22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“DAİRƏ QAPANMAQDADIR”

2009-11-24

İsa Qəmbər: “Parlament seçkilərində indiki baxışlar üçün çox təəccüblü, gözlənilməz nəticələr ortaya çıxacaq”
“Almaniya, Fransa, İngiltərə, İtaliya, İspaniya və başqa ölkələrdəki tərəfdaşlarımızla görüşlər oldu”

Ötən həftənin ortalarında Avropa Liberal Demokrat İslahatçı Partiyalar İttifaqının İspaniyada keçirilən qurultayına qatılan Müsavat Partiyasının başqanı İsa Qəmbər vətənə qayıdıb. Dünən İsa Qəmbərlə görüşüb Avropa səfəri ilə və ölkəmizdə cərəyan edən digər siyasi proseslərlə bağlı suallarımızı ünvanladıq. İlk sualımız da İspaniya səfəri, keçirdiyi görüşlərlə bağlı oldu.

- Səfərin məqsədi ELDR (Avropa Liberal Demokrat İslahatçı Partiyalar) İttifaqının qurultayında iştirak etmək idi. Qurultay ərəfəsi bir konfrans keçirildi. O konfrans haqda mən məlumat vermişdim. Mətbuatda əksini tapmışdı. Qurultay ərəfəsində İttifaqa daxil olan partiyaların öz ölkələrindəki təcrübəsini, problemlərini müzakirə etmək üçün bir konfrans keçirildi. Çox maraqlı konfrans oldu. Mən də çıxış elədim və ölkəmizdəki vəziyyəti bütün reallıqları ilə, yəni siyasi məhbuslar problemi, jurnalistlərin həbsdə olması, gənc bloggerlərin tutuqlanması ilə məsələni diqqət mərkəzinə gətirməyə, ümumiyyətlə azadlıqların məhdudlaşdırılması məsələlərini, eyni zamanda Azərbaycanın önəmini və Avropaya inteqrasiyasının zərurətini əsaslandırmağa çalışdım. Maraqlı müzakirə oldu və bizim də mövqeyimizi xeyli dərəcədə diqqətə aldılar. Hətta İttifaqın prezidenti xanım Annemie Neyts qurultayda özünün əsas nitqində postsovet ölkələrindən Rusiyanın və Azərbaycanın adını çəkdi və dedi ki, bu ölkələrdə İttifaqın üzvlərinin çox çətin şəraitdə fəaliyyət göstərdiyini bilir. Qeyd etdi ki, müttəfiqlərimizə dəstək olmaqda davam edəcəyik. Qurultayın işi də çox maraqlı diskussiyalarla zəngin oldu. Bu iki tədbirdə iştirak etməklə yanaşı vaxtdan səmərəli istifadə etdik və bir çox görüşlərimiz oldu. Köhnə dostlarımızla söhbətlərimiz oldu. Yeni tanışlıqlar oldu, əlaqələr yaradıldı. İki istiqamətdə demək olar ki, əlaqələr inkişaf elədi. Bir istiqamət AB-nin üzvü olan köklü Avropa ölkələri ilə əlaqələrimizdir. Almaniya, Fransa, İngiltərə, İtaliya, İspaniya və başqa ölkələrdəki tərəfdaşlarımızla görüşlər oldu. Digər istiqamətdə görüşlər postsovet məkanında İttifaqın üzvü olan siyasi qüvvələrlə oldu. Gürcüstanda bizim uzun illərdir müttəfiqlərimiz var-Respublikaçılar Partiyası. Ukraynadan müttəfiqlərimizlə görüşdük. Rusiyada aparıcı demokratik qüvvələrdən biri olan Rus Xalq Demokratik İttifaqın təmsilçiləri ilə, həmin partiyanın sədri, ölkənin keçmiş baş naziri Mixail Kasyanovla müzakirələr apardıq. Əlaqələrin inkişafı ilə bağlı ilkin qərarlar qəbul etdik. Baltik ölkələrindən olan tərəfdaşlarımızla söhbətlərimiz oldu.
Maraqlı görüşlərdən biri Kuzey Kıprısda hakimiyyətdə olan Ulusal Birlik Partisinin təmsilçiləri ilə oldu. Onlar bir neçə ildir ki, ELDR İttifaqının qurultaylarına qatılır və bu İttifaqa üzv olmağa çalışırlar.
Yəni qısa müddətdə çoxsaylı görüşlərimiz keçirildi. Hesab edirəm ki, bu görüşlər Müsavat Partiyasının beynəlxalq əlaqələrinin güclənməsinə xidmət edir. Bu əlaqələr Azərbaycanın da demokratik inkişafına öz müsbət təsirini göstərəcək.

