 |
Gündəm
DEPUTATLA KÖŞƏ YAZARLARININ MÖVQE DAVASI 2010-02-09 Fazil Mustafa: “Bu cinahda olanların böyük əksəriyyəti bolşevik qaldı, dəyişmədilər” Seymur Həziyev: “Mən Fazil bəyi bir daha acınacaqlı durumda gördüm” Qan Turalı: “Mən onun timsalında bir Azərbaycan ziyalısını itirməyimizə acıyıram”
|
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa ilə debatın dördüncü hissəsini təqdim edirik. Debatda F.Mustafanın opponentləri “Azadlıq” qəzetinin köşə yazarları Qan Turalı və Seymur Həziyevdir. Moderator qismində isə “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu və redaktoru Nazim Sabiroğludur... (əvvəli ötən saylarımızda)
Fazil Mustafa: - Rauf bəy, sizin debat çağırışınızı ona görə qəbul elədim ki, həm də onu göstərim, heç bir köşə yazarından çəkinmirəm. O qədər alnıaçıq, dürüstəm ki, nə qədər yazırlar yazsınlar. Heç bir siyasətçi ilə də üz-üzə oturmaqdan çəkinəcəyim yoxdur. Öz fikirlərimi ortaya qoyuram. Mən hər bir kəsə, “Azadlıq”ın yazarlarına da hörmət edirəm...
Seymur Həziyev F.Mustafanın sözünü kəsir və onun yazısını göstərərək deyir:
- Siz hörməti bu cür ifadə edirsiniz? - O hörmət deyil, sizə verilən cavabdır. Siz “salam əleyküm”lə gəlməmisiniz ki, mən də “salam”la qarşılayam. Düşdüyünüz mühit sizi o qədər zəhərləyib ki, siz mənə hörmət də edə bilmədiniz. Mən AXCP-dən çıxanda kim məni qəbul edirdisə, mənimlə birgə gəlib.
S.Həziyev: - Kim gedib ki, sizinlə? Mirmahmud Mirəlioğlunu aldadıb aparmaq istədiniz, onu da yolda buraxdınız.
F.Mustafa: - Mirmahmud bəy də sizdən fərqli olaraq özünə görə dəyərləri, prinsipləri olan insandır. Sizdə bu yoxdur.
Q.Turalı: - Bəy, ölkədə islahatlar keçirilmir. İlham Əliyev bu məsələdə hansı tərəfdədir? İslahat aparmaq istəyir, yoxsa yox?
F.Mustafa: - İlham Əliyev hələ islahat mövqeyini ortaya qoymayıb. İslahatların başlaması İlham Əliyevin qərarından asılıdır. Qərar da cəmiyyətlə müxalifətin hakimiyyətə hansı formada təzyiq göstərməyindən asılıdır. İslahatlarla bağlı bəyanatlar verib, müəyyən qərarlar verib, lakin islahat hələ getmir, imitasiyadır. - Fazil bəy partiya sədridir, televiziyaya çıxıb, toydan, yasdan, hər şeydən danışa bilər. Amma öz siyasi rəqibi İlham Əliyevdən danışmayıb, yasda banan verilməsindən danışacaqsa, onu tənqid edəcəklər. - Mən lap tutaq ki, İlham Əliyevi tənqid etdim. Telekanallar bunu kəsəcəklər axı. - Fazil bəyin əvvəl ofisi yox idi, indi var. Əvvəl toya getməyə pul tapmırdı, indi pulu da var. Evi, maşını yox idi, onları da verdilər.
R.Arifoğlu: - Yox, Fazil bəyi tanıyan adam kimi deyim ki, əvvəllər onu evi də, maşını da var idi.
F.Qəzənfəroğlu: - Pənah Hüseyn istisna olmaqla, Milli Məclisin bütün deputatlarına ev veriblər. Arzulayıram ki, sizin də eviniz, maşınınız olsun. Maşın isə verməyiblər. Özümün əvvəlki maşınımı sürürəm.
