|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Dünən Müsavat Partiyasının başqanı İsa Qəmbərin 53 yaşı tamam oldu. Bu münasibətlə Müsavat qərargahında İsa Qəmbərlə görüşüb həm onu təbrik etdik, həm də müsahibə aldıq. İlk suallarımız da ad günü mövzusunda oldu. - Doğum gününüzü hansı əhval-ruhiyyədə qarşılayırsınız? Ümumiyyətlə bu günü xüsusi qeyd edirsinizmi? - Doğum günü uşaqlıq illərində, bəlkə gənclik illərində xüsusi bir maraq kəsb edir. Yaş artdıqca, təqvimin normal günlərindən birinə çevrilir. Bu gün dostlarımdan, silahdaşlarımızdan, cəmiyyətimizdən, müxtəlif ölkələrdəki soydaşlarımızdan yüzlərlə təbriklər aldım. Təbii ki, təbrikləri eşitmək və oxumaq xoşdur. Amma bu, təqvimin bir günüdür. İldə bir dəfə olur. - Siyasətdə olan insan üçün illərin arxada qalması nə deməkdir? Elə siyasətçilər var ki, yaşının üstünə yaş gələndə “filan məsələləri edə bilmədim” deyib heyfsilənir. Sizdə də bu cür hisslər yaranırmı? - Təbii ki, insanın etmək, nail olmaq istədikləri hamısı alınmır. Şəxsi, ailə, yaxınlarım baxımından bir problemim yoxdur. Hamı necə, biz də elə, davam edirik. Xoşbəxt bir ailəmiz var. Amma ictimai-siyasi müstəvidə bilirsiniz ki, mənim bir siyasətçi olaraq hədəflərim çox böyükdür. Mənim Azərbaycanımızın gələcəyi ilə bağlı hədəflərim var. Bu hədəflərə çatmaq bu günə qədər yalnız qismən mümkün olub. Bu baxımdan təbii ki, nəyə nail olduğumu, nəyə nail olmadığımı aydın şəkildə görürəm. Eyni zamanda həyat davam edir, mübarizə davam edir. İnanıram ki, hələ çox hədəflərə çata biləcəyəm. Silahdaşlarımızla, dostlarımızla və cəmiyyətimizin işıqlı hissəsi ilə bir yerdə hələ çox müsbət dəyişikliklərə nail olacağıq. - Siyasi partiyaların liderlərindən təbriklər almısınızmı? - Təbrik edənlər təbii ki, var. Ölkə daxilində və ölkədən kənarda bir çox siyasətçi dostlarımızdan təbriklər almışam. Eyni zamanda özüm-özümə də bu gün bir hədiyyə etdim. İnternetdə öz bloqumu açdım. Bilirsiniz ki, mənim internet saytım var idi. İndi bloqda da öz fikirlərimi, düşüncələrimi, təkliflərimi cəmiyyətlə bölüşməyə daha çox imkanım olacaq. - Fürsətdən istifadə edib siyasi həyatda baş verən proseslərlə bağlı da suallarımızı vermək istəyirik. Bu gün (dünən.red.) AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetinə müsahibəsində Sizin açıqlama verərək, “agent” məsələsində Lalə Şövkəti nəzərdə tutmadığınızı söyləməyinizi şərt kimi irəli sürüb. Əli Kərimli deyib ki, bu halda Müsavat Partiyası ilə “Azadlıq” bloku arasında danışıqların aparılması üçün tam zəmin yaranmış olacaq. AXCP sədrinin bu cür mövqe ortaya qoymasına münasibətiniz necədir? Təklif qəbul oluna bilərmi? - Əslinə qalsa, uğursuz bir müsahibədir. Belə bir müsahibənin ortaya çıxmasından təəssüf edirəm. Mən dediyim hər bir sözün arxasındayam. Və mənim dediklərim də, demədiklərim də kim tərəfindən nə cür anlaşılıbsa, onların səviyyəsi ilə, hazırlığıyla, emosional vəziyyətiylə bağlı problemləridir. Bizi son vaxtlar ən müxtəlif, ən fantastik ittihamlara qonaq ediblər. İttihamlardan