10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

SİRUS TƏBRİZLİ İLƏ “CIZ -BIZ HAMAMI”nda

2010-02-08

Keçmiş nazir buzlu hovuzda çimdi, qarla bədənini yudu, başı üstə qəzetimizə müsahibə verdi
Əməkdaşımız “Hyatt Regency”də Elmar Məmmədyarovun müavini ilə görüşdü

Onu rubrikamızda görmək üçün azı bir il idi çalışırdıq. Hər dəfə zəng edəndə “darıxma, onun da vaxtı var, bir gün oturub danışacağıq, özü də bu, elə-belə söhbət olmayacaq” deyirdi. Sonuncu dəfə yayda dedi ki, “qoy qış gəlsin, qar yağsın, bax, söhbətimiz onda olacaq”. Qarın müsahibəyə nə dəxli olduğunu soruşanda mətləbi anlatdı...

Bakıya böyük cillənin birinci qarı yağanda ilk yadıma düşən və aradığım Sirus Təbrizli oldu. Səsimi eşidən kimi “yadımdadır, amma belə qar demirəm e, bu, çovğundur. İstəyirəm sakit yağsın”. Düşündüm yəqin keçmiş nazir-deputatla söhbətimiz “daş göyərənə” qaldı. Ancaq onun istədiyi qar yağdı. Bu dəfə cavab müsbət oldu, ancaq “şərtim var, siyasi söhbət olmayacaq, mən bunu gənclərimizə həsr edəcəyəm” dedi. Olsun dedik...

...“Hyatt Regency”in idman sağlamlıq kompleksinin hovuzundaymış. Uzaqdan görən kimi “sən yuxarı çıx, gəlirəm” deyir. Sürücüsü ilə bərabər kompleksin damına qalxırıq. Qarşıda dörd tərəfi qarla örtülən hovuz var. Az sonra elə çimərlik geyimində, ayaqyalın qarlı-buzlu meydançaya gəlir. “Yollar buzlu olmasaydı, səninlə dənizə gedəcəkdim”, deyir.
“Suvorov deyirdi bədəni incitməsən sağlam olmaz. Biz müsəlmanlar bədənimizi də, ruhumuzu da incitməkdən qorxuruq. Ona görə də bizdə bir fiziki, zehni tənbəllik yaranır. Mən səninlə bu söhbəti cavanlara həsr eləmək istəyirəm. Qoy görsünlər ki, əgər 68 yaşında Sirus Təbrizli qarın üstündə belə çılpaq gəzə bilirsə, 4 dərəcə soyuq olan suya girirsə, gör onlar özləri nəyi bacararlar. Mənim bədənimə yeddi dəfə cərrah bıçağı dəyib. İkisi elə burdadır. (Sağ qolundakı uzun şıramı göstərir-E.P.) Amma eyni zamanda bu bədənə Təbrizin, Ərdəbilin, Bakının havası dəyib. Bir də mübarizə meydanlarının havası dəyib. Nəhayət, bu gün insult, infarkt geniş yayılıb. Hərəkətsizlikdən, tənbəllikdəndir. Kabab yeyib yalandan bir-birimizi tərifləməyə nə var ki. İdman eləmək gərəkdir. Bədənimizdə 600 əzələ var. Bütün qan damarları bu əzələlərin altı-üstü ilə gedir. Sən hərəkətə gələndə, ürək nasosdur, ürəyə yardımçı bir nasos kimi kömək edir. İndi mən isti suya girəcəyəm, sonra da soyuq suya. Mən bunun adını ”cız-bız hamamı" qoymuşam".
İsti duşun altına girir və söhbətə davam edir: “Bax, bunun prinsipi budur. İsti su ilə bədəni qızdırırsan, sonra baş vurursan soyuq suya”. Bu görüntünü fotoaparatın yaddaşına köçürdüyümü görəndə bir az da ləzzətlə “çək, qoy cavanlar görsün ey nələr var ”, deyir. İti addımlarla soyuq hovuza tərəf gedir və suya baş vurur. Bir neçə saniyə suyun altında qalandan sonra üzə çıxır. Əlimi suya vururam, az qalır barmaqlarım donsun...

