|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Hər gün dəfələrlə onların yanından ötüb-keçirik. Danışmadan, sorğu-sual etmədən, söhbətə tutmadan. Bəlkə bizlərdən biri olmadıqlarına, bəlkə də yad dünyalarda öz yad dillərində danışdıqlarına görə. Azərbaycanın qərib vətəndaşlarıdır onlar - yaşamları, ənənələri, yeyib-içdikləri ilə. Amma ayaqları bu torpaqlara dəyəndən bəri ortaq cəhətlərimiz də artıb. Artıq eyni torpaqlarda addımlayır, eyni rejimdə yaşayır, eyni gözəllikləri (çirkinlikləri) paylaşırıq. Bizim Azərbaycanımız onların da Azərbaycanı olub. Amma necə? “Yeni Müsavat” “Onunla Azərbaycan” rubrikasında sizləri hər dəfə bir əcnəbi ilə görüşdürür. Ölkəmizdə yaşayan, suyumuzu içib, havamızı udan əcnəbi vətəndaşlarla Azərbaycanın həm də “qeybətini qırırıq”. Axı maraqlıdır - onlar bu məmləkətdə yaşamağı niyə seçiblər? Nəyimizi sevib, nəyimizi sevmirlər? Onların gözündə bizlər necə görünürük? Suallar artır, fərqindəyəm... Siz darıxmadan, biz söhbətə keçək... Kanadalı müsahiblə demokratiyada çarələrin tükəndiyi... yerdəyik Yazını oxumağa başlamadan şəkillərə baxdınızsa, anladınız ki, budəfəki müsahibim nəhayət ki, bir qadındır. Özü də, taa uzaq Kanadadan təşrif buyurub ölkəmizə. Barb Biesselin 61 yaşı var, öz ölkəsində təqaüdə çıxıb. Burada Amerika-Azərbaycan ortaq şirkətində menecerlik edir, 6 aylıq müqavilə ilə bura gəlib, mart ayında müqaviləsinin müddəti bitir.
“Bakıda yardım briqadası görmədim” Məlum, Kanada deyən kimi çoxunun ağlına miqrantlara qucaq açan ölkə gəlir. Kanada savadlı mütəxəssislərə, təhsil almaq istəyən gənclərə ən sıcaq davranan ölkədir. Barb xanım deyir ki, bu mənada azərbaycanlılarla kanadalılar arasında ilk ortaq cəhəti tapmaq olar. Amma müsahibim hava şərtlərinə görə ölkənin iflic olmasına təəccüblənir. Deyir ki, məsələn, hava pis olduğu üçün bu gün işlədiyi şirkətdə cəmi iki nəfər işə gəlib: “Bu, iş etikasına uyğun deyil. Amma təbii şərtlər də insanlara görə düzəldilməlidir. Məsələn, asfaltın altında qızdırıcı borular olmalı, qışda, xüsusən də qar yağanda bunlar işə düşməlidir. Bu zaman nəqliyyatda problem olmaz”. “Bizdə yolda pivə içmək, kabab yemək olmaz, siqaret isə qızıl qiymətinədir” Barb xanım danışır ki, onun ölkəsində polislər Bakıdakından daha diqqətlidir. Məsələn, Kanada polisi yolda içki içilməsinə icazə vermir. Əgər polis yolda, parkda kimisə əlində pivə ilə tutsa, buna görə onu bir neçə maddə ilə cərimələyir. Bu, ictimai asayişi pozub, ətrafı çirkləndirmək, uşaqlara pis nümunə təşkil etmək kimi maddələr olur. Neyçün ki, orada bütün parklar ictimai obyekt hesab edilir: “Ona görə də parkda pivə içmək qadağandır. Hətta səyyar satışda kabab, bekon kimi yeyəcəklər də satılmır. Kanadalıların ürəyindən barbekyu (təxminən bizim kabab) keçirsə, bu, onu ancaq evinin arxa bağçasında edə bilər. Özü də müəyyən edilmiş saatlarda. Əks halda, bu, qonşuların ekoloji hüquqlarının pozulması cəzasına daxil ola bilər”.