da biri guya bizim kiminləsə şərtlə danışmağımız idi. Amma əslində bizimlə şərtlə danışırlar və bu gün növbəti şərtlə üzləşdik. Yersiz hesab edirəm bunu. Hesab edirəm ki, əgər Əli Kərimli ağsaqqallıq eləmək istəyirsə, bunu “Azadlıq” blokunun çərçivəsində məhdudlaşdırsın. Mənim siyasətdə Əbülfəz Elçibəydən sonra ağsaqqalım olmayıb və kimsə çətin ki, ola bilsin. - Baş verənlər müxalifətin seçkiyə birlikdə gedəcəyi ümidlərini heçə endirir. 2000-ci ildə Müsavat parlament seçkilərinə təkbaşına getdi və bütün siyasi qüvvələrə seçkidə qalib gəldi. Müsavatın bu dəfə də seçkiyə təkbaşına qatılmaq qərarı verəcəyi gözlənilirmi? - Biz hələ ötən il yayın sonu, payızın əvvəllərində 2010-cu il parlament seçkiləri ilə bağlı mövqeyimizi ictimaiyyətə də, siyasətçilərə də çatdırdıq. Bizim təklifimiz real müxalifətin, səmimi surətdə Rəsulzadə-Elçibəy yolunda olan təşkilatların bir araya gələrək, parlament seçkilərində seçki koalisiyasının nüvəsini təşkil etməsi idi. Sonra buraya məsləhətli şəkildə müəyyən digər siyasi qüvvələri, güclü namizəd ola biləcək ayrı-ayrı şəxsləri cəlb etmək də vardı təklifdə. Yanvar ayında Müsavat Məclisində də bu təklifi bir daha rəsmən bəyan etdik. Bu təklif qüvvədə qalır. Başqa təkliflər də var. Müxtəlif qüvvələrin müxtəlif təklifləri var. Şərtlə, ultimatumla danışmağın heç kimə xeyri olmaz. Təkliflər səbrlə, məntiqlə, səviyyəli bir şəkildə dəyərləndirilməlidir. Ən uğurlu variantlar tapılmalıdır. Mən hələ bu imkanların tükəndiyini düşünmürəm. Səylərimiz davam edəcək. Zaman göstərər müxtəlif siyasi qüvvələrin hansı qərarlar qəbul edəcəklərini. Təbii ki, yanlış qərarlar qəbul edəcəklərsə ümumi demokratik düşərgəyə ziyan vurmuş olacaqlar. Amma yanlış qərarların ən böyük ziyanı o qərarları qəbul edənlərə dəyəcək. Müsavat olaraq, biz iştirak etdiyimiz bütün seçkilərdə xalqla bir yerdə olduğumuzu sübut etmişik. 2000-ci ilin parlament seçkilərində Cəbhənin klassik qanadı bizə dəstək verirdi. Bizdən başqa seçkidə 13-14 partiya, blok iştirak edirdi. Həmin seçkilərdə Müsavatın nə qədər böyük uğur qazandığını hamı bilir. 2003-cü il prezident seçkilərində Müsavatın namizədinin ətrafında “Bizim Azərbaycan” Bloku kimi möhtəşəm bir blok yarandı. Ancaq buna baxmayaraq bir neçə özündən deyən siyasətçi seçkilərə ayrıca getdilər, öz bloklarını qurdular. Bu seçkilərin də real nəticələri mənə elə gəlir ki, yaşı çatanların hamısının yadındadır. 2005-ci ildə Müsavat AXCP və ADP ilə “Azadlıq” blokunu qurdu və 2005-ci il parlament seçkilərinin də qalibi məhz bu blok idi. O baxımdan, Müsavat hansı formatda seçkilərdə iştirak edibsə, xalqın, cəmiyyətin əksəriyyətinin də həmin formata üstünlük verməsi bu günə qədər olan tarixi gerçəklikdir. Əslinə qalsa, bu gün Müsavat Partiyası ilə şərtlərlə, ultimatumlarla danışan bəzi qüvvələr də bunu çox gözəl bilirlər, bu reallığın fərqindədirlər. Sadəcə olaraq, görünür, müxtəlif deyilən və deyilməyən səbəblər, müxtəlif iddialar, ambisiyalar bu qüvvələrə düzgün qərarlar qəbul etməyə mane