 |
Gündəm
“RUSİYANIN SURİYANI HARAYADƏK QORUYACAĞI BƏLLİ DEYİL” 2012-02-09 Aida Bağırova: “Bu ölkəni itirmək Kreml üçün Yaxın Şərqi itirmək kimidir...”
|
Suriyada vəziyyət gərgin olaraq qalır. Qərb Dəməşq hakimiyyətini sanksiyalar, siyasi təzyiqlər vasitəsilə küncə sıxdığı bir vaxtda ölkə daxilində toqquşmalar davam edir. Ordu və təhlükəsizlik qüvvələri müxaliflərə qarşı sərt tədbirlər həyata keçirir, hər gün onlarla insan öldürülür. Eyni zamanda müxaliflərin “Azad Suriya Ordusu” adlandırılan silahlı qruplaşması hökumət qüvvələrinə qarşı hücumları intensivləşdirib. Belə bir vaxtda BMT-də Suriya əleyhinə qətnamənin qəbuluna mane olan Rusiya hökuməti hərəkətə keçib. İki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dəməşqə gedərək Bəşər Əsədlə görüşüb. Lavrov bildirib ki, görüş zamanı ölkədə güc tətbiqinin dayandırılması ilə bağlı razılıq əldə olunub. Ancaq bununla belə, qarşıdurmalar davam edir. Fevralın 7-də Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Suriyadakı səfirləri geri çağırıb. Qərara əsasən, KƏŞ-ə daxil olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman və Qətərin səfirləri Suriyanı dərhal tərk etməlidir. Həmin gün İspaniya, Fransa, İtaliya, Niderland dövlətlərinin də Suriyadakı səfirlərini məsləhətləşmək üçün geri çağırdığı bəyan edilib. Eyni zamanda ABŞ öz səfirliyini bağlayıb. Ancaq baş verənlərə baxmayaraq, Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini davam etdirir. Səfirlikdən APA-ya bildiriblər ki, diplomatik missiya fəaliyyətini adi rejimdə davam etdirir. O da bəlli olub ki, Suriyada 35-40 Azərbaycan vətəndaşı qalmaqdadır. Daha əvvəl onların sayı 100 olub. Xatırladaq ki, Suriyada etirazlar bir il əvvəl baş qaldırıb. Qərb ölkələri İranla yaxın müttəfiqlik münasibətlərinə malik Dəməşq hökumətinin devrilməsinə hər cür dəstək versə də, Bəşər Əsəd iqtidarı hələ ki duruş gətirir. Eyni zamanda Qərbin basqılarına rəğmən, Rusiya və Çin hökumətləri Əsədi müdafiə etməkdə davam edirlər. Yeri gəlmişkən, Rusiyanın Suriyanın Tartus şəhərində hərbi dəniz bazası və 600 nəfərlik hərbi kontingenti mövcuddur. Bu isə o deməkdir ki, Rusiya son ana qədər Əsədi müdafiə etməkdə israrlıdır. Amma nə zamanadək? Tarixçi-alim, Yaxın Şərq ölkələri üzrə mütəxəssis Aida Bağırovanın firkincə, Suriya Rusiya üçün Yaxın Şərqdə axırıncı dayaq nöqtəsidir və Suriyada hakimiyyət dəyişsə, Rusiyanın bu bölgədə müttəfiqi qalmayacaq. Bu baxımdan Moskva Əsədi itirmək istəmir: “Eyni zamanda Suriya rus silahının əsas alıcılarından biridir. Rusiya Suriyaya silah satışından böyük gəlir götürür. Moskva belə bir ölkəni itirmək istəmir. Digər tərəfdən, istər Liviya məsələsində, istərsə də ondan əvvəl Misirdə inqilab baş verəndə də Rusiya hazırlıqlı deyildi. İkinci tərəfdən, nə Misirlə, nə Liviya ilə Rusiyanın əlaqələri Suriya ilə olduğu kimi deyildi. Yəni Suriyanı itirmək Rusiya üçün Yaxın Şərq regionunu itirmək kimidir”. Suriyada bir çox maraqların toqquşduğunu deyən ekspertin sözlərinə görə, Qərbin özündə də Suriya ilə bağlı birmənalı qərar yoxdur. Bu uzlaşma isə müəyyən zaman alır: “Məsələn, hamı bilirdi ki, Misirdə ABŞ-ın mövqeyi çox güclüdür. Suriyada isə Avropa İttifaqı, xüsusən də Fransanın mövqeyi güclü olub. Yəni Suriya məsələsində ABŞ və Avropa İttifaqının mövqeləri uzlaşmalıdır. Bunun üçünsə müəyyən müddət lazım gəlir. Bu, o qədər də sadə məsələ deyil. Əsəddən sonra hansı qüvvələrin Suriyanı idarə edəcəyi, xarici siyasət və sair məsələsində razılaşma olmalıdır”. Suriya böhranının uzanmasının daha bir səbəbinin Suriyadakı milli və dini müxtəliflik, eləcə də Suriyanın Livan üzərindəki təsiri və İran faktoru ilə bağlı olduğu deyilir. A.Bağırovanın fikrincə, bu faktorlar Suriyada rejim dəyişikliyi məsələsinin uzanmasına səbəb olur: “Suriyada hakimiyyətdə ölkədə azlıq təşkil edən ələvi tayfasının nümayəndələridir. Ələvilik isə şiəliyin bir qoludur. Bu da faktdır ki, hakimiyyətdəki ələvilərin İranla sıx əlaqələri mövcuddur. Suriya ilə bağlı başqa bir həssas məqam Livan məsələsidir. Ənənəvi olaraq Livan Suriyanın təsir dairəsində olub. Əksər Livan hadisələrində Suriyanın