22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

İRAN HƏRBİ VERTOLYOTU ASTARAYA SOXULDU

2012-02-22

Tehrandan Bakıya əzələ nümayişi
Şahidlərə istinadən yayılan xəbərə görə, vertolyot prezidentin bir neçə gün sonra açılışını edəcəyi xəstəxananın üzərində dövrə vurub; RİH-in rəsmisi insident barədə şərh verməyib, İranın xarici işlər naziri ilə görüş isə ikinci dəfə təxirə düşüb

İrandan Azərbaycanla münasibətləri daha da gərginləşdirməyə xidmət edən daha bir addım atılıb. Dünən səhər saat 12 radələrində İran İslam Respublikasının hərbi vertolyotu Azərbaycan sərhədini pozub. Bu barədə teleqraf.az-a hadisənin şahidi olmuş Azərbaycanın Astara rayonunun sakinləri məlumat verib. Vertolyotun sərhəd yaxınlığındakı xəstəxananın üzərində iki dəfə dövrə vurduğunu deyən şahidlərin sözlərinə görə, həmin vaxt insanlar təlaşa düşüb və qaçaqaç yaranıb.

“İcra başçısı da xəstəxananın həyətində idi. O və digər məmurlar da bu hadisəni gözləri ilə gördülər. Hətta icra başçısı qaçaraq xəstəxananın həyətindən uzaqlaşdı. Burada xırdavat satan bir çinli var. Onun satdığı durbini götürüb dəqiq baxdıq və gördük ki, vertolyot İrana məxsusdur”, deyə, şahidlər bildiriblər.
Qeyd edək ki, İran vertolyotunun üzərində dövrə vurduğu xəstəxana əsaslı təmir olunub və hazırda orada tamamlanma işləri aparılır. Martın 1-də prezident İlham Əliyev həmin xəstəxananın açılışında iştirak etməlidir.
Bu xəbəri Astara Rayon İcra Hakimiyyəti ilə dəqiqləşdirməyə çalışdıq. İcra hakimiyyəti aparatının ümumi şöbəsinin müdiri Ələsgər Əliyev bildirdi ki, onda belə məlumat yoxdur: “Mən otaqda olmuşam, elə bir hadisənin baş verdiyini görməmişəm”. İcra hakimiyyətinin rəsmisi məsləhət gördü ki, bu xəbəri dəqiqləşdirmək üçün Dövlət Sərhəd Xidmətinə müraciət edək. “Yayılmış xəbərə görə, icra hakimiyyətinin başçısı özü də İran vertolyotunun xəstəxananın üzərində uçmasını görüb. Bəs siz bu insident barədə nəsə eşitmisizmi” sualına cavab olaraq Ə.Əliyev dedi ki, Astara rayon mərkəzi xəstəxanasının yaxınlığında İran xəstəxanası da fəaliyyət göstərir: “Ola bilsin, həmin xəstəxanaya gələn təcili yardım vertolyotunu görüblər”. Bununla belə, icra hakimiyyətinin rəsmisi istənilən halda xəbərlə bağlı Dövlət Sərhəd Xidmətinin şərh verməli olduğunu xatırlatdı, ancaq vəd etdi ki, məsələni dəqiqləşdirə bilsə bizə məlumat verməyə çalışacaq. Gün ərzində Ə.Əliyevlə ikinci dəfə əlaqə saxladıqda isə o, “bayaq dediklərim qüvvəsindədir, elə problemli hadisə baş verməyib”, deməklə kifayətləndi.
Dövlət Sərhəd Xidməti isə yalnız günortadan sonra sözügedən insidentlə bağlı rəsmi açıqlama yaydı.
Dünən Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan hava sərhədinin İran vertolyotu tərəfindən pozulması barədə məlumatlara dair açıqlama verilib. DSX-dan APA-ya bildirilib ki, fevralın 21-i də daxil olmaqla son günlər Astara istiqamətində Azərbaycan-İran hava sərhədinin pozulması halı baş verməyib.
DSX-dan dünən bəzi KİV-də İrana məxsus hərbi helikopterin Azərbaycanın hava məkanına daxil olması və Astara rayon mərkəzi üzərində uçuş etməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığı vurğulanıb: «Bu gün (dünən-red.) İran Astarası üzərində qonşu dövlətə məxsus helikopterlərin uçuşu müşahidə olunub. Lakin həmin helikopterlər Azərbaycanın hava sərhədini pozmayıb və Azərbaycan ərazisinə daxil olmayıb».