olur. Amma Müsavat Azərbaycanın həlledici siyasi qüvvəsi olaraq, hər zaman məsələlərə səbirli, təmkinli yanaşmağa üstünlük verib. Hesab edirəm ki, indi də tələsik qərarlara ehtiyac yoxdur. Hələ zaman var və biz hamıya diqqətli davranmağı tövsiyə edirik. - Əli Kərimli bəyan edib ki, Müsavatla əməkdaşlıq naminə “Azadlıq” blokunu dağıtmaq fikrində deyillər. Sizcə, AXCP sədri “Azadlıq” blokundakı müttəfiqlərini itirməyi nədən faciə hesab edir? Müsavat AXCP ilə əməkdaşlıq təklif edərkən, “Azadlıq” blokunun dağılmasını istəyirmi? - Birinci sual onlara aiddir. Biz heç kimə hansısa bir siyasi qərar tövsiyə etməmişik ki, kimsə parçalansın, müttəfiqlərdən imtina etsin. Bizim konkret təklifimiz var və bu təklifin ciddi müzakirə olunmasını istəyirik. Ciddi müzakirə hesab edirəm ki, Azərbaycanın, demokratik qüvvələrin maraqlarına cavab verən formulların tapılmasına imkan yarada bilər. Yetər ki, səmimi yanaşma olsun. - Müsavat Partiyası ötən həftə DUİ-nin təklifinə müsbət cavab verib. KXCP ilə və ya həmin partiyanın daxil olduğu DUİ ilə birlik yaradılması mümkündürmü? - DUİ-nin təklifi əməkdaşlığa başlamaq, birlik yaratmaqla bağlı deyil. DUİ-nin təklifi 2010-cu il parlament seçkilərinə demokratik qüvvələrin mövqelərinin aydınlaşması, variantların gözdən keçirilməsi üçün bir müzakirəyə başlanması təklifidir. Biz də hesab etdik ki, belə bir müzakirəyə başlamağın xeyri ola bilər. Odur ki, bizim cavabımız qüvvədə qalır. Sonrakı mərhələdə müxtəlif siyasi qüvvələrin qərarları, mövqeləri tam aydınlaşandan sonra təbii ki, yaranmış vəziyyəti müzakirə edib növbəti qərarlarımızı da verə bilərik. - Müsavat Partiyasının seçki hazırlığı hansı mərhələdədir, proses gedirmi? - Biz keçən ilin sonlarında hazırladığımız, bu ilin əvvəlində təsdiq etdiyimiz iş planına uyğun şəkildə hazırlığımızı davam etdiririk; seçkilərə hazırlıq tam sürəti ilə gedir. Son günlər yəqin ki, mediada da rastlaşdınız ki, hətta bir sıra neytral şərhçilər demokratik qüvvələrin içində seçkilərlə bağlı ən böyük resurslara malik siyasi qüvvənin Müsavat Partiyası olduğunu bildirdilər. Təbii ki, çətin bir mübarizə olacaq, Azərbaycan üçün mürəkkəb bir mərhələdir. Eyni zamanda biz özümüzə, xalqımıza inanırıq. Bu inam da bizə ən çətin situasiyalarda da uğurlu nəticəyə doğru hərəkət eləməyə qüvvə verir. - Bu günlərdə ABŞ dövlət katibinin müavini Uilyam Börns Azərbaycanda bir günlük səfərdə oldu. ABŞ rəsmisi vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşdü. Lakin müxalifət partiyaları ilə görüşmədi. Bu, Amerikanın Azərbaycanda demokratik qüvvələrə maraq göstərmədiyinin jesti hesab oluna bilərmi? Börnsün bu jestinin kökündə nə dayanır? - Təbii ki, ABŞ yetkililəri Azərbaycanda olarkən demokratik qüvvələrin təmsilçiləri, siyasi partiya liderləri ilə də görüşməlidirlər. Mən dövlət katibinin müavininin bir açıqlamasını oxudum. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüyünü bildirir və deyir ki, seçki olacaq, seçki fəallığını təmin edən əsas qüvvə vətəndaş cəmiyyətin elementləridir. Bu, özü bir yanlış yanaşmadır. Azərbaycan gerçəkliyində hər kəsə bəllidir ki, seçicilərin fəallığını təmin edən əsas amil Müsavatın və bir sıra digər real müxalifət partiyalarının seçkidə iştirakıdır. Bizim iştirak etdiyimiz 2003, 2005 seçkilərindəki seçici fəallığı ilə 2008-dəki bizim iştirak etmədiyimiz seçkidəki seçici fəallığını, boykota çağırdığımız referendumdakı seçici fəallığını müqayisə edin. O zaman bir daha aydın olacaq ki, seçici fəallığını biz təmin edirik. Dövlət katibinin müavininin o cür yanaşması yanlışdır və düşünmürəm ki, ABŞ-ın siyasətinə uğur gətirən yanaşmadır. Onlar, görünür, küsəyən Əliyev rejimini incitməmək, küsdürməmək üçün həddən artıq ehtiyatlı davranmağa üstünlük verirlər. Bir növ elə bil ki, küsəyən rejimin bütün bəhanələrini əlindən almağa çalışırlar. ABŞ kimi super bir qüvvə aydın məsələdir ki, lazım gələndə öz dəyərlərinə sona qədər əməl edir. Məsələn, bu yaxınlarda Çin kimi nəhəng dövlətin etirazlarına, hədələrinə, təhdidlərinə baxmayaraq, ABŞ prezidenti Obama Dalay Lamanı rəsmən qəbul etdi. Yəni indiki halda mən hesab edirəm ki, Vaşinqton Azərbaycandakı küsəyən rejimin bütün bəhanələrini əlindən almaq istəyir. Lakin bu taktikanın uğurlu taktika olduğunu düşünmürəm. Amma eyni zamanda Əliyev rejimi də anlamalıdır ki, bunların hamısı taktiki məsələlərdir. ABŞ yetkililəri Bakıya gəldiyində bizimlə görüşsələr də, görüşməsələr də onlar buradakı real qüvvələr nisbətindən, gerçəkliklərdən xəbərdardırlar. Eyni zamanda onu da əlavə edim ki, həmin görüşdə ictimai xadimlərdən biri kimi iştirak edən Hikmət Hacızadə Müsavat Partiyası Məclisinin komissiya sədridir. Hesab edirəm ki, Müsavatın da, demokratik düşərgənin də, vətəndaş cəmiyyətinin də mövqeyi kifayət dərəcədə qonağa çatdırılıb. - Sizə elə gəlmirmi, son vaxtlar geosiyasi proseslərdə sanki ABŞ-ın Azərbaycana, rəsmi Bakıya işi düşüb? Etibar SEYİDAĞA 2537 dəfə baxılıb
|
[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ [21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS... [21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA... [21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR” [21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ [21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR [21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR” [21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ [21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR [20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR [20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR” [20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR” [20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI [20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM [20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ [20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI [19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB [19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU |
| Yeni MÜSAVAT © 2008 |
|