- İttifaqın üzvü olan partiyaların bəziləri öz ölkələrində hakimiyyətdə təmsil olunurlar. Onlar Azərbaycandakı hazırkı siyasi durumdan məlumatlıdırlarmı və münasibətləri necədir?

“İlham Əliyev gənc bloggerləri həbs etməklə çox böyük səhvə yol verdi”

- Təbii ki, məlumatlıdırlar və Azərbaycanda demokratiya, insan haqları ilə bağlı narahatlıqları gündən-günə artır. Xüsusən də son vaxtlar beynəlxalq ictimaiyyət Azərbaycandan siyasi məhbusların, jurnalistlərin azad olunmasını tələb etdiyi və gözlədiyi halda iki gənc bloggerin-Adnan və Eminin həbs edilməsi Avropa ölkələrində çox ciddi əks-sədaya səbəb olub. Hamı bu məsələ ilə bağlı yekdil mövqedən fikrini bildirir. Taleyranın məşhur bir fikri var idi. Ona bildiriblər ki, filankəs cinayət edib, Taleyran deyib ki, bu təkcə cinayət deyil, həm də böyük bir səhvdir. Həmin qaydada mən deyirəm ki, İlham Əliyev çox ciddi səhvə yol verdi. Təbii ki, gənclərin həbsi qanunsuzluqdur, cinayətdir. Eyni zamanda İlham Əliyev gənc bloggerləri həbs etməklə çox böyük səhvə yol verdi. Bu səhv İlham Əliyevin özünə də, hakimiyyətinə də çox ciddi problemlər yaratmaqda davam edəcək.
Avropada hakimiyyətdə olan müttəfiqlərimiz də var. Onların sırasına bu yaxınlarda çox ciddi bir qüvvə də qatıldı. Sentyabrda Almaniyada bundestaqa keçirilən seçkilərdə bizim müttəfiqimiz olan Azad Demokratlar Partiyası-FDP yüksək nəticə göstərdilər və xristian-demokratlarla bir yerdə hakimiyyət koalisiyası qurdular. İndiyə qədər müxalifətçi kimi tanıdığımız, əlaqə saxladığımız bir çox dostlarımız artıq Almaniyada hakimiyyətdə təmsil olunurlar. Təbii ki, bu da əvvəlki alman hökumətindən daha prinsipial və dəyərlərə bağlı bir siyasətin ortaya qoyulmasına gətirib çıxardacaq.

- Son vaxtlar Azərbaycan hakimiyyətinin təmsilçiləri anti-Qərb, anti-ABŞ bəyanatları səsləndirməkdədirlər. Belə görünür ki, hakimiyyətin Amerika ilə ciddi problemləri yaranıb. Siz də hesab edirsinizmi ki, hansısa ciddi problemlər yaranıb?

