 |
Bizim qonaq
“BU MƏSƏLƏDƏ GERİYƏ YOL QAPANIB” 2010-09-02 AXCP-Müsavat danışıqlarının taleyi necə olacaq? Pənah Hüseyn: “Müsavat AXCP seçki bloku ideyası bir qədər yıprandı” Fuad Qəhrəmanlı: “Uğurlu sonluq əldə edəcəyiksə, şərti olaraq ”Birlik
|
“AXCP-Müsavat danışıqlarının sonu necə olacaq? Birlik olacaqmı?” İndi bu sual siyasətlə maraqlanan hər kəsi düşündürür. Cəmiyyətin də müəyyən kəsimi İsa Qəmbərlə Əli Kərimli arasında davam edən, həm də bitmək bilməyən danışıqlara odaqlanıb. Bunları nəzərə alaraq, mövzunu prosesdə birbaşa və ya bilavasitə iştirak edənlərlə müzakirə etməyə qərar verdik. Müsavat deputat qrupunun üzvü Pənah Hüseynlə AXCP sədrinin müavini Fuad Qəhrəmanlını “Yeni Müsavat”ın redaksiyasında bir araya gətirdik. Tərəflər parlament seçkiləri ilə bağlı ölkədə yaranmış ictimai-siyasi duruma, partiyaların yaratdığı bloklara, namizədlərin şanslarına, Müsavat-AXCP seçki blokunun yaranması prosesinə dair polemika açdılar. Onu qeyd edək ki, son bir neçə ayda təşkil etdiyimiz debatlar son dərəcə gərginliklə, hətta tərəflərin yumruq davası ilə müşayiət olunub. Pənah Hüseynlə Fuad Qəhrəmanlı isə fiziksəl olaraq özlərini çox sakit apardılar. Lakin onların da söz “dueli” gərgin keçdi.
Rauf Arifoğlu qonaqları salamladı və ilk sualını verdi: - Mən istərdim ki, indiki situasiyanın dəyərləndirilməsini Sizlərin dilindən eşidək. Düşərgə insanında belə əhval yaranıb ki, sanki demokratiyanın taleyi bir məsələdən asılıdır; Müsavatla AXCP vahid namizədlər siyahısını razılaşdıra biləcəkmi? İnsanlar redaksiyaya zəng edib soruşurlar ki, bu gün nə oldu, bu prosesin axırı nə ilə bitəcək... İctimai marağın bu səviyyədə olacağını gözləyirdinizmi? Bu, işin xeyrinə, yoxsa ziyanınadır?
Fuad Qəhrəmanlı: “Biz danışıqların asan keçməyəcəyini əvvəldən də gözləyirdik”
Fuad Qəhrəmanlı:
- Əslində bu gün gəlinən nöqtə çox mühüm əhəmiyyətli hesab oluna bilər. İki partiya arasında aparılan danışıqlar nəticəsində artıq 70-dən artıq dairə üzrə namizədlər razılaşdırılıb. Təbii ki, “danışıqlar daha sürətlə gedə və daha fərqli nəticələr ola bilərdi”, kimi fikirlər də var. Həm AXCP, həm Müsavat Partiyası ölkənin əsas güclü partiyaları hesab olunur. Hər iki təşkilatda kifayət qədər iddialı, rəqabət qabiliyyətli namizədlər var. Məlumat üçün deyim ki, hər partiyanın ayrılıqda 100 civarında namizədləri vardır. Ona görə də onların arasında dairələrin razılaşdırılması çox ciddi prosesdir. Biz əvvəldən də danışıqların asan keçməyəcəyini gözləyirdik. Çünki ittifaqın əldə olunması üçün kifayət qədər ciddi kompromislər tələb olunur. İctimai rəyin bu iki partiya arasında gedən danışıqlara ciddi fokslaşması onunla bağlıdır ki, ictimaiyyət ölkədə müxalifətin apardığı mübarizənin real nəticə əldə etməsi şansının AXCP ilə Müsavatın birliyinə bağlı olduğunu hesab edir. Cəmiyyət bu iki partiyanın birliyinin əldə olunmasına haqlı olaraq çox diqqətlə yanaşır. Artıq hər iki partiyanın elektoratında belə bir fikir hakimdir ki, ayrılıqda uğur qazanmaq imkanı çətindir. Biz prosesdə uğurlu sonluq əldə edəcəyiksə, şərti olaraq “Birlik” blokunu yaratmağa nail olacağıqsa...
