İyunun 5-də Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayı keçiriləcək. Opera və Balet Teatrında baş tutacaq qurultayda 350 nümayəndənin iştirakı nəzərdə tutulub. Qurultayda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi yenidən formalaşdırılacaq. «Media forum» saytı xəbər verir ki, İctimai birliyin adı dəyişdirilərək Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi adlandırılacaq.

Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk rəhbəri Şuşanın mərhum icra başçısı Nizami Bəhmənov olub. ATƏT Şurası 1992-ci il martın 24-də Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələrini sülh danışıqlarında maraqlı tərəf kimi tanıyıb. N.Bəhmənov ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarında Dağlıq Qarabağın azərbaycanlı icmasını da həmin ildən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı kimi təmsil edib. Şuşa Dağlıq Qarabağda azərbaycanlıların ən çox yaşadığı rayon olduğundan onun icra başçısı icmanın rəhbəri statusu almışdı.
2006-cı ilin oktyabrında isə Ədliyyə Nazirliyi rəhbəri N.Bəhmənov olan Dağlıq Qarabağ Azərbaycanlıları İcması İctimai Birliyi adlı qurumu qeydə alıb. Bu qurumun təsisçiləri N.Bəhmənov özü və Dağlıq Qarabağdan olan deputatlar Elman Məmmədovla Həvva Məmmədovadır.
N.Bəhmənov 2008-ci il sentyabrın 13-də vəfat edəndən sonra icma rəhbəri vəzifəsi bir müddət boş qalıb. Bu il fevralın 27-də prezident İlham Əliyevin sərəncamıyla Bayram Səfərov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Həmin vaxtdan B.Səfərov həm də Dağlıq Qarabağın azərbaycanlı icmasına rəhbərlik edir.

Cavid TURAN

Şərh yoxdur

Şərhiniz bizim üçün dəyərlidir