 |
Gündəm
FALÇI İMAMİRƏNİN VƏZİFƏLİ MÜŞTƏRİLƏRİNİN SİYAHISI ƏLİMİZDƏ 2011-11-06 Ölkəni idarə edənlər cindarın tövsiyə və məsləhətləri ilə hərəkət edirlərmiş; Azərbaycan məmurlarının “Qaqarin Balaxanım”ın ruhuna etiqadlarının səbəbi nədir?
|
ABU-nun rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin ötən ay mətbuatda dərc olunan açıqlamalarına dair araşdırmalar aparılarkən onun falçılarla “işgüzar” münasibətlərdə olması faktı da üzə çıxmışdı. Belə ki, onun hər addımında falçı Qalina, falçı İmamirə və digər öncəgörənlərin məsləhəti ilə hərəkət etməsi bəlli olmuşdu. O da üzə çıxmışdı ki, E.Abdullayevin falçılarla əlaqələrini Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidmətinin rəisi Nəriman Ağayev qurub. Bu məsələləri çözərkən bəlli olmuşdu ki, Azərbaycanın xeyli sayda yüksək vəzifəli məmurları falçıların diqtəsi ilə hərəkət edirlərmiş. Bu barədə artıq əlimizə konkret faktlar keçib. Daha dəqiqi, Elşad Abdullayevin sponsorluğu ilə çap olunan və qazaxlı İmamirəyə həsr olunan jurnalda heyrətamiz faktlar var. Bu jurnal haqqında hələ iki həftə öncə Qazax sakini Vaqif Yusifov bizə yazdığı məktubda məlumat vermişdi. O bildirmişdi ki, qazaxlı İmamirə anası Balaxanım xanımın ruhunu müqəddəs elan edib və indi də özü cindarlıqla, falçılıqla məşğuldur. Onun yaşadığı məkanı falçısevərlər “Balaxanım ananın ocağı” adlandırırlar. “Balaxanım ana” deyilən qadının Qazaxda “Qaqarin Balaxanım” deyə tanındığını bildirən məktub müəllifi bunu belə açıqlayır: “Hər bir insanın qüsuru ola bilər. Fəqət biz Qazağın Səməd Vurğunlarla tanınmasını istəyirik, Qaqarin Balaxanımlarla deyil. Sovet dövründə arxın üstündəki körpüdən suya süzərək atılan və uçduğunu zənn edərək, özünə bu ayamanı verən qadının müqəddəsləşdirilməsi insanların əsəbləri ilə oynamaqdır”. V.Yusifov yazmışdı ki, indi də İmamirə bu işi davam etdirir. Bir neçə gün öncə E.Abdullayevin sponsorluğu ilə dərc olunan və falçı İmamirəyə həsr olunan nəfis tərtibatlı “İdeallıqla reallığın vəhdəti” adlı jurnalı əldə etdik. Öncə onu qeyd edək ki, jurnal “Senzura” qəzetinin xüsusi buraxılışı kimi təqdim olunur. Jurnalı normal məntiqi olan bir insan oxuyanda dəhşətə gəlməyə bilmir. Təsəvvür edin, bu ölkəni idarə edən məmurların, professorların “baş məsləhətçisi” falçı İmamirə imiş. 2008-ci ildə işıq üzü görən dərgiyə nəzər salanda orada diqqətimizi ilk olaraq buraxılışın hüquq məsləhətçisinin vitse-spiker Ziyafət Əsgərov olması cəlb etdi. Baş məsləhətçi isə... nə qədər təəssüf doğursa da dinşünas alim Vasim Məmmədəliyevdir. Jurnalın üz qabığına “Qaqarin Balaxanım”la falçı İmamirənin şəkilləri vurulub. Birinci səhifədə isə İmamirənin qızı Günelin böyük bir şəkli yer alır. Üçüncü səhifəyə isə prezident İlham Əliyevin fotosu vurulub və altında “Tanrı onu bəd nəzərdən qorusun” cümləsi yazılıb... Nəşrin sonrakı səhifələrində Balaxanım ananın gördüyü işlərdən bəhs edilir və o da xüsusi vurğulanır ki, Azərbaycanda ilk Heydər bulağı və Heydər bağı “Qaqarin Balaxanım”ın “müqəddəs ocağında” salınıb. Əlbəttə, hər bir kəs istədiyi adamın adına bulaq, bağ sala bilər. Amma məsələ ondadır ki, bu “ocaq”da Heydər bağının və Heydər bulağının yaradılması başqa məqsədlərə xidmət edib... Jurnalda adamı dəhşətə gətirən ölkənin aydınları, professorları, alimləri, aparıcı şəxsləri hesab olunan adamların falçı İmamirə və “Qaqarin Balaxanım” haqqında absurd düşüncələridir. Vasim Məmmədəliyev: “Balaxanım ananın müqəddəs ruhu xeyirxah insanları bəd nəzərlərdən qorumaq üçün tanrı tərəfindən bəxş edilib. Mən ilk baxışdan İmamirə xanımda qeyri-adi bir ilahi qüvvə duydum”. Elşad Abdullayev: “Mən yer kürəsinə bəxş edilən Balaxanım ananın müqəddəs ruhu qarşısında baş əyib etiqad edirəm. Mən bu qüvvənin quluyam. Qoy bu müqəddəs ruh İlham Heydər oğlu Əliyevi də dərgahında saxlasın. Mən bu ruhun möcüzəsini, varlığını öz gözlərimlə görmüşəm... 