı: - Mənim Ramin Hacılı problemim yoxdur.
Ramin Hacılı: - Bu hadisələr artıq ssenari şəklini alıb və hakimiyyətin vəhhabilərə qarşı yazdığı ssenariyə bənzəyir. Birincisi qara ləkə atıb həbs üçün zəmin yaratmaqdı. Bu oyunda iştirak edənlər hakimiyyətin dəyirmanına su tökür. Müxalifətə həmişə bacardığım qədər dəstək vermişəm. Bunu bacarmadığım, ağılsızlıq hesab etdiyim vaxtlarda susmuşam. Hər kəs mübarizənin istənilən metodundan istifadə edə bilər.
Tural Abbaslı:
- Nə Vəfa Cəfərova, nə Azər Ömər, nə Ülvi Həsənli bu gün səninlə deyil. Bunun əsaslı səbəbləri var. Sənin fikirlərinin əleyhinədirlər. Onların sənə münasibəti mənimkindən qat-qat kəskindir.
Ramin Hacılı: - Əşi... Elnur Məmmədli ilə sizin münasibətləriniz necədir? İsa Qəmbərlə Əli Kərimli, Etibar Məmmədovla İsa Qəmbər...
Tural Abbaslı: - Ramin bəy, mən yetişdirdiyim gənclik mənə qarşı çıxmaz. Çünki mən onları aldatmıram.
Ramin Hacılı: - İstənilən adam gəlib qarşımda dayanıb onu aldatdığımı desin. Ortaya fakt qoysun. İctimai-siyasi həyatı yox, Azərbaycanı tərk edəcəyəm.
Tural Abbaslı: - Görünən köyə bələdçi lazım deyil.
Ramin Hacılı: - A kişi, atalar məsəli çəkmə e... Ortaya fakt qoy.
Tural Abbaslı: - “Dalğa”nın hansı rəhbəri səninlə eyni düşünür? “Dalğa”nın rəhbəri yoxdur. Niyə sədr seçmirsiniz?
Ramin Hacılı: - “Dalğa”nın sədri var. Bilirsən nə var? Avantüra ilə məşğul olmaq lazım deyil! Mənim hədəflərim Azərbaycanı müstəqil, güclü, demokratik dövlət kimi görməkdir. Amma gəl İsa bəyin öz gəncinə münasibəti ilə başqaları arasında fərqə baxaq. Sərdar Cəlaloğlunun bir sözü var idi. “Azadlıq” qəzetinə demişdi ki, İsa Qəmbərdən xahiş edirəm, itini çəkib ayağına bağlasın. Öz gənclər təşkilatının nümayəndəsini it yerinə qoyulacaq qədər istifadə etmək... Nə isə...
Tural Abbaslı: - Birincisi orada elə ifadə olmayıb. Səndən də xahiş edirəm sözlərinə fikir ver. Sərdar bu sözləri demək cəsarətinə malik deyil. Xarakterimi bilən bilir ki, mən heç kimin diktəsi ilə oturub-durmuram. Müsavat Partiyasının əsasnaməsi və nizamnaməsi var.
Ramin Hacılı: - Və orda yazılıb ki, hamını söymək olar?
Tural Abbaslı: - Heç kim...
Ramin Hacılı: - Mənimlə olmayan mənlik deyil. Bolşevik Lenin təfəkkürü...
Tural Abbaslı: - Xoşuna gəlmir, sən elə olma! Sərdar Cəlaloğluya sözümüz olanda deyirik. Sənin kimi “tərcüməçiyə” ehtiyacımız yoxdur.
Ramin Hacılı: - Mən o yerə qalmamışam, bəy.
Tural Abbaslı: - Onda bizim Gənclər Təşkilatı da deyir ki, Ramin Hacılı da Asim Mollazadənin itidir. Hara deyir, ora da hürür.
Zaur Əkbər: - Üzr istəyirəm. Çox xahiş edirəm...
Tural Abbaslı:
- Azərbaycanın bütün adət-ənənələrini söymək desən, Asim Mollazadə tapılacaq.
Ramin Hacılı: - Azərbaycanın adət-ənənələrini baltalamağı qarşısına məqsəd qoymuş adam kimi 2005-ci il fevralın 12-də “Dalğa” Gənclər Hərəkatı yarananda...