Q.Turalı: - Namizədlik dissertasiyası müdafiəyə buraxılmayanda “Fatı qarının tuman bağı” yazan Fazil Qəzənfəroğlu bu gün Arif Hacılıya “tuman müxalifəti” deyir. Bu adamın leksikonunda “tuman” sözü çoxdan var. Sadəcə, indi mövqeyini dəyişib və bunun da əvəzində, ev, ofis, maşın alıb. Fazil Qəzənfəroğlunun kim olduğunu artıq hamı yaxşı bilir.
F.Mustafa: - Bilmirsiniz, onu öyrənməyə sizə xeyli vaxt lazımdır. - Kant deyilsiniz, Hegel deyilsiniz, Fazil Qəzənfəroğlusunuz da. - Sualın qoyuluşuna baxın. Mən Kant olmağı qarşıma məqsəd qoysaydım, çox güman ki, olacaqdım. - Fazil Qəzənfəroğlu deyir ki, mövqeyini dəyişməsinin praktik, nəzəri baxımdan yaxşı şey olduğunu iddia edir. Amma məncə, bu daha çox iqtisadı baxımdan sərfəli mövqedir. - Tamamilə düzdür. İqtisadi cəhətdən möhkəm təmələ sahib olmayan müxalifət hakimiyyətə gələ bilməz.
S.Həziyev: - Kim sizə verdiyi pulla ona qarşı çıxmağınıza şərait yaradacaq? - Sizə də pulu Soros verir, başqaları verir, çalışın siz də kənardan iqtisadi cəhətdən möhkəmlənin. Mən deputat olandan sonra partiyanın iqtisadi vəziyyəti ağır deyil, normaldır. Amma yaxşı da deyil. O qədər problemlərimiz artıb ki, bunlar həddən artıq çoxdur. İkincisi, ev almaq qəbahət deyil, arzulayaram ki, siz də ev alasınız. Üçüncüsü, mən “Fatmanın tuman bağından elmimiz asılıdır” deyəndən sonra məni dissertasiyaya buraxdılar. İndi də mənə cib müxalifəti deyəndə, mən də onlara tuman müxalifəti deyirəm.
Nazim Sabiroğlu: - Bu bir siyasətçiyə yaraşmayan termindir, üsuldur axı. - Siyasətdə bəzən söyüş də var, söz də var. - Bəli, olur. Amma söhbət Fatma ilə Arif Hacılını eyniləşdirməkdən gedir. - Eyniləşdirmirəm. Bu, münasibətə verilən adekvat cavabdır. Kim mədəni danışırsa, o üslubda cavab verirəm. Kimsə bu üslubda danışırsa, eyni qaydada cavab alacaq. Qoy desinlər ki, Fazil Mustafa iqtidara loyal müxalifətdir. Mən bu gün televiziyaya, cəmiyyət içinə rahat şəkildə çıxıram ki, alnım açıqdır. Mövqeyimi də açıq şəkildə ortaya qoyuram. Bu kursu da hakimiyyət, hansısa akademik yox, özüm müəyyən edirəm.
Rauf Arifoğlu: - Fazil bəy, ehtimal varmı ki, yaxın gələcəkdə bu xətt yenə dəyişə bilər?
F.Mustafa:
- Dəyişə bilər. Azərbaycana faydalı hansı xidmət situasiyası yaranarsa, onda bu xətt dəyişə bilər. Siyasət xidmət, müqavilə sənətidir. Siyasətdə mütləqlik yoxdur. Siz mütləqlik qəbul edirsinizsə, mən siyasəti elastik qəbul edirəm. Siyasət zamana, tarixə uyğun dəyişməlidir. - Sizin tipinizə uyğun bir tarixi şəxsiyyət varmı? - Bəli, var, Məhəmməd Əmin Rəsulzadə. Rəsulzadə özü öz ideoloji sistemini dəyişdi. Baxdı ki, Azərbaycan modelində ölkədə sırf milliyyətçilik üzərində dövlət qurmaq olmaz.
S.Həziyev: - Rəsulzadə nə vaxt milliyyətçi olub? - 1918-də milliyyətçi olub. - Rəsulzadə liberal-demokrat olub. - Səhv deyirsiniz. - Fazil bəy, siz ümumiyyətlə, Rəsulzadəni tanımırsınız ki.
