30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

DEPUTATLA KÖŞƏ YAZARLARININ MÜXALİFƏT DAVASI

Fazil Mustafa: “Mən ağıllı adamların yanındayam”
Seymur Həziyev: “Fazil bəy personajdan tipə çevrilməkdədir”
Qan Turalı: “Həccə gedən, şeytana daş atan Fazil Qəzənfəroğlu şeytanların yanına necə qayıtdı?”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa ilə debatın üçüncü hissəsini təqdim edirik. Debatda F.Mustafanın opponentləri “Azadlıq” qəzetinin köşə yazarları Qan Turalı və Seymur Həziyevdir. Moderator qismində isə “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu və redaktoru Nazim Sabiroğludur...

(əvvəli ötən saylarımızda)

Seymur Həziyev:
- Fazil bəy, seçicilərinizin vəziyyəti necədir?
- Seçicilərimin vəziyyəti sizin vəziyyətiniz kimidir.
- Bəs yaxşı, seçicilərinizi niyə dəyişmirsiniz?
- Çünki siz də daxilən hakimiyyətdən razısınız, seçicilərim də...

Rauf Arifoğlu:
- Siz niyə Fazil bəyin bu mövqedə dayanmasını tənqid edirsiniz? Ona ürəyiniz yanırmı, yoxsa bu mövqeyini xalqa, özünüzə ziyanlı hesab edirsiniz?

Qan Turalı:
- Açığı, mən Fazil Qəzənfəroğluna yanmıram. Arzulayıram ki, o daha açıq mövqe ortaya qoysun, daha açıq şəkildə İlham Əliyevi müdafiə etsin, sona qədər oynasın.

R.Arifoğlu:
- Yəni açıq desək, o, hakimiyyəti daha intellektual müdafiə edir.

Q.Turalı:
- Bəli, o, Fəzail Ağamalıdan, Əhəd Abıyevdən, Zahid Orucdan, hətta Elmira Axundovadan daha intellektual müdafiə edir.

F.Mustafa:
- Çox maraqlıdır ki, siz Əli Kərimli məktəbini keçmiş adamlarsınız...
- O məktəbdə 20 il siz olmusunuz, mən yox.

F.Mustafa:
- Elə ona görə də məsləhət görürəm ki, o cəbhədən gedin. Orada mənəvi dəyərlərinizin hamısını itirəcəksiniz.

Q.Turalı:
- Oradan Ramiz Mehdiyev məktəbinə gedək?

S.Həziyev:
- Ortada Azərbaycan xalqının müsibəti var, xalqa zülm edən hakimiyyət var. Siz də bu hakimiyyəti seçmisiniz, sonra da bizə mənəvi dəyərlərdən dərs deyirsiniz.

Q.Turalı:
- Mənə sual verildi ki, Fazil bəydən niyə yazırsınız, mən bu suala cavab vermək imkanı tapmıram, icazə verin fikrimi deyim. Çünki Fazil bəy açıq oynamır, məsələn, Qüdrət Həsənquliyev kimi açıq oynamır, biət mövqeyini açıq ortaya qoymur.

S.Həziyev:
- Açığı, mən deyim ki, bu yazılardan ən çox qazanan Fazil bəy olacaq. Aparıb bu yazıları göstərəcək ki, baxıb görsünlər nə danışıb.

F.Mustafa:
- Bu gün normal müxalifət partiyası qalıb? AXCP-nin heç bir strukturu qalmayıb. Siz haradan gəlib oldunuz müxalifət partiyası? İndi iki qəzet qalıb, “Yeni Müsavat” və “Azadlıq” qəzeti....

S.Həziyev:
- Az qala deyəsiniz ki, sizin bu günə düşməyinizi də mən təşkil etmişəm.

F.Mustafa:
- Mən sizin gününüzə acıyıram. Sizi dirçəltmək istəyirəm.
- Biz acınmaq günündə deyilik.

