Gündəm
GÜLƏR ƏHMƏDOVANIN TALEYİNƏ QƏRAR VERİLDİ
“Video qalmaqalı YAP-da sevinclə qarşılanıb”
Deputatın cəzalandırılması ilə bağlı siyasi fətva verilib; cəzanın forması isə onun sonrakı davranışlarından asılı olacaq; hakim partiya Siyasi Şura üzvünə oliqarxiyanın maraqlarının təmsilçisi kimi yanaşdığı üçün son olaylardan məmnundur
YAP Siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın məlum video qalmaqalı hakimiyyət daxilində ciddi təbəddülat yaradıb. Cəmiyyətin və müxalifətin ağır qınaqlarını alan hadisəyə hələlik rəsmilərdən yalnız iqtidar sözçüsü Əli Həsənov münasibət bildirib. Eyni zamanda baş prokurorun da göstərişi ilə prokurorluq prosedur qaydasında araşdırmalara başlayıb. Bu biabırçı hadisəyə artıq xarici mətbuat da yer ayırıb.
Məlum videoya deputatın özü və ondan maaş alanlar “montaj” deyirlər. Lakin bu izahatı videoya baxan hər kəs gülüşlə qarşılayır və heç kim bu versiyaya dəstək vermir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bu xüsusdakı açıqlaması isə xüsusi əhəmiyyət kəsb edir. Təcrübəli texnoloq olan Əli Həsənov öz açıqlaması ilə videogörüntüləri əslində təsdiqlədi və Gülər Əhmədovanın onsuz da ümidsiz olan arqumentini bitirdi. İqtidar sözçüsü deyir ki, videoda millət vəkili olmaq istədiyini deyən şəxs məqsədinə çatmayıb: “Video göstərdi ki, millət vəkili olmaq üçün rüşvət təklif olunub, amma keçməyib” (BBC). Bu ifadələr hakimiyyətin videonun gerçək olmasını qəbul etməsinin birbaşa təsdiqidir.
Qəzetimizin redaksiyasına hakimiyyət düşərgəsinə yaxın mötəbər qaynaqlardan çatan bilgilərdən aydın olur ki, G.Əhmədovanın bu məsələdən itkisiz çıxması üçün heç bir şansı yoxdur və onun məsələsinin bitdiyi birmənalıdır. Mənbənin bildirdiyinə görə, qalmaqal YAP rəhbərliyində və Prezident Administrasiyasında çox gərgin müzakirələrə səbəb olub. Bu müzakirələrdə G.Əhmədova ilə bağlı rüsvayçı qalmaqalın “seçki ərəfəsində ölkəni qarışdırmaq istəyən xarici qüvvələrin əlinə fürsət verə biləcəyi” vurğulanıb. Xüsusilə burada söhbət seçkili orqana keçmək üçün rüşvət amilinin təsdiqini tapmasından getdiyi üçün iqtidar bütün ittiham və qınaq yüklərini özündən aralamaq məcburiyyətindədir.
Enində-sonunda G.Əhmədova bir adamdır. Videorolikdə də yalnız iki fraqment istisna olmaqla (“deputat olmaq istəyən çoxdur, seçici isə yalnız bir nəfərdir” və “mən prezidentdən keçən siyahını dəyişdirən adamam” ifadələri) o, hər şeyi öz üzərinə götürür, kənar ad çəkiləndə təpki verir. Bu baxımdan G.Əhmədovanı siyasi səhnədən silməkdən başqa yol qalmadığı hər kəsə aydındır.
İndi gələn məlumatlar göstərir ki, hakimiyyət də ilkin olaraq belə bir qərar verib. Lakin bunun hansı müddətə həll ediləcəyi məsələsi hələlik açıq qalır. Tamamilə mümkündür ki, deputatın üzərindən toxunulmazlıq götürülsün və onunla bağlı araşdırmalar ən qısa zamanda başlasın. Mənbələrimizin məlumatına görə, müxalifətin, cəmiyyətin və Qərbin təzyiqlərinin güclü olacağı təqdirdə G.Əhmədovanın həbsi də qaçılmazdır.
Təhlillər göstərir ki, bu qalmaqal hakimiyyətdaxili qruplaşmaların da əlinə yaxşı fürsət verib və indi rəqib qruplaşmalar bu qalmaqaldan öz xeyrinə maksimum istifadə etmək üçün əllərindən gələni edəcək.
YAP dəhlizlərində isə G.Əhmədova ilə bağlı qalmaqal sevinclə qarşılanıb. “Yeri gəldi-gəlmədi hər işə müdaxilə edən, hansı qrupa xidmət etdiyi də bəlli olmayan deputat barədə kompromat çarxının yayımlanmasından partiyadaşları məmnun olublar” - bu barədə “Yeni Müsavat”a YAP rəhbərliyinə daxil olan şəxslərdən biri məlumat verib.
