22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ƏCNƏBİ ORDULARDAKI ZƏRİF “ÖLÜM MƏLƏKLƏRİ”

2012-02-10

Hərb tarixinin qadın qəhrəmanları; müasir ordularda xidmət keçən qadın hərbçilər haqda nələri bilmirik?

Bugünlərdə İran dövlət televiziyası olan Press TV İran ordusunun qadınlardan ibarət xüsusi təyinatlı hissələrinin hazırlandığına dair məlumat açıqladı. Nidza məktəbinin rəhbəri Fatma Məhəmməd İranın hücuma məruz qalacağı halda qadın nidza ordusunun da hərəkətə keçəcəyini bildirdi.

1989-cu ildə Tehranda qurulan nidza məktəbində bu günə qədər 3500 iranlı qadının nidzaların döyüş texnikaları ilə hazırlandığı bildirildi.
Xatırladaq ki, İran əvvəllər də hərbi əməliyyatlarda qadınlardan istifadə edib. Çoxillik İran-İraq müharibəsi zamanı İran ordusu sıralarında yüzlərlə qadın vuruşub. İranın bir nömrəli düşmənləri hesab etdikləri İsrail və ABŞ ordularında minlərlə qadın xidmət edir.

Qadınların döyüşlərdə iştirakının 4 min illik tarixi

Dünya hərb tarixində az da olsa qadın sərkərdə və parlaq hərbçilərə rast gəlmək mümkündür. Tarixçilər qadınların döyüşlərdə iştirakının 4 min illik tarixi olduğunu bildirirlər.
Azərbaycanın ən məşhur qadın sərkərdəsi Tomrisdir. Massaget çarlığının qadın hökmdarı olan Tomris Əhəməni hökmdarı Kirə qalıb gəlib. Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində yazılana görə, massagetlərlə farslar arasında eramızdan əvvəl 529- cu ildə müharibə zamanı Tomris fars hökmdarı Kiri məğlub edib.
İngiltərə ordusunda qədim zamanlardan qadınlar xidmət edib. Zaman-zaman İngiltərə tacını qadınlar daşıdığından ingilis ordularının komandanları da xanımlar olub. Eramızın 62-ci ilində Kraliça Boudikka ingilis ordusunun başında romalılara qarşı vuruşub. İngiltərə tarixinin ən məşhur qadın sərkərdəsi kraliça Boudikka hesab olunur. Kraliça Boudikka eramızın 62-ci ilində İngiltərəni işğal edən romalılara qarşı qəhrəmanlıqla mübarizə aparıb. Onun həyat yoldaşı Britaniya adasının ən önəmli əyalətindən birinin böyüyü idi. Yoldaşının vəfatından sonra romalılar ölkəni dağıtmağa çalışdılar. Buna qarşı duran və bütün əyalətləri birləşdirən Boudikka dirəniş simvoluna çevrildi.
Avropanın ən məşhur qadın sərkərdələrindən biri də fransız Janna d’Arkdır. 1412-ci il yanvarın 6-da kiçik Domeremi kəndində anadan olan Janna Fransanın xilaskarı ola bilib. Fransa və İngiltərə arasında baş verən yüzillik müharibənin qəhrəmanı olan Janna d’Ark Orleanı ingilis işğalından xilas edir. 1427-ci ildə Janna d’ Arkın təkidi ilə Karl de Pontieu Fransa taxt-tacını rəsmən qəbul edir. Janna d ‘Ark 1430-cu ildə ingilislərə əsr düşür. Raunda kilsə məhkəməsinin hökmü ilə tonqalda yandırılır.

Rus ordusu və Şərqin ilk hərbi təyyarəçi xanımları

Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra azərbaycanlılar hərbi xidmətə aparılmayıb. Lakin Çar Rusiyası ordusunda əsasən zadəgan silkinə mənsub olan azərbaycanlılar zabit qismində xidmət ediblər. Onların arasında Balakişi Ərəblinski, Səmədbəy Mehmandarov, Əliaga Şıxlınski kimi görkəmli sərkərdələr də var. Çar ordusunda qadınlar əsasən tibbi sanitar hissələrdə xidmət edib. Belə hərbi hospitalların birinin rəisi Əliaga Şıxlinskinin həyat yoldaşı Nigar xanım olub. Nigar xanım Birinci Dünya müharibəsi zamanı zabit arvadlarının çalışdığı “Qırmızı xaç” hospitalına rəhbərlik edib. Azərbaycanlı qadınlar hərbi xidmətə əsasən İkinci Dünya müharibəsi zamanı cəlb edilib. İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarına 1 milyondan çox qadın cəlb edilib. Qadınlar səhiyyə hissələri ilə yanaşı tank birliklərində, snayper bölüklərində və Hərbi Hava Qüvvələrində xidmət edib. Bu müharibədə 30 min nəfər azərbaycanlı qadın iştirak edib. Bu qadınların bir hissəsi birbaşa döyüş iştirakçısı olub.
Moskvanın müdafiəsi zamanı snayper Ziba Qəniyeva xüsusilə fərqlənib. Müsəlman şərqinin ilk qadın hərbi təyyarəçiləri də azərbaycanlı xanımlar olub. Züleyxa Seyidməmmədova, Leyla Məmmədbəyova, Sona Nuriyeva İkinci Dünya müharibəsində hərbi təyyarəçi kimi döyüşlərə qatılıblar. Züleyxa Seyidəhmədova qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib. Müharibə dövründə 23 qadın pilot Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
SSRİ dağıldıqdan sonra Rusiya ordusunda qadınlar xidmətlərini davam etdirir. Amma Rusiya hökuməti qadın hərbçilərin sayı barədə məlumat vermir. Çeçen müharibəsi zamanı rus ordusu sıralarında qadınların döyüşdüyü bildirilir. Qadınlar əsasən tibbi hissələrdə, snayper birliklərində xidmət edirlər. Çeçen mənbələrinin verdiyi məlumata görə, xüsusi təyinatlı birliklərdə də qadınlara rast gəlinib.