Bir neçə dəqiqədən sonra hovuzdan çıxaraq çimərlikdəymış kimi qarlı-buzlu betonun üstündə var-gəl edir. Və növbəti seansımız alınır. Buzun üstünə dəsmalını sərib göz qırpımında, cəldliklə başı üstə durur. Əsl sensasiya budur! 68 yaşlı adam başı üstə dayanır...

Müsahibəmizin bu bölümü isə elə bu vəziyyətdə davam edir; mən ayaqda, o isə başı üstə. Və baş üstə qalmağın fəlsəfəsini anladır:
“Mən kəlləm üstə dayananda özümü insulta təhrik edirəm. Bu dəqiqə soyuq havadır, damarlar daralıb. Mən kəlləsi üstə dayananda qan birdən beyinə gedir, adam insult ola bilər. Amma eyni zamanda damarları açır. Buna deyirlər yoqanın ən əlası. Təqribən 20 ildir bununla məşğul oluram. Başım üstə ən çox 17 dəqiqə dayanmışam. Bir az siyasətə qoşuldum, Naxçıvana gedəndə (90-cı illərin əvvəllərində-E.P.) arasını kəsdim. Amma yenə də qayıtdım”. Özü də bu vərdişlə bağlı heç vaxt həkimə müraciət etmir: “Həyat yoldaşım ”UZİ"də işləyir. Deyir bütün məşhurlar gəlib “UZİ”yə girir, səndən başqa. Mənim “UZİ”m bax, buradır. İnsan hər şeyə qadirdir. İnsan deməlidir ki, “mən bunu bacarıram, qurtardı getdi”. Bunun başqa bir fəlsəfəsi də var. Bu dünyada çox şey tərs-məzhəbdir, onu düz görməkdən ötrü kəlləsi üstə olmaq lazımdır".
Bunu deyib ləzzətlə gülür. Ardınca küləyin sovurub bir kənara topladığı qarın üstündə oturub həvəslə bədənini qarla yumağa başlayır. Qum vannası qəbul edirmiş kimi bədənini qarla örtüb uzanır.

Davamçıları da var: “Uşaqlar bala-bala öyrəşirlər. Amma bir dostum var - Sultan, iki oğlunu gətirir. 10-12 yaşında uşaqlardır. 40-a qədər davamçım var. Nə meydanda həmfikir tapa bildim, nə YAP-da. Amma burda tapmışam. Sağlamlıq klubunda. Burda iki vacib məsələ var, insanın bədəni sağlam olmalıdır, bir də ruhu. Fiziki və mənəvi kamilliyi olan adamları mən xoşbəxt sayıram. Belə adam üçün hara olur-olsun fərqi yoxdur. İnsan hər bir situasiyaya düşə bilər, gərək sən fiziki və ruhi sağlamlığını saxlayasan. Əgər bu varsa, onun dəxli yoxdur, sən kasıbsan, dövlətlisən...”

Təkrar soyuq hovuza tullanır və suyun üzünə çıxandan sonra ləzzətlə “ bəh-bəh ” qışqırır. Bunun da fəlsəfəsi varmış: “Bunsuz olmaz, gərək bir ”bəh-bəh" qışqırasan. Mənim bir kəlamım var. Qar yağır! Bədbin “vay-vay”, nikbin “bəh-bəh” deyir. Həyat budur. Bədbinlik adamı faciəyə aparır. Ömrüm boyu haqsızlıqla vuruşmuşam. Vuruşmaqdan ötrü də güclü olmalısan. Mən qərara gəldim ki, bədənimi silaha çevirməliyəm ."