Q.Turalı:
- İmkan verin mən davam edim ki, niyə ondan yazırıq. Fazil bəy siyasətdə daha fərqli kurs götürdüyünü deyir. Bu fərqli kursun fəlsəfi-nəzəri məsələlərini izah edə bilərmi? Söhbət bundan gedir. Fazil bəy məktəb açılışında İlham Əliyevin arxasında dayanıb əl çalırmı? Çalır. Öz tənqidi fikirlərində faiz etibarı ilə daha çox müxalifəti tənqid edirmi? Edir. Bircə dəfə İlham Əliyevin adını çəkib tənqid edibmi? Eləməyib. Halbuki seçkidə İlham Əliyevə uduzub və onun siyasi rəqibidir. 2003-cü ilin oktyabr ayında Müsavatı, 2006-cı ilin noyabrında AXCP-ni müvəqqəti qərargahından çıxardılar. Ötən il Fazil bəyə qərargah verdilər. Və söyləyir ki, sədri olduğu partiyada ondan başqa tanınmış adam yoxdur. Amma son bələdiyyə seçkilərində BQP-yə 132 yer, ondan nə qədər güclü olan Müsavat Partiyasına isə 4 yer verildi. BQP-yə qarşı bu cür münasibət haradan qaynaqlanır? Xalq tanınmayan partiya üzvlərinizə necə səs verir? BQP 31 faiz seçici fəallığı olan bələdiyyə seçkilərində 0,85 faiz səs alıb, 2008-ci ilin 75 faiz seçici fəallığı olan prezident seçkilərində isə Fazil bəy namizd kimi 2,47 faiz səs alıb, üçüncü yerə çıxıb. Bu, BQP-nin dayaqlarını göstərmirmi? Fazil bəy islahat yolu ilə dəyişmək kursunu götürəndən üzü bəri hakimiyyət hansı islahatçı addım atıb? Bu müddət ərzində əslində bütün sahələrdə geriləmələr, dəhşətli hadisələr baş verib. Qulamhüseyn Əlibəyli məlum xain hərəkəti edəndə, mən “Azadlıq” qəzetində onu biabır etdim. Amma bir şey var ki, Qüdrət bəy də, Əliməmməd bəy də, Qulamhüseyn bəy də fərqli, yəni açıq oynayırlar. Fazil Qəzənfəroğlu deyir ki, partiya üzvlərinə onları hakimiyyətə gətirəcəyinə söz verib. Mən bunu gülməli bir şey kimi başa düşürəm.

Nazim Sabiroğlu müdaxilə edir:
- Yəni Fazil bəyin yazısında əks olunan Kefli İsgəndər məsələsinə bu daha çox oxşayır?

Q.Turalı
- Bəli, xatırlatmaya görə təşəkkür edirəmb Nazim bəy. Bir adam ki, müxalifətdə ola-ola jurnalistləri “it” adlandırır, o, hakimiyyətə gəlsə, bizi güllələtdirər. Fazil bəy vaxtı ilə YAP-ın şeytan partiyası olduğunu yazmışdı. O, YAP-ın bayrağında mason simvollarına oxşar bir şey tapmışdı, onu şeytan partiyası adlandırmışdı. Mən başa düşə bilmirəm, Həccə gedib hacı olan, şeytana daş atan Fazil Qəzənfəroğlu şeytanların yanına necə qayıtdı? Bu gün Fazil bəy səmimi şəkildə boynuna alsa ki, mən hökumətin adamıyam, onun haqqında bir kəlmə yazan şərəfsizdir. Amma bunu deməsə, həftədə bir dəfə onu hədəfdə saxlayacam.

R.Arifoğlu:
- Fazil bəy, siz özünüzü müxalifətdə hesab edirsinizmi?

F.Mustafa:
- Bəli, mən özümüzü müxalifətdə sayıram. Mən siyasi fəaliyyəti tənqid etməyin əleyhinə deyiləm. Məsələn, denən ki, Fazil Qəzənfəroğlu seçkinin demokratik keçdiyini deyir, amma yalan deyir. Bunu yaz. Amma kimsənin şəxsiyyətinin üzərinə gəlməyi qəbul etmirəm. Sən hansı dəyərlərdən üstünsən ki, başqasının şəxsiyyətini təhqir edirsən? Nə olar qəzet əlində olanda? Mən bu düşərgədə olan insanların heç zaman şəxsiyyətinə toxunan bir fikir işlətmirəm.

R.Arifoğlu:
- Fazil bəy, bu düşərgə məsələsinə də aydınlıq gətirək. Siz deyirsiniz ki, müxalifətdəyəm. Onda sizin düşərgə hansıdır? Bizimlə eyni düşərgədə sayırsınızmı özünüzü?

F.Mustafa:
- Siz deyirsiniz ki, real müxalifətik, mən də deyirəm ki, mən realist müxalifətəm. Bu gün Ayaz Mütəllibov da müxalifətdədir, amma sizinlə bir düşərgədə deyil axı.