R.Arifoğlu: - Yox, mən ideoloji baxımdan demirəm. Əgər Rəsulzadə siz deyən kimi mövqeyini dəyişdisə, niyə onda ruslara biət etmədi; keçmiş dostu Stalinlə əl-ələ vermədi? Niyə Moskvadan Leninqrada, oradan da Türkiyəyə keçdi? Rahatlığı və əməkdaşlığı yox, mübarizəni, istiqlalçılığı seçdi?
F.Mustafa: - Gücü çatmadı. Zorun qarşısında hansısa Nərimanov SSRİ ilə razılaşdı...
R.Arifoğlu: - Bəlkə siz özünüzə nümunə olaraq Nərimanovu göstərəsiniz?
F.Mustafa: - Yox, əksinə. Nərimanovu, üzdə deməsələr də, bu düşərgədə daha çox sevirlər. Çünki bu cinahda olanların böyük əksəriyyəti bolşevik qaldı, dəyişmədilər, yeni həyata alışa bilmədilər.
S.Həziyev: - Siz doğrudan da menşeviksiniz...
F.Mustafa: - Mənə ağır gələn haqqımda yazmağınız deyil. Siz peşəkar yaza bilmirsiniz.
S.Həziyev F.Mustafanın yazısını göstərərək deyir: - Sizin peşəkarlığınız bax budur, Fazil bəy.
F.Musatafa: - Mənim ünvanıma nə yazmısınızsa, cavabını alacaqsınız.
S.Həziyev: - Fazil bəy, bu yazıda “Şir Əlinin itləri” yazmısınız. Biz sizə akademikin nəyi yazaq?
F.Mustafa: - Siz hələ anlamırsınız ki, mən nə demək istəmişəm...
R.Arifoğlu: - Fazil bəy indi inkarçı bir mövqe tutub. Tarixi, tarixdəki qəhrəmanlarımızı, Elçibəyi, onun yolunu, Mustafa Kamalı inkar edir. Bəzi hallarda bu inkar dəyərlərə də keçir; qırmızı xətlər tapdanır; özünün də siyasi keçmişini inkar edir. Yəni özünü inkar etdiyini deməsə də, qiymətləndirmə belədir. Bu ona lazımdır, çünki o ciddi bir manevr edib, bunu əsaslandırmalıdır. Məncə, Fazil bəy bir çoxlarından fərqli olaraq gizli yox, tam açıq oynayır. Deyir ki, mən buyam, belə düşünürəm; bunu istedadlı şəkildə əsaslandırır, hətta haqlı olaraq onun üstünə gələnlərin də cavabını verir... Amma onu deyim ki, onun yazısına “Azadlıq”da verilən cavab zəif oldu, adekvat olmadı...
S.Həziyev: - O bizim üçün əhəmiyyət kəsb etmir axı.
R.Arifoğlu: - Mən bilirəm ki, Fazil bəyə cavablar veriləcək, o, atəş nöqtələrini müvəqqəti olaraq susdurub. İndi mənim Fazil bəyə bir neçə sualım var. Bəy, 2005-dən sonra həyatınızda yeni dostlar qazandınızmı?
