 |
Gündəm
RUSİYA KƏŞFİYYATININ GÜRCÜSTAN ÜZƏRİNDƏN ŞUŞA TƏXRİBATI 2012-02-09 Qonşu ölkənin informasiya saytı Qarabağın simvolunu erməni şəhəri kimi təqdim edən yazı verdi, “GeorgiaTimes”in arxasında Moskvanın dayandığı bildirilir
|
Azərbaycanın işğal altındakı qədim Şuşa şəhərini erməni yaşayış məskəni kimi təbliğ etmək üçün daha bir cəhd edilib. Bu dəfə zərbə o qədər də uzaqdan yox, Azərbaycanın qazı və nefti hesabına qızınan Gürcüstandan gəlib. Bu ölkənin Georgia times.info saytının əməkdaşı Şuşada olub və oradan tamamilə uydurma faktlardan, şəhərin keçmişini təhrif edən məlumatlardan ibarət, hazırda onu işğal altında saxlayan ermənilərin təbliğinə yönəlmiş yazı hazırlayıb. “Şuşa: Qarabağın simvolu, yoxsa xəyalət şəhəri?” başlıqlı yazıda deyilir ki, Dağlıq Qarabağda yerləşən Şuşa keçmiş Sovet İttifaqının ən bədbəxt şəhəri hesab edilə bilər. “Ötən əsrdə erməni-Azərbaycan münaqişəsi iki dəfə onu xarabalığa çevirib. Şuşa şübhəsiz ki, xəyalət şəhəridir və əgər erməni diasporunun köməyi olmasaydı bu gün şəhərdə həyat olmazdı. Məhz erməni diasporunun köməyi hesabına şəhərin xarabalıqları altından yeni binalar ucalır” deyə, yazı müəllifi Aleko Partsvaniya yazır. Müəllif sovet dövründə Şuşanın necə şəhər olduğu, sanatoriyaların fəaliyyət göstərdiyini və SSRİ-nin hər yerindən ora istirahətə gələnlərin olduğunu xatırladır. Daha sonra Qarabağ müharibəsi zamanı Şuşanın güclü dağıntılara məruz qaldığını qeyd edir və bunun günahını azərbaycanlıların üzərinə atır. “Orada yerləşən hərbi bazadan azərbaycanlılar Stepanakerti (Xankəndi-red.) müntəzəm atəş altında saxlayırdı, nəticədə yüzlərlə dinc sakin həlak olurdu. Yalnız 1992-ci il mayın 8-9-da Şuşa azad edildi” deyə, ermənilərin sifarişini yerinə yetirən gürcü jurnalist yazır. Bildirir ki, hazırda Şuşanın bərpası Qarabağ “hakimiyyətinin” əsas prioritet fəaliyyət istiqamətlərindən biridir. Məqalədə daha sonra aşağıdakı redaksiya qeydi yer alır: “Şuşa nə vaxtsa bütün Zaqafqaziyanın mədəni mərkəzi idi, orada teatrlar var idi, ziyalılar yaşayırdı. Lakin Şuşa həmişə erməni-azərbaycanlı münaqişəsinin mərkəzində olub. Şəhər həm erməni, həm Azərbaycan mədəniyyət mərkəzi idi. İlk qırğın 1920-ci ildə törədildi. O vaxtdan Şuşa öz əhəmiyyətini itirməyə başladı. Sovet dövründə qədim şəhər dağıntılar içərisində idi. Turistlər ora ona görə gəlirdilər ki, daş xarabalıqlara baxsınlar”. Gürcü jurnalist riyakarcasına yazır ki, bu gün Şuşa şəhərinin əhalisi həm onun köklü sakinlərindən, həm də erməni qaçqınlardan ibarətdir. Şəhərdə beş minə qədər adam yaşayır. “Xoşbəxtlikdən şəhər dirçəlir. Yavaş da olsa bu iş ardıcıl gedir. Tibb məntəqələri təmir edilir, məktəblər, mədəniyyət evləri tikilir, mərkəzi küçələr asfaltlaşdırılıb. Yeni otel binaları tikilib. Lakin şuşalıların fəxr etməli daha bir nailiyyəti var: şəhərin 90 faizi təbii qazla təmin olunur, şəhər tam işıqlandırılır, doğrudur, su problemi hələ tam həll edilməyib” deyə, o