1997-ci ildə mən hazırda da nazir olan şəxslərdən birinin otağında idim. İmamirə xanım orada çox adama öncə görmələrini deyirdi. Mən də İmamirə xanıma yaxınlaşdım, xahiş etdim ki, mənə də vəzifə versin. O zaman mən BDU-da müəllim işləyirdim. İmamirə xanım mənə belə dedi, sənə rektorluq verirəm. Bir neçə aydan sonra mən ABU-nun rektoru oldum”... Deputat, Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Əbiyev: “İmamirə xanım böyük qüvvə sahibidir. Hiss eləyir ki, deyəsən Ağacan müəllimin kefi saz deyil və ya nəsə bir çətinliyi var, gəlir ki, mən sənə lazımam. Bax, o zaman İmamirə xanımın elədiyi kömək effektli olur. Bir dəfə vəziyyətim yaxşı deyildi, İmamirə xanım gəldi, ”ay ölüm, ay canım, ay qurban olum" deyərək əlini kürəyimə çəkdi. Bundan sonra doğrudan da özümü yaxşı hiss etdim". Deputat Səməd Seyidov: “İmamirə xanımda qeyri-adi ruhi qüvvə var. Bu qüvvəyə inamım məni həmişə şər qüvvələrdən xilas edib. İmamirə xanımın ruhi qüvvəsinin möcüzələrini mən həmişə öz üzərimdə duymuşam”. Deputat Rəbiyyət Aslanova: “Bu ocaq bizləri həmişə bəd nəzərlərdən qoruyub, ailəmizə şəfa və uğur gətirib. Balaxanım ananın ruhu toxunulmazdır. Özünü dərk eləməyən insan bu ruhun qüvvəsini duya bilməz... İmamirə xanımın ruhi qüvvəsinə ailəlikcə etiqad edirik. Qoy, bu ruhi qüvvə xeyirxah, inamlı insanlara uğurlar gətirsin”. Polis polkovniki Möhübbət Hüseynov: “Balaxanım ana ocağı dünyanın ən sınanmış ocağıdır. Mən Qazaxa polis rəisi gələn ilk gündən bu ruhun varlığına inanıram”. Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov: “Balaxanım ananın insanlara daim işıq saçan ruhu həmişə mənimlədir”. İmamirənin özünü təsdiqləmək üçün nəql etdiyi “möcüzə”ni oxuyanda isə bilmirsən güləsən, ya ağlayasan. Adam az qala Heydər Əliyevi öz “ilahi qüvvəsi” ilə hakimiyyətə gətirdiyini iddia edir: (Onun açıqlaması jurnalda hansı formada (ləhcə ilə) dərc olunubsa, o cür də təqdim edirik-red.) - Ölüm, yəqin yadında olar Heydər Əliyev Moskvadan Bakıya nə vaxt qayıtmışdı. Bizim o vaxtkı deputatların ona nə üz göstərdiyini görmədinmi? Kişini necə hoydu-hoyduya götürmüşdülər. Anam da, mən də dözə bilmədik. Bir az ayından-oyundan götürüb üz tutduq Bakıya... Hökumət evinin yanından keçirdik, birdən elə bil kimsə mənə dedi ki, dön geri bax. Eşidirsənmi ölöm, diqqətlə qulaq as, möcüzə buradan başlanır... Hə, ölüm, bir də dönüb görürəm ki, möcüzə - Heydər Əliyev ətrafında bir neçə adamla budur, yavaş-yavaş gəlir. Qaçdım qabağına. Anam da, mən də öpdük onun üzündən, qorxmadan bərk-bərk dedim ki, bəs səni Allah bu xalqa xilaskar göndərib. Ölüm, mənim bu cür hərəkətimə Heydər güldü nə güldü. Hə, dedim sənsən bu xalqın pənahı, sən bu xalqın böyüyü olmusan, olacaqsan da. Əllərini yuxarı qaldırıb dedi ki, yox, tay mənimki keçdi. Dedim ki, yox, keçib-eləməyib, vaxt gələcək sən olacaqsan Azərbaycanın böyüyü. O gün bir möcüzə idi"... Təsəvvür edirsinizmi adamın “möcüzəsini”?! İndi baxın ki, belə “möcüzəli” birinə ölkəni idarə edən adamlar necə sitayiş edirlər.