Tural Abbaslı: - Ümid Partiyasının “podvalında” İqbal Ağazadənin diktəsi ilə yarananda...
Ramin Hacılı: - Bəli, bəli...
Tural Abbaslı: - İqbal Ağazadənin diktəsi ilə...
Ramin Hacılı: - İqbal Ağazadə həbsdə idi.
Tural Abbaslı: - Yadına sal, İqbal Ağazadə “Dalğa”nın yaranmasının iki illiyində çıxış edib dedi ki, birinci il hansı formada fəaliyyət göstərmisinizsə, ikinci illə üçüncü il də elə fəaliyyət göstərin. Yəni birinci il mənə qulaq asdınız, ikinci il Mollazadəyə, üçüncü il yenə mənə qulaq asın.
Ramin Hacılı: - Kimin kim olduğunu hamı bilir. “Dalğa”nın məqsədi siyasi dəyişiklik etmək olmasa da bu dəyişikliyi etmək istəyən insanlara həmişə dəstək olub, 2005-ci ildə mitinqlərə çıxıb. Halbuki onda Ümid Partiyası mitinqlərə çıxmırdı. Bu, “Dalğa”nın müstəqilliyini göstərir. Bu gənclər hərəkatının qarşısına qoyduğu məqsəd Azərbaycanda sovetlərin yaratdığı, Ramiz Mehdiyev və ona xidmət edən radikal insanların qoruduğu milli mentalitet deyilən, insanları XVI əsrə çəkən saxta dəyərləri dağıtmaqdır. Bunları görməmək üçün paxıl olmalısan, ədalət hissini itirməli və özünü axırıncı yola qoymalısan. Aradakı fərq göz qabağındadır.
Tural Abbaslı: - Nə verib sənə Demokratik İslahatlar Partiyası?
Ramin Hacılı: - Mənim qazandığım dostlar və əxlaq var. Asim Mollazadə o adamdır ki, o düşərgədə olanda hamı kişi adamdı deyirdi.
Tural Abbaslı: - Satqınlıq edəndən sonra?
Ramin Hacılı: - Kiminsə əleyhinə bəyanatımı olub?
Tural Abbaslı: - Dubay mülkləri ailənin mənafeyinə toxunan məsələ idi. O zaman kimin əsl, kimin psevdomüxalifət olduğu bilindi. Asim Mollazadə o zaman demişdi ki, bu, prezidentin şəxsi işidir, onunla maraqlanmaq olmaz.
Ramin Hacılı: - Bu, satmaqdır?
Tural Abbaslı: - Təbii, bəs nədi?! 12 yaşlı uşağın adına 44 milyon dollarlıq mülk çıxır və siyasi müxalifətin lideri durub deyir ki...
Ramin Hacılı: - Qardaşım...
Tural Abbaslı: - Bu, müxalifəti satmaqdan da betərdir.
Ramin Hacılı: - “Yeni Müsavat”da dərc olunan yazıları çıxardaram. Onda görərik kim-kimi satıb! Kələkidə Elçibəylə söhbətdə kim-kimi satıb? Biz şəffaf adamlarıq.
Zaur Əkbər:
- Dostlar, üzr istəyirəm. Təəssüf edirəm ki, gənclər olaraq bura yığışmışıq. Amma fərdləri ittihama keçdik. Karyera, mal-mülk dəyərlərin arxasındadır. Ailəmə vaxt ayırmadan qurduğumuz təşkilatın ideyalarının genişlənməsinə, ətrafımızdakı gənclərlə bu ideyalara çatmaq uğrunda mübarizə aparırıq. Mənim tərcümeyi-halım çox şəffafdır. Harasa işləsəydim, mənim də maşınım, mülküm olardı. Məni ittiham edən hər kəsə nifrət etmişəm. Müxalifət və müstəqil gənclər təşkilatları arasındakı dedi-qodu yığışdırılmalıdır. Müxalifət partiyalarının ağır şəraitdə fəaliyyət göstərdiyini bilirəm. Həqiqi müxalifətçilik şərəf deməkdir. Müstəqil gənclər təşkilatlarının cəmiyyətə verəcəyi çox şeylər var. Biz çox iş görsəydik, cəmiyyət rəzil vəziyyətdə olmazdı. Satmaq köhnə söhbətlərə bənzəyir.
