22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

AĞLAYAN SİYASƏTÇİLƏR

2012-02-10

Prezidentlər, nazirlər, deputatların ağlaması timsahın göz yaşıdır, yoxsa...?
Pənah Hüseyn siyasətçi göz yaşını süni, Sərdar Cəlaloğlu isə ağlamayanları qəddar adlandırır

“Ağlamaq gözəldir, süzülürkən yaşlar gözündən, sakın utanma...” deyə, oxuyur Sezen Aksu. Göz yaşları, ağlamaqla bağlı bəlkə də bu günə qədər eşitdiyimiz ən realist, emosional sözlər. Amma sanki Sezenə inad olsun deyə, Nilufər də bir başqa cür təsvir edir bu durumu. Deyir, “erkəklər ağlamaz, sevgilim, sil göz yaşını...” İndi gəl baş çıxar görüm, bu xanımlardan hansı daha obyektivdir?

Mövzumuz göz yaşlarının xeyri deyil. “Kişilər daha çox ağlamalıdır, ya qadınlar” deyib, müzakirə açmaq fikrimiz də yoxdur. Biz bu dəfə siyasətçilərin göz yaşlarını, necə deyərlər, gündəmə gətirəcəyik. Daim güclü, məğrur, sınmaz... görünən, ən azı görünməyə çalışan bu təbəqənin biixtiyar (bəzən düşünülmüş, planlaşdırılmış) şəkildə gözlərindən süzülən yaşlardan danışacağıq. Siyasətçi ağlamalıdırmı? Ya da hansı hallarda ağlaması xeyrinə, ya ziyanınadır? Dünyanın ünlü siyasətçilərinin “ağlar gözlərlə” çəkilən fotolarının müşayiəti ilə bu şaxtalı qış günündə bir az emosiyaları dilə gətirmək istəyirik.

Kişilər orta yaşı keçəndən sonra niyə ağlağan olur?

Birinci və ən önəmlisi. İnsanlar niyə ağlayır? Həkimlər bunun izahatını necə verir? İnsanın ilk göz yaşı dünyaya gəldiyi dəqiqədə gözündən axır, məlum. Bunun da səbəbi qarnı ac, özü narahat olan körpənin buna yeganə etiraz formasının olmasıdır. Psixologiya üzrə professor Randy Cornelius göz yaşları ilə bağlı elmi iş yazıb. Professorun dediklərinə görə, ağlamaq bizim digər insanlara müdafiəsiz olduğumuzu göstərmənin tək yoludur. Qadınlar hislərini daha asan paylaşdıqları səbəbindən ağlamaq onlar üçün həm də bir güvən əlamətidir.
Ağlamağın digər bir səbəbi də prolaktin hormonudur. Bu hormon qadınlarda daha fəaldır. O hormonlar zərif cinsin nümayəndələrində yeniyetməlik, hamiləlik, uşaq əmizdirərkən və stres altındaykən daha aktiv olur. Kişilərlə müqayisədə qadınlarda prolaktin 60 faiz daha artıqdır. Beləliklə, qadınlar ildə orta hesabla 64, kişilər isə cəmi 17 dəfə ağlayır.
Daha bir araşdırmanın nəticəsi isə göstərir ki, qadınlar orta yaşı geridə qoyarkən daha az ağlayıb, daha çox hirslənməyə başlayır. Bunun da səbəbi qadın hormonlarının azalıb, kişi hornonları olan testosteronun onu əvəzləməsidir. Kişilərdə isə bunun tam əksi baş verir: testosteron səviyyəsi aşağı düşərkən, dişi cinsə məxsus hormonlar dövriyyəyə girir. Və kişilər orta yaşı keçəndən sonra daha çox ağlamağa başlayır.

Klinton xanımına xəyanət etdiyi üçün ağlayıb, Putin isə lətifə danışarkən...

Bəs yaxşı, siyasətçilərin ağlaması sıradan kişilərin ağlamasından nə ilə fərqlənir? Bu, bir imic qayğısıdır - mən də sizlərdən biriyəm, məni bu qədər incitməyin yalvarışı- yoxsa çarəsizliyin son həddi?
Maço-siyasətçilərin daim özünü tox tutmasına dünya ictimaiyyəti illərdir öyrəşmişdi. Amma son illər bu sehr pozulub. İndi siyasətçilərin əlindən az qala dəsmal düşmür. Sonuncu dəfə hələ cavanlığından qorxmazlığı ilə seçilən İran prezidenti Mahmud Əhmədinejat ağlayandan sonra müzakirələr daha da intensivləşdi. Xatırladaq ki, 1979-cu il inqilabının ildönümü ilə bağlı keçirilən tədbirə qatılan Əhmədinejad Xomeyninin məzarını ziyarət edərkən ağlayıb. Amma sən demə, o da bu sahədə tək deyilmiş.