R.Arifoğlu:
- Yəni siz razı müxalifətsiniz.
- Xeyr. Mən gedişatda sizin üslubu qəbul etmirəm.
- Sizi hakimiyyətə münasibətdə fərqləndirən nədir?
- Siz seçiminizi etmisiniz ki, biz maralistlərik.

S.Həziyev:
- Biz maralist deyilik. Sizin hakimiyyətdən razı qaldığınız məsələlər varmı?
- Razı qaldığım da var, qalmadığım da.
- Yəni qismən razı müxalifətsiniz.
- Tam narazıyam.
- Bir az narazısınız?
- Bir az razı da deyiləm.
- Bəs nəsiniz?
- Deyim. 1993-cü ildə hakimiyyətdə olmuş adam kimi, indiki iqtidarın hakimiyyəti saxlamaqla bağlı xarici siyasətini ağıllı hesab edirəm. Amma daxili siyasətlə razı deyiləm. Sizin suallara cavab olaraq deyim ki, əgər hakimiyyət islahatlar aparmırsa, ömrünü qısaldır. Sizin demokratiya imitasiyanız olduğu kimi, hakimiyyətin də islahat imitasiyası var. Biz sizdən ayrılmışıq, siz özünüzü daha vətənpərvər, daha milliyyətçi insanlar hesab edirsiniz. Mübarizəni bu yolla da davam edin, biz sizə qarşı çıxmırıq ki. Savaşın, daşlaşın...

S.Həziyev:
- Amma bizi də bağışlayın, gedək hakimiyyətdən 5-10 manat alaq.

F.Mustafa:
- Almağı öz liderlərinizdən soruşun, ünvan verdim, 1995-ci ili araşdırın.

S.Həziyev:
- Dədəmlə dədəmi deyincə, özümlə özünü de.

Q.Turalı:
- Fazil bəy, suallarıma cavab verin.

F.Mustafa:
- Bizim prinsipimiz odur ki, hakimiyyət islahata getməyə məhkumdur. Getməsə, bu siyasət hakimiyyətin özünü iflasa aparır. Azərbaycanda altdan gələn elə bir qüvvə yoxdur ki, islahatlar üçün təzyiq göstərə bilsin. Müxalifətin mitinqi bir fabriki bağlamır. 5 ildir küçəyə çıxa, heç nəyə müqavimət göstərə bilmirsiniz. Hansı hakimiyyət heç bir təzyiq olmadan islahata gedər, dəyişiklik edər? Pulları var, imkanları var, niyə nəyisə dəyişməlidirlər?

S.Həziyev:
- Sizin hakimiyyət haqda anlayışınız budurmu?

F.Mustafa:
- Olmadı ki. Ölçüləri fərdi polemikada müzakirə edə bilərik. İndi başqa məsələdən söhbət gedir, cavab verirəm. Mənim yanaşmam budur kib islahatın memarı hakimiyyətin özü olmalıdır. Ölkədə iki yol var; ya aşağıdan gələn xalqın böyük narazı kütləsi xaotik bir vəziyyət yaradıb bütün sistemi uçuracaq, ya da ki, hakimiyyət özü islahatların memarı olub, tədricən ölkədə vəziyyəti dəyişəcək. İndi hakimiyyət bu islahatları aparmır; bununla mən də razıyam. Amma bunu aparacaq, bunu təşviq edəcək yollardan biri də sistemlə hesablaşmaqdır. Şeytan məsələsinə gəlincə, mən vaxtilə YAP-ın simvolunun buna uyğun gəldiyini yazmışam. Bub YAP-a qarşı ideoloji mübarizədə yazılan yazıdır.

R.Arifoğlu:
- İndi də yazarsınızmı?
- Xeyr, indi yazmaram, çünki indi üslubum fərqlidir.

S.Həziyev:
- Yəni o zaman yalan yazmışdınız?
- Yox, indi, ümumiyyətlə, sizə münasibətdə də üslubum fərqlidir.

R.Arifoğlu:
- Sual belə idi ki, necə olur Həccə gedib şeytana daş atasan, sonra şeytan dediyin partiyaya loyal münasibət bəsləyəsən?
- Təkcə şeytan dediyim partiyaya loyal münasibət bəsləmirəm. Sizə də loyal münasibət bəsləyirəm.
- Bizə şeytan deməmisiniz axı. Xalq hərəkatında da o qədər şeytan və o qədər dürüst var idi ki. YAP-da o qədər şeytan və dürüst var ki.

Q.Turalı:
- Söhbət emblemə baxıb YAP-a şeytan deməyinizdən gedir.