Rauf Arifoğlu müdaxilə edir: - Deməli, artıq blokun adını da qoymusunuz.
F.Qəhrəmanlı: - Şərti olaraq.
R.Arifoğlu: - Bu adı kim təklif edib?
F.Qəhrəmanlı:
- Biz. Təklif etmişik ki, bu ad uğurludur. (Yarımçıq qalmış fikrini davam etdirir) ...müxalifət seçki öncəsi belə bir psixoloji-siyasi üstünlük əldə edəcək, cəmiyyətin ondan olan gözləntisini reallaşdırmış olacaq. Yəni cəmiyyət müxalifətdən birlik istəyir. Müxalifət bu istəyi reallaşdırmaqla, cəmiyyətin aktivləşməsi, inamlı olması üçün əsas yaratmış olacaq.
R.Arifoğlu: - Yaradılacaq blokun seçki platforması hazırlanırmı?
F.Qəhrəmanlı: - Seçki platformasını hazırlayıb başa çatdırmışıq. Blokun adı ilə bağlı təkliflər var. Blokun analitik qrupuna mən rəhbərlik edirəm. Blokun şüarları, təbliğat tezisləri tərəfimdən hazırlanıb və seçki qərargahına təqdim olunub. Yəni seçki hazırlıqları vahid namizədlərin razılaşdırılması prosesindən fərqli olaraq çox sürətlə gedir. Blok rəsmi elan olunanda startı sıfır vəziyyətindən deyil, bir sıra işlərin reallaşdırıldığı nöqtədən götürəcəyik. Bu isə əlavə üstünlükdür.
R.Arifoğlu: - Pənah bəy, siz gəlinən nöqtəni necə qiymətləndirirsiniz? İctimai diqqətin prosesə bu qədər ciddi olmasını necə dəyərləndirirsiniz?
Pənah Hüseyn:
- İctimai fikrin yalnız Müsavatla AXCP-nin vahid namizədlər siyahısının hazırlanmasına fokslanması fikrini tam dəqiq müşahidə hesab eləmirəm. Müxalifət düşərgəsi, fəal siyasətlə məşğul olan çevrə bu məsələyə çox diqqət yetirir. Mənim fikrimcə, həm də iqtidarın və iqtidara loyal olan siyasi çevrələrin fəaliyyətinin nəticəsi olaraq Müsavat - AXCP seçki bloku ideyası bir qədər yıprandı. Çünki Müsavatla AXCP arasındakı danışıqların uzanması məsələni diqqətdə, maraqda saxlamağa xidmət etdisə, digər tərəfdən öz resursunu xeyli dərəcədə xərclədi. Məndə olan informasiyalar ondan ibarətdir ki, AXCP-nin siyasi texnologiya ilə məşğul olan mütəxəssisləri bu vəziyyətdən çıxış yolları barədə düşünürlər. Hər halda, Müsavatda bu cür fəaliyyətin göstərilməsi və müəyyən nəticənin olması barədə danışmaq mümkündür. Yəqin ki, Müsavat-AXCP seçki bloku məsələsi istənilən halda gələn həftə yekunlaşar. Yəni nəticə versə də, Allah göstərməsin nəticəsiz də olsa, proses gələn həftə yekunlaşar. Proses müsbət sonuclanmasa, seçki məsələsi ilə məşğul olacaq siyasi bloklaşma ideyası gündəmə gələ bilər. Bu barədə müəyyən ideyalar var. Yəni artıq siyahıları müəyyənləşmiş, seçki platformaları yaxın olan və seçkilərin demokratik keçirilməsində maraqlı olan siyasi partiyaların əməkdaşlığını təmin edən bir siyasi bloklaşma prosesinin startı verilə bilər. Bu halda, məncə, çox aydın və qabarıq şəkildə müxalifət düşərgəsinin, o cümlədən Müsavat-AXCP blokunun seçki yarışının əsas tərəflərindən biri kimi baş verəcək.