Ramin Hacılı: - Qardaş, niyə e? 2000-ci ildə Cəbhə, 2005-ci ildə Müsavat satdı. Bu iyrənc oyunlarda iştirak etmədiyimə görə özümü xoşbəxt sayıram.
Tural Abbaslı: - Köç Amerikanda yaşa.
Ramin Hacılı: - Müsavatın və Cəbhənin Rauf Arifoğlu haqqında dediklərinin bir faizini Asim Mollazadə deməyib.
Tural Abbaslı: - Deyə də bilməz. Çünki haqq etməyib.
Ramin Hacılı: - Ramin Hacılıya qarşı Azərbaycan hakimiyyəti tərəfindən işlənilən plan var. O plana xidmət edən keçilər var. Elə bilirlər kəsilən başlar arasında bizim də başımız olacaq. Bütün qaragüruhla heç kim məni hansısa yola çəkə bilməyəcək.
(Bu arada gərginlik keçirən R.Hacılı debata fasilə verdi və bayıra çıxdı).
Əhəd Məmmədli: - Mən özünü liberal adlandıran gəncləri debata çağırıram. Mən onların Lokkunu, Hobbsunu oxuyanda onların əksəriyyəti öz rayonlarında əyinlərində şortik velosipeddə gəzirdi. İndi biri saqqal buraxır, biri başına şlyapa qoyub özlərini intellektual sayır.
Tural Abbaslı: - Şlyapaya qalsaydı, göbələk ən böyük alım olardı. Üçüncü sektor gəncləri uzunqulağı qoyub palanı qamçılayır. Uzunqulaq bostandan kış-kışla çıxmır. Biz uzunqulağı kötəklə çıxarmaq istəyirik.
Ramin Hacılı: - Çıxarın da...
Tural Abbaslı: - Siz çıxmağına çəpər yaratmayın, biz çıxararıq.
Ramin Hacılı: - Bu, uğursuzluq sindromudur. Deyirlər polis sizi niyə döymür. Polisə “suka” deməyəndən sonra bizi niyə döysün? Biz sivil metodların tərəfdarıyıq. Polis də ailəsini dolandırır. Nə etsin? İstefa versin, otursun çayxanada ac-susuz? Ağzından iy gəlsin heç bir qız da yaxınlaşmasın. Mübarizə aparmaq budurmu? Tural Abbaslı Müsavat Gənclər Təşkilatının sədrliyindən gedəndə işləməmək məcburiyyətində qalmamalıdır. Elnur Məmmədlidən Müsavat Gənclər Təşkilatına saxta seçkilərdə qapının bağlı qalmasını soruşun.
Əməkdaşımız Etibar Seyidağa söhbətə qarışır: - Müsavat Gənclər Təşkilatının keçmiş sədri Zülfüqar Yusifov çox radikal gənc idi. O, indi klinikaların birində baş həkimdir. Elnur Məmmədli iş tapa bilmirsə, bu, onun öz günahıdır.
Ramin Hacılı:
- Bura çatıb oturan kimi atmacalar başladı. Bu günə qədər dözmüşəm, müxalifətçidirlər, mübarizə aparırlar. “Bandotdel”də əziyyət çəkən insanlardır, bunlara görə varıq deyib hər zaman susmuşam. Amma insanın səbir kasası var. Abrına bükülüb susursan. Qarşı tərəf ağzına gələni deyir, reputasiyanı korlayır. Nə etməlisən? Zəlimxan Məmmədli bir heykəlin qarşısında əyilib deyə onu satqın çıxarmaq olar? Ayıbdı e, ayıb!
Tural Abbaslı: - Əvvəl mübarizədə can qoyub deyə ona hörmət olunurdu. Heykəlin qarşısında baş əyib cəzasını da çəkdi.
Ramin Hacılı: - 2003-cü ildə meydanda döyülən mən...
Tural Abbaslı: - Qardaş, o ildə qabaqda gedənlərdən biri də mən idim. Amma səni görmədim.
Ramın Hacılı: - Bu insan buna da şübhə ilə yanaşır.
Tural Abbaslı: - Niyə şübhə ilə yanaşıram? Təşkil edib səni ora çıxaran mən idim. Sən öndəkini görmürsənsə, bunu sənə xatırlatmalıyam axı. Bizim siz adda problemimiz yoxdu.