F.Mustafa:
- Bu o zaman ideoloji mübarizə üsulu idi. Bu gün mən o funksiyada deyiləm, indi o savaşı aparmıram. Mən başqa yol təklif edirəm.

S.Həziyev:
- Savaş aparmırsınızsa, necə müxalifətdəsiniz?

F.Mustafa:
- Müxalifət savaş aparmaq üçün deyil ki. Siz barışmaz müxalifətsiniz. Biz reallıqlarla barışan müxalifətik.

R.Arifoğlu:
- Siyasətdə lider səviyyəsində olan dostlarımdan biri ilyarım öncə dedi ki, bizim indiyə qədər gəldiyimiz yol səhv olub, yeni kurs götürməliyik. Düzdür, sonradan həmin şəxs o fikrindən də imtina elədi, öz ampluasına qayıtdı. O, kursu dəyişmək barədə danışanda, mən ona demişdim ki, onda gərək Azərbaycan xalqından, partiya üzvlərindən üzr istəyib, evdə oturmalısan. “Mən o zaman belə demişəm, indi belə deyirəm” ifadəsi siyasətçiyə yaraşmır. Çünki siyasətçi ictimai müqavilə məsuliyyəti də daşıyır. Onun bir sözü ilə yolunu, taleyini dəyişən, yaxud onun arxasınca gələn adamlar var axı. 15 il sonra birdən qayıdasan ki, indiyəcən dediklərimiz və etdiklərimiz səhvdir. Heç olmasa, onlardan üzr istəmək məsuliyyəti var. Sizə indiyə qədər inanan insanlardan üzr istəmək, yaxud onlara “o zaman mən də səhv eləmişdim, indi düz yoldayam, siz də gəlin bura” çağırışı etmək fikriniz varmı?

F.Mustafa:
- Yox. Qətiyyən. Mən niyə üzr istəməliyəm?

S.Həziyev:
- 12 sentyabr 1998-ci ildə mitinqdə məni həbs etdilər və 9-cu bölmədə əllərimə ağacla vurub yazmağımı tələb edirdilər ki, Fazil Mustafa və Əli Kərimli mənə göstəriş veriblər ki, daş yığıb polisə atın. Yazmadım. Bəlkə mən orada psixi sarsıntı keçirib dəli olardım. Bunun məsuliyyəti yoxdurmu?

F.Mustafa:
- Mən o zaman partiya sədri olmamışam, partiyanın funksioneri olmuşam.

R.Arifoğlu:
- Hər halda, siyasətçisiniz və siyasi ardıcıllıq olmalıdır.

F.Mustafa:
- Mən sizdən daha ardıcılam. Fazil Qəzənfəroğlu özünü sizdən daha doğru, ardıcıl hesab edirsə, niyə üzr istəməlidir? Biz ən radikal yolları seçdik, dalana dirəndik. Mən yenidən bu gəncləri ətrafıma toplayıb, dəyənək altına vermək xətti götürmürəm.
- Axı əvvəllər buna çağırış etmisiniz. Buna görə üzr istəmək lazım deyilmi?
- Əvvəl çağırış edirdim, inanırdım ki, bununla dəyişə biləcəyik. Dəyişə bilmədik.
- İstefa verin onda.
- İstefa vermişəm. Mən AXCP, Müsavat düşüncəsindən aralandım.
- Siyasətdən istefa verin ki, mən yanlış etmişəm.
- Mən siyasi lider olaraq, düzgün xətti indi müəyyən etmişəm.
- Hansı təminat var ki, siz yenə dəyişməyəcəksiniz?
- Mən İsa Qəmbərin prezidentliyinə dəstək vermişəm. İsa Qəmbər lider olaraq bu səsi qoruya bilməyibsə...
- Söhbət səsdən yox, siyasi xətdən gedir.
- Mən bu gün praqmatik, Azərbaycan cəmiyyətini necə dəyişməyin mümkün olduğu yolu özüm müəyyən edirəm. Mənim təkliflərim ortadadır.

S.Həziyev:
- 2003-cü ildə İsa Qəmbər seçkiləri udmuşdu. Bu gün onun prezidentliyi uğrunda mübarizə başlasa, ora qoşulacaqsınız?
- Yox. Niyə qoşulmalıyam. Mən müstəqil xətt aparıram.

R.Arifoğlu:
- Mənim dediyim Fazil bəyin İsa Qəmbərə, Əli Kərimliyə, İlham Əliyevə münasibəti deyil. Söhbət bugünkü Fazil Mustafanın dünənki Fazil Qəzənfəroğluna münasibətindən, ardıcıllıqdan gedir.