Qaynağın bilgisinə görə, G.Əhmədova özünü son vaxtlar YAP-ın “patronitsası” kimi aparırmış. Bu da partiya rəhbərliyində ciddi narazılıq yaradıbmış. Elə buna görə də uzun müddət YAP rəhbərliyi ilə G.Əhmədova arasında “əsəb müharibəsi” gedib. Bəlkə də elə bu səbəbdən videoçarx yayılandan sonra partiya rəhbərliyi neytral mövqe tutmağa çalışıb, hətta çarx yayılan gün, yəni sentyabrın 26-da günün birinci yarısında YAP icra katibinin müavini Siyavuş Novruzov “bu, iki nəfər arasında olan mübahisədir, bunu özləri məhkəmədə araşdırmalıdır” deyərək mövzudan qaçmağa çalışıb. Bu, həm də YAP rəhbərliyinin ümumi mövqeyi idi.
Ancaq günün ikinci yarısında Prezident Administrasiyasında məsələ müzakirə edilib və deputatın cəzalandırılması qərara alınıb. Bu qərar da YAP-da bəzi qruplar tərəfindən sevinclə qarşılanıb və dərhal məsələnin araşdırmalı olduğu barədə açıqlamalarla çıxış etməyə başlayıblar. Bunun ardınca da deputatın istefa məsələsi dövriyyəyə buraxıldı; özü də G.Əhmədovanın partiyadaşı, YAP-çı deputat Məlahət İbrahimqızının dilindən: “Dünyanın istənilən ölkəsində baş verməsindən asılı olmayaraq bu hal sübuta yetirilsə, həmin məmur və ya həmin siyasətçi o dəqiqə istefa verməlidir. Hesab edirəm ki, istefa verməklə də onlar öz günahını yüngülləşdirmiş olur”.
Fərqli qaynaqların hər birinin bilgisindəki ortaq məqam budur ki, G.Əhmədovanın məsələsini artıq qapanmış saymaq olar. Onlardan biri isə müxbirimizə belə söyləyib: “Onun cəzalandırılması ilə bağlı siyasi qərar artıq verilib. Ayın 26-da hakimiyyətin üst qatında bu məsələ müzakirə edilib və birmənalı mövqe bundan ibarət olub ki, bu adam mütləq cəzalanmalıdır. Cəzanın forması isə deputatın sonrakı davranışlarından asılı olacaq. Əgər Əhmədova bütün məsuliyyəti öz boynuna götürsə və könüllü şəkildə istefa ərizəsi yazsa, sərbəst buraxılacaq. Məlahət İbrahimqızı da açıqlaması ilə bunu həmkarının diqqətinə çatdırıb. Bu cür olsa, cinayət məsuliyyətinə cəlb edilməyəcək; əks halda isə prokurorluğun araşdırmaları onu həbsxanaya da apara bilər. Böyük ehtimalla Milli Məclisin payız sessiyasının ilk iclaslarında onun haqqında cinayət işinin açılması müzakirəyə çıxarılacaq. Deputatın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı presedentlər isə artıq var. 2003-cü ildə İqbal Ağazadə, 2007-ci ildə isə Hüseyn Abdullayev eyni aqibəti yaşayıblar. Gülər Əhmədova isə haqqında cinayət işi açılan ilk xanım deputat kimi tarixə düşə bilər”.
Mənbənin iddiasına görə, hakimiyyətin üst qatını ən çox qıcıqlandıran “mən gedib camaatın prezidentdən keçən siyahısını pozdurmuşam” ifadəsidir: “Siyasi hakimiyyət bazar söhbətlərində belə məsuliyyətsiz ifadələrin işlədilməsini həzm edə bilmir. Bu, siyasi hakimiyyətin fəlsəfəsinə və yazılmamış qanunlarına ziddir. Eyni zamanda beynəlxalq təşkilatların bu videoçarxı siyasi hakimiyyətin əleyhinə yönəldəcəyi də siyasi hakimiyyəti narahat edir. Çünki hakimiyyət iddia edir ki, ölkədə korrupsiyaya qarşı mübarizə gedir, seçkilər şəffaf, azad və ədalətli aparılır. Ancaq parlamentin özünün bu cür korrupsiya yolu ilə formalaşdırılması barədə çarx gündəmi zəbt edib. Ona görə də Gülər Əhmədovanın bağışlanması sadəcə mümkün deyil”.