Dünyanın lider ölkəsi sayılan Amerikanın prezidenti Barak Obama öz göz yaşları ilə zaman-zaman xalqından “xal” qopara bilib. Onun Arizonadakı anma nitqində tökdüyü göz yaşı, cibindən çıxardığı dəsmalla gözünü silməsi heç kimin yadından çıxmayıb. Xalqını birliyə çağıran prezident bu sözləri doluxsunaraq dediyi üçün xeyli reytinq də qazanmışdı.
Eyni kövrəkliyi keçmiş prezident Corc Buş, habelə Bill Klinton da nümayiş etdirib. Bill Klinton həyat yoldaşına xəyanət etdiyini publika qarşısında etiraf edərkən göz yaşlarını saxlaya bilməmişdi. Və amerikanların həmin vaxt ona simpatiyasının başında məhz bu faktor dayanırdı.

Rusiyanın baş naziri Vladimir Putin isə rus kişilərinə xas buz ədası ilə yada düşür. Rusiya xalqı onu çox nadir hallarda ağlayan görüb. Cəmi bir dəfə - Polşa prezidentinin təyyarə qəzasından danışan zaman onun gözləri xəfif dolub və tez özünü tox tutub. Amma Putin bir dəfə jurnalistlərlə görüşdə Brejnevlə bağlı lətifə danışarkən gülməkdən ağlayıb. Rusiya mətbuatı onun haqqında belə yazır: “Onun da göz yaşları varmış, amma güləndə üzə çıxır”.

Ən ağlağan siyasətçilər Türkiyədədir

Dünyanın ən ağlağan siyasətçiləri qonşuluğumuzdadır - Türkiyədə. Orada baş nazirdən tutmuş, ayrı-ayrı nazirlərə qədər, tez-tez ekranda göz yaşları sel olur. Bu sahədə rekordmen isə baş nazir Rəcəb Teyyub Ədoğanla nazir Bülənt Arıncdır. Türkiyə xalqı son olaraq baş nazirin anası Tənzilə Ərdoğanın məzarı başında necə ağladığına şahidlik edib. Amma Ərdoğan zaman-zaman şeir söyləyərkən, ya da Əhməd Kayanın mahnılarına qulaq asarkən göz yaşı tökdüyünü etiraf edib. Bunu sənətçi Yavuz Bingöl onunla görüşəndən sonra jurnalistlərə açıqlayıb.

Hətta bir dəfə baş nazir ATV telekanalında canlı yayınlanan “Başbakan ile Özel” adlı proqrama qatılan Ərdoğan öz səsi ilə verilən bir şeirin səsləndirildiyi dəqiqələrdə göz yaşlarını saxlaya bilməyib. Ərdoğanı ağladan isə şair Ərdəm Bəyazitin “Sana bana vatanıma ve ülkemin insanlarına dair” şeirinə çəkilmiş klip olub. Klipdə baş nazirin səsindən verilən “Kadınlar bilirim ülkeme ait, Yürekleri Akdeniz gibi geniş, soluğu Afrika gibi sıcak, Göğüsleri Çukurova gibi münbit, Dağ gibi otururlar evlerinde, Limanlar gemileri nasıl beklerse, Öyle beklerler erkeklerini...” misraları onun özünü belə ağladıb. Hisslərini gizlədə bilməyən Ərdoğan göz yaşlarını salfetlə silib. Proqramın sonunda isə o, çox sevdiyi “Beraber yürüdük biz bu yollarda” mahnısını oxuyub.

Türkiyə müxalifəti Ərdoğanın və Arıncın tez-tez ağlamasına lağ edir, hətta bunu “duyğu sömürüsü” adlandırır. Yəni bu fakt müxalifətin əlinə silah kimi verilib.

Siyasətçilərin göz yaşları - foto sərgidə...

Çexiyalı fotoqraf İrji David isə 2002-ci ildə maraqlı bir sərgi açıb. Bu sərgidə o, ağlayan siyasətçilərin fotolarını nümayiş etdirib. Fotoqrafın dediyinə görə, adi həyatda kişinin ağlaması zəiflikdirsə, siyasətçinin ekranda ağlaması onun üstünlüyü, piarıdır. Onun sərgisində Vladimir Purinin, Toni Bleyrin, Ariel Şaronun, Jak Şirakın ağlar fotoları yer almışdı. Hətta “No Compassion” adlı bu sərgiyə gələnlər ağlayan siyasətçiləri görəndən sonra özləri də göz yaşlarını saxlaya bilmir.

Əbülfəz Elçibəy də ağlayıb, Heydər Əliyev də...

