 |
Gündəm
YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... 2012-02-12 İran və İsrailin hərbi potensialı, yaxud regionu qarışdıracaq müharibə haqda ehtimal olunan rəqəmlər
|
İranın dini lideri Ayətullah Əli Xameneyi bildirib ki, ölkəsi İsraili 9 dəqiqə ərzində məhv etməyə qadirdir. İSNA agentliyinin xəbərinə görə, ali dini liderin strategiya köməkçisinin internetdə yerləşdirdiyi sənəddə 2014-cü ildə İranın İsraili məhv edə biləcəyi haqda məlumatlar yer alıb. Öz növbəsində İsraildən də İrana qarşı savaş hədələri davam edir. Bu günlərdə ABŞ müdafiə naziri İsrailin bu ilin yazında İrana hücum edəcəyini bildirib. Eyni zamanda İsrail rəhbərliyi İranla müharibəyə hazırlaşdıqlarını açıq etiraf ediblər. Əcəba, müharibə başlayacağı təqdirdə vəziyyət necə olacaq? İki ölkənin potensialı qısa müddətli məhvetməyə imkan verə bilərmi? Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın “Oqonyok” jurnalı İran və İsrailin hərbi imkanları haqqında yazı dərc edib. APA-nın məlumatına görə, jurnal İranla müqayisədə İsrailin daha kiçik ölkə olmasına baxmayaraq, ordusunun daha yaxşı təchiz edildiyini yazıb. Həmin məqalədə qeyd olunur ki, İran ordusu iki müstəqil strukturdan ibarətdir - İran Silahlı Qüvvələri və İslam Keşikçiləri Korpusu. Ümumilikdə İran ordusunun şəxsi heyətinin sayı 523 min nəfərdir. Bunun 450 mini Quru Qoşunlarında, 43 mini Hərbi Dəniz Qüvvələrində, 30 mini isə Hərbi Hava Qüvvələrində və Hava Hücumundan Müdafiə qoşunlarında xidmət edir. Əlavə olaraq ehtiyatda 350 min canlı qüvvə mövcuddur ki, bunun 40-60 mini yarımhərbi qurumların əməkdaşlarıdır. Bundan başqa, İslam Keşikçiləri Korpusunun “Bəsic” adlı rəsmi olaraq 12,6 milyon nəfərin üzv olduğu müqavimət gücü də var. Ancaq bəzi mənbələr İranda İnqilab könüllülərinin (Bəsic) 20 milyon nəfərə yaxın üzvünün olduğunu qeyd edir. İran ordusunun arsenalında təxminən 1700 tank (ən müasirləri Rusiya istehsalı olan 420 ədəd T-72 və İran istehsalı olan 100 ədəd “Zülfüqar”), 610 ədəd piyadaların döyüş maşını, 640 ədəd zirehli nəqliyyat vasitəsi, təxminən 200 helikopter (“Cobra”, “Chinook”, “Mi-17", ”Mi-8") və 8200 vahid artilleriya vasitəsi var. İran Hərbi Dəniz Qüvvələrinin əsas gücü Rusiya istehsalı olan “Paltus” 877 EKM layihəli 3 ədəd sualtı qayıqdan ibarətdir. Bu qayıqların tikintisinə 1990-cı illərdə başlanıb. Sualtı donanmaya həmçinin İran istehsalı olan 7 ədəd “Qadir” və 3 ədəd “Əl-Sabehat” seriyalı mini-sualtı qayıqları daxildir. Bundan başqa, İranın dəniz sularını “Əlvənd” tipli 4 freqat, “Bayandur” tipli 3 korvet, katerlər və mina-tral gəmilərindən ibarət donanma, həmçinin “HY-2 Silkworm” və “YJ-2" raketləri ilə təchiz edilmiş sahil raket batareyaları qoruyur. İran Hərbi Hava Qüvvələrinin inventarı təxminən 130-u qırıcı (ABŞ istehsalı olan F-1, F-5, F-7, F-14 və Rusiya istehsalı olan “An-29") və 170-i hücumçu (”Su-25", “Su-24" və F-4) olmaqla 300 təyyarədən ibarətdir. Jurnal yazır ki, İranın hərbi hava parkının 60 faizi əsaslı təmirə ehtiyac duyur. Hava hücumuna qarşı müdafiəni isə “S-200" zenit-raket kompleksləri, 45 ədəd ”S-75", 29 ədəd “Tor-M1" və başqa zenit-raket sistemləri təmin edir. Bundan başqa, İran 1,5 min km maksimal uzaqlığa malik 12-18 ədəd ”Şahab" ballistik raketlərinə malikdir. İsrail Müdafiə Ordusunda (SAXAL) isə 176,5 min insan (133 min Quru Qoşunlarında, 9,5 min nəfər dəniz donanmasında, 34 min nəfər Hərbi Hava Qüvvələrində) xidmət edir. Yarımhərbi heyət 8 min nəfərdir. Müharibə halında İsrail ehtiyatdan təxminən 560 min nəfəri orduya çağıra bilər. SAXAL-ın arsenalına 3500 döyüş tankı daxildir. İsrail ordusunun əsas zərbə gücünü 1500 maşından ibarət “Merkava” tankları təşkil edir. İsrail bu sahədə İranı üstələyir. SAXAL həmçinin 100 ədəd “Magach-7" tankına, müxtəlif modifikasiyalı 560 ədəd M-482679656 E 3B və 700 ədəd ABŞ istehsalı olan köhnə M-60, 200 ədəd Britaniya istehsalı olan ”Centurion" tankına sahibdir. SAXAL-ın arsenalında 10,5 min zirehli maşın və 5,5 min vahid artilleriya vasitəsi (620 vahid özüyeriyən, 450 vahid yedəklənən, 220 reaktiv yaylım atəş və 4100 minaatan) yer alır. İsrail hərbi donanmasının tərkibində 3 ədəd 877 EKM layihəli “Dolphin” sualtı qayığı, “Eilat” tipli 3 korvet və təxminən 60 kater daxildir. 