F.Mustafa:
- Mən bağladığım ictimai müqaviləni pozmuram. Mənim bu gün Azərbaycanın gələcəyinə baxışım Rauf Arifoğlu ilə eyni deyil. Mən tərəfdaram ki, hansısa bir dediyim sözü təhlil edin, deyin ki, yalan danışır. Şəxsiyyətə isə toxunmaq olmaz.

Q.Turalı:
- Biz sizin şəxsiyyətinizi nə zaman təhqir etmişik ki?

F.Mustafa:
- Mən konkretləşdirmirəm. Tutaq ki, konkret olaraq demək ki, filankəs “Qulp” verilişinə layiqdir...
- Bu təhqirdirmi? Fazil bəyə qarşı o qədər fakt var ki, təhqirə ehtiyac yoxdur.

F.Mustafa:
- Kim nə yazır yazsın, əsas odur ki, mən cavab haqqımdan istifadə edib cavab yazdım. Mənim yazımı sizin qəzetin rəhbərliyi dərc etmədi, ona görə başqa qəzetdə verdim.

S.Həziyev:
- Fazil bəy özü oturub düşünsün ki, köşə yazarları niyə onun üstünə düşüblər. Fikirləşsin ki, Seymur Baycan daha niyə Zahid Orucdan yox, ondan yazır?

Q.Turalı:
- Özü də Seymur Baycan Fazil Qəzənfəroğlunun müşaviri olub. Elnur Astanbəyli də onun yanında, partiyasında olub. Əgər onun müşaviri tüfeylidirsə, özü nədir?

F.Mustafa:
- Mənim yanımda olanda tüfeyli deyildi axı. Tüfeyliliyinə görə göndərmişəm sizə. Mən istəyirəm ki, adamlar daha ağıllı yol tutsunlar. Daha ciddi olsunlar. Bunların tutduqları yol dağıdıcılıqdır. “Azadlıq”ın aurası elədir ki, ora gedəndən sonra zəhərlənirsən.

Q.Turalı:
- Bu aura Əhəd Abıyevin yanındakı auradan yaxşıdır.

S.Həziyev:
- Fazil bəy, yazınızda sizin daxili aləminizi gördüyümə görə, bundan narahat deyiləm. Problem ondadır ki, Fazil bəy personajdan, obrazdan tipə çevrilməkdədir. Bu haqda düşünməlidir.

F.Mustafa:
- Sizin yazdığınız Zahid Oruc sizin ikinizdən də, Elnurdan da, Seymurdan da daha məntiqli və ağıllı düşüncəyə sahibdir. Bunu tam məsuliyyətimlə deyirəm. Parlamentdə düşünən, başı işləyən 20-30 nəfərdən biridir. Mən hakimiyyətə məddahlıq edirəmsə, götürün yazın. Məddahlıq eləmirəm. Siz mənim qarşımda tələb qoya bilməzsiniz. Siz öz liderinizdən tələb edin. Bunların məndən yazmaqlarının səbəbi odur ki, bizim kursumuzdan kifayət qədər narahat olublar. Bizim əgər İlham Əliyevi dəstəkləmək niyyətimiz olsa, açıq şəkildə partiyanın qərarını verib edərəm. Mən bugünkü hakimiyyətlə düşmən mövqedə dayanaraq, barışmaz rol almaq istəmirəm. Bu hakimiyyətin islahata getməsi üçün çalışıram. Siz xalqdan dəstək alırsınızsa, niyə hakimiyyətə gələ bilmirsiniz?

S.Həziyev:
- Siz xalqdan əliniz üzüldüyünə görə hakimiyyətin yanındasınız?
- Qətiyyən. Mən ağıllı adamların yanındayam.
- Hakimiyyətdəkilər hamısı ağıllı adamlardır?
- Yox. Sizin içinizdə də olan praqmatik adamlar...
- Bizim içimizdə elələri yoxdur, elələrini qovub göndərdik sizin yanınıza.

F.Mustafa:
- Qovmusunuz, ona görə də yazıq gündəsiniz. Ona görə də indi yığışıb “müxalifət” sertifikatı verirsiniz. Kim tanıyacaq sizin sertifikatınızı? Heç Təhsil Nazirliyinin diplomunu Azərbaycandan kənarda tanımırlar. Siz kimsiniz axı sertifikat verirsiniz?
- Fazil bəy, sizi artıq Məmmədnəsir personajına çeviriblər.