Bəs Azərbaycan siyasətçiləri bu məsələdə necədir? Publika onlardan hansının göz yaşını görüb, kimin hisslərinə şahidlik edib?
Başlayaq prezidentlərdən. Deyilənə görə, mərhum prezident Əbülfəz Elçibəy emosional şəxs olub. Məclislərdə, dost çevrəsində şeir söyləyən, mahnıları müşayiət edən prezident göz yaşlarına hakim ola bilməyib. Amma onu geniş ictimaiyyət qarşısında ağlayan görən olmayıb.
Digər mərhum prezident Heydər Əliyevi isə xalq ağlayan görüb. H.Əliyev barəsində hazırlanan avtoportret verilişdə “Küçələrə su səpmişəm” mahnısını zümzümə edərkən göz yaşlarına hakim ola bilməyib.
Ağlamaq deyəndə “Vəhdət” sədri Tahir Kərimlini də yaddan çıxarmaq olmaz. Sonuncunun parlament kürsüsündə emosional çıxışlarının ardınca tökdüyü göz yaşları çoxunun yadından çıxmayıb.

Pənah Hüseyn: “Siyasətçinin ağlaması süni ifadə kimi görünür”

Bəs göz yaşlarını xalqdan gizlədən siyasətçilər bu mövzuda nə düşünür? Bu, bir taktikadır, yoxsa...? Ümumiyyətlə, siyasətçi xalq qarşısında ağlamalıdırmı?
Keçmiş baş nazir, millət vəkili Pənah Hüseyn ağlayıb-ağlamamaqla bağlı heç kimə tövsiyə verə bilməyəcəyini söyləyib. Onun dediyinə görə, göz yaşları sevincdən də yarana bilər, kədərdən də: “Bu məsələdə tövsiyə vermək, ya da qadağa qoymaq olmaz ki, ağla, ya da ağlama. Mənə siyasətçinin ağlaması qəribə gəlir, süni ifadə kimi görünür. Olur ki, böyük aktyorlar rolda ağlayır. Hansısa siyasətçi rolda ağlaya bilər. Bu, məndə müsbət assosiasiya yaratmır”.
Müsahibimiz “sonuncu dəfə nə vaxt ağlamısız” sualına isə cavab verməkdən imtina etdi. Dedi, bu, özəl sualdır və bunu açıqlamağı sevmir.

Sərdar Cəlaloğlu: “Ancaq diktatorlar, qəddarlar ağlamaqdan çəkinir”

ADP sədri Sərdar Cəlaloğlu isə bu məsələdə Pənah bəydən fərqli düşünür. Onun fikrincə, dünyanın ən böyük siyasətçiləri, bəşər tarixində, demokrat kimi tanınan bütün liderlər çox mühüm hadisələrdə, böyük faciələr zamanı ağlayıblar. Müsahibimiz dedi ki, ancaq diktatorlar, qəddarlar bundan çəkinib. Çünki ağlayarsa, xalqın ondan qorxmayacağını, onu saya salmayacağından əndişə keçirib: “Səddam Hüseynin, Bəşər Əsədin, Qəddafinin, Stalinin ağladığını heç kim görməyib. Dediyim kimi, bu, bir taktika olub. Digər tərəfdən isə onlar özləri o qədər qəddar əməllər törədib ki, faciə onlar üçün gülməli görünüb. Özləri milyonlarla ailəni başsız qoyublarsa, hansısa zəlzələdə, təbii fəlakətdə ölən insanlar onları niyə ağlatsın ki? Ağlamağın özü liderin avtoritar, liberal olub-olmamasını ifadə edir həm də”.
Müsahibimiz dedi ki, vaxtilə qızı Karl Marksa 12 sual verib. O suallardan biri də “hansı keyfiyyətlər insanlarda var, amma sizdə yoxdur” imiş: “O da cavab verib ki, ”insanam, insanlığa xas heç nə mənə yad deyil". Mən də düşünürəm ki, o liderlər ki, insanlıqdan qopur, onlar ağlamır, gülmür, utanmırlar. Körpə uşaqlar öldürüləndən sonra necə ağlamayasan? İnsan kimi sevinməyən, ağlamayan canavar kimidir, hakimiyyətə gələndə xalqa faciələr gətirirlər. Bütün diktatorlar belə olub".
Konkret özünün ağlamasına, göz yaşlarına gəlincə, S.Cəlaloğlu dedi ki, Xocalı ilə bağlı kadrları hər dəfə görəndə göz yaşlarını saxlaya bilmir. Sonuncu dəfə isə anası rəhmətə gedəndə ağlayıb: “ Emosional siyasətçi deyiləm. Amma siyasətin yalnız ağılla yox, həm də emosiya ilə idarə olunmasının tərəfdarıyam. Hansısa fikri emosiya ilə bildirəndə müəyyən anlama qabiliyyəti olan gənclər, təhsilsiz insanlar bunu həzm edə bilirlər. Emosiya - fikrin həzmini asanlaşdırır. Hissiyyatsız insanın nə özünə, nə də ailəsinə xeyri var. İnsanları düzgün yola ancaq hissləri aparır”.

Sevinc TELMANQIZI

1711 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008