12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Bizim qonaq

KAMİL VƏLİNİN MİRŞAHİNƏ MƏKTUBU

2010-08-15

ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayevə açıq məktub

HÖRMƏTLİ MİRŞAHİN BƏY! Bu məktubu sənə yazmazdan əvvəl çox düşündüm və sonda yazmaq qərarına gəldim. Əgər sən istedadsız adam olsaydın və ya fəaliyyətin, yaradıcılığın başdan-başa qara rəngdə olsaydı, yəqin ki, bu məktub yazılmazdı. Bir də sən mənim yaxşı tələbələrimdən biri olmusan. Tələbə övlad kimidir. Övladın yersiz hərəkəti, yanlış addımı atanı incitdiyi kimi, qabiliyyətinə inandığın, istedadlı tələbənin də büdrəməsi, haqsızlıq dəyirmanına su tökməsi müəllimi yandırmaya bilməz. Sənin Azərbaycan türkcəsinə, çağdaş ədəbiyyatımıza həssas münasibətin, bilgin yaxşı yadımdadır.

Qarabağ müharibəsində, istiqlal illərində yazdığın yazıların, reportajların, canlı söhbətlərin də yeni Azərbaycan jurnalistikasının (Allah Əbülfəz bəyə, Nəcəf bəyə rəhmət eləsin) ən yaxşı örnəklərindən olduğunu inkar etmək olmaz. Mən bu məktubu sənin bəzi dostların kimi mələk mövqeyindən ”“ filan yazmıram. Həyatının mühüm bir hissəsi sovet dövründə keçən hər adam kimi bizim nəsil, şəxsən mən özüm də qüsursuz deyilik. Sovet dövründə yaşayıb sovet dövrü ziddiyyətlərdən tam xilas olmaq mümkünsüzdür. Çox nadir istisnalarla bu hamıya aiddir. Ancaq savad, əqidə, insanlıq məsələsində mən ikiüzlülüyün, riyakarlığın qəti düşməni olmuşam və indi də düşməniyəm.
Mirşahin bəy, mən sənin yazı və televiziya verilişlərindən, H.Əliyev rejimindən sonra tutduğun mövqedən razıyam desəm, yanlış olar! Sənin şəxslərə görə dəyişən, ikili standarta xidmət edən verilişlərin və yazıların ictimai vicdanı az zədələməmişdir. Həm də sənin və sənin kimi istedadlı adamın yarınma (amma onu da ustalıqla, istedadla, Əziz Nesin demişkən Qərbsayağı) mövqeyi seçən jurnalistlərin hesabına Azərbaycanda avtoritar rejim və antidemokratik rejim qərarlaşmışdı. Doğrudur, bu prosesdə başqa mühüm amillər də yox deyildir, ancaq mediyanın, sənin və səni kimilərin oynadığı rol inkaredilməzdir. Cəsarət və istedad hər yerdə bəraət rolunu oynaya bilmir, Mirşahin bəy.
1993-cü ildən sonra Azərbaycan cəmiyyətində baş verən mübhəm və acınacaqlı proseslərdə səni yarımhəqiqət məntiqi ilə demokratik düşüncəyə, jurnalistika humanizminə, ədalətinə, haqqına vurduğun zərbələr göz qabağındadır. Yaxşı bilirsən ki, yarımhəqiqətin o biri üzü yarımyalandır. Bu tərəfi görən Cəlal Əliyev kimi adamların sənə yağdırdığı misli-bərabəri görünməmiş təhqirləri heç nə ilə müqayisə etmək olmaz. Karyera, vəzifə üçün sənin Vahid Naxışla eyniləşməyin o yumşaq, girdə, üstü şəkərli, içi zəhərli yazıların, verilişlərin sovet məkanındakı, postsovet məkanındakı, eləcə də xaricdəki örnəklərini mənim çox yaxşı bildiyimi də unutmamağı xahiş edirəm və lazım gələrsə bu məsələ ilə bağlı ayrı bir yazı yazmağa da hazır olduğumu unutma. Mənim Allahdan və vicdanımdan başqa heç kəsə hesabat vermədiyimi də bilməmiş deyilsən.