Ramin Hacılı: - Emin Milliyə satqın dedin.
Tural Abbaslı: - Satqın demədim. Siyasi bağlılığı olan gəncdir dedim.
Ramin Hacılı: - Hara işləyir Emin Milli?
Tural Abbaslı: - Emin həbsdədir. Bu, kişilikdən deyil.
Ramin Hacılı: - Başqanın kimi su duruldursan. Durult görək.
Tural Abbaslı: - Asim Mollazadə ilə sənə aid olan hissəni durulduram. Sən bununla kifayətlən.
Ramin Hacılı: - Səndən fərqli olaraq Asim Mollazadə məni kiminsə üstünə qısqırtmır.
Tural Abbaslı: - Qardaşım, İsrailin səsi çıxanda, İranın...
Ramin Hacılı: - Mən Rəsulzadə-Elçibəy ocağının başqanı olandan bəri İranla bağlı öz fikirlərim var.
Tural Abbaslı: - Amerika İranı vuranda Amerika səfirliyinin qarşısında aksiya keçirəcəksən?
Ramin Hacılı: - Xanım olmasaydı, burada sənə qəşəng bir cavab verərdim.
Onsuz da gərgin keçən debat bundan sonra daha da gərginləşdi.
Tural Abbaslı: - Bu debat “Dalğa” və Ramin üçün böyük reklam olacaq.
Ramin Hacılı: - Bu gün aldığınız tapşırıqları yerinə yetirirsiniz. Gələndən Adnana, Eminə, mənə qarşı hücuma keçmisiniz.
Tural Abbaslı: - Məni Adnanla, Eminlə qarşı-qarşıya qoyma. Mən onları, onlar da məni tanıyır.
Ramin Hacılı: - Hamı harasa işləyir. Bircə siz işləmirsiniz.
Tural Abbaslı: - Bəli, bir dənə biz işləmirik.
Ramin Hacılı: - Ona görə də 50 nəfər adam heç kimin inanmadığı, qəbul etmədiyi...
Zaur Əkbər: - Debat tarana gedir...
Tural Abbaslı: - Azərbaycanın mentalitetini məhv edib Avropanın, Rusiyanın köləsi etmək istəyirsiniz.
Zaur Əkbər: - Leyla xanım, bu debatı təşkil etdiyinizə görə sizə və Rauf Arifoğluna təşəkkür edirəm. Sinirlər gərildi. Müzakirə olunan məsələlərdə qərəz var idi. Ümid edirəm gələn debatlarımızda bu olmayacaq. Bütün gənclər təşkilatlarına uğurlar arzu edirəm. Azərbaycanda dəyişiklik olacaqsa, bu, müstəqil gənclərin töhfəsi olacaq. Müxalifət də bu işi bacardığı qədər yerinə yetirir. İttihamlarla nə qədər çox məşğul olsaq, mübarizədən də o qədər çox yayınacağıq.
Tural Abbaslı (Ramin Hacılıya): - Ramin, mənim sən adda problemim yoxdur. Hamı obyektiv qiymətini alır.
Ramin Hacılı: - Ona görə əlli adam gəlir.
Tural Abbaslı: - Bir damcı marqans bir litr suyu qızardır. Bu gün “podvalda” parti edib, əxlaqsızları yığıb, hoppanıb-düşüb araq içəcəyimi elan eləsəm, bilirsən ora nə qədər avara uşaqlar yığışar? Yığ, qoy onlar sənin olsun.
Ramin Hacılı qəzəblə: - Əxlaqsız sənin əxlaqlı hesab etdiyin hər kəsdi. Başa düşdün?
Tural Abbaslı: - Azının danışığını bil!
Ramin Hacılı: - Mən sözümü dedim.
Tural Abbaslı: - Əxlaqlı hesab etdiyim sənsən, sənin ailəndir.
Elə bu sözdən sonra Ramin Hacılı Tural Abbaslının üzərinə hücuma keçir. Stolun üstündəki stəkan-nəlbəki sınır. Gənclər söz savaşından əlbəyaxa davaya keçirlər. Redaksiyamızın əməkdaşları köməyə gəlir. Debata beləcə son verməli oluruq. Təəssüf ki, beləcə... Leyla İLQAR, layihənin aparıcısı və qələmə alanı 5152 dəfə baxılıb
|