(Bundan sonra növbəti adı yazana kimi sualları R.Arifoğlu verir, cavabları isə F.Mustafa)
- Çox sayda dostlar qazandım. - Onlara dost demək olarmı? - Demək olar. Mən ümumiyyətlə, dostları mənimlə bir siyasi oriyentasiyada olan adamlar anlayışı kimi götürmürəm. - Can dostlarınız varmı? - Var, 30 illik dostlarım var. - Kimdir? - Baxşeyiş Əsgərov, Şahlar Abdullayev, Qasım Şeyxov, Tofiq Həsənov. Çox sayda uşaqlıq dostlarım var. - Siyasətdə, hərəkatda qazandığınız dostlar varmı? - Siyasətdə qazandığım dostları mən dostluqdan daha çox, müqavilədə bir yerdə olan insanlar kimi qəbul edirəm. - Yaxşı, Milli Azadlıq Hərəkatında birgə olduqlarınızdan dostunuz qalıbmı? Məsələn, mənim 20 ildən artıq dostluq etdiyim insanlar var ki, əksərini siyasi həyatda tapmışam. - Mən dostlarımı siyasətdə tapmamışam. Dostlarımın çoxu siyasətdə deyil. Mən siyasəti dostluğa, ailə çevrəsinə daşımağı sevmirəm. Siyasət müqavilədir. Mən heç zaman müqaviləni pozmamışam. Elçibəylə də müqaviləni pozmamışam. Bu gün də mənim müəllimim, liderimdir. Bu gün sadəcə, onun bir sıra baxışlarını real hesab etmirəm. - Cənubi Azərbaycanla bağlı ideyasını qəbul edirsinizmi? - İdeyanı qəbul edirəm, metodologiyanı yox. Saxtakarlıq o olardı ki, bunun kölgəsinə sığınaraq, buradan qidalanaraq qalasan ortada. Mən qidalanmaq istəmirəm. - Məşhur siyasətçilərdən dostunuz varmı? - Yox, onlarla xüsusi dostluğum yoxdur. - Fazil bəy, dediniz ki, partiya üzvlərinizə onları hakimiyyətə gətirəcəyinizə söz vermisiniz. Bu, təxminən nə zaman olar? - Partiyanın qurultayında hətta belə demişəm ki, biz bu gün qurultayımızı zirzəmidə keçiririk. Adamlar var ki, partiya quruculuğuna 10-cu mərtəbədə başlayıb, zirzəmiyə gəlib düşürlər. Biz zirzəmidən başlayıb, ən yuxarı mərtəbəyə qalxacağıq. - İndi haradasınız? Bir az qalxmısınızmı? - Əlbəttə. Hesab edirəm ki, biz Azərbaycan reallığında ən doğru istiqamət götürən və tərəflər arasında qüvvələr balansını doğru müəyyən edən partiyayıq. - Nə qədər üzvünüz var? - 2 mindən artıq üzvümüz var. - Siz partiyanızı necə gətirəcəksiniz hakimiyyətə? - Ölkədə islahatlar baş verəndə mütləq praqmatik insanların potensialından istifadə olunmağa başlanacaq. - Yəni sizi hakimiyyətə İlham Əliyev gətirəcək? Çünki bayaq dediniz ki, islahatlar qərarını İlham Əliyev verməlidir. - Söhbət İlham Əliyevdən getmir. - Fərqi yoxdur, hər hansı prezident. - Bizə hakimiyyətdə vəzifə verməkdən də söhbət getmir. - Düşünürsünüzmü ki, Fazil Qəzənfəroğlu seçki yolu prezident ola bilər? - Bəli. Azərbaycan cəmiyyəti əvvəl-axır bizə dəstək verəcək. - Bu təxminən nə vaxta düşər? - 5-6 ildən sonra Azərbaycan cəmiyyəti o qərara gələcək ki, bu cinahda olanların təklif etdiyi model təhlükəlidir. Hakimiyyətin də modeli kollektivçi, totalitar, insana dayanmayan modeldir. Biz konkret insanın marağı üzərində siyasət quraraq, Azərbaycan cəmiyyətindən dəstək alacağıq. - Türkiyədə kiminləsə əlaqəniz qalırmı?
- Türkiyədə çox dostlarım var. İndi gediş-gəlişimiz bir az azdır. - Türkiyə ilə bağlı bir məqam da var. Yəni sizin hansısa təriqətə, Nəqşibəndilərə qoşulduğunuz deyilir. Belə bir şey varmı? - Ümumiyyətlə, mən təriqətin əleyhinəyəm. Təriqət əleyhinə də dissertasiya müdafiə eləmişəm. Dində çox maraqlı bir cəhət var. İnsanı aça bilməyəndə, mütləq onu bir qəlibin içərisinə salıb, oradan çözməyə başlayırlar. Yəni cəmiyyəti çözərək insanı aça bilməzsən ki, bu kimdir. - Tutaq ki, bu cür çözürlər. Bəs reallıq nədir? - Mən ümumiyyətlə İslamda təriqət, məzhəb anlayışını yanlış hesab edirəm. - O da vəhhabizmdir. - Vəhhabizm də bir təriqətdir. İslamı şəkilcə qəbul edirlər, saqqalla, şalvarın ətəyini qısa eləməklə özlərini göstərirlər. Biz buna qarşıyıq. - Nəqşibəndiyyə nədir? - Təriqətdir. Süleymaniyyə, Qədriyyə, Nəqşibəndiyyə... - Siz onların hansındansınız? - Heç birindən.