Mirşahin bəy, sənin gözlənilməz keçidlərindən, rus demişkən “na tı”danışıq tərzindən, yaxşı mənada cəsarətindən, pis mənada qaraqışqırığından (baxış bucağından asılı olaraq) çəkinənlər az deyil. Sən elə düşünmə ki, bu yazı ilə mən o tabunu qırmaq istəyirəm. Mən səni yaxşı izlədiyim və tanıdığım üçün tabuya ”“ filana deyil, “Arxalı köpək qurd basar”, “Təki mən salim olum...”, “Çirkab at, tutmasa da izi qalacaq”... məntiqinə daha çox inanıram. Və tam səmimi deyirəm ki, mənim bu məktubum bu tabunu qırmağa deyil, səni sənin getdiyin yolun puçluğuna inandırmaqdır. İnansan da sağ ol, inanmasan da.
Həyat yalnız narıncı deyil, heç mavi də deyil. Həyat yüzlərlə rəng və çalarlardan ibarətdir. Mən ANS-in haqq sözünü bağlanarkən demişəm və sənin qabiliyyətini, rolunu da göstərmişəm (elmi məqalə olmadığı üçün mənbələri göstərmirəm, inanmasan göstərərəm). Tənqidlərim də, eyhamlarım da az olmayacaq. Ancaq məncə bunun o qədər də fərqi yoxdur. Onu da deyim ki, mən rəsmi və qeyri-rəsmi (rəsmidən də rəsmi) televiziyalara çoxdan “dəf ol” sözünü demisən. Zamanında televiziyada, radioda çox danışmışam, verilişlər aparmışam. Türkiyədə istənilən vaxt istənilən kanalda danışa bilməyə imkanımın sübuta ehtiyacı yoxdur.
ANS-in dəvətlərini dəfələrlə rədd etdiyimi sən bilirsən. Mən haqsızlığın şəriki olmayacağam, Mirşahin bəy. Amma səninlə polemikaya həmişə hazır olduğumu unutmamağı xahiş edirəm.
Mirşahin bəy, bu məktub Eynulla Fətullayevin müdafiəsi yazısı deyil. Nə birbaşa, nə də dolayı yolla Eynulla bəyi səndən və sənin arxandakılardan qorumaq üçün mən başqa yazılar yazmışam və yazacağam. Əslində məsələnin kökü çox dərindir və Elmar Hüseynovun öldürülməsinə, ermənilərlə münasibətlərin görünməyən tərəflərinə və s. qədər gedir. Beynəlxalq rezonans, adı sənə bəlli idarənin dosyaları, hakimiyyət piramidasının zirvəsinin və zirvə ətrafının təlaşlarını, seçkiqabağı gözlənilməzliyə qarşı profilaktik tədbirləri və s. də nəzərə alsaq, sənin “çistilşik” rolunun arxasında Eynulla bəy deyil, əzilən, döyülən, söyülən səsin, haqq səsinin, demokratiya adlı dəyərin batırılması dayanır. 1937-ci ilin priyomları hələ ölməyib və rəhmətlik X.Rza demişkən, davam edir...
Mirşahin bəy, mən təəssüf edirəm ki, Stalin dövrünün ideoloji və medya məntiqi ilə sənə ötürülmüş uydurma sənədlər əsasında hökm-əhkam kəsirsən və fitva verirsən. Heç kəs mələk deyil, bu dünyada. Son peyğəmbərdən sonra peyğəmbər də yoxdur dünyada, imam da. Amma insan var: vicdanlı-vicdansız, Allahlı-Allahsız, əqidəli-əqidəsiz, imanlı-imansız, cəsarətli-cəsarətsiz. Həyatı və mübarizəsi boyu Eynulla bəyin də bu və ya digər qüsuru olmamış deyil. Hər kəsin həyatının olan və olmayanlarını bir şəridə düzüb şişirtmək, hökm vermək asandır. Çətin olan xəstəni ölümdən, məhbusu həbsdən, mərdi namərddən xilas etməkdir. Mənim Eynulla bəylə heç salamım da yoxdur. Həyatda nə görüşmüşük, nə də bir stəkan çay içmişik. Amma gərək vicdansız olasan ki, Zamin Hacının, Azər Hüseynbalanın, Şahvələd Çobanoğlunun, Xalıq Bahadurun, Mehman Əliyevin, Eynulla Fətullayevin, Azər Qaracənlinin, Famil Cəfərlinin, Samir Sarının, Hikmət