460 təyyarədən ibarət İsrailin Hərbi Hava Qüvvələri bölgədə ən güclü hesab edilir. Bunun 170-i qırıcı (ABŞ istehsalı olan F-15 və F-16), 270-i hücumçu (ABŞ istehsalı olan A-4, F-4, F-16D, F-16I, İsrail istehsalı olan “Kfir”) təyyarədir. İsrailin hərbi aviaparkına 80 döyüş helikopteri (“Cobra”, “Apache”), hava hücumundan müdafiəsinə isə 3 “Arrow” zenit-raket batareyası, 6 “Patriot” batareyası və 17 “Improved Hawk” batareyası daxildir. İsrailin əlində 6,5 min kilometrə qədər uzaqlıqdakı hədəflərə qarşı tətbiq oluna bilən “Jericho” raketlərinə qurulmuş 200 nüvə döyüş başlığının olduğu da güman edilir. İsrail özündə kütləvi qırğın silahının olduğunu nə təsdiq, nə də inkar edir. Ancaq müstəqil ekspertlərə görə, İran ali dini liderinin İsraili 9 dəqiqəyə yox ediləcəyi bəyanatının yalnız İranın hərbi gücünə əsaslanmır. Burda söhbət Suriya dövlətinin, həmçinin Fələstinin Həmas, İslami Cihad və eləcə də Livanın Hizbullah hərəkatının silahlı gücündən gedir. Xüsusən də bu bölgədə İran tərəfindən verilmiş böyük miqdarda müxtəlif məsafəli raketlər mövcuddur. Seyyid Əli Xameneyi də İsrailə raket hücumundan bəhs edib. Qərb dövlətlərinin o cümlədən İsrail kəşfiyyatının hesabatlarından məlum olur ki, İran son 12 ildə Fələstin, Livan silahı qruplaşmalarına, o cümlədən Suriyaya minlərlə raket göndərib. Wikileaks sənədlərinə görə, Həmas Qəzza zolağına yeraltı tunellər vasitəsilə böyük miqdarda raketlər keçirə bilib. Bunların arasında “Qrad”, “Katyuşa” və İran istehsalı Fəcr raketləri var. 333 millimetrlik Fəcr-5 raketlərinin 75 kilometr (Fəcr raketləri isə 40 kilometr) məsafəyə uçduğu bildirilir. Hizbullah lideri Seyid Həsən Nəsrullahın çıxışlarında etiraf etdiyinə görə, hazırda bu təşkilatın silahlı qanadının Livan ərazisində 45 min ədəd raketi var. Bu raketlərin içərisində bəziləri uzaq məsafəyə uçmaq imkanındadır. Bir qədər əvvəl İsrail kəşfiyyatı Suriyadan “Skad” raketlərinin Livan Hizbullahına ötürdüyünü iddia etdi. Eyni zamanda İsrailin əldə etdiyi məlumata görə, İran son 5 ildə Suriyaya 500, Livan Hizbullahına isə 200 ədəd Fateh-110 raketləri göndərib. Məlumata görə, bu raketlər 500 kiloqramlıq partlayıcını 300 kilometr məsafəyə apara bilir. Bu isə o deməkdir ki, Livan (o cümlədən Suriya) ərazisindən atılan raketlər İsrailin istənilən nöqtəsinə çata biləcək. Eyni zamanda İsrail televiziyaları bu raketlərin Suriya ərazisində M-600 adı altında istehsalının başlandığı haqda xəbər yayıb. Xatırladaq ki, ötən il Suriya lideri Bəşər Əsəd ölkəsinə müdaxilə olarsa İsrailə hücum edəcəyini bildirmişdi. Sitat: “Dəməşqə qarşı hər hansı bir hərəkat olarsa, o zaman yüzlərlə raketi Colan təpəliklərinə çıxarıb oradan Təl-Əvivə atmaq üçün mənə 6 saat bəs edər. Eyni zamanda Hizbullahdan İsrail üzərinə atəş yağdırmasını istəyəcəyəm. Bunun necə nəticə verəcəyini hətta kəşfiyyat xidmətləri belə təsəvvür edə bilməyəcəklər. Sonrakı 3 saatda isə İran körfəzdəki Amerika gəmilərini vuracaq, eyni zamanda ABŞ və Avropa Birliyinə aid bütün hədəflər dünyanın hər yerində hücuma məruz qalacaq”. Göründüyü kimi, İranın hədələri kifayət qədər ciddi təsir bağışlayır. Amma o da var ki, istənilən vəziyyətdə Qərb, xüsusən də ABŞ İsraili meydanda tək buraxmayacaq. Hər hansı bir təhlükə anında Amerika bütün imkanları ilə İsraili müdafiəyə qalxacaq. Bu isə regionda böyük bir savaş deməkdir. Çünki hal hazırda ABŞ-ın Türkiyə, İsrail, Bəhreyn, Küveyt və o cümlədən Fars körfəzində, eləcə də Hind okeanında böyük miqdarda hərbi dəniz qüvvələri mövcuddur. KƏNAN 1616 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU ARXIV
|