Q.Turalı:
- Siz sünnüsünüz, yoxsa şiə? - Sünnüyəm.
R.Arifoğlu replika atır: - Fazil bəyin Şah İsmayıl Xətaiyə münasibətinin kökü açıldı...
F.Mustafa:
- Mən ümumiyyətlə Cəfəri məzhəbinə böyük üstünlük verirəm, böyük hörmətim var. Şah İsmayılın Cəfəri məzhəbinə dəxli yoxdur. Mən bu məsələdə də islahatçı mövqedəyəm, siyasətlə yanaşı, dini dünyagörüşümüzü dəyişmək lazımdır. Bunu qəbul etmirsinizsə, tənqid edin, amma kimsənin şəxsiyyətinə toxunmayın.
S.Həziyev: - Fazil bəy, sizin siyasi rəqibiniz varmı? - Yoxdur. Siyasi rəqibim özüməm. Mən dindar kimi hesabatı özümə verirəm. Amma siyasətdə hesabat verəcəyim kəbə yoxdur, sizdən də sertifikat almayacam.
S.Həziyev: - Mən Fazil bəyi bir daha acınacaqlı durumda gördüm. Bu cür siyasi yol tutmuş adamın axirət barədə düşünməsi çox vacibdir. Cəmiyyətin ağır günündə şərin yanında olmağın cəzası var.
Q.Turalı: - Fazil bəyin nümunəsində həqiqətən Cəfər Cabbarlının “Aydın” faciəsi var. Fazil bəy bir siyasətçi, yazar kimi bu rejimin qarşısında dayana bilmədi. Fərd olaraq Fazil bəyə acıyıram ki, bu sistem Azərbaycanın intellektual olacaq insanını məhv etdi. Mən Fazil bəyin timsalında bir Azərbaycan ziyalısını itirməyimizə acıyıram. Yazılarımız ona qəzəbdən yox, bundan irəli gəlir.
F.Qəzənfəroğlu:
- Mənim apardığı mübarizədə, tutduğu yolda heç kimə acımağım yoxdur. Hər kəs seçimini özü edir. Azərbaycan kimi ölkələrdə proses tamamlanmayıb. Mənim iki yanaşmam - müqavilə və bir də məsuliyyət əxlaqı - var. Mənim müqaviləm BQP ilədir. Mən bu yolla Azərbaycana daha çox fayda verəcəyimizi düşünürəm. Bir çox hallarda sizə - hakimiyyəti ancaq şər görənlərə də şər kimi baxıram.
R.Arifoğlu: - Onda 7 il əvvəlki Fazil Qəzənfəroğlu da şərdir?! - Tamamilə. İdeoloji prizmadan baxanda insanı qiymətləndirmədə həmişə belə tablo olur ki, mənimlə bir cinahda olmayan şərdir. Bu gün mən elə baxmıram. Mən insana fərdi marağından yanaşıram. Bu gün məsuliyyət əxlaqım Azərbaycanda normal dövlət, cəmiyyət qurulmasıdır. Bunu hərə bir metodla etməyə çalışır. Mən sizə də sayğı ilə yanaşıram, eyni zamanda sizə göstərdiyim münasibətin də qarşılığını tələb edirəm. Mübarizəni tərbiyəli üsulda aparaq. Buna razı olsanız, problem yoxdur. Yox, davam edəcəksinizsə, mən də yenə öz sözümü deyəcəyəm.
Bununla da debatı bitirdik. Tərəflərdən hansının deyiləsi sözü, irad və iddiaları qalıbsa, onu köşə yazısı formasında, 4 min işarədən çox olmayaraq, redaksiyamıza təqdim edə bilər. Elşad MƏMMƏDLİ 1830 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR ARXIV
|