Sabiroğlunun, Sevinc Telmanqızının və adlarını çəkmədiyim digər yazarların Azərbaycanı qorxudan, xofdan, psixozdan, uyuşmadan, təslimçilikdən qoruyan qəhrəmanlar olduğunu deməyəsən. Qanını qaşığa qoyan bu insanların taleyi hər an Elmar Hüseynov kimi ola bilər. E.Fətullayevin əsasını qoyduğu və qısa müddətdə ən oxunaqlı, ədalətli və səviyyəli qəzet səviyyəsinə yüksələn “Gündəlik Azərbaycan” Azərbaycan jurnalistikasının tarixinə daxil olmuşdur. Mirşahin bəy, unutmayın ki, Eynulla Fətullayev şəhid Elmar Hüseynovun qələm və səngər dostudur. Eynulla bəyin elmi səviyyəsini sən də daxil olmaqla, heç bir jurnalistlə müqayisə etmək olmaz. Eynulla bəy rejim köpəyi olan, yandaş mövqeli jurnalist deyil, Mirşahin bəy.
Nə qədər şər atırsan at, Stalin dövrünün psixiatrik xəstəxanalarını (psixuşkaları) yada salırsan sal, sən və sənin kimilər Azərbaycanda Stalin rejimini bərpa edə bilməyəcək. M.Bulqakovun, Y.Səmədoğlunun ustalıqla təsvir etdiyi şairinə ölüm hökmü kəsən şairlərin zamanı bitmişdir. Lokal şəraitlərdə, avtoritar rejimlərdə ünsür olaraq yaşayan bu məşəqqətin üzərinə çağdaş dünya xətt çəkmişdir. Nə polis, nə milyonlar zamanı geriyə qaytarmaq gücündə deyil, Mirşahin bəy. Sənin də, o biri televiziyaların verilişlərinə də baxıram. Doğrusu, utanıram, xəcalət çəkirəm. Sən və sənin müsahiblərin olan gülməşəkər şairlərin, alimlərin bu qədər qayğısız, nəşə dolu, kefikök olduğuna heyrət edərəm. Sən öz evində istədiyin kimi ola bilərsən, amma dərd girdabında olan, bahalıq, qanunsuzluq içində boğulan xalqa iyirminci, otuzuncu dərəcəli mətləblərdən danışmağa, Emil Millini, Adnan Hacızadəni görməzlikdən gəlməyə, rüşvət və korrupsiya maşınında gizlətməyə, kvaziproblemləri ön plana çəkməyə haqqın yoxdur. Əsəb nöqtələrinin yerini dəyişmək, hamının bildiyi ictimai fəlakətləri pərdələmək nə ziyalıya, nə siyasətçiyə, nə də qəzet, televiziya adamına yaraşmaz, Mirşahin bəy.
Sənin bu filmi tələm-tələsik, Eynulla bəyin yazısından həmin çəkməyin torbadakı pişiyi açıq-aydın göstərir.
Mən yaxşı bilirəm ki, cidanı çuvalda gizlətmək olmaz. Bunu nə mən nə də heç kəs edə bilməz. Onu da yaxşı bilirəm ki, səni o tərəf tərif edəcək, bu tərəf tənqid. Söhbət tərifdən, tənqiddən deyil, sən “düz ol, doğruçu ol, haqqın yolunda ol” deyərkən öz övladının gözünün içinə dik baxa bilib-bilməməyindən gedir.
Bu əziz Ramazan günlərinə and olsun ki, mən bu məktubu şəxsən sənə hücum etmək və ya Eynulla bəyi müdafiə etmək üçün yazmadım. And olsun ki, bu məktubu, filminlə 37-nin dəhşətini hiss etdirdiyin üçün, onu yaşatmağa, geri çağırmağa təşəbbüs cəhdi olaraq anlamağım səbəbindən və bu tarixi fəlakət xofuna, mənəvi müsibətə qarşı yazdım. İstər inan, istərsə də inanma. Həqiqət budur.
Mən və jurnalist təhqiqatı aparmağı bacaran hər bir adam sənin şəxsiyyətin, işin-gücün, karyeran, əxlaqın haqqında araşdırma aparar və yazı yaza bilər. Mən bu barədə nə araşdırma aparmaq istədim, nə də araşdırdım. Nə yazmaq istədim, nə də yazdım.
Səndən əlini hələ də üzməyən və heç vaxt ANS-də çıxış etməyəcək - Kamil Vəli.