- Amerikanın siyasəti bütövlükdə bəllidir. ABŞ-ın cənubi Qafqaz bölgəsinə, Azərbaycana yönəlik mövqeyi, istəkləri, təklifləri yuxarı-aşağı məlumdur. Bu istəklər Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində yer tutmasıdır. Bu məsələni Azərbaycan hakimiyyəti qismən qəbul edib. Yəni bir tərəfdən İraqda, Əfqanıstanda, Kosovada sülhməramlı qüvvələrin tərkibində iştirak edirlər. Digər tərəfdən ABŞ-a Əfqanıstan siyasəti ilə bağlı irad bildirirlər. Bu, məsələnin bir tərəfidir. Eyni zamanda Azərbaycan beynəlxalq təhlükəsizlik sistemindəki önəmli istiqamətlərdə iştirak etməklə yanaşı prinsipial mövqe bildirməkdən imtina eləyir. Bu günə qədər NATO ilə, Avropa Birliyi ilə bağlı müvafiq qərarlar qəbul etmir. Əksinə, son vaxtlar Rusiyaya tərəf yönəlməyə başlayıb. Bu, bir tip reallıqdır. İkincisi, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Amerikanın Azərbaycandan bəzi gözləntiləri vardı. Və təbii ki, hər bir dövlət öz maraqlarına uyğun fəaliyyət göstərməlidir. Ancaq məsələnin mahiyyəti bundadır ki, istər avroatlantik məkana inteqrasiya, istərsə də neft və qaz ehtiyatlarını dünya bazarına, Türkiyə üzərindən Avropaya çıxarmaq Azərbaycanın köklü maraqlarına cavab verən marşrutlardır. Azərbaycan müəyyən mərhələdə Bakı-Ceyhan neft kəmərini, Bakı-Ərzurum qaz kəmərini çəkilməsinə razılıq verib. Lakin hazırda qeyri-müəyyən mövqe tutub ki, bununla da bağlı suallar gündən-günə artmaqdadır. Amerikanın, Qərbin Cənubi Qafqazda, Azərbaycanda istədiyi digər bir məsələ azadlıqların hüdudlarının genişləndirilməsidir. İstər siyasi, istər iqtisadi sahədə azadlıqların olması və digər məsələlərin də buna müvafiq şəkildə həll edilməsi Azərbaycandan gözlənilən və istənilən addımlardır. Qərbin, Amerikanın Azərbaycandan gözlədiyi bu istiqamətlərdə düzgün addımlardır. Azərbaycan hakimiyyəti isə bu addımları atmır. Təbii ki, bütün bunlar bir-birini tamamlayaraq münasibətlərdə ciddi problemlər yaratmaqdadır. Bunu görməmək mümkün deyil. Azərbaycan hakimiyyəti ölkəmizin də maraqlarına cavab verən, üzv olduğumuz beynəlxalq təşkilatların da qarşısında Azərbaycanın götürdüyü öhdəliklərdə nəzərdə tutulan addımları atmayacaqsa, gərginlik artmaqda davam edəcək. Və hansısa nəticələrə gətirib çıxaracaq.

- Hazırda ölkədə bələdiyyə seçkiləri kampaniyası gedir. Hakimiyyət strukturları kampaniya başlanandan elə bir xətt götürüblər ki, sanki bu seçkilərdə hakimiyyətin taleyi həll olunur. Ciddi statusu olmayan bələdiyyələrə seçkilərdə bu cür sərt mövqenin nümayiş etdirilməsi nə ilə bağlıdır?

“Hakimiyyət sadəcə olaraq, cəmiyyətin fəallaşacağından çəkinir...”