Pənah Hüseyn: “Bu bloka daxil olmayan kifayət qədər namizəd var ki, onlar Müsavat-AXCP blokunun bir çox namizədlərindən çox səs qazanacaq”
Müsavat- AXCP danışıqlarına, ən azı yuxarıda qeyd elədiyim çevrədə, çox ciddi diqqət yetirilməsinin yalnız seçki ilə bağlı olmayan səbəbləri də vardır. Faktiki olaraq, Azərbaycan cəmiyyətində siyasi proseslərin getməsi üçün olan bir məkanın aradan qaldırılması təhlükəsi var. Azərbaycan iqtidarının apardığı məqsədyönlü siyasət ondan ibarət olub ki, ölkədə siyasi cəhətdən mono cəmiyyət yaransın. Hazırda ikiqütblü siyasi məkanın mövcud olması üçün lazım olan müxalifət qütbünün adı çəkilsə, onların içərisində Müsavatla AXCP ola bilər. Ona görə Müsavatla AXCP-nin başladığı proses bu qədər diqqətdədir və mənim kimi bu partiyaların üzvü olmayan şəxslər də prosesin müsbət sonuclanmasını istəyirlər. Müsavat-AXCP ittifaqının seçki bloku şəklində meydana çıxması Azərbaycanda real müxalifət qütbünün yaranması deməkdir. O halda seçki mübarizəsi, rəqabət, ictimai-siyasi fəallığın artması mümkün olacaq. Cəmiyyətin konkret seçim imkanı yaranacaq. İqtidara qarşı real çıxış edən bu iki partiyanın ittifaqına marağın olması bununla bağlıdır. Lakin seçicinin səsinin alınmasının yalnız bu blokla iqtidar arasında baş verəcəyi düşünülürsə, bu yanlış olar. Çünki bu bloka daxil olmayan kifayət qədər namizədlər var ki, onlar Müsavat-AXCP blokunun bir çox namizədlərindən çox səs qazanacaq. Bununla belə mən Müsavat-AXCP danışıqlarının seçki blokunun yaranması ilə başa çatmasını həyati əhəmiyyətə malik məsələ hesab edirəm. Bu istiqamətdə fəaliyyət göstərənlərdən biri də mənəm.
R.Arifoğlu: - Fuad bəy, Pənah Hüseynin fikirlərinə qeydləriniz varsa deyin. Siz də ehtimal edirsinizmi ki, proses müsbət sonluqla yekunlaşmaya bilər?