F.Mustafa:
- Heç kim çevirməyib, mən sizi əzirəm. Sizin lideriniz nə yazıq gündədir. Gəlsin mənimlə polemikaya çıxsın.
- İlham Əliyevlə çıxır da polemikaya, sizə nə deməlidir ki?

F.Mustafa:
- İlham Əliyevə qəzetdən söyürsünüz, o da əhəmiyyət vermir. Əhəmiyyət versə, Eynulla Fətullayev kimi sizi də həbs edərlər. Siz Eynullanın dəyərinin yarısını da daşımırsınız. Sizə əhəmiyyət vermir.
- “Azadlıq”ın da baş redaktoru həbsxanadadır, qərargahımızı əlimizdən alıblar. Sizi isə televiziyaya çıxarırlar, ofis verirlər.
- Siz də ağıllı olun, çıxın televiziyaya, sözünüzü deyin.

S.Həziyev onun məqaləsi yazılmış qəzeti göstərərək deyir:
- Sizin ağlınızın və daxili aləminizin məhsulu budur!
- Bəli, mən göstərmişəm ki, bəzən iti daşlamaq lazımdır.

S.Həziyev:
- Bax, sizin daxili aləminiz budur. Yazıya verdiyiniz başlıqla göstərmisiniz ki, hədəfiniz kimdir, proseslərə necə yanaşırsınız. Siz fəxr edə bilərsiniz ki, Zahid Orucu üstələmisiniz. Zahid Orucdan yazanlar indi artıq sizdən yazır.

(ardı növbəti sayımızda)

Elşad MƏMMƏDLİ

2005 dəfə baxılıb

[30.07.2010] - “TÜRKİYƏLİ İŞ ADAMLARI AZƏRBAYCANDA İNCİDİRLƏR”

[29.07.2010] - ABUTALIBOV İNTİHARA CƏHD ETDİ

[29.07.2010] - KƏMALƏDDİN HEYDƏROVUN ŞİRKƏTİ AVROPA MƏHKƏMƏSİNƏ VERİLDİ

[29.07.2010] - HAKİMİYYƏT SEÇKİÖNCƏSİ DAİRƏLƏRİ DARMADAĞIN EDƏCƏK

[29.07.2010] - MİLLİ QƏHRƏMAN HAQDA FİLM ÇƏKİLİR

[29.07.2010] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ TAPDIQ ABBASI MÜDAFİƏ ETDİLƏR

[29.07.2010] - QIRĞIZISTANDA HƏBS OLUNAN AZƏRBAYCANLININ VƏZİYYƏTİ AĞIRLAŞIB

[29.07.2010] - ATƏT SEÇKİ HAZIRLIĞINA GÖRƏ HAKİMİYYƏTİ TƏNQİD ETDİ

[28.07.2010] - AZƏRBAYCANLI NAZİRİN QIZI ERMƏNİ İLƏ YAŞAYIR

[28.07.2010] - İLHAM ƏLİYEV «TWİTTER»Ə QOŞULDU

[28.07.2010] - RUSİYA İRANA QARŞI SANKSİYALARI SƏRT TƏNQİD ETDİ

[28.07.2010] - MÜXALİFƏT MİTİNQ HAZIRLIQLARINI SÜRƏTLƏNDİRİB

[28.07.2010] - HAAQA MƏHKƏMƏSİNİN QƏRARI ERMƏNİSTANDAKI QIRGILARI ÜMİDLƏNDİRİB

[28.07.2010] - “İRANLA SƏRHƏDDƏN AZƏRBAYCANA YARAQLILAR KEÇƏ BİLƏR”

[28.07.2010] - İNGİLTƏRƏNİN BAŞ NAZİRİNDƏN TÜRKİYƏYƏ DƏSTƏK

[28.07.2010] - “BEYNƏLXALQ HÜQUQ AZƏRBAYCANIN TƏRƏFİNDƏDİR”

[27.07.2010] - PREZİDENTİ NARAHAT EDƏN İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİ

[27.07.2010] - NAZİRİN ARVADI MƏŞQÇİSİNƏ QOŞULUB QAÇDI

[27.07.2010] - “AZƏRBAYCANLI MİLYARDERİN TƏYYARƏSİNDƏ BAKIYA KÜRÜ YEMƏYƏ”

[27.07.2010] - ERMƏNİLƏRİN KOSOVO SEVİNCİNƏ XARİCDƏN REAKSİYALAR

ARXIV

Yeni MÜSAVAT © 2008