 |
Gündəm
AZƏRBAYCANIN ƏN İRİ QAZ YATAĞI İFLİC OLDU 2012-02-08 Enerji sektorunda fövqəladə olay “bp Azerbaijan” “Şahdəniz” platformasında bütün proseslərin və 4 quyunun hamısında hasilatın texniki səbəblərdən avtomatik dayandığını açıqladı; Türkiyəyə və Gürcüstana qaz nəqli kəsildi
|
Azərbaycanın Xəzərdəki ən iri qaz yatağında dünən misli görünməmiş fövqəladə hal baş verib. “Trend” agentliyinin xəbərinə görə, “Şahdəniz” platformasında aparılan profilaktik tədbirlər zamanı tam açıqlanmayan texniki səbəblərdən platformanın işini dayandıran avtomatik sistem işə düşüb. Məlumatı agentliyə yatağın işlənməsinin texniki operatoru qismində çıxış edən “bp Azerbaijan” şirkətindən veriblər. Məlumatda deyilir ki, “Şahdəniz” platformasının elektrik enerjisi ilə təchizatı sistemində aparılan profilaktik tədbirlər zamanı platformanın dayandırılmasının avtomatik sistemi işə düşdüyündən bütün proseslər dayandırılıb. Şirkətdən bildirilib ki, dörd quyunun hamısında hasilat dayanıb. “Hazırda platformanın elektrik sistemi üzrə profilaktik işlər, eləcə də əməliyyat işlərinin bərpası üzrə işlər davam etdirilir. Bu gün (dünən-red.) axşam işlər başa çatdırıldıqdan sonra platformadakı istehsalat işləri əvvəlki rejimdə bərpa ediləcək” - deyə şirkətdən bildirilib. Açıqlamada o da deyilirdi ki, platformadakı işlər zamanı personalın və avadanlıqların təhlükəsizliyi tam təmin olunub. Qeyd edək ki, “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. “Şahdəniz” yatağı üzrə müqavilə 1996-cı il, iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, “Statoil” - 25,5%, NICO - 10%, “Total” - 10%, “LUKoil” - 10%, TPAO - 9%, ARDNŞ - 10%. Məlum olub ki, “Şahdəniz” yatağında yaranmış fövqəladə hal üzündən Azərbaycandan “Cənub dəhlizi” üzrə Türkiyə və Gürcüstana qaz nəqli kəsilib. Maraqlıdır ki, “Şahdəniz”də yaranmış problem barədə xəbəri ilk dəfə Türkiyə mənbələri, “CNN-Türk” kanalı yayıb. Həmin məlumatda deyilirdi ki, “Şahdəniz” platformasında yaranmış texniki problem üzündən Azərbaycan tərəfi Türkiyəyə qaz nəqlinin dayandığı barədə xəbərdarlıq edib. Daha sonra “Trend” agentliyi problemin nədən ibarət olduğu barədə xəbər yayıb. Azərbaycandan qaz nəqlinin kəsilməsi Türkiyədə narahatlıq yaradıb. Belə ki, hazırda Türkiyədə də havalar çox sərt keçir və İrandan bu ölkəyə qaz nəqli azaldılıb. Belə bir vaxtda “Şahdəniz” qazının kəsilməsi Türkiyədə qaz böhranının yarana biləcəyi barədə narahatlıqlara səbəb olub. Lakin Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin rəsmiləri əmin ediblər ki, böhran gözlənilmir. Çünki yanacaq kimi təbii qazdan istifadə edilən elektrik stansiyalarında alternativ yanacağa - mazuta keçiblər, əhaliyə və sənayeyə verilən qazın həcmində də heç bir azalma yoxdur. Daha sonra enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da Azərbaycanda yaranmış problemlə bağlı açıqlama verib və deyib ki, “Şahdəniz” qazının kəsilməsi ölkədə problem yaratmayıb. Qeyd edək ki, “Şahdəniz” yatağının birinci fazasından hasil olunan qazın əsas alıcıları Türkiyə və Gürcüstandır. Bu vaxta qədər yataqdan ildə 9 milyard kubmetrə qədər qaz hasil edilirdi. Gürcüstanın qaza olan tələbatının demək olar ki, hamısı “Şahdəniz” qazının hesabınadır. Bu baxımdan platformada yaranmış problemin Gürcüstanda da narahatlığa səbəb olduğuna şübhə yox idi. Qeyd edək ki, bu, Xəzərdəki neft-qaz platformalarında son illərdə baş verən ikinci ciddi insidentdir. 2008-ci il, sentyabrın 17-də “Azəri-Çıraq-Günəşli” yataqlarına daxil olan “Mərkəzi Azəri” platformasında baş vermiş güclü qaz sızması nəticəsində bp bu yataqda işləri dayandırmış və 200-dən çox işçini təcili evakuasiya etmişdi. İki gün sonra qaz sızması təhlükəsi ilə bağlı “Qərbi Azəri” platformasında da hasilat işləri dayandırılmışdı. İki quyuda hasilatın dayanması səbəbindən gündəlik neft hasilatı 500 min barelə qədər azalmışdı. bp şirkəti və Azərbaycan hökumətinin qurumları həmin qəza ilə bağlı o vaxt ictimaiyyətə ətraflı açıqlama verməsələr də sonradan hadisənin nə dərəcədə ciddi olduğu WikiLeaks saytı tərəfindən yayılan məxfi Amerika diplomatik teleqramlarından üzə çıxmışdı. ABŞ-ın Bakıdakı səfirliyi ilə bp şirkətinin rəhbərliyi arasında qapalı görüşlərdən hazırlanmış teleqramlardan məlum olurdu ki, qaz sızması kifayət qədər güclü olub və partlayış baş versə, Xəzərdə böyük ekoloji fəlakət yarana bilərmiş. Siyasət şöbəsi 7734 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|