Azərbaycan ordusu

Azərbaycan müstəqillik əldə etdiyi ilk günlərdən Ermənistanın təcavüzünə məruz qalıb. Qarabağda döyüşlərin ilkin mərhələsində müharibənin ağırlığı özünümüdafiə dəstələrinin çiyninə düşüb. Özünümüdafiə dəstələrinin tərkibində kişilərlə bərabər qadınlar da vuruşub. 1992-ci ildə Azərbaycanın qadın taboru da yaradıldı. Qarabağ müharibəsi dönəmində onlarla döyüşçü qadın həlak olub.
Hazırda Azərbaycan Silahlı Qüvvələrində qadınlar xidmət etsə də, qadınlardan ibarət hissələr mövcud deyil. Azərbaycan qanunvericiliyində qadınların döyüş xəttində xidmətinə qadağa qoyulmayıb. Lakin hazırda düşmənlə birbaşa təmas xəttində qadınlar xidmət etmir. Azərbaycan ordusunda qadınlar əsasən arxa cəbhədə yerləşən hərbi hissələrdə xidmət edirlər.

Erməni ordusunda da qadınların sayı artır

Ermənistan ordusunun sıralarında da qadınların sayının artmaqda olduğu bildirilsə də, konkret say açıqlanmır. Ermənistan mətbuatı bu barədə son açıqlamanı ötən ilin sentyabrında verib.
Düşmən ölkənin ordusunda qadınlardan ibarət snayper manqaları var. Erməni mütəxəssisləri hesab edir ki, orduda elə vəzifələr var ki, qadın hərbçilərin işi kişi hərbçilərdən effektli olur.

Atatürkün mənəvi qızı

Tarixin bütün dönəmlərində imperiyalar qurmuş, böyük hərbi zəfərlərə nail olmuş türk millətinin ordularında xanımlar da xidmət edib. Qədim zamanlardan bəri Altaylardan Avropaya axın etmiş türk birliklərində kişilərlə bərabər qadınlar da vuruşub. Türklər islamı qəbul etdikdən sonra uzun əsrlər boyu qadınları orduya qəbul etməyiblər. Osmanlı imperiyası yalnız Balkan müharibəsi dövründən başlayaraq qadınların hərbi xidmət keçmələrinə icazə verib. Birinci Dünya müharibəsi zamanı qadınlar tibbi hissələrdə xidmət ediblər. İstiqlal savaşı zamanı kişilərlə bərabər qadınlar da düşmənə qarşı fədakarcasına vuruşub. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra da qadınların orduda xidmət etməsinə icazə verilib. Atatürkün mənəvi qızı Səbihə Gökçən Türkiyənin ilk qadın hərbi təyyarəçisi olub. Səbihə Gokçən dünya tarixinə adını yazdıran 20 aviatordan biridir.
Hazırda Türkiyə Silahlı Qüvvələrində də qadınlar xidmət edir. Hərbi məktəblərə qız müdavimlər qəbul edilir. Lakin Türkiyə ordusunda ayrıca qadın birlikləri yoxdur. Burda da qadınlar kişilərlə birlikdə bütün növdən olan qoşun birliklərində xidmət edirlər. 
Türkiyə ordusunun dünyanın bir sıra qaynar nöqtələrində apardığı döyüşlərdə və terrorla mücadilədə qadınların birbaşa döyüş əməliyyatlarında iştirak etmələri barədə məlumatlara rast gəlinmir. Türkiyə Silahlı Qüvvələri də orduda xidmət edən qadınların sayı barədə məlumat vermir.

