Gündəm
BAKIDA BRAYZAYA VİLLA TİKİLİB
İqtidarın keçmiş amerikalı səfirə yarımçıq hədiyyəsi
İnşası baş nazirin müavini Əli Həsənova tapşırılan mülk hazır olsa da, son anda diplomata verilməyib: bu möhtəşəm hədiyyənin sahibinə çatmasına ABŞ Senatı mane olub...
Azərbaycan hakimiyyətinin xaricdəki lobbi fəaliyyətinə milyonlarla vəsait xərcləməsi haqda mətbuatda dəfələrlə yazılıb. Həm Azərbaycan daxilində, həm də xaricdə hakimiyyətin maraqlarına xidmət edən, lobbi dəstəyi verən şəxslər və qurumlar Bakıdan böyük məbləğlərdə ənam alıblar.
“Eurovision”dan sonra Azərbaycan hakimiyyəti bu istiqamətdə növbəti fəaliyyətə başlayıb. Belə ki, beynəlxalq yarışma ərəfəsində xüsusilə də Avropa mətbuatının ciddi tənqidləri ilə üzləşən iqtidarımız xarici media hücumlarının açdığı yaraları sarımaq məqsədilə yeni lobbi siyasəti, daha doğrusu, kampaniyasına başlayıb. Bu barədə “Yeni Müsavat” ötən günlərdə diplomatik mənbələrə istinadən yazmışdı.
Xatırladaq ki, iqtidar Bakıda fəaliyyət göstərən diplomatik korpus üzvlərinə də bahalı hədiyyələr verməkdə ad çıxarıb. Hətta özünə yaxın diplomatlar hər hansı səbəbdən fəaliyyətlərini başa vurduqdan sonra da hökumət onlara qayğı-diqqətini azaltmır. Bu cür nümunələr kifayət qədərdir. Növbəti belə nümunə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın timsalında yaşandı. Sabiq səfir bir müddət öncə SOCAR-a bağlı “Turcas” şirkətində vəzifə alıb. Bu günlərdə isə Brayza ilə bağlı daha bir maraqlı məlumat əldə etmişik.
Məlumatda bildirilir ki, Azərbaycan hakimiyyəti sabiq səfir Metyu Brayzaya villa tikdirib. Bu, diplomat hələ iş başında olduğu zamana təsadüf edib. Mülk tikintisi baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova tapşırılıb. Səfir üçün Bakı ətrafı qəsəbələrdən birində, dənizə panoraması olan bir yerdə möhtəşəm bir bağ evi tikintisinə start verilib. Məlumatı verən mənbə bildirir ki, Ə.Həsənov bu tapşırıqdan dərhal sonra işə başlayıb. Hörmətli Əli müəllim bu layihə üçün səxavət kisəsinin ağzını açıb - M.Brayza üçün möhtəşəm bir bina tikdirib. Qaynağımız deyir ki, villada tamamlama işləri getdiyi, texniki təhlükəsizlik sisteminin qurulduğu vaxtda səfir geri çağırılıb.
Beləliklə, Dövlət Departamenti Brayzanı Azərbaycanda səfir kimi təsdiqləmədiyi üçün tikilməkdə olan villa Brayzaya nəsib olmayıb. Bundan sonra Ə.Həsənov “yuxarılarla” məsləhətləşdikdən sonra ona deyilib ki, evi tam hazır vəziyyətdə saxlasın. Mənbəmizin dediyinə görə, çox güman ki, villa yeni gələn səfirə hədiyyə olunmaq üçün saxlanılır.
Hüseyn ƏLİ














Şərh yoxdur
Şərhiniz bizim üçün dəyərlidir