22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

2012-02-13

Azərbaycan bu yöndə imkanlarını çoxdan işə salmalı idi...

Fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümü tamam olur. Ermənilərin təhrif və uydurmalara əsaslanan “Osmanlı dövründə ermənilərin soyqırımı” bir çox ölkələrin parlamentlərində qanun şəklində tanınsa da, ən yeni tarixdə hamının gözü qarşısında baş verən, şahidlərinin əksəriyyətinin hələ sağ olduğu, gerçək sənəd-sübutlarla təsdiqlənən Xocalı soyqırımını hələlik yalnız İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tanıyır.

Təbii ki, Xocalı soyqırımının miqyası fonunda yalnız bir beynəlxalq təşkilatın bunu tanıması çox azdır. Ozü də o halda ki, İƏT üzü olan 51 ölkənin parlamenti soyqırımın rəsmən tanınması haqda hələ qərar qabul etməyib. Sadəcə, təşkilata üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyasında “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə xüsusi bir bənd əlavə edilib: “Konfrans üzv-ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir”.

Yəni ayrı-ayrı dövlətlərin bu soyqırımı rəsmən tanınmasına hələ nail olmamışıq. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə “Xocalı soyqırımı”, “Xocalı faciəsi” kimi anılır. Ermənistanda isə bu, “Xocalı döyüşü”, “Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı “Xocalı qətliamı” (en. “Khojaly Massacre”, “Massacre de Khodjaly”) terminindən istifadə etməyə üstünlük verir. Yəni sivil dünya soyqırımı tanınmağa hələ tələsmir. Görünür soyqırımın rəsmən tanınması ilə bağlı səylər hələ yetərli deyil və bununla bağlı ənənəvi siyasətə yenidən baxılmasına, bəzi korrektələrə ehtiyac var.
Ermənilərin soyqırım iddialarının ayrı-ayrı dövlətlərin rəsmən qəbul etməsini dünyadakı erməni lobbisinin güclü olması ilə izah edirlər. Bu izahla müəyyən qədər razılaşmaq olar. Ancaq erməni lobbisinin fövqəlqüvvə kimi təqdimatı da yolverilməzdir - bütün ölkələrdə ermənilər az saylı xalqdır. Məsələn, erməni lobbisinin ən aktiv olduğu Fransada cəmi 500 min erməni yaşayır. Bu, 65,5 milyon əhalisi olan Fransanın cəmi 0,8 faizidir. 0,8 faiz əhalinin siyasi elitaya güclü təsir imkanları, seçkidə səsi həlledici ola bilməz. Sadəcə, Fransa ermənilərinin biznes elitası bu məsələdə siyasi çevrələrlə sıx təmaslar qurub, bu layihələrə böyük məbləğli yatırımlar edirlər. Eyni sözü başqa ölkələrdəki erməni lobbiləri haqda da demək olar.
Təəssüf ki, xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatları maliyyə baxımından ermənilərə uduzurlar. Bir çox hallarda isə onalarda ictimai aktivlik yetərincə deyil. Ancaq Azərbaycan dövlətinin özünün maliyyə və iqtisadi resursları bu disbalansı aradan qaldırmaq üçün yetərlidir - Azərbaycan dövlət olaraq Ermənistandan müqayisəedilməz dərəcədə iqtisadi gücə sahibdir.  
Bu gün dünya bazarında Azərbaycanın və Ermənistanın çəkisi tam fərqlidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 36,3 milyard dollar olub. Ermənistanın 2011-ci ildə xarici ticarət dövriyyəsi cəmi 3,8 milyard dollar olub - faktiki Azərbaycandan 10 dəfə az. Azərbaycanın xarici ticarət dövriyyəsinin 26,6 milyard dolları, Ermənistanın xarici ticarət dövriyyəsinin isə cəmi 800 milyon dolları ixracın payına düşür. Yəni Azərbaycan dünya bazarına Ermənistandan 33 dəfə çox məhsul çıxarır. Bu, o deməkdir ki, Azərbaycan Ermənistandan 33 dəfə çox dünya siyasətinə təsir etmək imkanına sahibdir - hər bir ölkənin iqtisadi qüdrəti onun dünya bazarına çıxartdığı məhsulun keyfiyyəti və həcmi ilə ölçülür.