Adının çəkilməsini istəməyən siyasi ekspert YAP rəhbərliyi ilə G.Əhmədova arasındakı mövcud soyuqluğu və təşkilatın ona sahib çıxmamasını bu cür izah edir: “YAP rəhbərliyi belə hesab edir ki, siyasi danışıqların aparılması səlahiyyəti ancaq hakim partiyaya məxsus olmalıdır. Ancaq çarx qalmaqalı göstərdi ki, hakim partiya rəhbərliyi bu danışıqlardan tam kənardır. Bu, ictimaiyyətə bəlli olan yalnız bir detaldır. Başqa dairələr üzrə “deputat seçilmək” danışıqlarını YAP rəhbərliyi yox, oliqarxların və hakimiyyətdaxili güc mərkəzlərinin “səlahiyyətli nümayəndələri” aparır. Səlahiyyətli nümayəndə Gülər Əhmədova kimi deputat da ola bilər, Sevinc Babayeva kimi adi kitabxana müdiri də. Düzdür, Gülər Əhmədova da YAP Siyasi Şurasının üzvüdür. Ancaq o, danışıqları YAP-ın mandatı ilə aparmayıb. Həm də YAP Siyasi Şurasının 89 üzvü var və onların partiya adından belə danışıqlar aparmaq səlahiyyəti yoxdur. Gülər Əhmədova sadəcə təmsil olduğu güc mərkəzinin resurslarından faydalanmaqla, partiyada muxtar status əldə edib. Bu da təbii ki, YAP rəhbərliyinin narazılığına səbəb olub. Əhmədovanın hərəkətləri YAP-ın siyasi sistemdən kənarlaşmasının yalnız bir detalıdır. Oliqarxiya YAP-ın bütün səlahiyyətlərini mənimsəyib. Ona görə də YAP Əhmədovaya oliqarxiyanın maraqlarının təmsilçisi kimi yanaşırdı və onunla bağlı qalmaqalı sevinclə qarşılayıb”.
Məsələdə maraqlı cəhətlərdən biri də ABU rektoru Elşad Abdullayevdən alınan 500 min dolların taleyidir. Hadisələrin nəticəsi olaraq demək mümkündür ki, G.Əhmədova həmin pulu heç yerə çatdırmayıb. Lakin məbləğ Elşad Abdullayevə də qaytarılmayıb. Bu, o dərəcədə ciddi cinayət əməlidir ki...
Artıq hakimiyyətdəki bəzi əks qruplar Türkiyə mətbuatına G.Əhmədovanın neçə il iş ala biləcəyi məlumatını da ötürüblər. Qardaş ölkənin ciddi media quruluşlarından olan “Vatan” qəzeti yazıb ki, azərbaycanlı deputatı 8 ildən 12 ilə qədər həbs gözləyir...
Əli İBRAHİMLİ, Tofiq ƏHMƏDLİ














MƏN İNANIRAM Kİ,PREZİDENTİMİZ GÜLƏRİ DƏ ƏFV EDƏCƏK İNŞALLAH
başa düşə bilmirəm, niyə hamı təəcüblənir bu uşə! Guya ki,heç kim bilmir ki,deputatları xalq ceçmir.Gülər də bu işdə balaca bir qurbandır...
Gülər Əhmədova hərəkətinə heç kim təcüblənməməlidir.Bu prinsip indiki hakimiyyətin mahiyətidir.Hər bir əməliyat rüşvət və irir məbləqli koorupsiya üzərində qurulub.Həqiqətən prezident koorupsiyanı aradan qaldırmaq istəyirsə bütün nəzarər sistemini ləqv etməli, bütün texniki baxış qurumları ləqv edilir və bütün texniki avadan və nəqliyyatın sazlığına sahibi məhsuliyət daşıyır.Onları baxışdan keçirmə əməliyat vəziyyəti deyişmir.Avtomobillərin texniki baxışını araşdırın həqiqəti görəcəksiniz.Ən böyük koorupsiyalardan biri bu sahədədir.Müxtəlif proqramları ortaya atılma varyantları ictimayəti çaşdırma əməliyyatıdır.Koorupsiya ilə mübarizə proqramıda onlardan biridir.
mence indi muxalifet ucun gozel wans yaranib neyi gozleyirik seslerimizin ogurlanmasina gore numayiwlere bawlayaq
Senin neyin catishmirdi ay guler?Ona gore duz deyirler qadinlar sadelovhdur,seni saldilar tora
Rüşvətə son qoymaq üçün balıqları yox, balinalardan da bir neçəsini cəzalandırmaq lazımdır.