“Burda qadınları işə ərləri aparıb-gətirir - bu, dəhşətdir” Dediyim kimi, Barb Biesselin 61 yaşı var, ölkəsində təqaüdə çıxıb. Ailəsi, övladları, nəvələri də orada qalıb. Amma həyatı daha çox öyrənmək adına, bir təsadüf nəticəsində bura menecerlik etməyə gəlib. Daha dəqiqi, 6 aylıq bir kurs üçün buradadır. Deyir, Bakıda daha çox öz həmyaşıdı, həmcinsi olan qadınlar onu təəccübləndirib: “Bakılı qadınlar yaşları 50-ni ötəndən sonra özlərini çox yaşlı hesab edirlər. Məsələn, mən burada öz yaşıdım olan qadınların şalvar, şortik geyindiyini görmədim. Millətin mental xüsusiyyətləri göstərir ki, qadın ailədə ikinci yeri tutur”. “Azərbaycanlı heç vaxt səhər tərəvəz yemir” Pes doğrusu, missis Biessel. Düzü, milli kişilərin centlmenliyinə bu cür don geyindiriləcəyi ağlıma gəlməzdi. Qadınlardan söz düşmüşkən, mətbəxə də baş vururuq və əksər əcnəbi qadınlar kimi kanadalı qonaq da deyir ki, Azərbaycan mətbəxinin həddən artıq yağlı, duzlu və şəkərli olmasından narazıdır: “Dünyada məlum olan bir düstur var - 3 ağdan - un, duz, şəkər - uzaq dayan, çünki bu, ağ ölümdür. Düzdür, bir az dramatikləşdirilmiş deyimdir, amma unlu, duzlu və şirin yeməklərin çoxluğu insanın həyatına son verə bilir bəzən. Tutaq ki, düyünü suda bişirib, sadə qarnir kimi yemək mümkündür. Amma sizdə düyünün içinə çoxlu yağ, başqa təamlar da qatırlar, yanına da əlavə ət verirlər. Bu, çox ağırdır. Mən tamamən ətsiz-yağsız menyunun əleyhinəyəm. Amma Azərbaycanda az qala gündə iki dəfə ətli yemək yeyirlər”.
Plovu bəyənmir, balqabaq şorbası təklif edir Düzü, vətənpərvərlik damarım qəfil cuşa gəlir və fast-food-un vətəninə yaxın bir ölkənin mətbəx fəlsəfəsinə etiraz edirəm. Deyirəm ki, məsələn, dünyaya hamburger, qızarmış kartof... kimi təamlar bəxş edən amerikanlar, kanadalılar hansı məntiqlə dəmə qoyulmuş plovu sevməyə bilər, ya da sevməməlidir? Missis Biessel deyir ki, mətbəx yaradıcılıq emalatxanasıdır, qəssabxana yox: “Siz yeməkdəki bütün ərzaqları öldürürsüz. O qədər bişirirsiz, o qədər qızardırsız ki, vitamini ölür. Tərəvəz yeməkləriniz az qala sıyığa bənzəyir. Bizsə mətbəxdə qazandan maksimum az istifadə edirik. Hər şey orqanik olsun istəyirik”. *** Söhbəti dəyişir və ölkələrimiz arasındakı bəzi yadda qalan fərqliliklərlə davam edirik. Kanadalı müsahibim Bakıda insanların çox nazik geyinməsinə təəccüblənir. Deyir, hava şərtlərinə baxmayaraq, bu günə qədər heç kimin əynində kombinizon görməyib: “Qadınlar bu havada belə dikdaban çəkmədən əl çəkmir. Kişilər isə yenə də dəst kostyum geyinir. Halbuki imic arxa planda qalmalıdır belə havada. Əsas sağlamlıqdır”. Sevinc TELMANQIZI 2985 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU |
| Yeni MÜSAVAT © 2008 |
|