F.Qəhrəmanlı:
- Mən Pənah bəyin o fikrini bölüşmürəm ki, danışıqların uzanması Müsavat-AXCP seçki blokuna olan ictimai diqqəti zəiflədib. Hakimiyyət də Müsavat-AXCP seçki blokunun yaranacağını bilir. Ona görə də bu blokun yaranmasının rezonansını mümkün qədər azaltmaq üçün addımlar atılır, yeni yaranan bloklara xoş münasibət bəslənilir. Bloku elan etmək olar. Ancaq həmin blokları yaradan siyasi qüvvələr protest elektoratı təmsil etmirlərsə, siyasi sistemdə, ictimai rəydə onların rolu çox aşağı səviyyədədirsə, onların yaratdığı bloklar ictimaiyyət üçün maraqlı deyil. İctimaiyyət yeganə maraq göstərdiyi və gözlədiyi blok AXCP-Müsavat blokudur. İctimai maraq kəsb etməyən blokların Müsavat-AXCP blokunun namizədləri ilə rəqabət apara biləcəyini düşünmürəm. Fəal seçki kampaniyası aparılacaqsa, Müsavat-AXCP bloku ilə müqayisədə heç bir blok demək olar ki, nəzərə çarpmayacaq. Bizim AXCP-Müsavat blokunu yaratmaqda məqsədimiz ölkədə ikiqütblü siyasi sistem formalaşdırmaqdır. Bir qütbdə hakimiyyət, bir qütbdə AXCP ilə Müsavatın birləşdiyi güc mərkəzi. İctimai rəyin Müsavat-AXCP danışıqlarına belə həssas yanaşması da onu göstərir ki, bizim əsasını qoymaq istədiyimiz güc mərkəzi ictimai rəy üzərində mütləq nəzarət imkanına sahib olacaq. Müsavat-AXCP seçki bloku hakimiyyətin əsas alternativi kimi hələ rəsmən yaradılmamışdan-indidən ictimai rəydə qəbul olunur. Siyasi reallıq bundan ibarətdir. Bir məqama da toxunmaq istəyirəm ki, bizim nəzərdə tutduğumuz birlik təkcə seçki birliyi kimi nəzərdə tutulmur. Söhbət avtoritarizmə qarşı dayanıqlı müqavimət sisteminin yaradılmasından gedir. Bunu hər iki partiyada dərk edirlər ki, müqavimət üçün resursları birləşdirmək lazımdır. Partiyaların birləşməsi ideyası da bu zərurətdən gündəmə gəlib. Demokratiyanın Azərbaycanda yaşaması bu iki partiyanın birgə mübarizəsindən və birləşməsindən xeyli dərəcədə asılıdır...
R.Arifoğlu: - Amma hələ də danışılır. Nəticə isə yoxdur.
F.Qəhrəmanlı: - Nəticə var. Artıq bu günə 73 dairədə razılaşmamız var. Bu, çox ciddi nəticədir. Proses bitməyib. Danışıqlarda şəxsən iştirak edən adam kimi onu deyə bilərəm ki, həm İsa bəyin, həm Əli bəyin bu məsələdə kompromisli, siyasi iradə nümayiş etdirdiklərinin şahidiyəm. Hər iki lider və hər iki partiyanın funksionerləri dərk edirlər ki, birlik alınmasa, həmin liderlərin də, funksionerlərin də, partiyaların da maraqlarına çox ciddi zərbə olar. Seçkiyə getməmişdən biz psixoloji baxımdan qüvvələr nisbətini öz əleyhimizə dəyişmiş olarıq. Ona görə də bu məsələdə geriyə yol qapanıb. Odur ki, bu birliyin alınması üçün cəhdlərimizi sona qədər etdirəcəyik və uğurlu nəticəyə nail olacağıq. İsa Qəmbərlə Əli Kərimlinin bugünkü görüşü (Debat keçirilən vaxt Müsavat başqanı ilə AXCP sədri arasında danışıqlar gedirdi - E.S.) həlledici görüşlərdən biri olacaq. Prosesi bu həftənin sonuna yekunlaşdırmağı nəzərdə tuturuq.
R.Arifoğlu: - İnsanlar istəyirlər ki, tərəflər danışıqları bitirsinlər və bloku elan etsinlər. Danışıqlarda, Fuad bəy, şəxsən iştirak edirsiniz. Yəni bu qədərmi çətindir ki, prosesi bitirə bilmirlər?