Ereyimden tikan cixdi. Onu gorende ele bir qazaniram Guler yeyir. Ele yeke basha buda lazimdir
Cinayət işi fakta ya əlamətlərə görə açıldı.Biri deyəcək vermişəm,biri deyəcək almamışam.Biri xaricdə,biri burda,bunları necə üzləşdirəcəklər. 2-cisi ƏAF haqqında qanunda göstərilir ki, hakimin sanksiyasi olmadan əldə edilmiş videoyazı sübut kimi sayılmır.Sanksiya ilə olan videonu da hakim İ S T Ə S Ə sübut saya bilər.Ali qanunun 63 və CPM-ndə də göstərilir ki,qanunu pozmaqla(gizli,icazəsiz)əldə edilən sübutlardan məhkəmədə istifadə edilmir.Şübhələr də ittiham edilənin xeyrinə ləğv edilir.Bu c/i xalqı sakitləşdirmək və 5-6 aydan sonra xitam edilmək üçün qaldırılıb.Hər bir halda Gülər xanımı ya az-az görəcəyik ya da o da xaricə gedəcək.Həyat enişli və yoxuşludur.
Salam. Onceden bildirim ki Yap-in Guler Ehmedovaya yaninda olmasi bu partiyya ve hakiyyete qarshi olmaq kimidir. Inandirici deyil bucur addim. Amma men eminemki Ilham yanina cagirib Ramizi,Eli hesenovu ve neyi var danlayib ve Mehriban da altdan-altdan gulyur. Nece deyerler 1-0 Mehribanin ( Baki klanin) xeyrine.
Bu xalqımız üçün bir xilas yoludur, indi prezidentimizin müdrik qərar verməsi üçün əla fürsətdir. Ramiz Mehdiyevin əməlləri araşdırılsın, cinayətkar qrup ifşa olunsun, onun yerinə halal süd əmmiş biri gətirilsin və bununlada korrupsiya məsələsinə son qoyulsun.
Bacısının iç üzü açıldı,indidə İLqarın iç üzün açmaq lazımdir.Bu gün GÜNƏBAXAN verilişində nədənsə insanlarla yazıq formasında davranırdı.Az qalrdı ki,verilişə gələn qonaqların ayağına düşə yalvara ki,bacımı qurtarın..
Guler oyunu Ramiz Mehdiyevin vurulmasina hesablanib. Mehriban Aliyevanin planidir 100%. Bir muddet evvel qezetlerde Ramiz Mehdiyevin prezidentliye namized, yaxud ele prezident olacagi haqqinda xeberler dolashirdi. Ramiz hazirlashmaginda olsun, Mehriban kellesini ishledir.
Men fikirlesiremki Guler Ehmedovanin ailesi ciddi arasdirilmalidir.Hec uzaga getmeyek Ilqar Mikayiloglunuda arasdirmaq cox yaxsi olardi.Cunki bu adam defelerle Gunabaxan verlisinde vetendalarimizi psixoloji tezyiqlere meruz qoymusdur.Beleki Taksi suruculerine qarsi gobudlugu, Agdamli qiza qarsi "mene deyen lazimdi buna gore niye vurusurdum Qarabagda" demesi ele onunda mesuliyyete celb olunmasina bir delildir.Vaxtiynan ANS-de İc Xeber verlisinde xalqin terefinde duran bu adam son iller 180 derece cevrildi.Bu ise yuxaridakilari demeye esas verir.
həəəəə İlqar Mikayiloglu seni esidirik indi ANS-də bacinin rusvetxor,karrupsioner oldugun deyessen,?nece ki her hansi kicik bir vezife sahibi qanunu pozanda efire cixardirsiz,indi de bunu edersen eger etmesen demeli sende ele bu islerle mesgulsan...butun huquq-muhafizə organlarina təssəkurumu bildirirem
Bu ishde tekce Guler kimini hebs etmekle respublikanin rushvet problemini helle etmek mumkun deyil. Bu meselenin menbeyine kimi gedib hamini supurmek lazimdir.
Hörmətli Prezidentimizin qərarı hamını çox maraqlandırır. Bu insanların dövlətimizin adına xələl gətirməsinə yol verməyəcək.Yalnız hüquq mühafizə orqanlarının da verəcəyi düzgün qərar bizim respublikanın adının təmizlənməsinə səbəb olacaq.Gülərnən əlaqəyə girənlər Prezidentimizdən qorxub yəqinki bu cinayəti ört basdır etməyə çalışarlar. Amma bu xalq yazıqdır etməyin.cinayətkarları cəzasız qoymayın!!!!
YAP bir şeydən məyus ola bilər, o da pulun alınmamasından.