Nəzərə alsaq ki, Azərbaycanın ixracının 93 faizini neft və neft məhsulları təşkil edir və Avropanın enerji təhlükəsizliyi insan hüquqlarından çox önə keçib, onda Azərbaycan enerji silahından Xocalı soyqırımının Avropada rəsmən tanınması və Qarabağ münaqişəsində mövqeyini gücləndirmək üçün daha çox istifadə etməlidir.
Bu gün sivil dünya iqtisadi maraqların, xüsusilə də enerji təhlükəsizliyinin daha öndə olmasını açıq şəkildə vurğulayırsa, Azərbaycan da elə bu zəif bənddən yapışmalıdır. Bu gün əgər xarici ticarət əməliyyatlarının 80,5 faizi İtaliya, Fransa, Rusiya Federasiyası, ABŞ, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Belarus, Malayziya, Çin, Koreya Respublikası və Gürcüstan dövlətləri ilə aparılırsa, onda bu dövlətlərdən Qarabağla bağlı konkret mövqe tələb edilməlidir. Xüsusilə də erməni genosidini inkar edənlərin cəzalandırması haqda qanun qəbul edən Fransadan.
Hazırda Azərbaycandan Fransaya ildə 2 milyard dollarlıq neft ixrac edilir. Əks halda Fransaya neft ixracı dayandırılmalı, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Xocalı soyqırımını tanımağa hazır olan dövlətlərlə müqavilə bağlanmalıdır. Eyni sözləri Azərbaycan neftinin ən böyük alıcısı olan İtaliya, İsrail, Almaniya haqda demək olar. Ümumiyyətlə, Azərbaycan əsas ticarət tərəfdaşlarına siyasi şərtlərini də diqktə etməlidir. Bu, dünyada qəbul edilmiş oyun qaydalarından biridir.
Neftin alıcıları çoxdur, Azərbaycan indiki partnyorlarının hamısından imtina etsə belə, alıcı qıtlığı yaranmayacaq. Nəzərə alsaq ki, Azərbaycan yaxın gələcəkdə həm də nəhəng qaz ixracatçısına çevriləcək, onda enerji silahı ilə Xocalı soyqırımının dünya dövlətlərinin parlamentləri səviyyəsində tanınmasına nail olmaq olar. Ölkənin maliyyə resurslarından beynəlxalq layihələrdə istifadə edilərkən də Xocalı soyqırımının rəsmən tanınmasına səy göstərmək olar.
Məsələn, bu yaxınlarda Azərbaycan Serbiyanın yol-körpü tikintisi layihələrinə 300 milyon avro həcmində güzəştli şərtlərlə kredit ayırıb. Bu halda Azərbaycanın kreditor kimi Serbiya hökumətinə siyasi şərtlərini də diktə etməsi daha rahatdır. Və yaxud Azərbaycandan tam enerji və maliyyə asılılığında olan Gürcüstandan (Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində Gürcüstanın payını Azərbaycan maliyyələşdirib, Azərbaycanın Beynəlxalq Bankı bu məqsədlə 200 milyon dollar kredit ayırıb, gürcülər Azərbaycan qazı hesabına isinir) Xocalı soyqırımını dövlət səviyyəsində tanınmasını tələb etməyin vaxtı nəinki çatıb, hətta gecikmişik.
Nəhayət, Azərbaycanın nəhəng holdinqləri (Azərbaycanda dövriyyəsi milyardlarla ölçülən onlarla holdinq var) xaricdə sərmayə yatıranda həmin ölkələrin siyasi elitası ilə təmaslar qurmaqla Xocalı soyqırımının rəsmən tanınmasına çalışmalıdırlar. Erməni lobbisinin maliyyə imkanlarını şişirtməklə, öz imkanlarımızı isə kiçiltməklə beynəlxalq aləmdə uğur qazanmaq çətindir. Ümumi götürsək, Azərbaycan dövləti ilə xaricdəki diasporalarımızın gücü, Ermənistan dövləti ilə erməni diasporasının gücündən daha üstündür. Sadəcə, bu üstünlüyü əmələn təsdiqləmək lazımdır.

Qadir İBRAHİMLİ

1129 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008