Super ordunun 14 faizi qadınlardan ibarətdir

Dünyanın ən qüdrətli ordusu sayılan ABŞ ordusunun 14 faizə qədəri qadınlardan ibarətdir. Hazırda ABŞ ordusunda 200 mindən çox qadının xidmət etdiyi bildirilir. ABŞ ordusunun ilk qadın hərbçisi Sarah Rozzeta hesab olunur. Vətəndaş müharibəsi zamanı Sarah Rozzeta özünü kişi kimi təqdim edərək Vakmen adı ilə Şimal Ştatlarının ordusunda ön cəbhədə xidmət edib.
ABŞ ordusuna qadınlar kütləvi halda İkinci Dünya müharibəsi zamanı cəlb edilib. Qadınlar əsasən tibb hissələrində xidmət keçiblər. Vyetnam müharibəsi zamanı isə qadınlar daha çox hərbi pilot qismində döyüş əməliyyatlarında iştirak edib.
ABŞ 2003-cü ildə İraq müharibəsi zamanı da qadın əsgərlərdən yararlanıb. O zaman qadın hərbçi Cessika Lyunch iraqlılar tərəfindən əsr alınmışdı. ABŞ-ın Əfqanıstandakı hərbi birliklərində də qadın əsgərlər xidmət edir. ABŞ ordu komandanlığının əmrinə əsasən Əfqanıstanda xidmət edən qadın əsgərlər baş örtüsü taxırlar. Hazırda ABŞ ordusunun bütün hərbi birləşmələrində qadınlara rast gəlmək mümkündür.

Almaniya mühafizəkarlıq göstərir

NATO-ya daxil olan ölkələrin demək olar ki, hamısında qadın hərbçilər xidmət edir. Yalnız Almaniya bu sahədə mühafizəkarlıq göstərir. Hərbi ekspertlər bunu Hitler Almaniyası dövründə qadınlardan orduda daha çox istifadə edilməsi ilə əlaqələndirirlər.

Qadınların məcburi hərbi xidmət keçdiyi ölkə -İsrail

Qadınların məcburi hərbi mükəlləfiyyət daşıdığı yeganə ölkə İsraildir. İsraildə 18 yaşına çatan hər bir qız 21 aylıq hərbi xidmətə çağırılır. İsrail ordusunda qadınlar, qarşıdurmalara qatılmamaq şərti ilə döyüş bölgələrində vəzifə yerinə yetirir. Qadınlar kişilərlə eyni qərargahda təhsil alır, eyni şərtlərdə yaşayır, eyni keşiyi tutur. Sərhəd bölgələri xaric bir çox qadın əsgər, vəzifələrinə görə axşamları, ya da həftə sonları silahları ilə birlikdə evlərinə gedə bilirlər. 1994-cü ilə qədər qadınların Hərbi Hava Qüvvələrində xidmət keçməsi yasaq edilmişdi. Birbaşa hərbi əməliyyatlarda İsrailin qadın əsgərlərinin iştirakı qeydə alınmayıb.

Partizanlar, cangüdənlər və terror təşkilatları

Qadınlar əsasən düşmən arxasında partizan dəstələrində daha çox xidmət edib. Sovet-Fin müharibəsi zamanı fin qadınları sovet ordusuna ciddi zərbələr endirib. İkinci Dünya müharibəsi dövründə sovet partizan dəstələrində minlərlə qadın vuruşub. Həmin dövrdə həm sovetlərə, həm də almanlara qarşı vuruşan Ukrayna millətçilərindən ibarət partizan dəstələrində də qadınların fədakarlıq etdiyi bildirilir.
Qadınlar yalnız orduya yox, həm də mühafizə işinə cəlb edilib. Keçmiş Liviya diktatoru Müammar Qəzzafinin 2 min özəl qadın mühafizəçisi olub. Diktator devrildikdən sonra qadın əsgərlər Qəzzafi və oğlanları tərəfindən təcavüzə məruz qaldıqlarını bildiriblər.
Son olaraq terror təşkilatlarında olan xanımlar barədə. İrlandiya Azadlıq Ordusunda, İspaniyada baskların millətçi terror təşkilatlarında, “əl-Qaidə”, Şimali Qafqazda olan mücahid dəstələri və digərləri qadınların xidmətlərindən istifadə edir. Dünyanın ən qanlı terror təşkilatı olan PKK sıralarında isə 5 mindən artıq qadının olduğu bildirilir.
Hərbi ekspertlər Azərbaycan ordusunda qadın birliklərinin olmamasının səbəbini ilk növbədə təbliğatın və qayğının zəif olması, daha sonra isə mentalitet məsələsi ilə izah edirlər.
Ermənistanla cəbhə xəttində kəskin atıcı erməni qadın əsgərlərin keşik çəkdiyini deyən Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycan ordusunda xanımlar əsasən humanitar sahələrdə yer alırlar: “Əcnəbi dövlətlərin ordularında qadına da əsgər kimi baxırlar. Azərbaycanda qadınların bu sahəyə marağının az olması həm də onların təminatının olmaması ilə bağlıdır”.

Leyla İLQAR

2731 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008