- Mətbuatda bunun səbəbləri barədə kifayət qədər şərhlər verilir. Əksər hallarda həmin şərhlər məsələni əhatə edir. Ancaq heç kimin danışmadığı müəyyən səbəblər də var. Hakimiyyətin bu narahatlığının, bələdiyyə seçkilərində bu qədər ifrat ehtiyatlı, qorxaq davranışının, qorxduğu üçün də hədən artıq qeyri-qanuni hərəkətlər etməsinin müəyyən izahları var. Zamanı gələndə biz onları şərh edəcəyik. Ancaq əsas səbəb odur ki, hakimiyyət sadəcə olaraq, cəmiyyətin fəallaşacağından çəkinir. Başa düşür ki, ölkədə narazılıq o həddədir ki, azadlıqların hüdudları bir balaca artsa, hakimiyyət üçün fərqli nəticələrə gətirib çıxara bilər. Hətta bələdiyyə seçkiləri fərqli nəticələr ortaya çıxara bilər. Ona görə hakimiyyət bu qədər qeyri-qanuni hərəkətlər edir. Müsavatın minlərlə namizədinin tam əksəriyyətini müxtəlif yollarla seçkidən kənarda saxlamaq üçün qeyri-qanuni addımlar davam edir. Biz hakimiyyətin bu ucuz oyunlarından narahat deyilik. Bələdiyyə seçkilərində iştirakımızla hakimiyyətin zəif nöqtələrini, qalib gəlmək üçün heç bir imkanı olmayan nöqtələrini müəyyənləşdirməkdə davam edirik. Hesab edirəm ki, növbəti parlament seçkilərində builki bələdiyyə seçkiləri təcrübəmizdən səmərəli istifadə edə biləcəyik.

- Namizədlərinizin əksəriyyətinin seçkidən kənarda saxlandığını bildirdiniz. Qanunsuzluqlara hansı formada etiraz addımlarınız olacaq. Seçkini hansısa mərhələdə boykot etmək gözlənilirmi?

- Boykotdan söhbət belə gedə bilməz. Müsavat Partiyasında seçkinin boykot edilməsi məsələsi müzakirə edilmir və edilməyəcək. Bu gün (dünən) Divanın iclasında bələdiyyə seçkilərinin gedişini çox ciddi müzakirə etdik. Boykot təklifi gündəmə belə gəlmədi. Ola bilər ki, Müsavatın seçkini boykot etməsi hakimiyyətin arzusudur. Ancaq bizi hakimiyyətin arzusu deyil, ölkənin, demokratik inkişafın maraqları düşündürür. O istiqamətdə qərarlar qəbul edirik. Biz təbii ki, bu gün də (dünən) müəyyən qərarlar qəbul etdik. Bələdiyyə seçkiləri ilə bağlı iştirakın, təbliğat-təşviqat işinin qurulması formaları və bütövlükdə bələdiyyə seçkilərindən çıxaracağımız nəticələr hələ qarşıdadır.

- Bəzi siyasətçilər, politoloqlar bildirirlər ki, hakimiyyətin Qərblə münasibətlərində ciddi çat yaranıb və 2010-cu il parlament seçkiləri hakimiyyət üçün çətin olacaq. İndiyə qədər heç bir seçkidə baş verməyən nəticələr, iqtidarın zərərinə olan proses baş verəcək. Bu fikirlərdə həqiqət yükü varmı?

- Mən bu barədə bu yaxınlarda da demişəm ki, 2010-cu il parlament seçkiləri fərqli olacaq. Dairə qapanmaqdadır. Əliyev iqtidarının istər daxili siyasətdəki səhvləri, səriştəsiz davranışı, istərsə də beynəlxalq miqyasdakı yanlışları dairəni qapatmaq üzrədir. Dairə qapanır və hesab edirəm ki, 2010-cu ildə Azərbaycanda tamamilə fərqli bir seçki kampaniyası gedəcək. 2010-cu il seçkilərinin nəticələri zaman yaxınlaşdıqca normal görünəcək, ancaq indidən baxanda, indiki baxışlar üçün çox təəccüblü, gözlənilməz nəticələr ortaya çıxacaq.

- Bir müddət əvvəl Xalq Cəbhəsinin yaranması ideyasını irəli sürmüşdünüz. Son vaxtlar mətbuatda bu ideyanın reallaşa biləcəyi haqda informasiyalar, açıqlamalar verilməkdədir. Bu ideya reallaşacaqmı?

-...

(davamı növbəti sayımızda)

Etibar SEYİDAĞA

3540 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008