Söz müharibəsində vuruşunuz bizə bəlli. Bəs, əl-qol savaşında hansı nəticələr var” soruşuram . Cavab maraqlıdır: “Yox, daha mən durub əlbəyaxa vuruşmayacağam ki... A kişi, sən bilirsən ki, mən Naxçıvanda necə soyuq otaqda qalmışam? Rəhmətlik kişi (Heydər Əliyevi nəzərdə tutur-E.P.) mənə deyirdi ki, ə, sən dəmirdənsən. Vasifin, Bəylərin (V.Talıbov, B.Əyyubov-E.P.) gözü qabağında olub bu söhbətlər. Başıma dolayırdım dəsmalları, otaqda yatırdım. Bununla da hələ bir təqib edirdilər məni. İndi əliyevçi olanlar təqib edirdi e. (Gülür) Təsəvvür edirsən, adam iyrənir. Amma mən bu suda saflığı görürəm, o iyrəncliklər də hamısı keçir.”
Hovuzdan çıxandan sonra elə buzun üstündəcə dayanıb gənclərə xitabını edir: “Əgər sən həyatda nəyəsə nail olmaq istəyirsənsə, özündən başlamalısan. Bədənini, ruhunu silaha çevirməlisən. Başqa yol yoxdur. Özü də biz nisgilli, bölünmüş xalqıq, qardaş. Bizim beynimiz, ürəyimiz gərək piylənməsin. Özümüzdən daim narazı olmalıyıq. ”Mən yaxşıyam" dedinsə, qurtardı getdi. Mən cavanlara bunu demək istəyirəm".
Deyir ki, hazırda o, həyatını üç amil üzərində qurub - idman, mütaliə, ailə: “Hər gün səhər 9-da idmandayam, bəzən axşam da gəlirəm. Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam, sonra boksa getmişəm. Hətta ali məktəblər arasında ağırlıqqaldırma üzrə çempion olmuşam. İki dəfə ”qrija" əməliyyatına məruz qaldığım üçün ağırlıq qaldırmağı məsləhət görmədilər. Onda keçdim üzməyə".

- Dayanmadan nə qədər üzə bilərsiniz?

- Çox. Bir dəfə mənim barəmdə rəhmətlik Heydər Əliyev böyük bir müşavirədə danışdı. Dedi ki, Sirus, bunlar sənlə üzə bilməzlər, sənlə özüm üzəcəyəm.

- Üzdünüzmü?

- Ooo, bilirsən nə üzürdü. Rəhmətliyin ayaqları uzun idi. Uzun ayaqlılar da daha yaxşı üzür. Saatlarla üzürdü e.

- Hovuzda üzürdünüz, yoxsa..?

- Yox e, mən dənizdə deyirəm. O da dənizdə üzməyi xoşlayırdı.

Yenə başı üstə qalxır və “daş ola, baş ola. Şaxta ola, qış ola” deyir. Ayağa qalxandan sonra yoqa hərəkətləri etməyə başlayır. Əzələlərini şişirdərək “necədir səninçün” soruşmağı da unutmur: “Çək, qoy cavanlar görsünlər”.

- Nemət Pənahlı da yoqa ilə məşğul olur...

- O başı üstə daha çox dayanır. Vərdişdir də. Insan hər şeyə qadirdir. Bir dəfə mən farslara dedim ki, Nizami nə sizin şairiniz deyil, nə də bizim. Soruşdular bəs kimindir? Dedim ingilisin, almanın. Nizaminin yazdığını onlar edirlər e. Bu dəqiqə düş aşağı, əsas xaricilər üzür. Balaca uşaqları gətirib atıblar hovuza. Bizdə uşağın üstünü basdırırlar ki, yat, soyuq olar. Nizaminin “Fitnə”si yadınızdadır da. Hər şey vərdişdən asılıdır. Bir işi görmək istəyən vasitə, görmək istəməyən bəhanə axtarır."
Alim dostu İsfəndiyarı təqdim edir: “Xahiş edirəm de, bu soyuq su sənə nə verib” soruşur. Isfəndiyar müəllimin cavabı: “ Hər şey. Sağlamlıq, enerji. İşgüzarlığı azı beş dəfə artırır. Yorulmaq hissi yoxdur. Az yatmaq mümkündür. Soyuq su adamdan qorxu hissini götürür. Sirus bəy 35-40 yaş verə biləcəyimiz dostunun 58 yaşının olduğunu deməklə də bizi təəccübləndirir: ”Babadir e". Ardınca suya baş vururlar. Müsahibim yenə qışqırır: “Reallıq budur e. Bəh-bəh. Televiziyadan baxırıq ki, Rusiyada bunları edirlər. İstəyirəm bizim camaat görsün ki, özümüzünkülər də soyuq suda çimir”.
...Beləcə, layihəmizi yekunlaşdırırıq. “Cız-bız hamamı”nı tərk etdiyimiz zaman daha bir məşhur sima ilə qarşılaşırıq. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də elə Sirus müəllimin qiyafəsində hovuza doğru gəlir. Salamlaşırıq. Sirus bəy “Mahmud müəllim, siz də bir-iki kəlmə deyin” təklifini versə də, nazir müavini yalnız salamlaşmaqla kifayətlənir və işarə ilə nə çəkilişə icazə verir, nə də əlavə söz deyir. Biz də israr etmirik... Məlum olur ki, bura məmurlardan Novruz Məmmədov, Azər Qasımov, deputat Asəf Hacıyev, keçmiş deputat Cahangir Hüseynov kimi tanınmışlar gəlib üzürlər...
Ayrılarkən Sirus bəy xatırlatma eləməyi unutmur: “Ən əsası odur ki, mən dediyimi elədim...”