F.Qəhrəmanlı:
- Rauf bəy, çox çətindir. Bu iki partiyanın ictimai rəydə tanınmış fəal funksionerləri Bakı dairələrində toqquşurlar. Prosesə indiki halda bizim ən böyük dəstəyimiz o ola bilər ki, danışıqların gedişi ilə bağlı problemli məqamları qabartmaqdansa, daha çox pozitiv məqamları təbliğ edib, ictimai rəyə müsbət təsir etməyə çalışaq. Hesab edirəm ki, nə “Yeni Müsavat”, nə də “Azadlıq” qəzeti bu məsələyə tam bitərəf nöqteyi-nəzərdən yanaşmır. Bu qəzetlər prosesin müsbətə doğru inkişafında maraqlı olan tərəflər olmalıdır.
P.Hüseyn müdaxilə etmək istəyir: - Bu, qəzetlərin öz işidir...
R.Arifoğlu: - Pənah bəy, Sizə də danışmağa imkan yaradılacaq. Mən də onu qəbul edirəm ki, demokratiyanın Azərbaycanda taleyi üçün Müsavatla AXCP-nin birləşib-birləşməməsi əhəmiyyətli etaplardan biridir. Belə bir mərhələdə sual olunur ki, uzandıqca uzanan və gündəmi büsbütün iflic edən danışıqların yekunlaşmasına mane olan nədir? O baxımdan, bir qəzet olaraq bu suala cavab verməyə məcbur və borclu olduğumuz üçün biz onu gündəmə gətirik. Hörmətli liderlər də bildirirlər ki, bu birlik çox mühümdür. Amma proses uzanır. Niyə? Biz də buna cavab axtarırıq. “Bakı düyünü”nü həll eləmək üçün düyünü yaradan insanlarla birgə söhbətə təşəbbüs göstərilibmi?
F.Qəhrəmanlı: - Məsələnin həlli yolu qarşılıqlı kompromislərdən keçir. Bakı dairələrində biz o mərhələyə gəlib çıxmışıq ki, müəyyən kompromis imkanları yaranıb. Çox böyük ehtimalla bugünkü danışıqlarda da müəyyən nəticələr əldə olunacaq. Partiyaların rəhbərliyinə daxil olan şəxslərin Bakı dairələrindən namizəd olması daha çox onunla bağlıdır ki, ölkədə və hamıda belə bir fikir formalaşıb ki, prosesin taleyi xeyli dərəcədə paytaxtda həll olunur və mübarizənin ağırlıq mərkəzini paytaxtda təşkil etməliyik. Burada namizədlərin şəxsi istəyi də rol oynayır. Çünki hər bir namizəd daha şanslı olduğu dairəni özü üçün seçib. Bu seçim sözsüz ki, ciddi təhlillərdən sonra edilib. Namizədləri qolundan tutub kənara qoymaq o deməkdir ki, həmin namizədin seçkilərdə faydalı iş əmsalı xeyli dərəcədə aşağı düşəcək. Çünki namizədin özünə bəlli olan səbəblərdən o, iddiaçı olduğu dairədə imkanlarını daha yüksək qiymətləndirir. 70-dən yuxarı dairədə razılaşmanın olması o deməkdir ki, arxada qalan vaxt boşuna getməyib. Sadəcə, indi işin yekunlaşma zamanıdır və həlledici mərhələyə gəlib çıxmışıq. Bu həftə, uzağı gələn həftə proses yekunlaşacaq, məsələyə nöqtə qoyulacaq. İctimaiyyət bu qədər gözləyibsə, bir həftə də gözləyə bilər.