yazır. Bəs pullar hardandır? Gürcü jurnalist qeyd edir ki, şəhərin bərpası üçün pulları erməni diasporu verir. Diasporun dəstəyi ilə şəhərə iri investisiyalar qoyulur. Məsələn, ABŞ-ın Los-Angeles ştatından gələn ermənilər Aykuş Kleqeydi, Alek Bağdasaryan, Nika Kanyan və Şeyla Papayants 2010-cu ildə şəhərdəki köhnə mehmanxananı alıblar, onu təmir ediblər və yerində “Avan Şuşi Plaza” adlı hotel açıblar. O, indi ən dəbdəbəli oteldir. Amerikadan gələn ermənilər şəhərdə digər obyektləri də bərpa edirlər. Məqalədə daha sonra “Şuşanın Qarabağın simvolu olduğu” qeyd edilir, bildirilir ki, bəzi məlumatlara görə, Dağlıq Qarabağdakı separatçı erməni rejimi bəzi “nazirlikləri” Şuşaya köçürməyə hazırlaşır. Müəllif Şuşanı erməni şəhəri kimi təqdim etmək üçün səylərini davam etdirir və onun xarici turistlər üçün cəlbedici yer olduğunu göstərir. Maraqlıdır ki, Georgia times.info saytının kimə məxsus olduğu və redaksiya heyəti barədə saytda heç bir məlumat yerləşdirilməyib. Gürcüstanda “Georgian Times” adlı qəzet və eyni adlı media-holdinq fəaliyyət göstərsə də sonradan holdinqin rəhbəri Malxas Qulaşvilinin Saakaşvili hakimiyyəti ilə problemləri yarandı. Onu Gürcüstan hakimiyyəti Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və dövlət çevrilişi cəhdində əli olmaqda təqsirləndirirdi. M.Qulaşvilinin Rusiya hakim elitasında, eləcə də Azərbaycan hakimiyyətində yaxşı əlaqələri var. Bununla belə, georgiatimes.info saytının ona məxsus olub-olmadığını dəqiqləşdirmək mümkün olmayıb. Saytda gedən materiallara nəzər saldıqda isə əsas xəttin Saakaşvili hakimiyyətinin tənqidinə, anti-Amerika təbliğatına xidmət etdiyini görmək olar. Məsələn, saytda “Rusiyadakı cavax erməniləri diasporunun müraciəti” yer alıb. Həmçinin “Eurovision” mahnı yarışmasının boykotuna çağırılıb. Vesti.az saytının əməkdaşı Şuşanı erməni şəhəri kimi tanıdan Georgia times.info saytının arxasında kimlərin dayandığını öyrənə bilmək üçün Gürcüstandakı həmkarları və politoloqlarla əlaqə saxlayıb. “Bu sayta əhəmiyyət verməyin. O, Rusiya xüsusi xidmət orqanları tərəfindən 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstanı nüfuzdan salmaq üçün yaradılıb” deyə, oradan bildiriblər. Qeyd edək ki, saytda həm də “Qarabağda qış” rubrikası altında Şuşadan çəkilmiş şəkillər yerləşdirilib. (Həmin şəkillərdən bir neçəsini şərhsiz təqdim edirik.-red.) Beləliklə, arxasında rus kəşfiyyatının dayandığı deyilən saytın həm də Qarabağda erməni separatizminə bu cür təbliğat dəstəyi verməsi Moskvanın Qafqaz siyasətinin konturları barədə bir daha düşünməyə əsas verir. Bu siyasət separatçılığı qızışdırmaq və dəstəkləmək, regiondakı münaqişələri nəzarət altında saxlayaraq onların nizamlanmasına imkan verməmək, lazım olduqda 2008-ci ilin avqustunda olduğu kimi bu münaqişələrdən istifadə edib Qafqazda güc nümayişi həyata keçirmək kimi prinsiplər üzərində qurulub. F.MƏMMƏDOV 5360 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|