Elşad PAŞASOY

5871 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KƏMALƏDDİN HEYDƏROVDAN ZİYA MƏMMƏDOVA QAR ZƏRBƏSİ

[09.02.2012] - AZƏRBAYCAN MÜXALİFƏTİ OBAMANI ŞANSLI SAYIR

[09.02.2012] - PİS HAVA VİZA DANIŞIQLARINI TƏXİRƏ SALDI

[09.02.2012] - TÜRKİYƏ GENERALİTETİNDƏN AZƏRBAYCANA DƏSTƏK VƏDİ

[09.02.2012] - “VİCDAN MƏHBUSLARI MARTDA AMNİSTİYA İLƏ BURAXILA BİLƏR”

[09.02.2012] - AVROPA İTTİFAQININ QARABAĞ SİYASƏTİNİN PƏRDƏARXASI MƏQAMLARI

[09.02.2012] - İRAN SURİYAYA 15 MİNLİK QOŞUN GÖNDƏRİB

[09.02.2012] - AMERİKA SANKSİYA VERİR, AZƏRBAYCAN QUCAQ AÇIR...

[09.02.2012] - GÜNAY MUSAYEVANIN ƏRİ İLƏ BİRGƏ OYUN QURDUĞU ÜZƏ ÇIXDI

[09.02.2012] - “RUSİYANIN SURİYANI HARAYADƏK QORUYACAĞI BƏLLİ DEYİL”

[09.02.2012] - TÜRKİYƏYƏ BAKIDAN GEDƏN QAZ NİYƏ KƏSİLİB?

[09.02.2012] - RUSİYA KƏŞFİYYATININ GÜRCÜSTAN ÜZƏRİNDƏN ŞUŞA TƏXRİBATI

[09.02.2012] - TÜRKİYƏLİ DEPUTAT SOYDAŞIMIZDAN QEYRƏTLİ HƏRƏKƏT

[09.02.2012] - “SOYQIRIM QANUNU LƏĞV EDİLƏCƏK”

[08.02.2012] - “GÜNAY MUSAYEVA VƏ TOLQA MƏNƏ OYUN QURDULAR”

[08.02.2012] - AZƏRBAYCANIN ƏN İRİ QAZ YATAĞI İFLİC OLDU

[08.02.2012] - PƏNAH HÜSEYN ƏFŞAR SÜLEYMANİNİ DÖYMƏK İSTƏYİBMİ?

[08.02.2012] - İSA QƏMBƏR İLHAM ƏLİYEVİN MÜNHEN BƏYANATINDAN DANIŞDI

[08.02.2012] - “SİYASİ MƏHBUSLAR 2-3 HƏFTƏYƏ BURAXILACAQ”

[08.02.2012] - “ŞÜKÜR, ADAM ÖLMƏYİB...”

ARXIV

Yeni MÜSAVAT © 2008