P.Hüseyn:
- Bir sıra mühüm məsələlər var ki, toxunmağı zəruri hesab edirəm. Müsavat-AXCP danışıqlarının və bunun seçki bloku şəklində yekunlaşmasının əhəmiyyətini qeyd elədim. Lakin bu məsələdə çox ciddi metodoloji yanlışlıqlar olmasını da demək lazımdır. Son dövr seçki tarixindən iki nümunə gətirməklə fikrimi əsaslandırmaq istəyirəm. 1990-cı ildə AXC ölkədə monopol nəzarət imkanına malik idi. Proseslərə təsir imkanına görə onunla müqayisə oluna biləcək başqa təşkilat yox idi. Bununla belə, başqa siyasi qüvvələrlə birlikdə seçkiyə getdik. 1992-ci ildə AXC yenə ölkədə proseslərə təsirinə görə öndə idi. Buna baxmayaraq, yenə 50-yə yaxın təşkilatın müttəfiqliyi ilə seçkilərə gedildi. 2005-ci il parlament seçkilərində “Azadlıq” seçki bloku digər bloklardan müsbət mənada çox ciddi fərqlənirdi. Lakin alınan səslərin yalnız yarısı “Azadlıq” blokuna aid iddiaçıların idi. Bu misalları həm də ona görə çəkirəm ki, Fuad bəyin burada səsləndirdiyi fikirlərdə çox zərərli yanlışlıqlar müşahidə edirəm....
(davamı növbəti sayımızda) Hazırladı: Etibar SEYİDAĞA 3245 dəfə baxılıb
|
[09.12.2011] - “YENİ MÜSAVAT”da DEBAT - II HİSSƏ [08.12.2011] - MÜHAFİZƏKAR SİYASƏTÇİ POSTMODERNİST YAZARLA “YENİ MÜSAVAT”DA DEBATA ÇIXDI [26.11.2011] - “BİZ HAKİMİYYƏTƏ HƏR GÜN TƏKLİF VERƏSİ DEYİLİK” [25.11.2011] - “İLHAM ƏLİYEV DÜŞÜNÜB-DAŞINIB QƏRARINI VERMƏLİDİR” [24.11.2011] - “HAKİMİYYƏTİN DƏYİŞMƏSİ QARŞISIALINMAZ BİR MƏSƏLƏDİR” [23.11.2011] - “HAKİMİYYƏT BİTDİYİNİ DƏRK EDİR” [21.07.2011] - SƏRDAR CƏLALOĞLU İLƏ PƏNAH HÜSEYNİN NƏFƏS KƏSƏN DEBATI [20.07.2011] - İKİ SİYASƏTÇİNİN QALMAQALLI CƏBHƏ DEBATI [18.06.2011] - “HAKİMİYYƏT QORXUR VƏ QORXUTMAĞA ÇALIŞIR” [01.06.2011] - “QƏZETLƏRİN FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ QƏRAR VERDİK” [31.05.2011] - “TƏXRİBATIN QARŞISINI ALMAQ ÜÇÜN ÖZÜMƏ XƏSARƏT YETİRDİM” [08.05.2011] - “AMERİKANIN AZƏRBAYCANDA MARAĞI İNDİKİ HAKİMİYYƏTİN DƏYİŞMƏSİ DEYİL” [07.05.2011] - “KONSTRUKTİV” VƏ “RADİKAL MÜXALİFƏT” ÇƏKİŞMƏSİ [06.05.2011] - PƏNAH HÜSEYNLƏ QÜDRƏT HƏSƏNQULİYEVİN PLAGİATLIQ MÜZAKİRƏSİ [25.04.2011] - “BÜTÜN MƏSULİYYƏT PREZİDENTİN ÜZƏRİNDƏDİR” [24.04.2011] - İQTİDAR DEPUTATINDAN ŞOK İTTİHAM [23.04.2011] - “DİALOQ ÇAĞIRIŞINI ÖLKƏNİN PREZİDENTİ ETMƏLİDİR” [22.04.2011] - “İQTİDAR DANIŞIQLARA HAZIRDIR” [21.04.2011] - PƏNAH HÜSEYNLƏ FƏZAİL AĞAMALININ İNQİLAB MÜZAKİRƏSİ [14.02.2011] - “KÜTLƏVİ AKSİYALARA EHTİYAC VAR VƏ O, KEÇİRİLMƏLİDİR” ARXIV
|