bu və ya digər şəkildə iştirakı var. Əgər Suriyada balans pozulacaqsa, bu istər-istəməz Livana təsirini göstərəcək. Buna görə də Suriya məsələsinə kompleks yanaşan böyük dövlətlər bu məsələyə də diqqət yetirməyə məcburdurlar”. Müsahibimiz daha bir mühüm məqam kimi Suriyada iqtidarla ordu və iqtidarla xüsusi xidmət orqanları, eləcə də iqtidarla biznes strukturlarının çox sıx şəkildə biri-birinə bağlı olmasını görür: “Onların arasında qan bağlılığı, qohumluq əlaqələri var. Son vaxtlar sünnilərin də biznes strukturlarında mövqeləri güclənməyə başlamışdı. Ancaq ordu və xüsusi xidmət orqanlarında ələvilər əksəriyyət təşkil edirlər. Buna görə də Qərb qarşısında dayanan əsas məqsəd iqtidarla ordunu bir-birindən ayırmaq idi. Yəni hakimiyyəti devirmək üçün ordu iqtidarı dəstəkləməməli, ordu digər tərəfə yönlənməli idi. İndi Suriya ordusu daxilində bu parçalanma sezilir. Suriya ordusunda yüksək zabit heyəti iqtidara yaxın ələvilər olsa da, aşağı zabit heyəti daxilində sünnilər çoxluqdadırlar. İndi isə qopmalar başlayıb”. Həmsöhbətimizin sözlərinə görə, bütün bu faktorlar Suriya məsələsinin kompleks həllini, bu isə vaxt tələb edir. A.Bağırova Rusiyanın Əsədi nə zamana qədər müdafiə edə bilməsinin qeyri-müəyyən olduğunu deyir. Ekspertin qənaətincə, Rusiya hakimiyyətinin özünün ciddi problemləri var və seçkilərdən sonra vəziyyət dəyişə bilər: “Moskva Əsədi yola gətirməyə çalışacaq. Ancaq eyni zamanda Rusiyanın özündə də hazırda mürəkkəb proseslər gedir və biz hələ bilmirik ki, orda vəziyyət necə olacaq. Kreml hakimiyyətinin özündə də müəyyən güc olmalıdır ki, proseslərə təsir edə bilsin. Ona görə də indidən Rusiya haqqında qəti demək olmaz ki, hara qədər Dəməşqi müdafiə edəcək”. Və nəhayət İran faktoru. Müsahibimiz hesab edir ki, Suriya hakimiyyətinin İranla yaxın müttəfiq münasibətlərinə sahib olması, eləcə də bölgədə “şiə ayparası”nın yaranması ehtimalı məsələdə ərəb dövlətlərini Qərbə yaxınlaşdırır. Onun fikrincə, Suriya məsələsi həm də bütövlükdə bölgədə ciddi siyasi hadisələrin tərkib hissəsinə çevrilib: “Bildiyimiz kimi, hələ əvvəldən ərəb dövlətlərinin, xüsusən də körfəz ölkələri və Səudiyyə Ərəbistanının Suriya ilə münasibətləri yaxşı deyildi. Ərəb ölkələrində, xüsusən də Səudiyyə Ərəbistanında, eləcə də bölgədə marağı olan dövlətlərdə Yaxın Şərqdə yeni bir ”şiə ayparasının" yaranmasından yana narahatçılıq vardı. Ərəbistan hesab edirdi ki, onun sərhədlərində şiə dövlətləri xətti meydana gəlib. Bunu xəritəyə baxsaq, aydın görə bilərik. Bu, indi yox hələ ötən əsrdə meydana çıxmış bir plan idi. Buna görə də bölgədə sabitlik yaranmırdı. Mənim fikrimcə, hazırda İraqda yaşanan hakimiyyət böhranı, şiələrlə sünnilər arasındakı qarşıdurma, şiə baş nazirlə sünni vitse-prezident arasındakı gərginliyin bir səbəbi də xarici dövlətlərdə axtarılmalıdır. Xarici dövlətlərin İraqda bu və ya digər konfessiyanı dəstəkləməsi ölkədə daxili qarşıdurmanı daha da dərinləşdirir. Bu, həm seçkilər zamanı, həm də baş nazir seçkilərində açıq şəkildə göründü ki, bölgə gücləri öz adamlarını seçdirmək istəyirdilər". Aida xanım ərəb dövlətlərinin Suriyadan səfirlərini geri çəkməsini mühüm hadisə sayır: “Çünki hər nə qədər aralarında ziddiyyət olsa da, onlar bir qayda olaraq bir-biriləri arasında əlaqələri kəsməyiblər. Bu, həm də bir milli məsələdir. Ancaq artıq 6 ərəb dövləti Suriyadan öz səfirini geri çağırıb. Bu, ciddi siyasi qərarın olmasına işarədir. Eyni zamanda bugünlərdə Fələstində daxili siyasi qüvvələr arasında razılaşmanın əldə olunması də bölgə ilə bağlı ciddi beynəlxalq qərarın olmasına işarədir. ”Fəth" və “Həmas” təşkilatları son illərə qədər siyasi karyerasının başa çatdığı iddia olunan Mahmud Abbasın hökumət başçısı seçilməsi ilə bağlı razılığa gəliblər. Mahmud Abbas isə hər zaman danışıqlara meylli mötədil qanadın nümayəndəsi kimi tanınıb. Hiss olunur ki, Qərb 2003-cü ildə İraq məsələsində olduğu kimi, birtərəfli qərar verilməsini istəmir. Beynəlxalq birliyin Suriya ilə bağlı da ortaq mövqeyinin əldə olunmasına çalışır". KƏNAN 1121 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|