***
İndi isə İmamirə xanımın hansı məmuru niyə sevdiyinə dair suallara cavabına diqqət edək:
- Sən Ramiz Mehdiyevi nəyə görə sevirsən?
- Ona görə ki, o, Heydər Əliyev ideyalarını sevir. Bakı Dövlət Universitetində mənim qüvvəmi duydu və dağdağanımı qəbul etdi.
- Sən Murtuz Ələsgərovu nəyə görə sevirsən?
- Ona görə sevirəm ki, o, Azərbaycanda ilk dəfə mənim ilahi qüvvələrimi səmimi qəbul etdi.
- Sən Elşad Abdullayevi nəyə görə sevirsən?
- Ona görə sevirəm ki, o, Balaxanım ananın müqəddəs ruhunu ilahi qədər sevir və ruhu kəşf edir.
- Sən Səməd Seyidovu nəyə görə sevirsən?
- Səməd Seyidovu ona görə sevirəm ki, o dünyaya psixoloq kimi göz açıb.
- Sən Ramil Usubovu nəyə görə sevirsən?
- Ona görə sevirəm ki, o, polisləri çox sıxır.
- Sən Zakir Qaralovu nəyə görə sevirsən?
- Ona görə sevirəm ki, xeyirxah insanlara qarşı rəhmlidir, Qazaxa xeyirxah prokuror göndərib.
- Sən İlham Pirməmmədovu nəyə görə sevirsən?
- Ona görə ki, onun gözlərində Avey dağının, Damcılı bulağının nurunu və işığını görürəm.
- Sən Abel Məhərrəmovu nəyə görə sevirsən?
- Abel müəllimi ona görə sevirəm ki, o, universiteti yenidən yaratdı.
- Sən Kəmaləddin Heydərovu nəyə görə sevirsən?
- Ona görə ki, bir əli imkansızların üstündədir. Ona görə də ruzilidir.
- Sən Mübariz Qurbanlını nəyə görə sevirsən?
- Ona görə ki, onun harayına çatmışam.
- Sən Hacıbala Abutalıbovu nəyə görə sevirsən?
- Ona görə sevirəm ki, Heydər Əliyevin quruculuq işini davam etdirir, Bakını laləzara döndərib...
Daha sonra isə jurnalda İmamirənin müştəriləri qismində vitse-spiker Ziyafət Əsgərov, nəqliyyat naziri Ziya Məmmədov, ATU-nun rektoru Əhliman Əmiraslanov, baş prokuror Zakir Qaralov, deputat Rəbiyyət Aslanova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, daxili işlər naziri Ramil Usubov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, təhsil naziri Misir Mərdanov, deputatlar Ağacan Əbiyev, Səməd Seyidov və Fəttah Heydərovun fotoları yerləşdirilib. Fotoların üzərində isə onların xitabı kimi, “Bizim İmamirə xanımın ruhi qüvvəsinə dərin inamımız və hörmətimiz var və bu inamın bəhrəsini görmüşük”, ifadəsi yazılıb. Daha sonrakı səhifələrdə isə İmamirənin müştəriləri ilə birlikdə fotoları yer alır. Hesab edirik ki, 21-ci əsrdə yaşayan və ziyalı adını daşıyan, ölkəni idarə edən şəxslərin bir falçı haqqında düşüncələrini şərh etməyə heç lüzum da yoxdur. Oxucular özləri nəticə çıxarmaqda aciz deyillər. Sonda onu da qeyd edək ki, yazıda adı keçən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. Tofiq ƏHMƏDLİ 18577 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|