Elçin QuliyevQeyd edək ki, düz beş il əvvəl-2007-ci il fevralın 22-də də buna oxşar insident baş vermişdi. Həmin tarixdə İran prezidenti Mahmud Əhmədinejadı ölkənin şimalına səfəri zamanı müşayiət edən vertolyot dəstəsi Azərbaycanın dövlət sərhədlərini pozmuşdu. Azərbaycanın Astara şəhəri üzərində uçan vertolyotlar o zaman da insanları təşvişə salmışdı. Azərbaycan Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyev də “Amerikanın səsi” radiosunun sualının cavabında ölkənin dövlət sərhədlərini İranın vertolyotlarının pozduğunu təsdiq etmişdi. Həmin il məhz fevralın 22-də səhər saatlarında İran vertolyotları Astara rayonu ərazisində Azərbaycanın hava məkanına daxil olub və 15 dəqiqə ərzində Astara şəhəri üzərində dövrə vurub. Daha 6-7 vertolyot Astaradan qərbdə, dağlarda müşahidə edilib. Bu da İranın Azərbaycan sərhədlərini pozması ilə bağlı ilk hadisə deyildi. 2001-ci ildə İranın hərbi gəmiləri Xəzərin Azərbaycan sektorundakı neft yatağında işləyən tədqiqat gəmisinə həmlə etmişdi. Ardınca İran qırıcıları Xəzər dənizi üzərindən sərhədlərimizi pozaraq Bakının yaxınlığına qədər uçmuşdu. Bundan sonra o zamankı dövlət başçısı Heydər Əliyev Türkiyəyə müraciətindən sonra “Türk şahinləri” Azadlıq meydanında uçuşlar keçirmişdi.
Hər dəfə İranın Azərbaycanla münasibətləri gərginləşəndə Tehran bu taktikadan istifadə edərək Bakını qorxutmağa çalışır. Lakin ötən il WikiLeaks saytı tərəfindən yayılan Amerika məxfi diplomatik teleqramlarından məlum olmuşdu ki, Azərbaycan rəhbərliyi də İranın bu cür təhdidlərinə adekvat cavab verib. Prezident İlham Əliyev Amerika rəsmiləri ilə görüş zamanı İrandan gələn təhdidlər, bu ölkəyə aid hərbi vertolyotların Azərbaycanın hava sərhədlərini pozması barədə danışaraq demişdi ki, onun göstərişi ilə Azərbaycan da İrana adekvat cavab verib. Azərbaycan vertolyotları İran sərhədini keçərək bu ölkənin hava məkanına daxil olub və geri qayıdıb.
Hazırda Azərbaycan İranın yeni ittihamları ilə üz-üzədir. Tehran Bakını iranlı nüvə alimlərini öldürən MOSSAD agentlərinə yardım göstərməkdə günahlandırır. Rəsmi Bakı bu ittihamları “cəfəngiyat” adlandırır. Eyni zamanda hakimiyyət rəsmiləri bildirir ki, Azərbaycanın İranla münasibətlərin pozulmasında marağı yoxdur, ancaq İran da münasibətləri gərginləşdirməkdən çəkinməlidir. Ölkədə dindarların yeni həbs dalğası da İrana cavab kimi qiymətləndirilə bilər. Belə bir vaxtda İranın sərhəd pozmaq təxribatına əl atması tamamilə mümkün görünür. Münasibətlərin xeyli gərgin olduğunu təsdiqləyən digər xəbər isə budur ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü növbəti dəfə təxirə salınıb. APA-nın məlumatına görə, görüş fevral ayının ortalarında Naxçıvanda keçirilməli olsa da, baş tutmayıb. Görüşün nə vaxt keçiriləcəyi məlum deyil. Xatırladaq ki, üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin görüşü yanvarın 17-də Naxçıvanda keçirilməli idi. Lakin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimində iştirakı səbəbi ilə görüş fevral ayına təxirə salınmışdı. Bu formatda ilk görüş ötən ilin aprelində İranın Urmiya şəhərində keçirilib.
APA günün sonunda “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, İranın Azərbaycandakı səfirliyinin rəsmi Bakıya təqdim etdiyi notada iranlı jurnalistlərin saxlanması faktının beynəlxalq normalara zidd olduğu bildirilir, onların dərhal azadlığa buraxılması tələb edilir. Qeyd edək ki, İran kütləvi informasiya vasitələri “FARS” informasiya agentliyinin və İran televiziyasının “Səhər” kanalının jurnalistlərinin Bakıda həbs olunması barədə məlumat yayıb. Saxlanan şəxslərdən Anar Bayramlının “Səhər” kanalının müxbiri, Ramil Dadaşovun isə “Səhər” kanalının sürücüsü olduğu bildirilir.

Siyasət şöbəsi

19856 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008