11.08.2010

P.S. Bu məktubu yazdığım gecənin səhərisi gün “Yeni Müsavat” qəzetində Mirşahin bəyin bəhs etdiyimiz film haqqında xanımlara və cənablara ünvanlanmış məktubu çap olunmuşdu. Qayəsi 12 maddədə sıralanaraq daha iddialı, ultimativ şəkildə yazılmış, və çarəsizlik, mənəm-mənəmlik və məntiqsizlik qoxuyan bu məktub məndə təəssüf hissi doğurdu.

9496 dəfə baxılıb

Xəbəri paylaş

[09.12.2011] - “YENİ MÜSAVAT”da DEBAT - II HİSSƏ

[08.12.2011] - MÜHAFİZƏKAR SİYASƏTÇİ POSTMODERNİST YAZARLA “YENİ MÜSAVAT”DA DEBATA ÇIXDI

[26.11.2011] - “BİZ HAKİMİYYƏTƏ HƏR GÜN TƏKLİF VERƏSİ DEYİLİK”

[25.11.2011] - “İLHAM ƏLİYEV DÜŞÜNÜB-DAŞINIB QƏRARINI VERMƏLİDİR”

[24.11.2011] - “HAKİMİYYƏTİN DƏYİŞMƏSİ QARŞISIALINMAZ BİR MƏSƏLƏDİR”

[23.11.2011] - “HAKİMİYYƏT BİTDİYİNİ DƏRK EDİR”

[21.07.2011] - SƏRDAR CƏLALOĞLU İLƏ PƏNAH HÜSEYNİN NƏFƏS KƏSƏN DEBATI

[20.07.2011] - İKİ SİYASƏTÇİNİN QALMAQALLI CƏBHƏ DEBATI

[18.06.2011] - “HAKİMİYYƏT QORXUR VƏ QORXUTMAĞA ÇALIŞIR”

[01.06.2011] - “QƏZETLƏRİN FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ QƏRAR VERDİK”

[31.05.2011] - “TƏXRİBATIN QARŞISINI ALMAQ ÜÇÜN ÖZÜMƏ XƏSARƏT YETİRDİM”

[08.05.2011] - “AMERİKANIN AZƏRBAYCANDA MARAĞI İNDİKİ HAKİMİYYƏTİN DƏYİŞMƏSİ DEYİL”

[07.05.2011] - “KONSTRUKTİV” VƏ “RADİKAL MÜXALİFƏT” ÇƏKİŞMƏSİ

[06.05.2011] - PƏNAH HÜSEYNLƏ QÜDRƏT HƏSƏNQULİYEVİN PLAGİATLIQ MÜZAKİRƏSİ

[25.04.2011] - “BÜTÜN MƏSULİYYƏT PREZİDENTİN ÜZƏRİNDƏDİR”

[24.04.2011] - İQTİDAR DEPUTATINDAN ŞOK İTTİHAM

[23.04.2011] - “DİALOQ ÇAĞIRIŞINI ÖLKƏNİN PREZİDENTİ ETMƏLİDİR”

[22.04.2011] - “İQTİDAR DANIŞIQLARA HAZIRDIR”

[21.04.2011] - PƏNAH HÜSEYNLƏ FƏZAİL AĞAMALININ İNQİLAB MÜZAKİRƏSİ

[14.02.2011] - “KÜTLƏVİ AKSİYALARA EHTİYAC VAR VƏ O, KEÇİRİLMƏLİDİR”

ARXIV

Yeni MÜSAVAT © 2008